Ümid tumurcuğu
Hekayə
Kainat
susmuşdu...
Sanki
zamanın axışı dayanmış, dünya öz nəfəsini
içinə çəkmişdi. Göylər, torpaq, su -
hamısı sükuta bürünmüşdü. Qəflətən
bu səssizliyin içindən dərin, sarsıdıcı
bir nida yüksəldi, elə bil kainatın ürəyi
paramparça olmuşdu:
- Yer titrəyir...
Sular ağlayır... Torpaq inləyir... Dünya əzab çəkir.
Səbəb? İnsan!
Bu
hayqırış elə bir gücə malik idi ki, ən
kövrək yarpaqlar belə, əsdi, dənizlər
dalğalanıb sahilləri döydü, dağlar ağır
bir həsrətlə başını buladı. Təbiət
öz canından olanları çağırdı: meşədəki
qoca palıdlar, axar çaylar, balıqlar, quşlar, heyvanlar -
hamısı çağırışı eşidib
toplaşdı. Bir tək insan uzaqda, öz qürur
qalasında tək qalmışdı.
O,
çağırışı eşitdi, amma tərəddüd
edirdi. Axı hər zaman öz zəfərləri ilə
öyünmüş, əli ilə yaratdığı şəhərləri,
ixtiraları düşünüb qürrələnmişdi.
Özünü kainatın sahibi sanırdı. Lakin həyat -
həyat heç vaxt insanın tam ixtiyarında olmayıb.
İndi oğlunun gözlərində sönən
işıq, ürəyində getdikcə zəifləyən
döyüntü insanı sarsıtmışdı. Qürur
zamanı deyildi.
Əlində
çırpınan oğlunu sinəsinə sıxaraq,
çayın sahilinə gəldi. Suların üzərində
tüstü kimi nazik bir duman gəzirdi. Uzaqlarda, köhnə
palıdların yarpaqları qızılı işıqda
yanıb-sönürdü. İnsanın addımları
ağır və titrək idi, sanki hər addımı ilə
torpağa bir damcı göz yaşı damlayırdı.
Birdən
yenə o ilahi səs eşidildi, göylərdən torpağa
yayıldı:
- Ey insan!
-
Torpağın göz yaşı sənə laqeyd oldu.
Suların fəryadına kar qaldın. Dağların iniltisini
eşitmədin. Sən öz ağlını Tanrının
hikmətindən üstün saydın. İndi isə, bax,
sevdiyin oğlunun nəfəsini saxlaya bilmirsən!
İnsan
başını göyə qaldırıb səssiz bir
hayqırtı ilə çırpındı:
- Mən
nə etmişəm? Mən inkişaf etmək istəyirdim!
Şəhərlər saldım, elmi ixtiralarımın
gücü ilə zirvəyə qaldırdım, tibb sahəsində
nailiyyətlər qazandım, insan ömrünü uzatdım.
Bütün bunlar günahdırmı? Axı bütün bu
gücü, ağlı mənə sən vermisən?!
Ətrafa
sükut çökdü. Sonra həmin ilahi səs aramla
eşidilməyə başladı:
-
Düzdür, mən vermişəm. Mən səni öz
parçam kimi yaratdım. Amma sən bir az güclənən
kimi mənimlə irtibatını pozdun. Nəfsin mənə
olan sevginə qalib gəldi. İndi, söylə görüm,
əllərində çırpınan oğluna nəfəs
verməyə etdiyin ixtiraların gücü yetirmi?
Yenə
sükut... Bu dəfə susan İnsan idi. Onun verməyə
cavabı yox idi. Üzünü təbiətdəki
canlılara tutdu. Sanki onlardan imdad diləyirdi.
Çaylardan
həzin bir nida qopdu, hər damla bir ah idi, hər axın bir
nalə.
Canlılar
bir-bir söz alıb danışmağa başladılar. Hər
biri insanın yaddaşında yaralar açırdı.
Qarışqa
incə bir səslə danışdı:
- Mən
torpağın nəfəsi idim. Hər yuvamla torpağın
canına həyat verirdim. Sən məni, yuvalarımı zəhərlərinlə
məhv etdin. Torpağın nəfəsini boğdun.
Arı zərif
qanadlarını titrədərək ağladı:
- Mən
çiçəkləri, meyvələri sevindirirdim. Sən
məni və sevincimi məhv etdin. İndi çiçəklər
yetim qalıb.
Balıq
suların dərinliyindən inildədi:
- Mən
dənizlərin mahnısı idim. Sən suları zəhərlədin.
İndi ölü bir səssizlik dənizləri
bürüyüb.
Bayquş
qaranlıqdan dilləndi:
- Mən
gecənin müdrikliyi idim. İşığın ifratı
qaranlığın sirrini məhv etdi. Gecə artıq sakit
bir hikmət deyil, yuxusuz bir zülmətdir.
Cüyür
yorğun addımlarla gəlib dedi:
- Mən
azadlığın simvolu idim. Sən meşələri
yıxdın, azadlığıma daşdan divarlar çəkdin.
Tülkü
boynunu bükərək dilləndi:
- Mən
torpaqla zarafat edən, onunla əylənən idim. İndi
zibilliklərdə plastik torbalarla oynayıram.
Canavar
qürurlu bir ah çəkərək dedi:
- Mən tarazlığın
qoruyucusu idim. Sən məni qorxunun simvoluna çevirdin, məni
ovladın, təbiəti boş qoydun.
Qarğa
göylərdən iniltiylə qışqırdı:
- Mən
həyatın səyyahı idim. İndi tüstü dolu səmada
azıb qalmışam.
Qoca
palıd budaqlarını xəfif səslə titrətdi:
- Mən
insanın, təbiətin minillik yaddaşı idim. İndi
köklərim dəmir altında boğulur.
Sonda Ana
Torpaq dərin, yorğun bir səslə dilləndi:
- Mən
sənə həyat verdim, sən məni unutdun. İndi həyat
da səni tərk edir.
İnsan
diz çöküb torpağa əyildi. Əlləri ilə
torpağı qucaqladı. Ürəyində bir fırtına
qopdu; qürur yox, peşmanlıq, qorxu yox, ümid cücərdi.
Göz
yaşları torpağa damladı. Torpaq susmadı. İnsan
torpağın nəbzini, altında yenidən döyünən
həyatın zəif ritmini hiss etdi.
Başını
qaldırıb göyə baxdı və səmimi bir səslə
and içdi:
- Söz
verirəm, ey torpaq, ey həyat! Səni yenidən dirçəldəcəyəm.
Suları təmizləyəcəyəm. Meşələri
yenidən ucaldacağam. İxtiralarımdan sənin xeyrin
üçün yararlanacağam. Səni sevməyi öyrənəcəyəm!
Göydən
torpağa işıqlı bir damla düşdü və
düşdüyü yerdə, torpağın sinəsində
yaşıl bir tumurcuq baş qaldırdı.
Arı
onun üstünə qonub zümzümə etdi:
-
Yaşa!
Ana torpaq
yavaşca pıçıldadı:
- Mən
səni hələ də sevirəm, insan. Amma sən də məni
sevməlisən ki, yaşayaq!
İnsan
tumurcuğa baxdı. Oğlunun nəfəsi bir az dərinləşdi,
gözləri bir az işıldadı.
Göy
üzündə yeni bir gün doğdu.
Həyat
susmurdu. Həyat tək bir tumurcuqda, tək bir ümid
qığılcımında yenidən doğulurdu.
İnsan əlini
tumurcuğun üzərinə qoydu. O an, insan, torpaq və
göy bir bütün oldular.
Yeni nizam,
ahəng başlayırdı.
Sevgi ilə...
Ümidlə...
Həyatla...
Sadiq
QURBANOV
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.11.