"Ənqa
quşunun qanadında"
Naxçıvana səfər
İsveçdə yaşayan azərbaycanlı yazar Eluca Atalının Naxçıvan televiziyasına müsahibəsi
- Özünüzü necə
hiss edirsiniz?
- Əla.
- Əsərlərinizin səhnələşdirilməsi
fonunda Naxçıvana
səfərinizin səbəbi?
- Naxçıvana gəlmə
məqsədim 32 il əvvəl
gördüyüm qədim
yurd yerini bir də görmək
istəyi, naxçıvanlı
oxucularımla görüşməkdir.
Bildiyiniz kimi, son aylar Naxçıvan Dövlət Milli Dram Teatrında
"Odunçunun nağılı"
və Naxçıvan
Dövlət Kukla Teatrında "Ənqa quşu" pyeslərim tamaşaya qoyulub. Bu iki tamaşanı tamaşaçılarla seyr
etmək arzum var. Digər tərəfdən,
kitabxanalarda və Naxçıvan Dövlət
Universitetində də
görüşlərim nəzərdə
tutulub. Budəfəki
səfərim "Bir cüt
göz", "Əgər
quşlar olmasaydı",
"Ağ Göyərçin"
kitablarımın təqdimatı
və əsərlərimin
müzakirələri ilə
bağlıdır.
- Naxçıvanda olmaq
sizin üçün
nə ifadə edir? Ən çox
nələri görmək
istəyirsiniz?
- Oxucuların əsərlərimə
reaksiyalarını görmək
istəyirəm. Oxucu auditoriyası yazıçının
laboratoriyasıdır. Yazıçı
oxucu ilə ünsiyyətdə öyrənə
bilir o nə istəyir və yazdığı ona necə təsir edir. Hərdən də hiss edirəm ki, yazdığım oxucuya
tam çatmayıb. Misal
üçün, "Ənqa
quşu" uşaq romanım olsa da, onlarla oxucu mənə
deyib ki, əsəri dəfələrlə oxumuşam,
hətta bir akademik əsəri altı dəfə oxuduğunu, hər dəfə də yeni bir qatın açıldığını etiraf edib. Əsər
və oxucu arasında uçurum olmamalıdır, bunun üçün də oxucu əsəri mənimsəməli, özününküləşdirməlidir.
Naxçıvan ədəbi mühitini
görmək, onlarla görüşmək istəyirəm.
C.Məmmədquluzadənin, H.Cavidin, B.Kəngərlinin
gəzdiyi torpaqda gəzmək istəyirəm.
- Naxçıvanın tarixi
və mədəniyyəti
ilə bağlı ən çox maraqlandığınız mövzular
hansılardır?
- Əlincə qalası, Mömünə xatun türbəsi, Batabat, Nəiminin, Cavidin məzarını ziyarət
etmək istəyirəm.
"Tiqranizm Xocalıda"
kitabımı yazanda Naxçıvan soyqırımını
da ətraflı öyrənməli
oldum. Çünki kitabın ana xətti təkrarlanan tariximizə bir baxış idi. Andranikin Naxçıvanda etdiklərinin
analoqu olmadığını
görəndə qanım
dondu. Qaçaq Süleyman kimi kişilər bizim uşaqlarımıza örnək
olmalıdır. Disney qəhrəmanlarını
o qədər rəngarəng
formada bizim balacalara çatdırırlar
ki, onların gözünü
qamaşdıran o cəlbedici
aləmə daxil olub onun ardınca
gedirlər. Yurdunu qoruyan qəhrəmanların
unudulması günahdır.
Biz qələm sahibləri
bu günahı yurdçuluq suyu ilə yumalıyıq.
- Fəlsəfi baxışlarınızı
formalaşdıran əsas
amillər hansılardır?
- Mən Asif Atanın Mütləqə İnam fəlsəfəsini öyrəndim,
artıq 35 ildir bu yoldayam və
öyrənməyə davam
edirəm. Yuxarıda qeyd etdiyim kimi,
"Ənqa quşu"
kitabım Atanın
Kamil İnsan ideyası
üzərində qurulub.
"Tiqranizm Xocalıda",
"Nalşəkilli mühasirə"
kimi kitablarım yurdçuluq üzərində,
"İran Hizbullah zindanında"
kitabımsa, bütöv
Azərbaycan və
"İnqilab, yoxsa, intibah?"
Ata fikri üzərində
bədii həllini tapıb. Bütün əsərlərimin canında
"insan" durur. İnsan dairədən necə çıxa bilər? - sualının cavabını isə çox "Kendini getir" kitabımda vermişəm.
- Ümumilikdə türk
dünyası üçün
hansı fəlsəfi
dəyərlər önəmlidir?
- Ən böyük fəlsəfəni Naxçıvanın
qoynunda yer verdiyi təbrizli Fəzlullah Nəimi yaradıb, hürufizmi, bunu öyrənmək lazımdır. İnsan sifətində ilahilik olduğunu bizimkilər deyiblər, niyə də özümüzü
öyrənməyək? Cəlaləddin
Rumini "Məndə
bir mən var, məndən içəri",
bunu Rumidən savayı kim deyə bilərdi? Sufi olmadan bunu deyə
bilməzsən.
Eşqə səcdə qılan
M.Füzuli öyrənilməli
əsərlərinin mahiyyəti
dərk edilməlidir.
Asif Atanın dediyi kimi: "Cəngavərlik,
filosofluq və fədakarlıq kimi üç əsas cəhəti yazar özündə birləşdirməlidir."
Türk Dünyası
Zərdüştdən Saza
qədər olan dəyərlərlə hərəkət
etməlidir.
- Azərbaycan və türk xalqlarının gələcəyi ilə bağlı hansı nəzəriyyələriniz var?
- Türk xalqlarının birgə fəaliyyəti üçün yaxşı
addımlar atıldığını
etiraf etməliyəm.
Qarabağ zəfərimizdən
sonra Azərbaycanın
Türk Dünyasında
xüsusi yeri olduğu hiss olunur. Bunun yanında mənim nəzəriyyəm hansı
rolu oynaya bilər? Ümumtürk ədəbiyyatının öyrənilməsi
üçün xüsusi
universitetin açılmasını
və yazarlar birliyinin yaranmasını istərdim, təbii, bu, dövlət səviyyəsində olacaq
bir işdir, mənimsə arzumdur. Ədəbiyyat söz abidəsidir, biz onun vasitəsi ilə xalqımızın ruhunu,
nəyə qadir olduğunu öyrənə
bilirik.
- Əsərlərinizdə tez-tez
insan və kainat arasındakı əlaqədən bəhs
edirsiniz. Bu, nəyə
işarədir?
- Bu mənim yaradıcılığımı
mərkəzə qoyacaq
bir sualdır. Mənim mövzum insandır. Kainatda olan hər bir
şey insanın həyatına daxildir, o istəsə də, istəməsə də kainatın içindədir.
Artıq bu mövzuda 5 kitab, 3 uşaq
pyesi yazmışam. Bugünkü ekoloji problemlər insanın təbiəti mənimsəməsindən
irəli gəlir. Miçurun deyirdi ki: "Təbiəti istədiyin kimi mənimsəyə bilərsən". Böyük
alimin yanlış fikri az qala
dünyanı məhvə
gətirib çıxarıb.
- Müasir Azərbaycan ədəbiyyatında hansı
problemlər var? Hansı
istiqamətlərdə inkişaf
lazımdır?
- Kütləni arxasınca aparacaq ədəbiyyat yaranmalıdır. Bugünkü
ədəbiyyatımızın tarixi mövzulara üz tutması çox önəmlidir. Sovet dövründə 70
il ideologiyaya xidmət
edən ədəbiyyat
yarandı. Mən istəmirəm, indiki gəncliyin yazdıqları
gələcəkdə makulatura
fonduna getsin. Asif Ata bizim qarşımıza tələb qoyurdu: "Elə yaz ki, poza bilməsinlər. Elə yaz ki, daimi olsun!" Əsər daimiliyə hesablanmalıdır.
- Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatına
inteqrasiyası üçün
hansı addımlar atılmalıdır?
- Dünya çapına çıxmaq üçün
öz dünyanı yaratmalısan. Bənzəməməlisən,
oxşamamalısan. Ədəbiyyat
dəryadır, bu dəryada üzmək üçün yaxşı
bacarığın olmalıdır.
Çingiz Aytmatov qırğız həyatından
yazırdı, xəlqi
dəyərlər əsasında
əsər qoydu ortalığa. Biz əgər
xalqımızın fitrətini
lazımı qədər
təsvir edə bilsək, ən azından İkinci Qarabağ zəfərinin gerçək və psixoloji tərəflərini
ədəbiyyata gətirsək,
inanıram, dünya bizi oxuyar. Məgər
E.M.Remarkın "Qərb
cəbhəsində yenilik
yoxdur", E.Heminqueyin
"Əcəl zəngi"
romanlarını dünya
oxumurmu? Oxunmasının
səbəbi nədir?
Remark dünya ədəbiyyatında
ön cəbhəni təsvir edən ən uğurlu romanı yazıb. Eyni zamanda "Əcəl zəngi" partizan hərəkatından
bəhs edən ən uğurlu hadisədir. Yaxşı əsər hadisədir,
zaman öldürmək üçün
oxunmur o. Mən bu dəqiqə Heminqueyin "Qoca və dəniz" povestini üçüncü
dəfə oxuyuram. Təsvirlər o qədər
canlı, aydın, yerindədir ki, adam oxuyanda özünü dənizin ortasında hiss edir. Bizim yazarlarda
qəribə tendensiya
yaranıb, ictimai arenada görürəm hər gün, hardansa sertifikat almalarını nümayiş
etdirirlər. Mükafat,
diplom, ad almaq xəstəliyindən qurtulmaq
lazımdır. Elə
bilirlər, orda-burda, əyalət qəzetində
yayımlanmaqla dünyəvi
yazar olurlar. Dünyəvilik öz dünyanı dünyaya təqdim etməkdir. Beşgünlük şöhrət
kimə lazımdır?
Yazarlarımız bu xəstəlikdən sağalmalıdırlar.
- Oxuduğunuz, mütaliə
etdiyiniz yaşayan Azərbaycan yazarları kimlərdir?
- Ardıcıl oxuduğum yazıçı Vaqif Sultanlıdır, onun imzasını çox bəyənirəm.
Saytlardan gənclərin
hekayələrini oxuyuram,
istedadlı yazarlar çoxdur. Sadəcə bir az tənbəldirlər.
Asif Ata deyir: "Yazarda üç cəhət birləşməlidir: cəngavərlik,
filosofluq, fədakarlıq".
Bu ölçüyə uyğun
gələn yazarı
görmürəm, hansındasa
biri və ya ikisi çatışmır.
Bunların heç biri bir yazıçıda
olmayanda, onda olur itmiş istedad. Nəsrin fəlsəfi yükü olmalıdır, əgər
bu olmasa, olur siyasət. Üzdən yazsan, siyasi xarakter daşıyır. Bir də
bizim yazarlar dərk etməlidirlər
ki, kitab məqsəd deyil,
vasitədir. İdeyanı
çatdırmaq üçün
bir sənət nümunəsidir, kitab çap
etdirmək məqsədə
çevriləndə mahiyyətini
itirir.
- Sizin fikrinizcə, Azərbaycançılıq ideologiyası
necə inkişaf etməlidir?
- Öz dəyərlərimiz
əsasında. Dünənimizdə
nə varsa, hamısı bu gün öyrənilməli,
təbliğ edilməli,
sabaha ötürülməlidir.
Yad ideologiyalardan - bizə
sırınmışlardan imtina etməliyik. Bizim uşaqlar "hörmüçək adam",
"supermən" qəhrəmanları
özlərinə ideal seçməməlidirlər,
yurdumuzu qorumuş, milli
kimliyimizi saxlayan qəhrəmanların obrazı
ədəbiyyatda, cizgi
filmində yer almalıdır ki, uşaqlarımız
özümüzünkülərlə fəxr etməyi bacarsınlar.
Bizə
təqdim edilən yad
nə varsa, hamısı idrak və mənəviyyat ələyindən keçməlidir.
İradə nümayiş
etdirməliyik. Deyəcəksiniz,
bu çətindir. Bəli, haqlısınız!
Amma biz çətinçiyik. Vətən tarla kimidir, o gərək daim alaq otlarından
təmizlənsin.
- Qloballaşma və milli kimlik arasındakı balans necə qorunmalıdır?
- Qloballaşma birmillətli
bəşər ifadəsini
içində daşıyır.
Biz bunu sovet ideologiyasında da görürdük.
Bəşərin birmillətləşməsi,
bənzərliyin itməsi
bəşərin ölümüdür.
Bəşər ona görə maraqlıdır
ki, orada rəngarənglik
var, bənzərsizlik var. Qloballaşma
adı altında millətlər itir, dil itir, üstün
mədəniyyət zəif
mədəniyyəti inkişaf
etdirmir, əksinə,
içində əridir.
İmperialist qüvvələrin son tələsidir bu. Millətin
kimliyinə yad nə varsa, o milləti içindən qurd kimi yeyib talayır.
Adi gözlə bunu görmək olmur, amma zaman-zaman baş verir, bir də
ayılıb görürsən,
sən elə ingilis imişsən, özündən xəbərin
yoxdur. Düşünün,
kommunist ideologiyası
altında rusçuluq
təbliğ olunduğu
kimi, indi də qloballaşma adı altında qərb və Amerikan ideologiyası təbliğ olunur. Yüz ilə qırmızıdərililəri qırıb Amerika yaradanlar,
indi mədəniyyət
adı altında amerikanizm yaradırlar. Adi göz bunu seçə
bilmir, amma mahiyyətin gözü ilə baxanda anlamaq olur nə
gedir.
Milli kimlik qloballaşdırma adı altında tapdanır. Millilik ilə qloballaşma arasında balans yaratmaq yox, mübarizə
aparmaq lazımdır.
Millət öz kimliyini qorumalıdır, ulularının yaratdığı
dəyər saxlanılmalıdır.
İndi millətləri qılınc
gücünə yox, inanc, təhsil, mədəniyyət yolu ilə işğal edirlər.
- Bugünkü Azərbaycan
gəncləri üçün
ən böyük çağırışlar hansılardır?
- Bir çox
televiziya kanalları vasitəsi ilə ailə institutunu öldürürlər. Braziliyanın,
Amerikanın serialları
ekranlarımıza yol
alanda bizim gənclikdə belə bir fikir yarandı:
qərbdə camaat
divan üstə oturub,
evinə gəlir gəlir. Avropa ali təhsilində ciddi nizam var, güzəştsizlik
var, bu, təbliğ olunmadı. Avropa demokratiyası xaos kimi anlaşıldı, rahat həyat kimi başa düşüldü. Pərdə
arxasındakılar təqdim
edilmədi, üzdə
olanlar göz qamaşdırdı.
Ciddiyyətin artmasını istərdim
gənclər arasında;
heç nəyə barmaqarası baxmasınlar.
Geyimdən tutmuş davranışa qədər,
nə varsa, hamısında ciddiyyətin
olması önəmlidir.
Qarabağ savaşında
Qərb mətbuatının
gözləri bərəlmişdi
- üçlük
yazıb, kimliyimizi təhlil edirdilər.
"Ali Baş Komandan,
ordu və xalq birliyi qələbə
çaldı", - deyirdilər.
Dünyanın heç
yanında bunu görə bilmirlər.
Biz buyuq, bunu qabartmalıyıq və bu hal bütün
sahələrimizdə üzə
çıxmalıdır. Bu xalqın canında tənbəllik yoxdur, yetər ki, onu öz gücünə inandırasan.
Qloballaşma adı altında
bizə sivilizasiya, mədəniyyət, inkişaf
və tərəqqi təlqin edirlər. Özünəməxsusluq itir,
səni özünəinamdan
çəkindirirlər. Qərbin
sivilizasiyasının canı
momonizmdir, pulçuluq.
Pulçuluğun qabardıldığı
bir aləmdə sən hansı mənəviyyatdan danışa
bilərsən?
- Naxçıvanla bağlı
hər hansı elmi və ya
ədəbi layihəniz
varmı?
- Hal-hazırda Naxçıvan
Dövlət Milli Dram Teatrının
aktyoru Ələsgər
Quliyev və gənc aktrisa Vəfa Qulamzadənin iştirakı ilə
"Bir cüt göz"
mono-tamaşam hazırlanır.
- Oxucularınız və
izləyiciləriniz üçün
hansı mesajı vermək istərdiniz?
- Bir yazıçı
oxucusuna nə arzu edə bilər?!
Ciddi mütailəçi
olsunlar, unutmasınlar
ki, kitaboxuma dünyaya
açılan böyük
qapıdır, həm
də fantaziyanı inkişaf etdirir, yeni ideyanın yaranmasına təkan verir. Əllərinə keçən
hər şeyi oxuyub beyni qatmaqarışıq
anbara çevirmək
olmaz. Bədii zövqü cilalayan ədəbiyyat oxusunlar, təbii ki, özlərinin
təsdiqini tapa biləcəkləri
ədəbiyyatı izləsinlər.
Söhbətləşdi: Fariz Əhmədov
Naxçıvan Televiziyasının
baş redaktoru
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.22.