"Mən bir türkəm, dinim, cinsim uludur"
Mehmet Emin Yurdaqulun "Cəngə gedərkən"
şeiri barədə
Şəmsəddin Sami bu şeiri
"gələcək ədəbiyyat
binamızın ilk təməl
daşı" adlandırır.
Onun dünyaya gəlişiylə türk
ədəbiyyatında yeni bir
dövr başlanıb.
Təkcə poeziyada deyil, siyasətdə də, ictimai fikirdə də, ideologiyada da... "əməl
qütbünün" (R.Tevfiq) üfüqlərini
o nişan verib. XX yüzilin əvvəllərində,
bütün türklər,
o cümlədən, Atatürk türk milli kimliyinin qürurunu ilk dəfə həmin şeirlə dadıb...
"Cəngə gedərkən"
Mehmet Əmin Yurdaqulun
ilk şeiridir. Yurdaqulun
ilk şeiri Köprülüyə
görə, nəinki
Türkiyədə, "Türkistanda,
Kazanda, Krımda, Qafqazda keçmiş milli
birliyindən xəbərsiz,
milli vicdandan məhrum
yaşayan ünsürləri
topladı və ondan böyük bir türk milləti,
möhtəşəm bir
Turan çıxardı".
Türk
ədəbi dilinin ərəb-fars tərkiblərindən
arınması, şeir
dilinin daha çox türkcələşməsi
"Mən bir türkəm, dinim, cinsim uludur" şeiri ilə vüsət aldı.
1897-ci ildə, yəni
Yunanıstan-Türkiyə müharibəsi
əsnasında 28 yaşlı
Yurdaqul onu Cəmaləddin Əfqaninin
təlqinləri ilə
yazıb və şeiri ilk dəfə Cəmaləddin Əfqaniyə
oxuyub. Şeyx isə "İştə
sizin əsl ədəbiyyatınız budur"
deyib.
Yusif Akçuranın söylədiyi
kimi, ilk dəfəydi
ki, "türk şairi
mənsub olduğu millətini, müsəlman,
osmanlı kimi bəlirsiz və qarışıq adlarla anmır, millətinə gerçək adını
verir, "Türk"
deyir... Bu şeirdə
türk var, köy
var, ocaq var, yurd var, tanrı var. Vətən və millət var, fəqət, sultan yox, saray yox. Sarayı
dolduran dalkavuk (yaltaq) tüfeylilər yox... "Cəngə gedərkən" cümhuriyyətçi
bir millət şərqisidir".
Strasburq
Universitetinin professoru
Paul Horn onu bir millət ilahisi, yəni millət himni olaraq dəyərləndirmişdi.
Londonda bu şeirlə tanış olan Gibb Yurdaqula türkcə məktub yazır: "Aqibət, sizin mərifətinizlə türk
milləti sədasını
buldu. Siz gəldiniz və nə Doğuya baxaraq, nə Batıya, kəndi vətəndaşlarınızın könlünü oxudunuz və bunların duyğularını kəndi
dilləriylə ədibanə
bir tərzdə ərz etdiniz. Acizanə fikrimcə, türk şeirinin doğru məzmunu ilə doğru ifadə tərzini siz buldunuz. Osmanlı
dövləti sizi altı əsr bəkləmişdir, əfəndim".
Bu şeir sürətlə dünyanın dörd tərəfinə yayıldı.
Londonda bilindi, Peterburqda tanındı, Kazanda, Bakıda, Türküstanda oxundu...
1903-cü
ildə Yurdaqulun "Türkcə şeirlər"i
Peterburqda da nəşr
olunur. Kitabı tərcümə edərək
rus oxucusuna təqdim edən böyük şərqşünas
Minorski, xüsusən,
bu şeir barədə danışarkən
həssas bir məqama diqqət yetirir: "Bizim münəvvər slavçılarımız
(yəni panslavyanistlər)
bu kimi hallarda,
almanların, yaxud macarların qanını içməkdən bəhs
edərlər. Yurdaqulun
şeirində düşməni
təhqir edən, yaxud düşmənə
qarşı şiddət
ifadə edən heç bir misra yoxdur"...
Şeir
türk milli kimliyinin poetik xülasəsidir. Yurdaqula qədər milli kimlik anlayışının
türk poeziyasında,
(ümumən, türk
ədəbiyyatında) bu
qədər açıq
ifadə olunduğu başqa bir poetik örnək yoxdur və bu günə qədər də bənzərinə təsadüf
edilmir.
Mehmet Əmin Yurdaqulun bu şeiri ötən
yüzilin əvvəllərində
həm də Şuşadadır. Şuşada
Azərbaycan türklərinin
erməni və rus təcavüzünə
qarşı dirəniş
hərəkatını o şəkilləndirir,
savaş estetikamızı
bu şeir yaradır. 1907-ci ildə şuşalı xanəndələr
"Mən bir türkəm, dinim, cinsim uludur" şeirini marş kimi oxuyurlar. 1907-ci ildə Məşədi Məmməd Fərzəliyevin
ifasında həmin nəğmə vala yazılır. Bu məqamda
Akçuranın "Cəngə
gedərkən" şeiri
barədə professor Horndan
gətirdiyi sitat yada düşür: "Nə
qədər aransa, bundan daha təbii,
gözəl, uyğun,
canlı, həyəcanlı
bir millət ilahisi buluna bilməz. Yetər ki, bu ilahini layiq
olduğu şəkildə
bəstələməyi bilən
bir musiqişünas çıxsın". Bu mənada,
Horn, Mehmet Əmin Yurdaqulun
şeirini Hofmanın Almaniya barədə yazdığı şeirlə
- alman himni ilə qiyaslandırırdı.
İsmayıl bəy Qaspıralı
Yurdaqulun şeirinə
Krımda əks-səda
verir. Amma necə əks-səda? "40-50 milyonluq
və otuz əsrlik bir aləmə ilk dəfə
bir qaşıq oğul balını yedirən siz oldunuz ki, sizə şərəf, bizə səadətdir" deyir.
Ziya Gökalp Yurdaqulu "Turan peyğəmbəri"
adlandırır.
Professor Köprülü "Turan
peyğəmbəri"ni, az qala, ülul-əzm
nəbilərlə qiyas edir:
"Qaranlıq fəlakət
vadilərində çobansız
dolaşan zavallı türk millətini, əlində qavalıyla Turi-Sinadan enən bu böyük şair topladı, birləşdirdi və ona qaranlıqlar içində yolunu göstərdi. Tarixdə bunu ancaq ən
böyük rəsullar
yapabilmişlərdir".
Əli bəy Hüseynzadəyə
görə, "Emin Bəy, Yeni Turanın ən böyük şairi olmaq şərəfinə sahibdir".
"Yeni Turan"ın müəllifi
Xalidə Ədib Adıvar isə etiraf edir ki, Yurdaqulun müasiri olduğuna görə bəxtiyardır.
***
Yurdaqulun
şeiri, yuxarıda dediyim kimi, XX yüzilin ilk illərində
Azərbaycan cəmiyyətində
milli zövqün və
milli şüurun gəlişməsində
böyük rol oynadı.
Onun Azərbaycanda tanınması
bilavasitə Əli bəy Hüseynzadənin adı ilə bağlıdır. Hüseynzadə
1905-ci ildə gənc
şairlərə Yurdaqulun
yolu ilə getməyi təlqin edir. Hətta Hadiyə xitabən, "Fikrinizi camaatımızın
anlayacağı vəchlə
mümkin mərtəbə
açıq, sadə
və asan bir dil ilə
yazmaya qeyrət etməlisiniz" - deyə
xəbərdarlıq edir
və sadə türkcənin örnəyini
Mehmet Əmin Yurdaqulun:
"Ən gözəl
yüz bizə çirkin, biz sevəriz; Türk yüzü, Ən iyi öz
bizə fəna, biz istəriz; Türk özü..." misralarının
timsalında təqdim
edirdi. 1909-cu ilin aprelində yazdığı
"Türklük, Əsgərlik
və İstanbulda 31
mart vəqəsi" məqaləsində
isə Yurdaqulun "Cəngə gedərkən"
şeirini "Şu nəğmeyi-cəngcuyana türkün
ruhundan, ruhunun ən dərin guşəsindən tüğyan
ediyor" yazırdı.
"Yazımız, dilimiz "İkinci İl"imiz"
məqaləsində isə
o, "Səadət" məktəbi
şagirdləri üçün
hazırlanmış "İkinci
il" kitabının müəlliflərini
tənqid edirdi ki, bu kitaba Yurdaqulun
daha türkcə və daha azərbaycanca
olan şeirləri niyə daxil edilməyib? "Anlamıyoram
ki, bizim burada müəllimlərin də,
müəlliflərin də
cığatay və osmanlı ədəbiyyatına
qarşı bu inadı nə üçündür. Canım,
osmanlı əşar
və ədəbiyyatında
öylə nümunələr
vardır ki, sizin bu kibi şeirlərinizdən
daha türkcə, daha azərbaycanca və qafqazcadır". Və bu mənada,
örnək olaraq Yurdaqulun şeirlərini təqdim edirdi...
Hüseynzadə haqlıydı. Yurdaqulun
şeirləri o dövrkü
şairlərimizin "İkinci
il" kitabına daxil
edilən şeirlərindən
həm üslub, həm dil, həm
sintaktik quruluş baxımından daha türkcə və daha azərbaycanca idi. 1918-ci ildə "Əmin bəyi bilməyən bir məktəbli cocuq belə yoxdur", - deyə yazan Əhməd Cavadı Azərbaycanda Mehmet Əmin
Yurdaqulun mənəvi
oğlu olaraq tanıyırdılar. Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan məfkurəsi
ilə Türk millətpərvərliyi məfkurəsinin
vəhdətini dərin
içərikli sözlərlə
"Əsrimizin Səyavuşu"
əsərində belə
ifadə etmişdi:
"Azərbaycan gəncliyi
saf və səmimi bir niyyətlə Türk müəllimlərinin tələbəsi
oldu. Çox keçmədi ki, Namiq
Kamal Məhəmməd Hadini,
Əbdülhaq Hamid Hüseyn
Cavidi, Mehmet Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər... Turançılıq, türkçülük
ədəbi məsləki
Türkiyə ilə Azərbaycanı bir-birinə
bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi".
Yurdaqul Azərbaycanlı Cəmaləddin
Əfqani ilə başladığı kimi,
Azərbaycanlı Əhməd
Cavad da Yurdaqulla başlayır...
"Cəngə gedərkən"
şeiri Hüseyn Cavidin ilk faciələrindən
birində - "Maral"da
marş olaraq səslənir. Əhməd
Cavad Cümhuriyyət
havalı şeirlərini
Yurdaqul üslubunda qələmə alır.
***
Şeir,
dediyim kimi, 1897-ci ildə yazılıb. Üstündən 15 il keçəcək.
1912-ci ilin 20 iyununda bu şeirin müəllifi ilk türkçü
təsisatın - "Türk
Ocaqları"nın lideri
olacaq. Türk Ocağı Mehmet Əminin
liderliyində Türkiyənin
təkcə dil sahəsində deyil, bütün sferalarda bütövlükdə türkləşməsini
təmin edəcək
və bugünkü Türkiyə Cümhuriyyətinin
təməl daşı
Yurdaqulun rəhbərlik
etdiyi həmin Türk Ocaqlarında qoyulacaq...
***
O, türk şeirində Avropa estetikalarına,
"Sərvəti-fünun"un kosmopolitizminə meyil etməyən ilk və tək şairdir. Doğrudur, ədəbi estetikalar baxımından,
Yurdaqul şeiri "Sərvəti-fünun" cazibəsinə
malik deyil, onda zamanın simvolizmi, dekadentizmi, romantizmi yoxdur. Amma "Sərvəti-fünun"un
ən böyük timsalı olan Tevfik Fikrət Yurdaqulun elə ilk şeirindən etibarən
ona təzim edir... "Torpaq vətənimdir, bəşər
millətimdir" deyən
Fikrət fəlsəfəsinin
qarşısına "Ən
gözəl yüz bizə çirkin, biz sevəriz; Türk yüzü, Ən iyi öz bizə
fəna, biz istəriz;
Türk özü..."
deyən milliyyətçi
düşüncəni təqdir
edir...
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.6.