Etiraz hönkürtüsü
“Yaddaş eskizləri” silsiləsindən
Vüqar Vana
"Yelizarovskaya" metrostansiyasının
ortasında dalaşmağa
hazır vəziyyətdə
üz-üzə dayanmış
iki orta yaşlı kişini görəndə, qatarı
gözləmək yadımdan
çıxdı. Güman
ki, bunlar vaqonda boş şeyin üstündə mübahisə
edibmişlər, - araq
içib açarını
itirən rusların metroda sonu şil-kütlə,
qanla bitən mənasız davalarına
bir neçə dəfə rast gəlmişdim, - axırda
stansiyaya çıxıb
söhbətə son qoymaq
qərarına gəlibmişlər.
Əlləri qoynunda dörd-beş kişi isə həvəslə onlara tamaşa edirdi. Yad adamların dalaşanları ayırmaması
da ruslara xas idi.
Uzun, arıq bədənlinin
alt dodağı partlamış,
mavi köynəyi qana bulaşmışdı,
qara şalvarının
dizdən yuxarı hissəsində yekə təpik izi varıydı. Əllərini
yumruqlayıb müdafiəyə
keçən, əzələli,
ortaboylu kişinin nə şalvarında toz ləkəsi, nə də sifətində zərbə
izi varıydı.
"Hesabda" irəlidəydi
deyə, davanı davam etdirməyə o qədər də həvəsli görünmürdü.
Və heç biri içkiliyə, sərxoşa oxşamırdı.
Dodağı partlamış kişinin
yanında dayanan, hardasa ikinci-üçüncü
sinifdə oxuyan, qızılı saçları
səliqəylə yana
daranmış yumrusifət
oğlan xısın-xısın
ağlayır, sakit səslə aramsız
"Ata, gəl gedək
burdan" deyir, əliylə qızarmış
toppuş yanaqlarına
axan göz yaşlarını silirdi.
Deyəsən, uşaq
onun ağlamağına
reaksiya verməyən
atasının yad adamların
yanında məğlub
olmasıyla, alçalmasıyla
barışammır, ondan
cavab zərbəsi gözləyirdi. Bu nəticəni
atasının qolundan
tutub zorla dava yerindən uzaqlaşdırmağa cəhd
etməməsindən, tərəddüdlə,
ürəksiz "Ata, gəl
gedək burdan" deməsindən çıxarmışdım.
Bəlkə də adamların diqqətini cəlb etməməkçün
hönkürtüylə yox,
özünü məcbur
edib xısın-xısın
ağlayırdı, amma
bu ağlamada yanğı, atasına kömək edə bilməməyin çarəsizliyi
var idi. Məni dəhşətə gətirən
davanın davam etməsinə həvəslə
baxan "tamaşaçılar"ın
uşağa fikir verməməsiydi. Sanki qladiator
döyüşünə baxırdılar.
Sifətlərində abırsız
təbəssüm olan
iki kişi öz aralarında çox güman, "Kim udacaq?" məsələsini
müzakirə edirdilər.
Onlardan biri bəstəboy, dazbaş arada əlindəki "Baltika" pivəsindən
qurtumlaya-qurtumlaya, gözlərini
dalaşanlardan çəkmirdi.
Qatara minib-düşən
qadınlar heç gözlərinin ucuyla da
biz tərəfə baxmırdı.
İş kabinəsində
oturan dispetçerin üzü eskalatorlara tərəf idi deyə, baş verənlərdən xəbərsiziydi,
çönüb görsə,
milis (o dövrün polisi) çağırardı.
Düzü, uşağa
görə azca doluxsunmuşdum. Gücüm
ürəyimdə "tamaşaçı"lara
"Korsuz?! Görmürsüz
uşaq ağlıyır?!
Ayırın da bunları!"
deməyə çatırdı.
Dalaşanları ayırmamağım həm cəsarətsizliyimlə
bağlıydı, həm
də elə bilirdim, azərbaycanlı tələbə kimi mənim Sankt-Peterburqda bir-biriylə dalaşan, üstəlik, məndən
on-on beş yaş böyük iki rusu ayırmağımın
heç yeri yoxdu.
Atası
hələ də düşməninə tərəf
hərəkət edir,
ətrafında dövrə
vurur, tez-tez ağzına yığılan
qanı yerə tüpürərək dodaqaltı
söyüş söyür,
yumruq, təpik atır, o birisi hər dəfə cəld hərəkətlə
geri çəkilir, zərbələri dəf
edirdi. Qisas almaq istəyən növbəti həmləsində
sol əliylə o birinin
qarnına yumruq vurdu. Düşməni əlini qarnına tərəf aparanda, qisasçı tez yumruğuyla onun sağ gözünün altına zərbə ilişdirdi. Ətrafdakılar
xorla "Əhsən!"
qışqırıb əl
çaldı, mən
də havaya yumruq atıb "Yes!"
dedim. Pivə içən dazbaş baş barmağını
yuxarı qaldırıb
"mərci" udubmuş
kimi yanındakına dedi: "Gördün, mən deyən oldu". Zərbə alanın sağ gözünün altı azca qızarmışdı.
Bu vaxt heç gözləmədiyim halda
uşaq hönkürtüylə
ağlamağa başladı.
Mənə elə gəldi, bu, atasının cavab zərbəsinə görə
sevincdən doğan reaksiya yox, davaya,
zorakılığa qarşı
etiraz idi. Hönkürtüdə haray
notları sezilirdi. Atası oğluna qışqırdı: "Saşa,
bu dəyqə ağlamağına son qoy!"
Saşa hıçqırmağa
başladı.
Uşağın ağlamağı "tamaşaçılar"ı ayıltdı, qəfil dalaşanların arasına
girdilər. Aralayanlardan
birinin, cüssəlisinin
dediyi "Daha bəsdi. Dağılışın"
sözləri indiyə
qədər yadımdadır.
Gözünün altı
qızaran, deyəsən,
heç-heçəylə razılaşdı, ya uşağın ağlamağı
ona da təsir etdi, sakitcə eskalatora tərəf addımladı.
İndi,
2025-in aprelində bunları
yaza-yaza fikirləşirəm,
bəlkə, cüssəli
kişi əvvəldən
uşağın halını
görüb gözləyirmiş,
atası cavab zərbəsi vurandan sonra araya girsin.
Atayla balanın ardınca vaqona mindim. Oturdular, mənsə bunlarla üzbəüz ayaqüstə tutacaqdan tutdum. Özümü elə apardım, guya fikrim onlarda
deyil. "Gördün,
onun cavabını necə verdim?" - əl dəsmalını
alt dodağındakı yaraya
sıxmış ata qürurla dedi. Saşa başını tərpədib zorla gülümsədi. "Mən
onu vuranda sən niyə ağladın?" Oğlu
çiyinlərini çəkdi.
"O alçağın gözünün
altı sonra göyərəcək", - atası
özündən razı
halda dedi. Saşa könülsüz
başını tərpətdi.
"İnanmırsan mənə?"
- oğlunun candərdi,
jestlərlə cavab verməsindən əsəbiləşən
ata hikkəylə soruşdu. Saşa bir qədər susub dilləndi: "Sabun, makaron, ketçup". - "Nəə?"
- atası təəccüblə
ona baxdı. "Ana demişdi bunları almaq yadımızdan çıxmasın. Bir də
duz".
İki-üç stansiya keçdik,
mən vaqondan çıxana qədər,
ata-bala başlarını
aşağı salıb
danışmadılar.
1-30 aprel, 2025
Bakı
Alpay AZƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.29.