Yapon
modernist poeziyasından seçmələr
Horiquti DAYQAKU
(1892-1981)
Simvolizm cərəyanının son mərhələsini təmsil
edən ən tanınmış şairlərdən
biridir. Atası
diplomat olduğundan uşaqlıq
və gənclik illəri Avropanın və Amerikanın ən müxtəlif ölkələrində keçib.
Bir sıra dillərə
aşina olduğundan
XIX-XX yüzil Fransa və Belçika şairlərinin əsərlərini
ilk dəfə yapon dilinə
o çevirib, bunlardan
ibarət bir neçə antologiya çap etdirib.
1930-cu illərin ikinci yarısından etibarən
H.Dayqaku poeziyadan uzaqlaşıb.
Könül
Qəlbim
dərdə bələnib,
könlümdən qara daş asılıb,
damağımdansa getmək bilmir
o köhnə dərdin acısı.
Bəs indi neyləyim mən?
Başımı alıb hara gedim?
İstədiyin nədir, desənə,
ey mənim dəli-dolu qəlbim?
Bəs sən niyə, ey könül,
heç
cür təskin olmursan?
Yoxsa, bu eşq, bu
şeirlər
sənə yetərli deyil?!
Bax, indi, mən belə cavan,
bu cür sağlam və zəngin ikən,
bunca istedadlı ikən...
Dünya
necə də gözəldir!
Amma yenə, yenə də,
ah, yenə də, yenə də...
Qəlbim
dərdə bələnib,
könlümdən qara daş asılıb,
damağımdansa getmək bilmir
o köhnə dərdin acısı...
Tərcümə etdi:
Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 2 may, ¹15.- S.32.