Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi
Nizami Gəncəvi haqqında müdrik elmi-fəlsəfi görüşləri
"Hələ Sovet İttifaqının varlığı dövründə, mən Azərbaycanın rəhbəri olarkən SSRİ-nin Lüksemburqdakı səfiri səfirliyin ərazisində yaradılan, bütün müttəfiq respublikalardan eksponatlar qoyulacaq qalereya üçün elə bir şey göndərməyi xahiş etdi ki, Azərbaycan tarixi və mədəniyyətini əks etdirsin. O vaxt biz bu qalereya üçün Nizami Gəncəvinin heykəlini təqdim etməyi lazım bildik. Bunun böyük mənası var. Axı Nizami Gəncəvi bütün bəşər sivilizasiyasına məxsusdur. Onun dünya sivilizasiyasına, dünya mədəniyyətinə, dünya ədəbiyyatına verdiyi töhfə hamıya məlumdur. Lakin bununla bərabər o azərbaycanlıdır. Azərbaycan şairidir".
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev
Tarixə işıq tutan bu fikirlərin, düşüncələrin arxasında milli ideallara əsaslanan dəmir siyasi iradə, böyük bir zəhmət, fədakarlıq və qədirşünaslıq dayanır. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində bu mövqedə dayanan tək şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına, tarixi şəxsiyyətlərimizə, ədiblərimizə olan münasibəti, diqqət və qayğısı olduqca strateji əhəmiyyət daşımaqla bütün dövrlər üçün, xüsusilə, sovet dövrü üçün mühüm əhəmiyyət daşıyırdı. Sovetlər Birliyi dövründə milli-mənəvi dəyərlərimizlə yoğrulmuş bu yanaşmanı ancaq yüksək nüfuza sahib azərbaycanlı həyata keçirə bilərdi ki, o da ulu öndər Heydər Əliyev oldu.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində ulu öndər haqqında danışarkən söylədiyi "Ulu öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən, mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır" müdrik fikirləri də illər sonra tarixin ən güclü Azərbaycanının dünyaya səslənişidir.
Ümummilli lider Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyətinə, irsinə olan sonsuz məhəbbəti də məhz bu məfkurə üzərinə köklənmişdir. Sovet imperiyasının milli ideoloji mətləbləri olduqca həssaslıqla idarə etdiyi, hətta boğduğu bir dövrdə Nizami Gəncəvinin yuvarlaq olmayan yubileyinin keçirilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri oldu. Bu barədə akademik İsa Həbibbəyli yazır: "Sovetlər İttifaqında görkəmli Dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Nizami Gəncəvinin 840 illik yubileyi yuvarlaq olmayan rəqəmlərlə ifadə olunan birinci və axırıncı rəsmi yubiley tədbiri olmuşdur. O zaman Sovetlər İttifaqı miqyasında və onun hüdudlarından kənarda da görkəmli dövlət xadimi kimi qəbul olunan Heydər Əliyev özünün xüsusi nüfuzundan və dəmir məntiqindən istifadə edərək, Nizami Gəncəvinin 840 illik yubileyini keçirməyə nail ola bilmişdir. Sonralar məlum olmuşdur ki, Heydər Əliyev sovet dövlətinin yubiley keçirmək ənənəsini qıran bu addımın qarşısını almaq istəyən yuxarı rəsmi təbəqələrin yaratdıqları baryerləri də ağıllı yanaşmalar ilə aşıb keçmişdir".
Ümummilli lider Heydər Əliyevin Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği və bu sahədə Nizamişünas alimlərin yetişdirilməsi məqsədilə 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də "Nizami məqbərəsinin qorunması", 1979-cu il yanvarın 1-də "Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq" tədbirləri haqqında, 1981-ci il iyulun 28-də isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarlarının qəbul edilməsi Azərbaycan Nizamişünaslığının intibahını əsaslandırmaqla bu istiqamətdə yeni çağırışları meydana gətirdi.
"Ümummilli lider Heydər Əliyev Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin 840 illik yubileyi ərəfəsində söylədiyi "Nizami Gəncəvi elə bir sənətkar, elə bir dahidir ki, onun yubileyini hər il keçirmək lazımdır" kimi müdrik kəlamları, fikirləri illər keçdikcə qədirbilən xalqımızın qəlbində, dilində el sözünə, aforizmə çevrildiyi kimi, bu sahənin tədqiqatçılarına da yeni elmi baxışlar, üfüqlər müəyyənləşdirmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dönəmində dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı səsləndirdiyi elmi-fəlsəfi, müdrik fikirləri ardıcıllıqla təqdim edirik.
"Məşhur filosof Ə.Bəhmənyar və mütəfəkkir şair Nizami bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir".
Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) 50 illiyində. 2 noyabr1969-cu il.
"Azərbaycan xalqı öz böyük
övladlarının - Nizaminin, Xəqaninin, Füzulinin və
başqalarının adlarını iftixarla çəkir".
İmadəddin Nəsiminin 600 illik
yubileyi münasibətilə Azərbaycan SSR Nazirlər
Sovetinin təşkil etdiyi tədbirdəki nitqindən. 14
sentyabr 1973-cü il.
"Tarixin bir-birinə qovuşdurduğu əsrlər
bir çox xalqların oğul və qızlarını
qızğın məhəbbətlə tərənnüm edən
Nizami dünyasının ölməz əsərlərini bizə
gətirib çatdırmışdır".
Azərbaycanda Sovet ədəbiyyatı
günlərinin açılış mərasimində.
2 oktyabr 1975-ci il.
"Azərbaycan mədəniyyətinin
çoxəsrlik tarixi
"Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrlə,
Nizaminin nəhəng yaradıcılığı ilə Xəqaninin,
Füzulinin və Vaqifin, söz sənəti
bahadırlarının dahiyanə əsərləri ilə,
aşıq poeziyasının həmişə canlı
nümunələri ilə zəngindir".
Azərbaycan yazıçılarının VI qurultayı. 26 may 1976-cı il.
"Azərbaycanın zəngin
tarixi vardır. Biz
Nizami, Nəsimi, Xaqani, Vaqif kimi təfəkkür nəhənglərinin,
ədəbiyyat korifeylərinin adlarını iftixarla çəkirik.
Onlar bəşər mədəniyyətinin inkişafina
çox böyük töhfə vermişlər".
VIII Ümumittifaq Televiziya filmləri festivalı
iştirakçılarını qəbul edərkən. 20
noyabr 1979-cu il.
"Dahi şairimiz Nizami Gəncəvinin ədəbi
irsinin öyrənilməsini və təbliğini
yaxşılaşdırmaq haqqında Azərbaycan KP MK qərarının
yerinə yetirilməsində siz çox xeyirli təşəbbüs
göstərmisiniz. Bu, Nizami
yaradıcılığının, xüsusilə, şairin
fəlsəfi fikirlərinin xalq arasında səmərəli
təbliği üçün çox faydalıdır... Zənnimcə,
belə teatr heç yerdə yoxdur. Nizaminin poetik irsini xalqa
çatdırmağın yaxşı forması
tapılmışdır".
Nizami poeziya teatrında olarkən.14
iyul 1980-ci il.
"Azərbaycan xalqının
XII əsrdə intibah dövrünü
keçirən ədəbiyyatı Xaqaninin və Nizaminin
timsalında, sonrakı əsrlərdə Nəsiminin,
Füzulinin, Vaqifin, M.F.Axundovun, Sabirin
timsalında dünya şöhrəti qazanmış,
Yaxın Şərq və Qərb ölkələrində ədəbi
prosesin estetik fikrinin inkişafina nəcib təsir göstərmiş,
məsələn, Avropa ədəbiyyatını yeni ideyalar,
mövzular və süjetlərlə zənginləşdirmişdir".
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
840 illik yubileyi ərəfəsində yazıçıların
Ümumittifaq yaradıcılıq konfransında iştirak edərkən.
28 oktyabr 1980-ci il.
"Azərbaycan adları dünya ədəbiyyatı
xəzinəsinə daxil olan Nizami, Xaqani, Tusi, Füzuli... bir
çox başqa yazıçıların, şairlərin, bəstəkarların,
alimlərin vətənidir. Gənclərimiz də bu korifeylərin
yaradıcılığına, Azərbaycan xalqının
çoxəsrlik tarixi ərzində yaradılan bütün mənəvi
sərvətlərə yaxşı bələd
olmalıdırlar".
Respublika Komsomolunun XXXI qurultayında
çıxış edərkən. 3 aprel 1982-ci il.
"Elə Nizaminin əsərlərini götürək.
Axı həmin əsərlər coşqun ehtirasların və
hisslərin bütöv bir dünyasıdır, müdriklik xəzinəsidir.
Onun ölməz poeziyasının süjetləri əsasında
neçə-neçə rəngarəng tablolar yaratmaq
olar".
Azərbaycan KP MK-da rəssamlarla
görüşündəki nitqindən. 13 oktyabr 1982-ci il.
"O
zaman tarixçilər bir
şəxsin fəlsəfi görüşlərini
araşdırarkən, bir əsər yazarkən
çalışırdılar ki, bunu marksizm, leninizm
ideologiyasına uyğunlaşdırsınlar.
Çalışırdılar elə bir sənəd
tapsınlar ki, guya Nizami Gəncəvi də
marksist-leninçi olmaq istəyirmiş. Axı bu belə
deyildir. Düzdür, məsələn, əgər axtarıb
tapsaydılar, layiqincə göstərə bilsəydilər
ki, dünyanın böyük filosofu Höte özünün
bəzi fəlsəfi müddəalarını Nizami Gəncəvinin
fikirləri əsasında izah - etmişdir, bu isə tarixi həqiqətdir
- əgər bunu sübut etsəydilər, əlbəttə
ki, obyektivlik olardı".
Elmlər
Akademiyasında ziyalılarla
görüşərkən söylədiyi
nitqdən. 21 sentyabr 1993-cü il.
"Eyni zamanda milli məhdudluq çərçivəsində
yaşamaq olmaz. Azərbaycanın həmin o dahi şəxsiyyətləri
də bu zirvəyə qalxmaq üçün bəşəri
dəyərlərdən istifadə etmişlər. Əgər
belə olmasaydı, Nizami Gəncəvi "İsgəndərnamə"
kimi böyuk bir poema yazmazdı. Bu poema Homerin
"İliada" poemasından heç də geri qalmır.
"İsgəndərnamə" bir tərəfdən,
tarixi əsərdirsə, digər tərəfdən, dərin
fəlsəfi fikirlərlə zəngindir".
Elmlər
Akademiyasında ziyalılarla
görüşərkən söylədiyi
nitqdən. 21 sentyabr 1993-cü il.
"Nizami fəlsəfəsinin
mərkəzində varlığın
ən böyük sərvəti, mənəvi zənginlik və
müdrikliyin tükənməz mənbəyi olan insan
dayanır... Nizaminin ürəkləri vəcdə gətirən
təkrarlanmaz lirikası və qəhrəmanlıq eposunda
onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfi
konsepsiyası öz əksini tapmışdır".
Elmlər
Akademiyasında ziyalılarla
görüşərkən söylədiyi
nitqdən. 21 sentyabr 1993-cü il.
"Nizami də, Füzuli də, Mirzə Fətəli
Axundov da, Vaqif də, Yunus İmrə də... digər mədəniyyət
xadimləri də bizim zəngin mədəni sərvətlərimizdir.
Xalqımız bu sərvətlərlə fəxr edir və fəxr
etməyə də haqqı var".
Bilkənd Universiteti idarə
Heyətinin sədri İhsan
Doğramacı ilə görüşərkən söylədiyi
nitqdən. 9 fevral 1994-cü il.
"Hələ Sovet İttifaqının varlığı
dövründə, mən Azərbaycanın rəhbəri
olarkən SSRİ-nin Lüksemburqdakı səfiri səfirliyin
ərazisində yaradılan, bütun müttəfiq
respublikalardan eksponatlar qoyulacaq qalereya üçün elə
bir şey göndərməyi xahiş etdi ki, Azərbaycan tarixi
və mədəniyyətini əks etdirsin. O vaxt biz bu qalereya
üçün Nizami Gəncəvinin heykəlini təqdim
etməyi lazım bildik. Bunun böyük mənası var.
Axı Nizami Gəncəvi bütün bəşər
sivilizasiyasına məxsusdur. Onun dünya sivilizasiyasına,
dünya mədəniyyətinə, dünya ədəbiyyatına
verdiyi töhfə hamıya məlumdur. Lakin bununla bərabər
o azərbaycanlıdır. Azərbaycan şairidir".
Nizami Gəncəvinin abidəsi
önündəki çıxış
nitqindən. Lüksemburq. 22
aprel 1996-cı il.
"Bu gün böyuk iftixar hissi ilə demək istəyirəm ki, Azərbaycan
xalqının dahi şairi Nizami Gəncəvi ilk dəfə
qədim Şərqin məşhur əfsanəsi əsasında
özünün ölməz "Leyli və Məcnun"
poemasını yaratmışdır".
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyində
söylədiyi nitqindən. 8 noyabr 1996-cı il.
"...Türk dünyasına mənsub olan dahi şairlərimiz,
yazıçılarımız - Nizami, Yunus İmrə,
Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və
digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini
əks etdirən, xalqlarımızı dünyada tanıdan
ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə
xalqlarımızı özünəməxsus milli-mənəvi
dəyərlər, o cümlədən, ümumbəşəri
dəyərlər əsasında tərbiyə etmiş,
hazırlamış, vətənpərvərlik, Vətənə
sədaqət hisslərini daim gücləndirmişdir".
Türk
dünyası yazıçılarının
III qurultayındakı çıxışından. 6 noyabr
1996-cı il.
"Əgər 1947-ci ildə bu yubiley keçirilməsəydi, Nizaminin əsərləri
o vaxt Azərbaycan dilinə tərcümə olunmasaydı,
Nizaminin adı əbədiləşdirilməsəydi və
1947-ci ildən sonra Nizaminin adı dünyaya geniş
yayılmasaydı, Azərbaycan tarix, mədəniyyət və
elm cəhətdən bu qədər zəngin
olacaqdımı? Yox!"
"Kitabi-Dədə Qorqud dastanı"nın 1300 illik yubileyi zamanı
yaradılan Dövlət Komissiyasının iclasındakı
nitqindən. 8 aprel 1998-ci il.
"Azərbaycanın qədim
şəhəri Gəncədə
olmağımdan və bu gün sizinlə - gəncəlilərlə
görüşməyimdən çox şadam və həddən
ziyadə sevinirəm. Gəncə Azərbaycanın, Azərbaycan
xalqının qədim, zəngin tarixini özundə əks
etdirən bir diyardır, gözəl şəhərdir. Biz
hamımız harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin
tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin
Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə
minnətdarlığımızı bildiririk... Azərbaycana,
Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi
bir şəxsiyyət bağışladığına
görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər
əbədi minnətdarlığa layiqdirlər.
Mən Gəncəni hələ uşaq ikən sevmişəm. Düzdür, mən
Gəncədə doğulmamışam, ancaq uşaqlıq illərimin
bir dövrünü Gəncədə keçirmişəm...
Mən bir il Gəncədə, Şah Abbas Məscidinin həyətində
olan məktəbdə oxumuşam. O vaxt mənim on bir
yaşım var idi, beşinci sinfi burada bitirmişəm".
Gəncə şəhərində Prezident seçkiləri
öncəsi seçicilərlə görüşərkən
söylədiyi nitqdən. 7 oktyabr 1998-ci il.
"Azərbaycanın islam mədəniyyəti, islam
dini ilə bağlı olan dahi insanları - Nizami, Füzuli, Nəsimi,
Tusi, Qətran Təbrizi və bir çox digər böyuk
şəxsiyyətləri dünya sivilizasiyasına
böyük töhfələr vermiş və islam mədəniyyətini
zənginləşdirmişlər. Biz onlarla fəxr
edirik".
"İslam
sivilizasiyası Qafqazda"
Beynəlxalq Simpoziumundakı nitqindən.
9 dekabr 1998-ci il.
"...Mən Nizami Gəncəvinin əsərlərinin
rus dilinə tərcüməsinin hansı səviyyədə
olduğunu deyə bilmərəm... Amma Azərbaycan dilinə
tərcümədə də qüsurlar çoxdur. "Leyli
və Məcnun", "Xosrov və Şirin" əsərlərinin
tərcüməsi nisbətən yaxşıdır. Amma biz
Cavad Heyətlə birlikdə oturmuşuq, onları
tutuşdurmuşuq, Nizami Gəncəvinin əsərlərinin
Azərbaycan dilinə belə tərcüməsi kafi deyildir.
Nizami kimi dahinin əsərlərinin öz ana dilinə tərcüməsinin
kafi səviyyədə olmaması böyük
qüsurdur".
"Kitabi-Dədə Qorqud dastanı"nın 1300 illik yubileyi zamanı
yaradılan Dövlət Komissiyasının yekun
iclasındakı nitqindən. 14 aprel 2000-ci il.
"Onun yazdığı əsərlər bütün
dünyada məşhurdur, təsəvvür edin, 850 il bundan
öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə
şeirdən ibarət deyildir, onların hər birində
böyük elm var, böyük fəlsəfə, dahi fikirlər
var. Buna görə də onun əsərləri də
yaşayır, özu də yaşayır".
Gəncə. Nizami Gəncəvi Məqbərəsi. 24 may 2000-ci il.
"Nizaminin
xatirəsinə mənim bir xidmətim də olubdur. İndi
burada fürsətdən istifadə edib onu da demək istəyirəm.
Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə
onun 800 illik yubileyi keçiriləndə rus dilinə tərcümə
etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə əsərlərinin
tamamilə rus dilinə tərcümə olunması və
Moskvada - əgər burada ədəbiyyatçılardan varsa,
bilirlər, Moskvada "Xudojestvennaya literatura" nəşriyyatı
var idi. O, ən yüksək səviyyəli, tarixi şəxsiyyətlərin
kitablarını nəşr edirdi - böyük tirajla nəşr
olunması barədə qərar qəbul etdik. Bu, asan bir
iş deyildi. Mən buna da nail oldum, bu qərar da qəbul
edildi. Ancaq elə oldu ki, bu qərar həyata keçirilənə
qədər mən Bakıdan Moskvaya işə keçdim. Təbiidir
ki, orada da mənim səlahiyyətlərim böyük idi. Bu
işə nəzarət etdim və Moskvada "Xudojestvennaya
literatura" nəşriyyatında Nizami Gəncəvinin
beş cilddən ibarət poemalarının çox nəfis
şəkildə nəşr edilməsinə nail oldum. Bunun
böyük əhəmiyyəti var. Çünki Nizamini biz
tanıyırıq, Şərq ölkələri
tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı
tanısın. Avropada da tədqiqatçılar
tanıyırlar, bir çox kitabxanalarda onun kitabları var.
Ancaq rus dili böyük dil, Rusiya böyük ölkə
olduğuna görə - o vaxtlar biz Sovet İttifaqının tərkibində
idik - bu əsərlərin rus dilində yaxşı, yəni
yüksək səviyyədə nəşr olunması o vaxt
bizim üçün böyük bir nailiyyət, böyük
bir hadisə idi. Mən qürur hissi keçirirəm ki,
Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini
əbədiləşdirmək, irsinin daha da təbliğ
olunması, yayılması üçün,
kitablarının nəşri üçün çox iş
görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin
qarşısında öz borcumu yerinə yetirmişəm.
Ancaq mən hesab edirəm ki, bütün borclarımı
qaytarmamışam. Mən hələ çox illər yaşayacağam
və bütün borclarımı da yerinə yetirəcəyəm".
Gəncə. Nizami Gəncəvi Məqbərəsi. 24 may 2000-ci
il.
"Mən bu səfəri
çox əhəmiyyətli hesab edirəm.
Birinci ona görə ki, Azərbaycanın dahi şairi,
filosofu, mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda
heykəlinin ucaldılması bizim xalqımız, millətimiz,
ölkəmiz üçün çox böyük qiymətə
layiq hadisədir. Sankt-Peterburq adi şəhər deyil,...
bütün mənalarda, o cümlədən,
memarlığına, monumental heykəltəraşlıq əsərlərinə,
dünyada çox məşhur muzeylərinə, bir də
tarixinə görə zəngin ənənələri olan
şəhərdir. Ona görə belə bir şəhərdə
bizim şairimiz Nizami Gəncəvinin heykəlinin
ucaldılması, təbiidir ki, qürur hissi doğurur".
Rusiya Federasiyasına səfər
ərəfəsində hava limanında
jurnalistlərin suallarını cavablandırarkən. 8 iyun
2002-ci il.
"Sankt-Peterburqda Nizaminin heykəlini qoyduq. Bu
kiçk məsələ deyildir... indi Sankt-Peterburq kimi
böyük şəhərdə Nizaminin heykəli var... Sadəcə,
o bağa, bağçaya gələn hər bir adam, orada
istirahət edən adam deyəcək, bu kimdir? Nizamidir? Kimdir
Nizami? Öyrənməyə başlayacaqdır. Elə bunun
özü bizim milləti tanıdacaqdır".
Milli Mətbuat günü münasibətilə Bakı Mətbuat Klubunun
təsisçiləri ilə görüşərkən
söylədiyi nitqdən. 22 İyul 2022-ci il.
"Nizamini biz tanıyırıq,
Şərq ölkələri
tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı
tanısın". Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti,
irsi ilə bağlı müəyyənləşdirdiyi bu
strateji yanaşma bu gün Müzəffər Ali Baş Komandan
İlham Əliyevin Azərbaycan tarixinin, ədəbiyyatının,
mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin
qorunması, yaşadılması və təbliği əhatəsində
dəmir siyasi iradəsi ilə müqəddəs Ata Vəsiyyəti
kimi həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 23 dekabr 2011-ci ildə dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinin keçirilməsi haqqında Sərəncam
imzaladı. Bu Sərəncam və bu yubiley özünəqədərki
yubileylərdən ehtiva etdiyi bir çox mətləblərə
görə çox fərqlənirdi. Ən başlıca mətləb
isə budur ki, ilk dəfə dahi şairimizin təntənəli
yubileyi müstəqil Azərbaycan dövlətinin və
müstəqil vətəndaşlarının birgə fəaliyyətinin
nəticəsində baş tuturdu. Əgər nəzərə
alsaq ki, dahi mütəfəkkirimizə bu vaxta qədər həsr
edilən yubileylər silsiləsi dövrlərində Azərbaycan
dövlət olaraq müstəqil deyildi, bu baxımdan 870 illik
yubileyin ideoloji məna tutumu, əlbəttə ki, daha çox
milli məfkurəyə söykənirdi. Bununla da Azərbaycan
tarixində ilk dəfə olaraq xalqımız bütün
yaradıcılığı boyu ümumbəşəri
ideyaların carçısı olan dahi şairimiz Nizami Gəncəvinin
870 illik yubileyini dahi mütəfəkkirin
öz yurdunda, müstəqil dövlətimizlə, Azərbaycan
və dünya nizamişünasları ilə birgə qeyd
etdi.
Azərbaycan Prezidentinin 23 dekabr
2011-ci il Sərəncamına əsasən, dahi Azərbaycan
şairinin 870 illik yubiley tədbirlərinin keçirilməsi
çərçivəsində 30 sentyabr 2012-ci il tarixində
şairin vətəni Gəncə şəhərində
keçirilmiş xüsusi toplantıda təsis edilən
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan
Nizamişünaslığının ən mühüm tarixi
nailiyyətidir ki, bu da, öz növbəsində, dahi Azərbaycan
şairi Nizami Gəncəvinin vətəni Azərbaycandan
başqa ikinci bir ölkədə əsası qoyulub fəaliyyətə
başlaya bilməzdi. Çünki Nizami Gəncəvinin bəşəri
ideyalarını ən doğru yalnız mənsub olduğu Azərbaycan
xalqı dünyaya bəyan, təqdim edə bilər, xalq car
edə bilər. Möhtərəm Prezidentimizin himayəsi
altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
2013-cü ildən təşkil etdiyi Qlobal Bakı Forumları
da məhz dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının
milli və bəşəri dəyərlərinin,
tolerantlığının, multikultural düşüncəsinin,
yaşayışının bütün dünya xalqlarına
ərməğanı, səslənişidir. Xüsusilə
Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi
ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin
dünyanın müxtəlif dillərinə tərcümə
edilib nəşr olunması, abidələrinin
ucaldılması bu siyasətin qoşa qanadının birini təşkil
edir.
2021-ci il Azərbaycan Respublikasının
müasir tarixinin qədim tariximizə baxışı kontekstində
ən əlamətdar
il kimi yadda qalacaq. Bu tarixi xalqımızın qəhrəmanlıq salnaməsində
uca edən 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi
altında Müzəffər
Azərbaycan ordusunun
44 günlük Vətən
müharibəsində əldə
etdiyi tarixi parlaq qələbə və bu zəfərdən
başlanan doğma Qarabağımıza qayıdış
mərhələsi oldu.
2021-ci il Milli Qayıdış sevincimizə sevinc qatan isə ölkə başçısının
imzaladığı sərəncamla
bu ilin "Nizami Gəncəvi
İli" elan edilməsi oldu.
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamında
deyilir: "Nizami dühası hər zaman dünya şərqşünaslığının
diqqət mərkəzində
olmuşdur. Ölkəmizdə
Nizami sənətinin öyrənilməsi və
tanıdılması sahəsində
xeyli iş görülmüş, əsərlərinin
Nizamişünaslıqda yüksək
qiymətləndirilən elmi-tənqidi
mətni hazırlanmış,
kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə
yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir
şairin doğma şəhəri Gəncədə
məqbərəsi, Bakıda,
Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan
Milli Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutu
və Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvinin
adını daşıyır.
Böyük Britaniyanın
Oksford Universitetində
Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq
Elmi Mərkəzi uğurla fəaliyyət göstərir".
Bu gün qətiyyətlə
deyə bilərik ki, müasir Azərbaycan nizamişünaslığının yükü ulu öndər
Heydər Əliyevin rəhbərliyi dövründə
yetişən müdrik,
ağsaqqal Azərbaycan
alimlərinin və möhtərəm Prezidentimiz
İlham Əliyevin hakimiyyəti
dövründə yetişən
gənc nəsil alimlərin çiyinləri
üzərindədir. Bütün
bunlar da, öz növbəsində, biz gənclər
üçün bir əmanət, böyük
məsuliyyət olduğu
kimi, eyni zamanda yüksək bir etimaddır.
Qeyd: Məqalə hazırlanarkən
daha çox "Müstəqilliyimiz əbədidir"
çoxcildliyinə istinad
edilmişdir.
Əlimuxtar MUXTAROV
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, ¹16.- S.4-5.