Arıq, balaca,
əsəbi oğlan
Əyyaş və simic atanın
sədaqətli qadını -
ana
Anası
Mariya Fyodorovna Neçayeva onu Moskvanın yoxsullar üçün olan Mariya xəstəxanasında
dünyaya gətirmişdi.
Gözünü açıb yetimxanadakı
atılmış uşaqları,
dəlixanadakı havalı,
xəstə adamları
görmüşdü.
Moskvanın ən acınacaqlı
nahiyələrindən biri
hesab olunan bu iztirab və
kədər yuvasında
səfillərin, avaraların,
intihar edənlərin
qəbiristanlığı yerləşirdi. Atası Mixail Andreyeviç Dostoyevskinin 30 yaşı vardı, amma fərəh və şadlığını həmişəlik
itirən, heç vaxt üzü gülməyən bu adam, Borodino vuruşmasından
bir az əvvəl
Moskva Tibb-cərrahlıq Akademiyasını
bitirmişdi.
Müharibə vaxtı boğucu
qan qoxusu, üfunət içərisində
yorulmaq bilmədən
fasiləsiz cərrahlıq
əməliyyatı aparırdı.
Amputasiyalar edir, müharibəni
qəhrəmancasına müdafiədə
deyil, döyüşlərin
şikəst etdiyi qurbanlar arasında müşahidə edirdi. Bədrəftar, həyat mübarizəsində sərtləşmiş
Mixail Andreyeviçin xasiyyəti bu insanpərvərlik peşəsilə
az uyuşurdu. Yaxınlarının xatirələrindən
görünür ki, o, fövqəladə
əsəbi, son dərəcə
tündməcaz, lovğa
və əyyaş adam olub.
Atasından fərqli olaraq,
anası saf qəlbli, şən və şaqraq təbiətli insan idi. İllər keçdikcə qəddar ərinin daimi şübhə və ittihamlarına məruz qalan mülayim Mariya Fyodorovnanın şəxsi faciəsi getdikcə dərinləşirdi.
Öz ailəsinə son dərəcə
sədaqətli olan, Mixail Andreyeviçi bütün varlığı
ilə sevən bu qadın, 1835-ci il mayın 31-də (evliliklərinin
on altıncı ilində)
ərinə yazırdı:
"Sənin əziz canına, Allaha, yerə və göylərə, uşaqlarımın
canına, bütün
səadət və həyatıma and içirəm
ki, bizim nikah günümüzdə
müqəddəs mehrab
qarşısında sənə
içdiyim andımı
heç vaxt pozmamış, vəfasız
olmamışam. Eləcə
də and içirəm
ki, mənim indiki hamiləliyim bizim sevgimizin yeddinci ən möhkəm bağıdır, bu mənim saf, təmiz, müqəddəs,
bizim nikahımızdan
bəri dəyişilməyən
məsum və ehtiraslı sevgimin ifadəsidir. Mənim sevgimi görən yoxdur, mənim hisslərimi başa düşmürlər, mənə
rəzil bir şübhəylə baxırlar,
halbuki mən öz məhəbbətimlə
nəfəs alıram.
Amma çöhrəmə qırışlar və qəzəb nişanələri
yayılır. Bu da mənim
ehtiraslı, məsum sevgimin mükafatı..."
Ailənin böyük oğlu
Andreyin nağıl etdiyi əhvalat sevimli Mariya Fyodorovnanın məktublarında
ifadə olunan hisslərinin dərin səmimiliyinin, saflığının
bir daha tapdanmasını göstərir.
"Axşamçağı yarıqaranlıq
zalda anam atama dedi ki, o yenə hamilədir. Atam qapqara qaralıb
anama elə narazılıq elədi, Mariya Fyodorovna hönkür-hönkür ağlamağa
başladı. Mən
bu səhnəni heç vaxt unuda bilmirəm".
Xəstə Mariya Fyodorovna bu cür ailə
şəraitində yavaş-yavaş
əriyirdi. Onun, hər şeydən əvvəl, qəlbən,
daxilən rahatlıq tələb edən zəif ciyərləri
"xətərli vərəm"ə
çevrilirdi. Dünya
ədəbiyyatına Dostoyevski
kimi nəhəng sima bəxş edən bu bəxtsiz qadın, otuz beş yaşında səkkiz uşaq anası idi. 1836-cı ildə ciyər naxoşluğu ağırlaşdı,
saçlarını qısa
vurdular. Otuz yeddinci ilin əvvəlində
isə yarıqaranlıq
balaca otağından bayıra çıxmırdı.
Fevralın axırlarında
həkimlər öz həmkarlarına bildirdilər
ki, onların səyləri
əbəsdir, xəstə
son günlərini yaşayır.
Fevralın 27-nə açılan
gecə can üstə
olan qadın uşaqları ilə vidalaşdı, huşunu itirərək, səhər
çağı keçindi.
Martın 1-də Mariya
Fyodorovnanı Lazarev qəbiristanında dəfn
etdilər. 16 yaşlı
Fyodor anasız qaldı...
Ananın
ölümü ailənin
bütünlüklə dağılmasına
səbəb oldu. Mixail Andreyeviç istefaya çıxdı. Uşaqlardan ikisini Mariya Fyodorovnanın bacısı - varlı və uşaqsız Kumaninlər tərbiyə
etmək üçün
götürdülər. Böyük
oğlanları - Andrey və
Fyodoru isə ataları Baş mühəndislik məktəbinə
qoymaq üçün
Peterburqa apardı.
Peterburqda keçən
ac-yalavac günlər
Baş mühəndislik məktəbində
18 yaşlı Fyodor hərbi
xidmətin çətinliklərini
daddı. Hərbi məktəbdəki çətinliyini
Dostoyevski ömrünün
axırlarında belə
xatırlayırdı:
"Qardaşımla məni Peterburqdakı mühəndislik
məktəbinə aparıb,
bizim gələcəyimizi
korladılar, məncə,
bu, səhv idi".
1843-cü
il avqustun 12-də yuxarı
zabitlik sinfində tam fənlər kursunu bitirdi. Onu Peterburq
komandası yanında
ən sadə bir vəzifədə -
"Mühəndislik departamentinin
çertyoj şöbəsində
işlətmək üçün"
saxladılar. Qulluq onun ehtiyac və
tələblərinə cavab
vermirdi. 1877-ci ildə
xatırladığı kimi:
"Özümü mühəndis
deyil, şair kimi hiss edirdim. Möhkəm əmin idim ki, gələcək hər halda mənimdir, onun yeganə ağası mən idim".
Özünü gələcəyinin ağası hesab edən ədib, həmin günləri qardaşı Andreyin dostu həkim Rezenkamfın evində kasıbçılıq və
səfalət içində
keçirirdi. Rezenkamf
Reveldən Peterburqa qayıdarkən Fyodor Mixayloviç
süd və çörəklə dolanır,
hələ bunu da dükandan nisyə alırdı. O, bundan bir az qabaq
belə bir vəziyyətdə ikən
qardaşı Andreyə
yazırdı: "Allah eşqinə,
mənə beş manat, ya da heç
olmasa, bir manat pul göndər.
Üç gündür
odunum yoxdur, özüm də qəpiksizəm".
Fyodorun
son həddə çatmış
pulsuzluğu təqribən,
iki ay davam etdi. Elə bu zaman qəflətən
o, noyabr ayında qeyri-adi bir görkəmlə
- zalda ayağını
tappıldada-tappıldada, özünə
qürrələnərək, az qala təkəbbürlə
var-gəl etməyə
başladı. Məlum
oldu ki, ona Moskvadan 1000 manat pul göndəriblər.
Həkim
Rezenkamf xatirələrinə
belə davam edirdi:
"Ertəsi gün səhər o yenə də öz adi, sakit, ürkək
yerişi ilə mənim yataq otağıma girib ona 5 manat borc
pul verməyimi xahiş etdi. Məlum oldu ki, pullarının bir hissəsini bilyardda uduzub, bir hissəsini
də hansısa oyundaşı oğurlayıb.
1844-cü il fevralın birində
Fyodor Mixayloviçə Moskvadan
yenə 1000 manat göndərdilər. Bədbəxtlikdən
ədib Dominikin restoranına şam yeməyə gedəndə
bilyard oyununa maraqla tamaşa etməyə başladı.
Hansısa cənab onun diqqətini oyunda iştirak edən bir nəfərə
- restoranın bütün
qulluqçularını pulla
ələ keçirmiş
olan məharətli bir fırıldaqçıya
cəlb etdi. Ədibin tanımadığı
adam sözünə davam etdi: "Baxın, domino lap məsum,
namuslu bir oyundur". İş onunla qurtardı ki, Fyodor Mixayloviç elə oradaca yeni "məsum"
oyunu öyrənmək
istədi - bunun üçün 25 əl oynamaq lazım gəldi, beləliklə də, Dostoyevskinin axırıncı yüzlüyü
onun müəllim yoldaşının cibinə
keçdi".
O öz atasının simicliyini irs olaraq qəbul etməmişdi, həmişə
öz təbiətində
əliaçıqlığı, qayğıkeşliyi, səxavəti,
son tikəsini də başqası ilə bölüşdürmək xasiyyətini
tərbiyə edirdi.
Ona yaxın olan adamlar deyirdilər ki, Dostoyevski pulla necə rəftar etmək lazım olduğunu bilmir, borc istəyən adamlara "yox" deməyi bacarmırdı.
"Deyəsən, onun arvadına
vurulmuşam..."
1844-cü
il oktyabrın 19-da Dostoyevskini
ərizəsinə əsasən
xidmətdən azad etdilər, noyabrın 17-də
isə Peterburq mühəndislik komandasının siyahılarından
adını pozdular.
23 yaşlı gənc
özünü bütünlüklə
yaradıcılığa həsr
etdi və on aylıq gərgin işdən sonra "Yoxsul insanlar" povesti hazır oldu. İlk oxucusu isə Fyodor Mixayloviçlə
bir mənzildə yaşayan və ədəbi aləmdə az-çox tanınan Qriqoroviç idi...
Povest almanax üçün yazı toplayan Nekrasova təqdim olunur. "On səhifə
oxusam, məlum olacaq" niyyətiylə
iri formatlı poçt kağızından
hazırlanmış qalın
dəftəri vərəqləyən
naşir, ara vermədən, yeddi çap vərəqinin hamısını oxuyub heyran olur. Mütləq
Belinski ilə görüşmək lazım
idi...
Neva küçəsi ilə Fontankanın tinindəki evdə - pəncərələri
tövləyə açılan
iki otaqda yaşayan "Bu dəhşətli
və qorxunc tənqidçi"nin mənzili
heç vaxt gün işığı
görməzdi. Nekrasov bir
may səhəri qaçaraq,
kabinetinə girib ona dedi ki, "yeni Qoqol" yetişib.
- Vissarion Qriqoryeviç!
Allah eşqinə, bu əlyazmanı oxuyun, tez oxuyun! Zənnimcə,
bu, çox gözəl bir əsərdir.
Belinski gənc şairin hədsiz tərifini şübhə ilə dinlədi. Lakin onun təkidlərinə güzəştə
gedərək, yeni povesti
oxumaq üçün
götürdü... və
birnəfəsə başa
vurdu. Nekrasov utancaq Dostoyevskini xeyli dilə tutub tənqidçinin evinə
gətirəndə, Belinski
sözünü belə
bitirdi: "Siz öz zəka və istedadınızın
qədrini bilin, onu qoruyun, sadiq
qalın, onda böyük yazıçı
olacaqsınız..!"
Rusiyada
ilk "ictimai roman" müəllifi
düz otuz il keçəndən sonra yazırdı:
"Bu mənim ömrümdə
fərəhli bir an idi. Mən katorqada
bu anı yaşayanda fərəhlənirdim".
Sonralar Nekrasovla Qriqoroviç Dostoyevskini Panyayevlərgilə
apardılar. Bu evdə
əsərlər oxunur,
mübahisələr keçirilirdi.
Yazıçı ilk məhəbbətini
və mübhəm sevgisini məhz burda yaşadı. Panyayev sadəlövh və yüngülxasiyyət,
40-cı illərin dəbdə
olan belletristlərindən
biri idi. Dostlarının "yelbeyin
uşaq" dediyi bu dayaz novellaçı,
məşhur gözəl
olan Avdotya Yakovlevna ilə evlənmişdi. Ərinin
fasiləsiz əyləncələrə
qurşanması, uşağının
olmaması bu 25 yaşlı mehriban qadını bədbəxt
etmişdi. Onun mütənasib və qəşəng əndamına
həsas Dostoyevski biganə qala bilmirdi. 1845-ci il noyabrın
16-da qardaşına yazırdı:
"Mən dünən Panyayevgilə birinci dəfə getmişdim, özüm də deyəsən, onun arvadına vurulmuşam. Bu
qadın Peterburqda məşhurdur. O, ağıllı,
qəşəng, həm
də mehriban və son dərəcə
ürəyiaçıqdır".
Qəlbən azadlıq sevən
bu kübar qadını Dostoyevski heç bir şeylə məftun edə bilməzdi. Panayeva bu böyük
ədibi belə xatırlayırdı:
"Dostoyevskiyə ilk baxışdan
görünür ki, o, dəhşətli
dərəcədə əsəbi
və həssas bir gəncdir. O çox arıq, balaca, sarışın bir oğlan idi, üzünün rəngindən xəstəyə
bənzəyirdi; solğun
dodaqları əsəbi-əsəbi
titrəyirdi. Əvvəllər
çox utancaq idi, söhbətə qarışmırdı. Lakin bir
az sonra o özünü coşqun bir mübahisəçi kimi göstərdi. Gənc və əsəbi olduğu üçün özünü
ələ ala bilmir, müəlliflik heysiyyətini
və istedadı haqqındakı yüksək
rəyini çox qabarıq şəkildə
irəli sürürdü".
Dostoyevski
1846-cı ildən Çar
I Nikolaya qarşı təşkil edilən Patraşevskiçilərin təşviqat
cəmiyyətinin iclaslarında
fəal iştirak edirdi. Bu gizli fəaliyyətinə görə
1849-cu il 22 aprel gecəsi
yazıçını yuxudan
əcaib səs-küy
oyatdı. Jandarm mayorunun təntənəli
səsi, 27 yaşlı
ədibi insanların diri-diri qəbrə gömüldüyü katorqaya
aparan yolun başlanğıcıydı:
- Əlahəzrətin fərmanı
ilə siz, mühəndis-poruçik Dostoyevski
həbs edilirsiniz.
Aşağıda, küçə qapısının
qabağında kareta gözləyirdi. Yüngül,
yortma gedən atlar məhbusu Fontankaya - "Əlahəzrətin
xüsusi dəftərxanasının
üçüncü şöbəsi"nə
apardı. Ertəsi gün Petropavlov qalasına salınan məhbusların içində
Fyodor Mixayloviç Dostoyevski
də var idi.
"O ağlayıb mənim əllərimi öpsə
də, başqasını
sevirdi"
Dostoyevski
biradamlıq, divarları
qaramtıl-yaşıl rəngli
qalın kif bağlayan
kamerada saxlanılırdı.
Soyuq, rütubət, aclıq hökm sürürdü. Hər tərəf sal daş idi. 1849-cu ilin dekabrında məhbusları güllələmək
üçün sıraya
düzdülər. Arıqlamış,
rəngləri qaçmış,
sir-sifətdən çıxmış
məhbuslar: şairlər,
hüquqşünaslar, mühəndislər,
zabitlər, müəllimlər
və jurnalistlər...
Komanda səsi ucaldı: "sıraya düzün!" Məhkum
edilmişləri taxta
meydançanın qısa
pilləkəninə yaxınlaşdırdılar.
Onlar donmuş pillələrdə sürüşə-sürüşə
edam kürsüsünə qalxdılar.
- Fyodor Dostoyevski cinayətkar niyyətlərdə iştirak
etdiyi, pravoslav dininə və ali hakimiyyətə qarşı ədəbsiz
və qaba ifadələrlə dolu olan məktubu yaydığı üçün
güllələnmə ilə
ölüm cəzasına
məhkum edilsin.
- Atəşə hazır ol!
- Başlıqlar gözlərə
çəkilsin!
- Nişan al!
Bu vaxt fligel-adyutant meydanda atını çapa-çapa general Sumarokova
bağlı və möhürlənmiş bir
zərf verdi. Məhkum edilmişlərin
qollarını açdılar...
- Əlahəzrət xilaskar
məruzəni oxuyub...
edam cəzası əvəzinə
əmlak hüququndan məhrum etməklə... müddətsiz olaraq katorqa işinə...
Dekabrın 24-ü gecə saat
12-də Dostoyevskinin ayaqlarına
on girvənkə ağırlığında
qandal vurdular və feldyegerin rəisliyi ilə atların çəkdiyi xizək karvanı uzaq diyarlara yollandı.
Qərbi
Sibirin general-qubernatoru
belə bir əmr vermişdi: "Heç bir mərhəmət göstərilməsin.
Qandallarda saxlansınlar".
Yazıçını qarovul otağına aparıb paltarını dəyişdilər,
başını qırxıb
katorqa qazamatına saldılar. Bura döşəməsi
çürümüş, damı axan, vecdən çıxmış
taxta bir bina idi. Bit-birə
və cücülərin
əlindən göz açmaq olmurdu. Adamlar qandallı-qandallı
hamamda çimir, qandallarda komediya oynayır, zəncirlə qospitallarda yatırdılar.
Xatirələrində yazırdı
ki, bir nəfər - qupquru qurumuş məhbus dəhşətli
vərəmdən öldü,
unter-zabit dərhal, zənciri açmaq üçün dəmirçi
dalınca adam göndərdi...
Sənəti və peşəsi
olmayan Peterburq ədibi qara fəhlələrlə bir
yerdə işləyirdi:
Zavodda kərpic bişirir, ağır yükü tikintiyə daşıyırdı; İrtış
çayında dizə
çıxan buz kimi soyuq suyun
içində dayanıb
köhnəlmiş dövlət
yük gəmilərini
sökürdü. Dustaqxana
rəisləri əlahəzrətin
belə bir əmrini almışdılar:
"Siyasi məhbus Dostoyevskiyə heç bir güzəşt edilməsin. Onunla tam mənası ilə dustaq kimi rəftar
olunmalıdır".
1854-cü
il yanvarın 23-də Dostoyevskinin
katorqa işlərinin
müddəti qurtardı.
Ədibin ayağını
dəzgahın üstünə
qoyub pərçimi döndərdilər, çəkiclə
vurdular. Nəhayət,
qandallar cingilti və taqqıltı ilə yerə düşdülər. "Azadlıq,
yeni həyat, ölümdən
nicat tapmaq... Nə gözəl, nə xoşbəxt bir an!"
Həmin
ilin fevralında yazıçı 7-ci Sibir
nizami batalyonuna sıravi soldat göndərildi. Dostoyevskini
yenə də taxta kazarmaya saldılar, amma o daha quru taxtalar
üstündə yox,
keçə döşənmiş
taxt üstündə
yatacaqdı. Çox keçmədən rəislər
ona ayrıca mənzildə yaşamağa
icazə verdilər. Batalyonun yaxınlığındakı
dul qalmış soldat arvadının yarıqaranlıq və
his basmış komasına
köçdü. Qadının
iyirmi yaşlı böyük qızı
Fyodor Mixayloviçə bənd
olmuşdu, onun paltarlarını məhəbbətlə
tikir, dəyişəyini
yuyur, yemək hazırlayır və daim onun yanında
olurdu.
1855-cü
ilin payızında dövlət və cinayət işləri üzrə məhkəmə
nəzarətçisi A.J.
1856-ların
qulluq etmək üçün Semipalatinskə
gəlməsi Dostoyevskinin
vəziyyətini yaxşılaşdırdı.
Yazıçı kimi
Dostoyevskini yüksək
qiymətləndirən Vranqlerlə
dost olmağı, sonrakı
illərdə onun çox köməyinə
gələcəkdi.
Yazıçı Semipalatinskdə istefada
olan gömrük məmuru Aleksandr İvanoviç
İsayev və onun arvadı Mariya Dmitriyevna ilə tanış olmuşdu.
Arvadını və oğlunu
daim ehtiyac içində yaşadan əyyaş İsayev pozğun və səliqəsiz yaşayırdı.
O, "Cinayət və
cəza"dakı Marmeladov
üçün qismən
timsal olan İsayev haqqında yazırdı: "Bir çox
çirkinliklərinə baxmayaraq,
o, fövqəladə alicənab
idi".
Vərəm naxoşluğundan əziyyət
çəkən 26 yaşlı
Mariya Dmitriyevna haqqında "gənc, gözəl, məlumatlı,
qəşəng qadındır"
yazan Dostoyevskinin iztirablı məhəbbət
macəraları başlayırdı.
Vranqler xatirələrindən məlum
olur ki, həyatı gətirməyən bu bədbəxt qadın Dostoyevskinin halına acıyırdı. "Qadın
bilirdi ki, Dostoyevski əsəb naxoşluğuna
mübtəladır, son dərəcə
maddi ehtiyac içindədir, həm də deyirdi ki, o, aqibəti olmayan insandır. Mənim dostum isə bu rəhimdilliyi qarşılıqlı sevgi
kimi başa düşərək, dəli
kimi ona vurulmuşdu". Aleksandr İvanoviç
İsayev iki il davam edən istefadan və az qala dilənçi
kökündə yaşayandan
sonra olduqca təhqiredici bir işə - aşxanaları
idarə edən müşavir vəzifəsinə
təyin olunur.
Bundan başqa 700 verstlik məsafəyə - Sibirin
Tomsk quberniyasının Kuznetsk şəhərinə köçmək
lazım idi. Dostoyevski dəli kimi gəzirdi, Mariya Dmitriyevnadan ayrılacağı yadına
düşəndə yazıçıya
elə gəlirdi ki, onun üçün həyatda hər şey məhv olmuşdur.
May ayının axırlarında
qadından ayrılarkən
uşaq kimi hönkür-hönkür ağlayır.
Dostları İsayevləri
meşə yolu ilə aparmaq qərarına gəlirlər.
Vranqler İsayevi içirib öz faytonuna mindirir və keçmiş gömrük məmuru burda daş kimi yuxuya gedir.
"Dostoyevski Mariya Dmitriyevnanın yanına keçdi. Gözəl may
gecəsində onunla xeyli yol getdilər...
Nəhayət, dayanıb
vidalaşdılar. Dostoyevski
başını əyib
dinməz dayanmışdı,
onun yanaqlarından göz yaşı axırdı."
Məktublaşma başladı. Mariya
Dmitriyevna uzaqdan da Dostoyevskini rahat buraxmayıb əziyyətləri,
xəstəliyi, ərinin
kədərli vəziyyəti
və fərəhsiz gələcəyi haqqındakı
şikayətləri ilə
ona əzab verirdi. Kuznetskdəki yeni tanışın - xoşagələn
gənc müəllimin
adı məktublarda tez-tez çəkilməyə
başlayanda yazıçının
əzabları daha da artdı; kölgə kimi gəzib dolaşırdı, həvəslə
işlədiyi "Ölülər
evindən qeydlər"i
də kənara atmışdı.
1857-ci ilin avqustunda Dostoyevski Mariya Dmitriyevnadan ərinin ölməsi barədə
məktub aldı. Yazırdı: "Oğlum
göz yaşı və kədərdən dəli olub. Ərimi başqasının
pulu ilə dəfn etdim. Ehtiyac məni əl açmağa vadar etdi - açıb
aldım... sədəqə
aldım".
Yazıçı 1856-cı ilin iyununda
özbaşına Kuznetskə
gedir ("Mən məhkəməyə verilməyə
də razıyam, təki onunla görüşüm"). O burada vaxtını iki gün Mariya Dmitriyevna ilə keçirdi. Mariya gənc və xoşüzlü müəllim
Verqunova bəslədiyi
duyğunu ona söyləyir. "O ağlayıb
mənim əllərimi
öpsə də, başqasını sevirdi.
Lakin o mənə dedi
ki, ağlama, qəm yemə, hələ hər şey həll olunmayıb, bir sənsən, bir də mən,
artıq heç kəs yoxdur. Amma mən hiss edirdim ki, o yenə Verqunovu məndən artıq sevir. Mariyanı itirsəm, ya dəli olaram, ya da özümü İrtışa ataram. Mən bədbəxt divanəyəm. Bu cür sevgi xəstəlikdir".
Dostoyevski
Verqunovla danışıb
məsələni aydınlaşdırmaq
qərarına gəlir.
Bu dəfə həyat
özü onun tərəfindəydi. Mariya
onu üstün tutmuşdu. Müəllim güzəştə gedir.
Vranqlerə məktubdan:
"İndi o mənim üçün
doğma qardaşdan əzizdir".
Qohum-əqrəba bu evlənmənin
əleyhinə olsalar
da, moskvalı xalası
ona 600, qardaşı Mixayıl ilə böyük bacılarının
hərəsi 200 manat gümüş pul göndərdilər. 1857-ci il fevralın
15-də dəli məhəbbətlə
sevdiyi qadını yerli kilsənin mehrabına apardı. Mariya Dmitriyevna gəlin paltarı geyinmişdi. Toy çox sadə, səssiz-səmirsiz
keçdi, adam az idi. Toydan
bir neçə gün sonra Dostoyevskilər Kuznetskdən
Semipalatinskə yollandılar
və burada bədbəxtlik üz verdi.
"Heç gözlənilmədən
məni epilepsiya keçinməsi tutdu, bu hadisədən arvadım hədsiz qorxmuşdu". Yazıçı
bu cür ciddi xəstə olduğu halda evlənməsinə təəssüf
edirdi. O, evlənsə
də, arzu edib ümid bəslədiyi səadətə
nail ola bilmədi. Vrangerin
məktubundan: "Mariya
Dmitriyevna daim naxoşlayır, şıltaqlıq
edir və qısqanırdı".
Qısqanclıq
faciəsi ailədəki
qarışılıqlı münasibət və mehribanlığı tamamilə
pozmuşdu.
Cavid ZEYNALLI
Ədəbiyyat qəzeti.- 2025.-
2 may, ¹15.- S.26-27.