Almas İldırım və "İrqçilik-Turançılıq
davası"
A.İldırımın mühacirət dövrü həyatının az
öyrənilmiş
olaylarından biri də onun "İrqçilik-Turançılıq" davasında iştirakıdır. Bu məsələyə daha geniş aspektdən yanaşsaq, Türkiyə Cümhuriyyətinin
qurucusu, örnək lider Mustafa Kamal Atatürk hakimiyyətdə
olduğu müddətdə
(1923-1938) milliyyətçilik anlayışını yenidən
mənalandırmış, türk millətçiliyini
kamalizmin prinsiplərindən
biri kimi təsbit etmişdir. Mühacir şairimiz Almas İldırım da Atatürkün
idarəçiliyi ərzində
Türkiyədə belə
bir siyasi şəraitdə yaşamış,
müdafiə etdiyi türkçülük, türk
milliyyətçiliyi haqqında
fikirlərini yaradıcılığında
müstəqil bir şəkildə davam etdirmişdir. Sonrakı iqtidar dönəmində isə türkçülük
fikri və onun tərəfdarları dövlət üçün
təhlükə mənbəyi
hesab edilmiş, bu yanlış yanaşma İsmət İnönü hökumətinin
təkcə daxili deyil, həmçinin xarici siyasətində də özünü aydın büruzə vermişdir. Araşdırmaçı
Ömər Özcan həmin dönəmin siyasi durumunu doğru olaraq belə səciyyələndirmişdir:
"Atatürkün ölümündən
sonra milliyyətçilik
devrədən çıkarılmış,
bu fikir mənsubları Turançılıq,
irqçilik və faşizmlə suçlanmışdır"
(Türkçüler. Cumhuriyet devrinde bir idealin
takipçileri, İstanbul, 2020, s.21). Dönəmin türk milliyyətçiləri, türkçü
gəncləri vətənə
xəyanətdə ittiham
edilərək həbsə
atılmış, işgəncələrə
məruz qalmışdır.
Belə bir ictimai-siyasi, burulğanlı
şəraitdə qayəsi
türklük uğrunda
çalışmaq olan
A.İldırım da bir çox məsləkdaşları ilə
bərabər 1944-cü ildə
İstanbul Sıkıyönətim Komutanlığı tərəfindən
saxlanılmışdır. Məhz bu olayla
bağlı olaraq 3
may 1944-cü il Türkiyə tarixində "İrqçilik-Turançılıq"
davası kimi bilinməkdədir. Sözügedən
davada irqçi-turançı
fəaliyyətləri səbəbi
ilə saxlanılan şəxslərin siyahısı
mövzu ilə bağlı bir sıra araşdırmalarda
əksini tapır ki, həmin siyahıda mühacir şairimiz A.İldırımın da
adı yer almaqdadır (Necmettin Sefercioğlu.
3 Mayıs ve Türkçülük davası,
Ankara, 2009, s.49; Mahmut Goloğlu.
Milli Şef dönemi,
İstanbul, 2021, s.266; Günay Göksu Özdoğan. Turandan Bozkurta. Tekparti döneminde türkçülük (1931-1946), İstanbul,
2021, s.303). Şairin adının
bu olaylarda keçməsinə Ənvər
Arasın "Xəzərdən
Xəzərə Almas İldırım"
(Elazığ, s.84) kitabında
da qısaca toxunulur.
Öncə mövzunu daha
da aydınlaşdırmaq üçün
bir qədər geriyə gedərək türkçülük və
turançılıq terminlərinin
əhatə etdiyi mənanı izah etməyi gərəkli hesab edirik. Türkçülük
bütün türk xalqlarının həm mədəni, həm də siyasi olaraq birlik qurması,
daha doğrusu, bu birliyi qurmaq
üçün mübarizəsi
anlamına gəlir. Turançılıq sözünün
mənasına gəldikdə
isə, "Turan"
kəlməsinin izahını
türkçü yazar,
görkəmli siyasət
adamı Ziya Göyalpın adı ilə bağlamaq məqsədəuyğun olar.
G.G.Özdoğan yazır: "Turan" teriminin Türkçü
hərəkat içərisində
yayğın olaraq kullanılması əsas olaraq Ziya Göyalpın
etkisiylə olmuşdur.
Əslində, Z.Göykalp için Turançılıq, terimin
özgün anlamında
olduğu gibi türki xalqların dışındakı xalqlarla
birlik anlamına gəlmiyordu. Ziya Göyalp, "Turan"ı
"bütün türki
xalqları kapsayan böyük Türküstan"
anlamında kullanıyordu"
(s.28).
Türkiyədə istər Osmanlı,
istərsə də Cümhuriyyət dönəmində
türkçülər siyasət
meydanında olmuşdur.
İlk dönəm türkçüləri
cərgəsində Ziya
Göyalp, Yusif Akçura, Əhməd Ağaoğlu kimi dövrün ziyalıları
yer alırdısa, Cümhuriyyət dönəminin
türkçüləri sırasında
Hüseyn Nihal Atsız,
Reha Oğuz Türkkan, Zəki Vəlidi Toğan və başqaları diqqəti cəlb edirdi. Məhz 1930-cu illərdə meydana gəlmiş Türkçü-Turançı
milliyyətçilik adlarını
sadaladığımız Cümhuriyyət
dönəmi türkçülərinin
ideologiyasını əks
etdirən bir cərəyan idi. Onlar üçün irqçilik, türk irqinin ucalığı əsas prinsiplərdən
olmuşdur. Dövrün
"Atsız məcmuə",
"Orhun", "Bozqurd",
"Göy-börü",
"Ergenekon" kimi dərgiləri
isə türk milliyyətçilərinin əsas
fikri mübarizə meydanı sayılmaqda idi.
1944-cü
ildə başlayıb,
1947-ci ildə sonlandırılmış
"İrqçilik-Turançılıq
davası"na gəldikdə
isə deməliyik ki,
hökumətin qərarına
əsasən, çox
sayda insan göz altına alınaraq sorğuya tutulsa da, onlardan sadəcə 23 nəfəri
barəsində dava açılmışdır. Bu hadisələrin zəminini
təşkil edən əsas məsələ isə H.N.Atsızın
dövrün Baş naziri Şükrü Saraçoğluna ünvanladığı,
1 mart və 18 may tarixlərində
"Orhun" dərgisində
yayımlanan 2 açıq
məktub olmuşdur.
İlk məktubda Atsız
S.Saraçoğlunun Türkiyə Böyük
Millət Məclisindəki
5 avqust 1942-ci il tarixli
nitqində yer alan "Biz türküz, türkçüyüz və
daima türkçü
qalacağız. Bizim için türkçülük
bir qan məsələsi
olduğu qədər
və laakal (burada: heç olmazsa - H.C.) o qədər
bir vicdan və kültür məsələsidir" ("Orhun"
der., İstanbul, mart 1944, sayı 15, s.1.) fikrinə istinad edərək onları təqdir etməklə yanaşı, bütün
bunların yalnız sözdə qalıb, əməldə öz əksini tapmadığını
vurğulamış və
səbəbini öyrənmək
istəmişdir. Atsız
ikinci məktubda isə mətləbi çox uzatmayaraq maarif sahəsində özlərinə yer etmiş vətən düşmənləri adlandırdığı
kommunistləri ifşa
edir və ilk sırada Səbahəddin Əlinin adını verməklə, onun Türk Dil Qurumu
üzvlərindən, həmçinin
Ankara Dövlət Konservatoriyasının
müəllimlərindən olduğunu, kommunist kimliyi ilə türklük əleyhinə
hər fürsətdə
boy göstərdiyini, o dövrün
Maarif vəkili, indiki adla isə
Təhsil naziri Həsən Əli Yücəl tərəfindən
vəzifədə tutulanlardan
biri olduğunu deməklə onun bu məqamdan azad edilməsini istəyir. Atsız daha da irəli gedərək yazır:
"Hətta şimdiyə
qədər hər nasılsa bir qəflət əsəri olaraq bunları vəzifədə tutmaqdan
doğan utancı silə bilmək üçün bizzat Maarif vəkilinin də o məqamdan çəkilməsi çox
vətənpərvəranə bir jest olardı"
("Orhun" der., İstanbul, nisan 1944, sayı 16, s.1.). Məktubdan da anlaşılır
ki, o, Ş.Saraçoğluna
təhsil sahəsində
baş qaldıran solçu-kommunist müəllim
və tələbələrin
təmizlənməsinin başlıca
vəzifə olduğunu
bildirir. 3 May davasının
iştirakçılarından M.Müftüoğlu Atsızın məktublarının
Baş Nazirdən çox, Təhsil Naziri H.Ə.Yücəldə
narahatlıq yaratdığını,
Atsızı dərhal
müəllimlik vəzifəsindən
azad etdiyini yazmışdır. Müəllif
hadisələrin sonrakı
gedişini isə belə təsvir edir: "Açıq məktubların nəşriylə
durumu sarsılan Həsən Əli Yücəl həmən dostu Falih Rıfkı
Atayın yanına koşmuş və bu iki adam
baş-başa verib hazırladıqları plan sonunda
Səbahəddin Əlini
təhrik və təşviq edərək
Atsız əleyhinə
bir həqarət davası açdırmışlar"
(Mustafa Müftüoğlu. Milli Şef döneminde Çankaya?da kabus (1944 Turancılık Davası), İstanbul, 2005, s.51-52). Bunun nəticəsində
Atsıza məhkəmə tərəfindən 4 aylıq həbs
cəzası verilsə də, icrası təxirə
salınmışdır.
3 may
1944-cü ildə Atsız ilə S.Əlinin 2-ci məhkəmə iclası
zamanı isə Ankara Ədliyyə Sarayı
qarşısında türkçü-milliyyətçi gənclər
Atsız tərəfində çıxış etməklə
geniş izdiham yaratmışdır ki, həmin tarix də
hazırda Türkiyə Cümhuriyyətində müəyyən
bir kəsim tərəfindən hər il qeyri-rəsmi olaraq
Türkçülər Günü kimi coşqu ilə qeyd
olunmaqdadır. Məhkəmə prosesi zamanı gənclər
kommunizm əleyhinə şüarlar səsləndirmiş,
izdiham daha da geniş hal alaraq küçələrə
doğru irəliləmişdir. Fikrimizcə, 3 May 1944-cü il
Türkiyə Cümhuriyyətində kommunizmə
qarşı ilk əməli hərəkat olaraq milli
türklük şüurunun özünü büruzə
verdiyi gün sayıla bilər.
Bir neçə məhkəmə
iclasından sonra Atsız ilə S.Əli arasında olan çəkişmənin
bitməsinə baxmayaraq, milliyyətçi gənclərin
izdihamlı yürüşü və o sırada baş
vermiş olaylar hökumət tərəfindən belə bir tədbir
görülməsinə gətirib çıxartdı:
İrqçiliyi təbliğ etmək üçün gizli təşkilatlar
qurmağı və dövlət çevrilişi yolu ilə
hakimiyyəti ələ keçirməyi hədəflədikləri
əsas gətirilərək bir qrup gənc şübhəli
şəxs qismində saxlanılmış, İstanbul
Sıkıyönətim Komutanlığına gətirilmişdi.
Nihal Atsız, Zəki Vəlidi Toğan, Reha Oğuz
Türkkan, Hüseyn Namiq Orhun və başqalarının
olduğu siyahıda A.İldırımın
da adı yer alırdı. Həmin tarixdə, yəni
1944-cü ildə mühacir şairin Elazığda
yaşaması faktı hökumətin sadəcə İstanbulda
deyil, Türkiyənin müxtəlif bölgələrində
sadaladığımız səbəblərə görə
şübhəli saydığı gənc
türkçüləri bura gətirdiyini göstərir. Qeyd
etmək lazımdır ki, türkçü gənclər tərəfindən
edilən yürüş mövcud İ.İnönü
iqtidarı tərəfindən ölkənin
türkçü-milliyyətçi aydınlarının səsinin
boğulması, ideoloji mübarizəsinə son qoyulması
üçün ələ keçə biləcək
çox gözəl bir fürsət idi. Hökumət bu
fürsətdən məharətlə istifadə etmişdir.
İnönü hökumətinin böyük təlaş və
təşviş keçirməsinə səbəb
türkçülərin hakimiyyət iddialarının
olduğunu düşünərək çevriliş edəcəklərini,
yeni bir düzən qurmaq istədiklərini və buna
hazırlıq gördüklərini düşünməsi
idi.
Hakimiyyətin bu məsələdə
mövqeyi və rəsmi münasibəti
öz əksini ən açıq şəkildə İ.İnönünün 19 May 1944-cü ildə
Gənclik və Spor Bayramı münasibətilə etdiyi
çıxışında tapır. "Türk milliyətçisiyiz,
fəqət məmləkətimizdə irqçilik prinsipinin
düşməniyiz" - deyən İ.İnönü
əlavə edir: "Türkiyənin irqçi və
turançı olması lazım gəldiyini iddia edənlər,
hangi millətə faydalı, kimlərin məqsədinə
yararlıdırlar? Türk millətinə yalnız bəla və
fəlakət gətirəcək olan bu fikirləri
yürütmək istəyənlərin Türk millətinə
heç bir hizmətləri olamayacağı mühəqqəqdir.
Bu hərəkətlərdən yalnız yabançılar
faydalana bilərlər. Fəsadçılar
yabançılara bilərəkmi hizmət ediyorlar?
Yabançılar fəsadçıları idarə edəcək
qədər yaxından münasibətdəmidirlər?
Bunları hökm olarak kəsdirmək bu gün mümkün
deyildir. Amma yabançıya hizmət qəsdi və
yabançının yaxın ilişiyi (burada: əlaqə,
münasibət - H.C.) heç bir zaman meydana çıxmasa, dəxi
hərəkətlərin Türk millətinə, Türk vətəninə
zərərli olması və bunlardan yalnız
yabançıların faydalanmış olması, söz
götürməz bir həqiqətdir. Vətəndaşlarım!
Əmin ola bilirsiniz ki, vətənimizi bu yeni fəsadlara
qarşı da qüdrətlə müdafiə edəcəyiz"
(Milli Şefin tarihi nutku. "Cumhuriyet" gaz., 20 mayıs
1944, s.2.). İ.İnönünün
nitqindən sonra mətbuatda bu hadisələr geniş şəkildə
işıqlandırılaraq türkçülər əleyhinə
kampaniyalar başladılmış, mütəmadi olaraq kəskin
yazılar çap edilmişdir. Bu sahədə ən çox
fəallıq göstərənlərdən biri də milli
şefin ətrafında yer alanlardan Əhməd Əmin Yalman
olmuşdur. Həmin şəxsin A.İldırımın
"Yayqaracı Yalmana" şeirində ifşa hədəfi
olması da təsadüfi deyildir. Lakin gerçəkdə isə
məsələ tamam fərqli idi. Belə ki, türkçü-milliyyətçi
mövqedə duranlar sadəcə ideoloji bir hərəkat
başlatmış, öz mübarizələrini daha çox
mətbuat səhifələrində davam etdirməklə təbliğat
aparmış, bu ideologiyanı şüurlara yeritməyə
çalışmışdılar. Sözügedən hadisələr
o dönəmdə türk milli şüurunun hansı səviyyəyə
qalxa bildiyinin də göstəricisi oldu. Sonucda isə
"İrqçilik-Turançılıq" davası ilə
bağlı məhkəmə heç bir ittihamı sübuta
yetirə bilməmiş, çirkin bir iftira ilə üzləşmiş
türkçülər haqqında 31 mart 1947-ci ildə son qərar
çıxarılmış və türkçü gənclər
tərəfindən edilən yürüşlərə
"...milli bir ideolojinin milli olmayan bir ideolojiyə
qarşı ifadəsindən ibarətdir" (Mustafa
Müftüoğlu, s.220) hökmü ilə bəraət
verilmişdir. Burada "milli olmayan bir ideoloji" dedikdə,
kommunizm ideologiyası nəzərdə tutulmuşdur. Onu da
qeyd edək ki, türkçü aydınlara qarşı edilən
vəhşiliklər, "tabutluq" adlandırılan
tükürpədici işgəncə mexanizmləri barədə
həqiqətlər sonralar ictimaiyyətə
çatdırılmış, bu hadisələrin
iştirakçıları və zərərçəkənlərinin
xatirələrində, eyni zamanda mətbuatdakı
yazılarında əksini tapmışdır. Reha Oğuz
Türkkanın "Arayan adam" adlı xatirələrinin
II cildi (İstanbul, 2011, 330 s.) bu baxımdan diqqəti daha
çox cəlb edir.
A.İldırımın bu hadisələrdə adının
keçməsi əslində təəccüb doğuracaq bir
məqam olmamalıdır. Çünki türkçü
şair olan A.İldırım şeirlərində
türkçülük, türk kimliyi məsələsi,
türk milliyyətçilərini dəstəkləməsi,
türk xalqlarının hürriyyəti, bütün türk
ellərinin birləşib vahid bir Turanın qurulmasına nail
olması və s. kimi məsələlərdən kifayət
qədər bəhs etmişdir. Eyni zamanda deməliyik ki, A.İldırım Türkiyədə
yaşadığı müddət ərzində bir sıra
türkçü-milliyyətçi dərgilərlə əməkdaşlıq
etmiş, burada onun qeyd edilən səpkidə müxtəlif
şeirləri dərc olunmuşdur. Şairin şeirləri
yayımlanan həmin nəşrlərə nümunə kimi
H.N.Atsız tərəfindən
buraxılan "Orhun" ("Orkun"), R.O.Türkkanın
yayımladığı "Bozqurt",
"Göy-Börü", eyni zamanda dönəmin digər
türkçü dərgiləri -
"Çınaraltı", "Özləyiş",
"Kopuz", "Toprak", "Kommunizmə qarşı
mücadilə"ni və s. göstərə bilərik.
Adlarını sadaladığımız və qeyd etmədiyimiz,
bu səpkidə fəaliyyət göstərən daha bir
çox dərginin siyasi yönü həmin dövr
üçün keçərli olan dövlət siyasəti
ilə üst-üstə düşmədiyindən hökumət
tərəfindən fəaliyyətlərinə son
qoyulmuş, bəzilərinin yayımı isə məhdudlaşdırılmışdır.
A.İldırım "İrqçilik-Turançılıq"
olayları zəminində böyük ehtimalla digər şəxslər
kimi sorğuya çəkilmiş, bundan sonra sərbəst
buraxılmış və yenidən Elazığa
qayıtmışdır. Hazırda əlimizdə olan mənbələrdə,
təəssüf ki, bu barədə məlumat yoxdur. Şairin
yaradıcılığında da sözügedən hadisələri
bilavasitə əks etdirən bir əsərə rast gəlməmişik.
Yalnız 1951-ci ildə "Demokrat Malatya" qəzetində
dərc edilmiş silsilə publisistik yazılarından olan
"Türk milliyyətçilərini bəkləyən vəzifələr"
("Demokrat Malatya" gaz., 23 ekim 1951, s.1.) məqaləsində
A.İldırım Demokrat Partiyanın iqtidara gəlməsi ilə
türk milliyyətçilərinə geniş fəaliyyət
sahəsinin sağlanmasından bəhs edərkən həmin
olaylara da müxtəsər münasibət bildirmişdir:
"CXP diktatorluğunun sürdüyü müddətcə
zaman-zaman ağır darbələrə məruz qalan və
944-də "məşhur 19 Mayıs qara nitqini" hərzələyən
"Milli şef"in sol qolu bulunan Həsən Əli və
həmpalarının tabutluqlara tıxaraq öldü
sandıqları həqiqi türk milliyətçiliyi ancaq 14
Mayıs inqilabından bu yana DP iqtidarının iş
başına gəlməsilə geniş nəfəs alaraq kəndinə
əmin bir çalışma səhnəsi bulmuşdur"
(s.1). Müəllif daha sonra "milliyətçiliyin
irqçi-turançı və sərgüzəştçi
kimi damğalarla millətin gözündən
düşürülməyə
çalışılmasına" baxmayaraq, bu siyasətin əks
effekt verdiyini, "türk gəncliyinin milliyyətçi
hisslərini daha da şahlandırdı"ğını
vurğulamışdır (s.1).
Yuxarıda
da görüldüyü kimi, A.İldırımın
irqçilik-turançılıq olaylarındakı tutumu onun
əqidəsinə sadiq istiqlal mücahidi olduğunu bir daha təsdiq
etməklə, şairin savaşçı ruhunu da ortaya qoyur.
Ümumiyyətlə,
A.İldırımın türklüyə
xidməti və türkçülərə dəstəyinin
təkcə fikri mübarizə meydanında deyil, əməli
yöndə də olması gəldiyimiz qənaətlərdəndir.
Araşdırmalarımız nəticəsində milliyyətçi
bir şair olaraq A.İldırımın
böyük türkçü ideoloq,
"İrqçilik-Turançılıq
davası"nın əsas simalarından olan H.N.Atsız tərəfindən
bilindiyi, onun şairin əsərləri ilə tanış
olduğu faktını da öyrəndik. Belə ki, 30 oktyabr
1956-cı ildə H.N.Atsızın
dövrün yazarlarından Nəcməddin Səfərcioğluna
ünvanladığı bir cavab məktubunda
A.İldırımın adı keçməkdədir.
Atsız N.Səfərcioğlunun
hazırlayacağı kitab haqqında tövsiyələrini
verməklə, həmçinin A.İldırımı da
oxumasını və kitabda ona yer ayırmasını məsləhət
görür: "Kitabınızın adını "Türkçü
və milliyətçi şairlər" deyə qoysanız,
etiraz ediləməz zənn edərim. Bir də Almas
Yıldırım tam bir türkçüdür. Bu mərhum
azərbaycanlı şairi mütləqa
almalısınız" (Refet Körüklü, Cengiz Yavan.
Türkçülerin kaleminden Atsız, İstanbul, 2000,
s.142). Bu da H.N.Atsızın
A.İldırımı tanımasının və onu bir
türkçü şair kimi yüksək qiymətləndirməsinin
göstəricisi kimi əhəmiyyət kəsb edir.
Hülya
CƏBİYEVA
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, №15.- S.24-25.