Pantomimçilərin him-cimə
uduzan sözlü "Müfəttiş"i
Nikolay Vasilyeviç Qoqol sevimli ədiblərimdən biridir.
Dövlət Pantomim Teatrımız iyirmi beş ildir ki, yaradıcılıq yolunu
sevə-sevə izlədiyim
mədəniyyət ocaqlarındandır.
Qoqol ədəbi varlığını, mistik-sarkastik-yumoristik
təxəyyülünü bu teatra həmişə
çox uyğun bilmişəm və Pantomim teatrının afişasında Qoqolun və onun əsərlərindən
birinin adını görəcəyimi gözləmişəm.
Bu səbəbdən 2022-ci ildə pantomimçilərin
Qoqolun "Şinel"ini
"geyindiklərini" biləndə
çox sevinmişdim,
ictimai baxış tamaşasına böyük
sevinclə gəlmişdim...
və... mükəmməl
bir səhnə əsəri, bitkin bir tamaşa yozumu, düşünülüb
tamamlanmış bir teatr quruluşu ilə rastlaşmışdım
- hələ ictimai baxışda qeyd etmişdim ki, Azərbaycan
Dövlət Pantomim Teatrının "Şinel"
tamaşası teatrın
"qızıl" fondunu
zənginləşdirən daha bir sənət
hadisəsi, ən mötəbər beynəlxalq
teatr festivallarında
milli teatr sənətimizi
layiqincə təmsil etmək iqtidarına malik çox az sayda
olan quruluşlardandır
- Qoqolun "Şinel"i
rejissor interpretasiyası
və aktyor oyunu cəhətdən bizim pantomimçilərin
lap əyninə biçilibmiş.
Bu günlərdə isə pantomimçilərdən "Müfəttiş"in
premyerasına dəvət
gəldi. "Şinel"dən
sonra Ceyhun Dadaşovun Qoqolun daha bir məşhur
əsərinə müraciət
etdiyini biləndə,
növbəti Qoqol-Azərbaycan
pantomimçisi tandeminin
təntənəsinə düşəcəyimi
yəqin etdim. Amma ...təəssüf ki, bu dəfə bu baş vermədi - Ceyhun Dadaşov Qoqolun "Müfəttiş"ini
attraksion tərzində
qoyub. Afişada da belə qeyd edilib. Və bu attraksion orijinal
əsərə minimum pantomimli,
maksimum sözlü-musiqili
bir variasiyadır. Tamaşanın sonuna yaxın təəssüratım
məhz bu səciyyəyə meyilləndi:
"Müfəttiş" komediyasına variasiya.
Ceyhun Dadaşov aktyorların üzlərinin ifadələrinin
hamısını tapıb
təqdim ediləcək
personajın xarakterinə
uyğunlaşdırmağı, bədənləri ilə
"danışmaq"larına nail olub, obrazlarına ruh verməyin öhdəsindən gəlmələrini
reallaşdırmağı bacaran rejissordur. Bir pantomimçi üçün
isə bu şərh ən yüksək "pillə"dir.
Belə bir "pillə"də inamla dayanmağı bacardığın
halda, sözlü tamaşa qurmağı anlamaq olmur. "Müfəttiş" sözsüz,
ya da heç olmasa, minimum sözlü tamaşa olaraq qoyulsaydı, bu əsərin yeni səhnə
həyatının parlaq
bir səhifəsi yazıla bilərdi və bunu təsəvvür
etmək elə də çətin deyil. Həm də Qoqol elə
qələm və idrak sahiblərindəndir
ki, yazıb-qoyub getdiyi
ədəbi irsi səhnə və ekran sənətinin bütün şəkillərində
məna və məzmun yükünün
tam dolğunluğu ilə
canlandırmaq mümkündür.
Bir daha vurğulayım
ki, sırf pantomim tamaşası üçün
məhz Qoqol yaradıcılığı əvəzsiz
mənbələrdən biridir.
Haşiyə çıxıb pantomim
teatrına aid daha bir qeydi etməkdən
vaz keçə bilmirəm ki, "filan şair və ya yazıçının
söz irsi elə gözəldir ki,
biz onun əsərini,
yaxud onun obrazını sözsüz
tamaşaya çevirməyə
ürək eləmədik"
kimi arqumentləri düzgün yanaşma hesab etmək olmur. Əziz və hörmətli pantomimçilər, ürək
edin, rica edirik ki, ürək edin və ən
əsrarəngiz söz
sahibi olan ədibləri və ya onların personajlarını sözsüz
"dilləndirin", bundan
onların ruhu ikiqat şad olar.
Qoqolun özü "Müfəttiş"i
barədə deyirdi:
""Müfəttiş" mənim o zaman Rusiyada gördüyüm, bildiyim
bütün naqislikləri,
insandan daha çox ədalət, insaf tələb olunduğu yerlərdə baş alıb gedən bütün haqsızlıqları küll
halına salıb onlara birdəfəlik gülmək qərarımdı..."
Və komediyasının
epiqrafı kimi "Na
zerkalo neça penətğ, koli roja kriva" ("Surətin idbardırsa, aynadan inciməyin yeri yoxdur") Ukrayna atalar sözünü seçib.
Bəli, Ceyhun Dadaşovun quruluşunda bütün dövrlərdə,
bütün məmləkətlərdə
bu və ya digər dərəcə
və şəkildə
mövcud olmuş, mövcud olan və təəssüf
ki, yəqin bundan sonra da mövcud olacaq idbar surətləri
- xalqı, milləti üzüqara edən nakəsləri aydın göstərən aynaya, güzgüyə baxdıq,
bələdiyyə rəisi
Anton Antonoviç Skvoznik-Dmuxanovskinin:
"Müfəttiş kilsənin
binasını xəbər
alsa, deyin ki, tikildi, yandı, raportda da belə yazmışdım", "Hünəri
var, kimsə şəhərdəki
güzərandan narazı
olduğunu desin!..",
xeyriyyə müəssisələri
rəisi Artemi Filippoviç
Zemlyanikanın: "Mən
baş həkim olan xəstəxananın bütün xəstələri
milçək kimi
("qırılırlar" deyəcəkdi) sağalıb,
uçub gedirlər",
məktəblər müdiri
Luka Lukiç Xlopovun:
"Mən elə bir mühitdə böyüyüb tərbiyə
almışam ki, rütbəcə
özümdən bircə
qarış böyük
şəxslə danışanda
qorxudan və həyəcandan ürəyim
ağzıma gəlir"
və sairə replikaların aktuallığının
fərqinə vardıq.
Amma tamaşanın peterburqlu
qumarbaz, boşboğaz
məmur İvan Aleksandroviç
Xlestakovun Oleq Qazmanovun cildinə girib "Tı morəçka, ə morək,
tı rıbaçka,
ə rıbak" mahnısının
ifasını yamsılama-improvizə
etməsi ilə başlamasının hansı
ehtiyacdan doğub, nəyə xidmət etdiyini anlamaq olmadı və üstəlik, tamaşaboyu
ara-sıra Rusiyanın
kiçik şəhərciklərindən
birinin bələdiyyə
rəisinin gözünə
balıq görünməsi
də aydın deyil. Anton Antonoviç Skvoznik-Dmuxanovskinin tamaşa
başlayandan əvvəl
səhnədə qoyulmuş
çarpayıda uzanıb
qalması Qoqolun "Evlənmə" komediyasının
ilk səhnəsini xatırladır.
"Müfəttiş"də isə bələdiyyə
rəisi xeyriyyə müəssisələri rəisini
məktəblər müdirini,
məhkəmə sədrini
və şəhərin
digər üzdəniraq
idarəedicilərini başına
toplayıb şəhərə
müfəttişin gəldiyini
həyəcan və təşvişlə xəbər
verir. Buna qədər
onun evdə öz çarpayısında
rahatca uzanıb qalması ilə tamaşaçıya bələdiyyə
rəisinin vəzifə
borclarına etinasızlığına
ismarış edilirsə,
bunun başqa bir formasını da tapmaq olardı.
Qeyd edilən iradları bir kənara qoysaq, Pantomim Teatrının "Müfəttiş"inin
bütün personajlarının
xarakterləri və kostyumları Qoqolun komediyasının remarkasında
aktyorlara tövsiyə
olaraq müfəssəl
yazdığı səciyyədədir.
Nurlan Rüstəmovun
Anton Antonoviçi, Əli
Əlizadənin Xlestakovu,
Bəhruz Vaqifoğlunun
Ammos Fyodoroviçi, Elmin
Qiyaslının Artemi Fyodoroviçi
(bu obrazın canlandırılması xüsusi
parlaqlığı, əvvəldən
sonadək sırf Qoqolsayağı olması
ilə yadda qaldı),
Elxan Şahalıyevin
Luka Lukiçi, Solmaz Bədəlovanın Anna Andreyevnası,
Səbirə Həsənovanın
Mariya Antonovnası, Cavad Nuriyevin Bobçinskisi, Elnur İsmayılovun Dobçinskisi
(Elnur İsmayılov pantomimçilərin ikinci
nəsil "qvardiya"sının
layiqli, istedadlı, bacarıqlı nümayəndələrindəndir
və bu aktyorun potensialının daha geniş miqyasda açılması
teatralların, həmçinin
teatr mütəxəssislərinin
gözlədiyi hadisələr
sırasındadır), Oqtay
Kazımovun Osipi (hərçənd pyesdəki
Osip pantomimçilərin
Osipinin atası, bəlkə də babası yaşındadı),
Rafael Şahbəylinin ifasındakı
traktir sahibi və poçt müdiri Qoqolun, belə demək mümkünsə, təlimatlarını,
rejissorun (Ceyhun Dadaşov tamaşanın həm də plastik həllinin və rəqslərinin quruluşunu verib) tapşırıqlarını və
özlərinin yanaşmalarını
məsuliyyətlə səhnələdilər.
Rəssam Xəyyam Səmədovun və butafor üzrə rəssam Sənubər Səmədovanın işləri
də qənaətbəxşdir.
Amma bir daha qeyd edim ki, tamaşanın
pantomim janrında qurulmaması səbəbindən
"Müfəttiş" xeyli uduzdu (bu
yerdə yadıma Xlestakovun tamaşa boyunca bir neçə
dəfə təkrar etdiyi "...pullarımın
hamısını qumarda
uduzmuşam..." cümləsi
düşdü). Lətifəsi
mətləbimizdən uzaq...
Mətləbimiz isə
o idi ki, sözlü
"Müfəttiş" him-cimli ola biləcək
"Müfəttiş"ə uduzdu.
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, №15.- S.30.