Ölüm
Güllələr nəğmə kimi
səslənir bəzən,
Adamlar qaçırlar o nəğməni
oxumağa.
Adamları nəğməylə aldadırlar... nahaq.
Məsələn, bilməsə,
Uşaq
yerə düşüb
közərən bir mərmiyə
tərəf qaçar
Və əlinə götürər
ölümü.
Uşaqlar həmişə
oyuncaq gəzdiyindən yenə aldanarlar.
Ən zəhərli göbələk
belə
o qədər şirindi ki, adam doymur.
Gör ölümü harda gizlədiblər?!
Biz qaçırıq ölümlərdən,
Sən demə, biz ona tərəf qaçırıqmış
əslində.
Sürətli maşınların əlindən
qaçıb
Bir at arabasının təkəri
altında da
Ölmək təsadüfü varmış...
Amma çox nahaq,
Gərək bizi nəğməylə,
Göbələklə,
At arabasının nəğməli
təkəri ilə
Aldatmayaydılar...
Unudun məni
Unudun məni, getsin,
20 Yanvar kimi...
Elə bilin, olmamışdım,
Heç
ağlamamışdım,
Heç
sevməmişdim...
Məni
unudun, getsin,
Şəhid kimi
Elə bilin, ölməmişdim,
Elə bilin, evlənmişdim,
Yüz yaşamışdım,
Qocalmışdım,
Saqqalım daraq kimi
Havanı
daraqlayırdı...
Məni
unudun, getsin...13-cü
ay kimi,
Qanadsız quş təki,
Qanadlı sular kimi,
Ağacların qabaq əlləri
vardı,
Necə
ki ağac unutdu onu,
Siz də elə unudun məni.
Baxışlarımın havada açdığı şırımla
Çıxıb gedirəm,
əlvida!
Parta üstündəki yazılar
Parta üstə yazılar
Uşaqlardan düşüb qalıb
Yaddan çıxmış qələm
kimi.
Xadimə
qadın sildikcə partaları
Gülümsəyir.
"Sevirəm" sözünə
o qədər əyilir,
Elə bil ki, baş əyir.
Partalar yazılıdı,
Yazılarda səs donub.
Hər yazının üstünə
körpə təbəssüm qonub.
Şeir
dəftəridir partanın
üstü,
Məni
dərd-xəyal alıb.
Yazıları oxuya-oxuya
Xadimə
cavan qalıb.
Dustaq qatarları
Bu gecə ayıldım qatar səsinə,
Haradan-haraya gedir bu qatar?
Bir cüt əl görünür pəncərəsindən,
Deyəsən, yox olub, itir bu qatar.
Bəlkə də uzanan o yorğun əllər,
Qoyma bu qatarı getsin, deyirdi.
Əlləri qatardan qalırdı
dala,
Kömək istəyirdi, əl
istəyirdi.
Vaqonlar sallayıb qaş-qabağını,
Payız
quşlarıtək uçub
gedirdi.
Heç
kimi aparmaq fikri yoxuydu,
Dəmir
qapıları açıb
gedirdi.
Nəyə sevinirdi, görəsən,
nəyə?
Təkərlər relslərə əl
çalırdılar.
Gedirdi dustaqlar irəli, ancaq,
Səsləri arxaya atılırdılar.
Apardı sellər Saranı
Bəlkə də Arpaçay
aşıb-daşmayıb,
Yalandan üstünə günah yıxıblar.
Nə də sel Saranı
alıb qaçmayıb,
Suların adına qara yaxıblar.
Zaman öz hökmünü veribdi belə,
Cavan bir gəlinin ömrünə qıydı.
Yad əllər Saraya uzanan yerdən
Arpaçay hiddətlə gurlamalıydı.
Deyin Xan
Çobana, Saranı
yad yox,
Aparan öz qəmin, öz kədərindi.
Sara saf suların öpdüyü yerdən
Bir çiçək donunda göyərib indi.
Uşaq bağçasında
düzələn sıra
Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin əlindən, gedir.
Bir az isti-isti əsir
küləklər,
Öpüb körpələrin telindən,
gedir.
Körpə cərgəsinə baxıb
dayanar,
Əsgər sıraları bu
saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar
Uşaq
əllərindən, uşaq
gözündən.
İlahi,
nur elə, gur işıq elə
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla,
Tanrım,
Böyük adamların günahlarını.
Alıb
əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat
durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat
durub.
Çiçəklər, əllər
Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi,
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə,
Çünki əllərini bəzəyən
güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
İndi çiçəkmi vəfasızdı,
yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.
Arxasınca ağlayan xatirələr
Çiçəklərin ayağının
tozudur,
Məncə.
Ağac
Görürəm başında payız
qocalıb,
Bu ağac bahara açıb əlini.
Görürəm budaqlar tamam sınıxıb,
Üzüyünü salmış barmaqlar kimi.
Başında qaranquş ümidi
qalıb,
Yarpağı yerinə bitib inamı.
Budaqlar necə də ağappaq olub,
Şümşad biləyinə oxşar
anamın.
Açılıb ağaca budaq qollarım,
Nəğmə oxuyuram yenə ucadan.
Uzaqdan tökülüb gələn
yollarım,
Nədənsə özünü asır
ağacdan.
İstərəm quş olub başına uçam,
Körpə qönçələrdən qalayım ocaq.
Ağacı gözümdən uzaq
qoymuram,
O ağac gözümdə yarpaqlayacaq.
Allahşükür AĞA
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.9.