Şopenhauer.
"Pessimist fəlsəfə"nin
optimist nümayəndəsi
O,
vegetarianlığı təbliğ etsə də, ət xörəklərini,
ümumiyyətlə yeyib-içməyi xoşlayırdı.
O,
qadınlara nifrət etsə də, varidatının bir qismini
vaxtilə sevdiyi qadına vəsiyyət etmişdi.
Onu öləndən
sonra dahi kimi qəbul etdilər.
O, Hegeli qəbul
etmirdi.
O, eqoist
idi.
Artur
Şopenhauer - (22 fevral 1788-ci il, Qdansk-21 sentyabr 1860-cı il,
Frankfurt-na-Mayn) alman filosofu, irrasionalizmin ən
tanınmış nümayəndələrindən biri və
"pessimist filosof" kimi qəbul olunub...
Artur
Şopenhauer təbiətən qəribəliklərə malik
bir insandı. O, Avropada həmin dövrün
anlayışına görə "ahıl subay" kimi
yaşamış, daxili və mənəvi azadlığı
ilə tanınmış, adi həyati nemətləri əhəmiyyətsiz
saymış, sağlamlığı birinci yerə qoymuş,
mühakimələrində sərtliyi ilə fərqlənmişdir.
O, son dərəcə şöhrətpərəst və həssas
idi. İnsanlara inamsızlıq və həddindən artıq
şübhəkarlığı ilə seçilirdi...
Sanki fəlsəfə
tarixində, ümumiyyətlə tarixdə iki Artur
Şopenhauer mövcud olub. Birisi mütəfəkkir
Şopenhauerdir ki, çoxlarını öz parlaq fikirləri,
orijinal düşüncələri ilə heyran qoyur. İkinci
Şopenhauer isə mizantrop - insanlara nifrət edən, eqoist,
antisemit, bir sözlə, adam içinə
çıxarılması mümkün olmayan Şopenhauer.
Görünür, elə buna görə də işini
yaxşı bilib o, adam içinə çox da
çıxmırdı. Daha çox itlərlə dost idi.
"İkili", təzadlı adam olduğu, üstəlik,
ondan bilinirdi ki, sadə həyat tərzini təbliğ etsə
də, zəngin yaşayırdı, vegetarianlığı təbliğ
etsə də, yeyib-içməyi və xüsusən əti
xoşlayırdı. Şıq geyinməyi sevirdi.
Onun
yüksək dilöyrənmə qabiliyyəti vardı.
Doğma dili ilə yanaşı, latın, ingilis, fransız,
italyan və ispan dillərini mükəmməl bilirdi. Ən
çox vaxtını ikiotaqlı mənzilindəki kabinetində
kitablar arasında keçirirdi...
Şopenhauer
belə hesab edirdi ki, həyatda aktiv iştirakçı olmaq
insanı əzaba sürükləyir. Həyat səhrasındakı
yeganə vahə estetik müşahidədir: bu, insanı
sıxan iradi impulsları keyləşdirir və nəticədə
fərd onu sıxan ehtirasların yükündən azad olaraq
hadisələrin mahiyyətinə nüfuz edir.
Bu
intuisiyaya əsaslanan, irrasional (ağılüstü) və
mistik bir anlayışdır, lakin bu anlayış
başqalarına sənətkarlıq
dünyagörüşü ilə çatdırılır.
Bu mənada, Şopenhauer idrak nəzəriyyəsində elmi
sübutun dəyərini qəbul edərkən, estetik
intuisiyanı fəlsəfi yaradıcılığın ən
yüksək forması hesab edir: "Fəlsəfə
anlayışlardan ibarət bədii əsərdir. Fəlsəfə
çoxdan boş yerə elm yolu ilə axtarılırdı,
halbuki onu incəsənət yolunda axtarmaq lazım idi".
Şopenhauer
"kafi qanunu"nun təhlilində öz-özünə
aydın olan həqiqətlərin təbiətini və
sayını müəyyən etməyə
çalışır. O, qeyd edir ki, "bütün təsəvvürlərimiz
subyektin obyektləridir və bütün subyektiv obyektlərimiz
bizim təsəvvürlərimizdir". Bunun nəticəsində,
bütün təsəvvürlərimiz bir-biri ilə
qanunauyğun əlaqədədir, bu əlaqə forması ilə
apriori müəyyən edilə bilər. Beləliklə, təcrid
olunmuş və müstəqil bir şey bizim obyektimiz ola bilməz.
...Şopenhauer
hələ uşaqlıqdan səfər etmək imkanı sayəsində
estetik zövqünü inkişaf etdirə bilmiş və
gözəllik duyğusu onda, xüsusilə, klassik dünya ilə
tanışlıq zamanı güclənmişdir. O, estetik
zövqü həyatın çətinliklərində
böyük bir təsəlli kimi tapmışdır: bu, həyat
səhrasında bir vahədir. İncəsənətin mahiyyəti
əbədi mükəmməl olan Arxetiplər - ideyalar və
dünya iradəsinin hər hansı iradə tərkibindən
azad müşahidə zövqündə dayanır.
Şopenhauer
öz estetik baxışlarında əsasən incəsənətin
metafizik məzmununu vurğulayır, gözəlliyin formal
şərtləri və tarixi inkişafı üzərində
daha az dayanır.
Şopenhauer
iddia edirdi ki, incəsənət həqiqəti ifadə etməyin
ən yüksək formasıdır və özünü əzabdan
azad etməyə kömək edəcək bir üsul, bir vasitə
kimi çıxış edə bilər.
Şopenhauer
incəsənətin bir növü kimi musiqiyə
böyük önəm verirdi. O, hesab edirdi ki, musiqi iradənin
obyektivləşməsinin hər hansı bir mərhələsinin
ifadəsi deyil, "iradənin özünün təsviri"
və onun dərin mahiyyətinin ən bütöv mistik ifadəsidir.
Buna görə də musiqini mətnlə bağlamaq, onu
xüsusi hisslərin ifadəsi üçün alət etmək
(məsələn, operada) əslində onun əhəmiyyətini
daraltmaq deməkdir. Musiqinin əsasını intonasiya təşkil
etdiyi üçün o, qismən də olsa, bizim
şüuraltımızda iz buraxaraq sözlə əlaqəli
emosional məzmunlu intonasiyalara müraciət edir, eyni zamanda
abstrakt və subyektivdən kənarda qalır. Şopenhauer
musiqi toxumasının funksiyaları ilə iradənin obyektivləşdirilməsinin
təcəssümü arasındakı əlaqəyə
xüsusi diqqət yetirir. Bas (musiqidə aşağı səs
tembri) sanki planetar bir kütlə, melodiyanın səsləri
isə insan ruhunun incə təkanlarının təcəssümüdür.
Bununla yanaşı, Şopenhauer estetik göstərişlər
də verərək qeyd edir ki, basa sürətli arpeggio
(arpedjo -akkordların simdə ifa tərzi) və tril (trel -
notların əvəzlənməsi) tətbiq etmək olmaz.
Çünki temperasiyadan (temperasiya - musiqidə korreksiya,
"dəyişmə") uzaqlaşmaq eybəcər
monstrların yaranmasına gətirib çıxarır.
İncəsənətdə
faciənin rolunu yüksək qiymətləndirən
Şopenhauer, komik olanı da nəzərdən
qaçırmır. Maraqlısı budur ki, filosof həm də
gülüşün xüsusi nəzəriyyəsini təklif
edir...
Şopenhauerə
görə, xoşbəxtlik - mənfi bir
ölçüdür. O, hesab edir ki, hər bir zövq
yolumuzda duran müxtəlif maneələrin aradan
qaldırılmasına xidmət edir, müvəqqəti bir
şeydir və buna görə də uzun sürmür. Bunun nəticəsində
insan ümidsizliyə qapılmamalıdır. O, sadəcə
olaraq həyatın zövqləri və sevincləri ilə
yaşamalı deyil, yolda qarşılaşacağı
saysız-hesabsız çətinliklərdən
qaçmağa diqqət yetirməlidir.
Məşhur
filosof qadınlara nifrət edir və onlardan çəkinirdi.
Əslində, gəncliyində qadınları sevib, sonralar
nifrət edib. Uzun ömrünü subay yaşayıb. Onun məşhur
bir məsəli var: "Qadınlarsız yaşaya bilməyən
kişi yalnız ginekoloq ola bilər"... Düzdür, o,
ilk gəncliyində özündən on bir yaş
böyük olan opera müğənnisi Karolin Yagemann (Jaqemann)
adlı xanıma vurulmuş, onunla evlənmək istəmiş,
lakin arzusu gözündə qalmışdır. Qadın onu qətiyyən
saya salmamışdır. Amma... maraqlı bir detalı da qeyd
etmək lazımdır. Belə ki, Artur Şopenhauer
ömrünün sonunda öz varidatının mühüm
bir qismini bir zamanlar sevdiyi Karolinaya vəsiyyət etmişdir.
Artıq bu vaxt qadının üç övladı və əri
vardı. Bu cür hərəkəti yalnız Şopenhauer
kimi zəka və ürək sahibləri edə bilərdi.
Artur
Şopenhauer sevginin bir illüziya olduğunu hesab edirdi. Ona
görə insan, arzularının yerinə yetməməsindən
əziyyət çəkir, arzular yerinə yetirildiyi təqdirdə
isə toxluqdan əzab çəkir.
Lakin
bütün bunlara baxmayaraq Şopenhauerin qadınlar və
sevgi haqqında maraqlı və mübahisəli mülahizələri
vardır.
Artur
Şopenhauerin mühüm, başlıca fikirləri
"Dünya iradə və təsəvvür kimi" əsərində
əks olunub. Kitabın elə adından da görünür
ki, o, nəyi təqdir və təsvir etməyə cəhd
göstərib...
Şopenhauerə
görə, dünya iradəsi bütün təzahürlərində
eyni mahiyyətə malikdir. Reallıq dünyasındakı
bütün obyektlər iradənin obyektivləşməsi nəticəsidir.
Lakin müxtəlif obyektlər və varlıq sahələrində
bu obyektivləşmə səviyyəsi fərqlidir.
Bəs həyatın
mənası nədir? Bizə məlum olan həyat,
Şopenhauerin ifadəsi ilə desək, bir növ,
"hansısa axmaq tərəfindən danışılan
Maqbet hekayəsi"nə bənzəyir. Şopenhauerin
cavabı isə sadəcə olaraq "həyat iradəsidir".
Yəni, həyatın mənası iradədir.
Şopenhauer
"iradə" sözünü "arzu",
"meyil", "istək", "səy" və
"çağırış" kimi ifadələrlə də
təsvir olunacaq bir anlayış üçün istifadə
etmişdir. Şopenhauerin fəlsəfəsinə görə,
təbiət və insan da daxil olmaqla, hər şey doymayan
"həyat iradəsi"nin təzahürüdür.
Elə bu
fikirlərdən çıxış edərək, göstərə
bilərik ki, Şopenhauer həyat və ölüm
haqqında orijinal fəlsəfi mühakimələr
yürütmüşdür. O, ölümün böyük
bir bəla olmağını vurğulamaqla kifayətlənmir.
İnsan şüurunun bir an içində yox olması onu
sanki daha çox mütəəssir edir.
Aydındır
ki, yoxluğu hiss olunmayan bir şeyi itirmək faciə olsa da,
orada olmamağımız bizi narahat etməməlidir, axı
biz əvvəldən orada olmamışıq. Mənliyimizin
qeyri-koqnitiv tərəfi ölümdən qorxur: bütün
canlılara nüfuz edən ölümdən qaçmaq,
yalnız kor iradədən irəli gəlir.
Bizi
ölümlə bağlı qorxudan şey həyatın sonu
deyil, - daha çox bədənin məhv olmasıdır.
İçimizdə
ölənə qədər pozulmayan bir şey var. Doğum
bizim varlığımızın başlanğıcı
deyil. Ölümdən sarsılmayan varlıq əslində fərd
deyil...
Şopenhauerin
"Polemika sənəti" əsərində səhvlər
ironiya ilə qeyri-səmimi mübahisəçilərə məsləhət
kimi təqdim olunur. O, bu münasibətə yazırdı ki, əgər
opponentiniz haqlıdır, lakin o, yanlış dəlil
seçibsə, siz asanlıqla onu təkzib edə və
bununla da onun səhv olduğunu iddia edə bilərsiniz.
Dünya
mədəniyyət tarixində Şopenhauer, daha çox,
"qanadlı ifadələr" müəllifi kimi
tanınır.
Şopenhauerin
bir çox ibrətamiz fikirləri zaman-zaman dillər əzbəri
olmuşdur. Məsələn o, yazırdı: "Hər bir
insan tam mənada yalnız tək olduğu zaman özü ola
bilər". O, hesab edirdi ki, varoluşumuzun ən xoşbəxt
olduğu an, onu ən az hiss etdiyimiz andır. Bu səbəbdən
də var olmaq yox, var olmamaq daha yaxşı hesab edilə bilərdi.
Filosof
daxili hisslərini özünəməxsus şəkildə
belə ifadə edirdi: "Bəzən bizə elə gəlir
ki, uzaq bir yer üçün darıxırıq, halbuki əslində
biz orada, o uzaq məkanda və zamanda keçirdiyimiz vaxt, daha gənc
və sağlam olduğumuz zaman üçün
darıxırıq. Beləcə, zaman bizi məkanın
maskası altında aldadır".
Şopenhauer
yazırdı: "Sərvət duzlu su kimidir, nə qədər
çox içsən, o qədər də susuzluq artır.
Bu, şöhrətə də aiddir". O, belə hesab edirdi
ki, "normal", orta səviyyəli insan həyati həzzi
özündən kənarda axtarmağa məcburdur: o,
mal-mülk, vəzifə, həyat yoldaşı və
uşaqlar, dostlar, cəmiyyət və s. kimi şeylərdə
öz xoşbəxtliyini qurur. Buna görə, bu sadalanan nəsnələri
itirdikdə xoşbəxtliyini də itirir. O cür adamın vəziyyətini
belə ifadə etmək olar: ağırlıq mərkəzi
həmin şəxsin xaricindədir. Bu səbəbdən, onun
arzuları və kaprizləri daim dəyişir, əgər vəsait
imkan verirsə, gah bağ evi, atlar alır, gah şənliklər
və səyahətlər təşkil edir, ümumiyyətlə,
geniş həyat sürür. O, xəstə bir insanın
sağlamlığını kənarda - hansısa dərmanlarda
axtardığı kimi, həzzi də xaricdə axtarır.
Halbuki onun əsl qaynağı onun həyat qüvvəsidir.
Şopenhauerin
bir çox qənaətləri yenə aktualdır. O, sanki
yuxarıda qeyd etdiyimiz fikirlərini davam etdirərək
vurğulayırdı ki, insanın yaşadığı
dünya, ilk növbədə, həmin insanın onu necə
başa düşməsindən, yəni onun beyninin
xüsusiyyətlərindən asılıdır: buna uyğun
olaraq, dünya, ya kasıb, darıxdırıcı və adi
görünür, ya da əksinə, zəngin, maraqlı və
əzəmətli olur.
Orta səviyyəli
insan vaxtını necə öldürəcəyini
düşünür, istedadlı insan isə ondan necə
istifadə edəcəyini düşünür...
Ağıllı insan təkbaşına öz
düşüncələrində və təxəyyülündə
əla əyləncə tapacaq. Amma tamaşalar, səyahətlər
və əyləncələr, nadanı
darıxdırıcılıq cəngindən qurtara bilməz.
Şopenhauer
yazırdı ki, ən ucuz qürur milli qürurdur. Bu, onunla
yoluxmuş şəxsin fərdi keyfiyyətlərdən məhrum
olduğunu göstərir, çünki əks halda o,
özündən başqa milyonlarla insanın da malik olduğu
şeyə müraciət etməzdi. Böyük şəxsi
üstünlüklərə malik olan insan, öz millətinə
diqqətlə baxaraq, ilk növbədə, onun
çatışmazlıqlarını görməlidir. Amma
yoxsul bir insan, qürur duymağa heç bir şeyə sahib
olmayan biri, yeganə mövcud olanı əldə edir, yəni
aid olduğu millətlə fəxr edir; və o, onun (mənsub
olduğu millətin - F.M.) bütün
çatışmazlıqlarını və
axmaqlıqlarını sevərək müdafiə etməyə
hazırdır.
Haşiyə:
Filosofun milli qürur haqqında söylədiyi fikir ondan bir qədər
əvvəl yaşamış ingilis şairi Samuel Consonun və
ondan bir qədər sonra yaşamış dahi rus
yazıçısı Lev Tolstoyun söylədiyi bir fikirlə
necə də səsləşir: "Vətənpərvərlik
- əclafların son sığınacaq yeridir".
Şopenhauer
Şərqə daim maraq göstərirdi. Peyğəmbərlərdən
Buddanı sevirdi. İslamda kişinin dörd arvad
almasını nəzəri cəhətdən təqdir edirdi.
Amma bu məsələyə öz iradını da bildirərək
deyirdi ki, dörd arvad almaq yaxşı iş olsa da, eyni vaxtda
dörd qayınanaya malik olmaq çox təhlükəlidir.
Haşiyə:
Vaxtilə mən aspirant, dissertant və tələbələrə
dərs deyərkən Şopenhauer mövcud tədris
planlarına daxil edilmirdi. Çünki o, alman filosofu olsa da,
"Klassik alman fəlsəfəsi"ndən uzaq hesab
olunurdu. O, "qeyri-klassik" filosof kimi dəyərləndirilirdi.
Doğrusunu deyim ki, bütün bunlara baxmayaraq, bir çox
baxışlarını bölüşmədiyim
Şopenhauerın həyat və fəaliyyəti haqqında
auditoriyada məlumat verməyi özümə borc bilirdim.
Axı onsuz alman və eləcə də dünya fəlsəfəsi
bir qədər natamam görünərdi. Əvvəllər
Azərbaycan dilində filosofun heç bir əsəri nəşr
olunmamışdı. Dünyanın bir çox dillərində
dəfələrlə çap olunmuş məşhur
"Dünya iradə və təsəvvür kimi" əsəri
Azərbaycan dilinə Adil Əsədov tərəfindən tərcümə
olunmuşdur.
Artur
Şopenhauer bütün ziddiyyətlərinə baxmayaraq fəlsəfə
tarixində öz yeri olan mütəfəkkirdir. O, ilk dəfə
olaraq iradənin mahiyyətini və metafizik təhlilini verib,
insan motivasiyası haqqında mülahizə yürüdüb
(və bu termini ilk dəfə o işlədib), fəlsəfəyə
yeni, bədii-aforistik bir stil gətirib. Və heç də təsadüfi
deyildir ki, dünyanın bir çox sənət və
düşüncə adamları (Fridrix Nitsşe, Rixard Vaqner,
Albert Eynşteyn, Lev Tolstoy, Xorxe Luis Borxes və
başqaları) onun yaradıcılığından təsirləndiklərini
etiraf ediblər.
Müasirləri
sağlığında onu ciddi adam və filosof
saymırdılar. Onu yalnız öləndən sonra dahi kimi qəbul
etməyə başladılar.
Sözün
qısası, Şopenhauer belə Şopenhauer olub.
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, №15.- S.28-29.