Yapon modernist poeziyasından seçmələr

 

Nisivaki DZÜNDZABURO

(1894-1982)

 

Yapon poeziyasında sürrealizmin həm nəzəriyyəçisi, həm başlıca təmsilçisidir. Niiqata prefekturasında anadan olub. Tokiodakı Keyo Universitetində sosiologiya iqtisadiyyat üzrə ali təhsil alıb. Qəzet əməkdaşından tutmuş, ta Xarici İşlər Nazirliyinin məmuru vəzifəsinə qədər bir sıra işlərdə çalışıb.

1922-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb, orada bir ingilis xanımla ailə qurub ilk şeirlər kitabı - "Ambarvalia"nı da ingilis dilində çap etdirib.  

İkinci Dünya müharibəsindən sonrakı yapon poeziyasına danılmaz təsir göstərən N.Dzündzaburo tərcümə sənətiylə ciddi məşğul olub, Avropa Çin şeirinin ən dəyərli nümunələrini ana dilinə qazandırıb.  

 

Poetika

 

Şeirlərin yazılması imkansızdır artıq,

poeziya nəfəsi dəyməyən yerlərdə dolaşır indi,

gerçəkliyin ayrı-ayrı qətrələri şeirə çevrilir daha.

 

Gerçəkliyin mayası - kədərdir,

yəni əgər kədərlənirəmsə, deməli, varam.

Varlığın yeganə təməliymiş... kədər.

 

Kədər - gözəlliyin ilkin şərtidir,

gözəllik isə əbədiyyətin.

 

Tərcümə etdi:

Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2025.- 2 may, ¹15.- S.32.