Tanıyaq: Behbudovlar nəsli
Ənvər Məcid oğlu
Behbudov
Azərbaycanın mədəniyyət salnaməsində
özünəməxsus iz
buraxmış Behbudovlar
ailəsi yalnız bir nəslin deyil, bütöv bir dövrün mədəni yaddaşı
olmuşdur. Bu ailənin
hər bir nümayəndəsi, sanki
ayrı-ayrı bir sənət lövhəsi
kimi, sənətimizin
səhnəsində parlayan
işıqlardır. Onların
ömür yolu və yaradıcılığı
geniş elmi tədqiqatlara, publisistik düşüncə və
bədii təhlillərə
layiq mövzulardandır.
Behbudov soyadı hələ də tam şəkildə
araşdırılmamış bir tarix, açılmamış
sirlər sandığıdır.
Onun əsli, mənşəyi, tarixi qatları zamanın tozunda itib getməyib,
əksinə, araşdırıldıqca
yeni mənalar doğuracaq
qədər dərin və zəngindir.
Görkəmli muğam bilicisi
və ifaçısı
Məcid Behbudovun atası Behbudalı kişinin Şuşada tanınmış tacir olması, bəzi mənbələrdə isə
məşhur aşıq
olması haqqında məlumatlar yer alır. Bilinən odur ki, Məcid Behbudov gənc yaşlarında atasını
itirir və ailənin bütün qayğıları onun üzərinə düşür.
Ölməz sənətkarımız
Rəşid Behbudov atası haqqında xatirələrində qeyd
edib ki, atası inqilaba qədər çox zəngin, varlı, əsilli, nəcabətli idi. Onun ağayanalığı,
kübarlığı hər
hərəkətində sezilirmiş.
Cəmiyyətdə davranışı,
insanlarla ünsiyyəti,
çevrəsi, mühakiməsi
bundan xəbər verirdi.
Öz dövrünün çox
böyük ustad sənətkarı Məcid
Behbudov həm əvəzsiz muğam ifaçısı, həm
də muğamların
dərin bilicisi və daşıyıcısı
idi. Ailə qurduğu Firuzə xanım Vəkilova zadəgan nəslinə mənsub idi. Firuzə xanımın atası Abbasqulu bəy Vəkilov əslən Qazax mahalından olan yüksək çinli hərbçi olub. O, böyük nüfuz və hörmətə
malik idi. Məcid Behbudovla Firuzə xanımın evlənmə
hadisəsi sonralar Üzeyir bəy Hacıbəylinin 1913-cü ildə
yazdığı məşhur
"Arşın mal alan"
əsərinin süjet
xəttini təşkil
edir. Onu da bildirim ki, Məcid Behbudov Şuşada Üzeyir bəylə eyni məhəllədə,
yaxın qonşuluqda yaşayıb.
Eyni ilə "Arşın
mal alan"da olduğu
kimi, arşınmalçı
obrazında qızı
görür, aşiq olur və qızın
da ona aşiq olduğunu biləndə qoşulub qaçmaq qərarına gəlirlər.
Bu hadisədən sonra
Məcid bəy və Firuzə xanımın Şuşada
qalması mümkün
olmur. Bütün Qafqazda tanınmış ordu polkovniki Abbasqulu bəyin qızını qaçırmaq
sıradan bir hadisə deyildi. Ona görə də Məcid və Firuzə xanım üz tuturlar Tiflisə.
Məcid
Behbudovla Firuzə xanımın hər biri haqqında ayrıca yazı yazmağı düşünürəm.
Bu yazılar maraqlı
tarixi faktlarla zəngin olacaq. Hazırda isə ailənin ilk övladı
Ənvər Behbudovun həyat və yaradıcılığına nəzər
salmağa sizi dəvət edirəm.
Görkəmli teatr rejissoru, pedaqoq, aktyor, təşkilatçı, Rusiyanın
Xalq artisti fəxri adını qazanmış ilk azərbaycanlı
Ənvər Məcid oğlu Behbudov 1912-ci il martın 20-də Şuşada
anadan olub. Bəzi mənbələrdə
Ənvər Behbudovun doğum yeri kimi Tiflis şəhəri
göstərilib. Bu, doğru
deyil. Hətta müxtəlif mənbələrdə
sənətkarın ölüm
tarixi də fərqli qeyd olunub. Həmin mənbələrdə 16 mart 1993-cü il əvəzinə 28 mart 1994-cü il göstərilib.
Tanınmış sənətkarın qardaşı
Rəşid Behbudovun yeganə qızı Rəşidə xanım
da əmisinin Şuşada
doğulması faktını
təsdiqləyir. Rəşidə
xanım atasından eşitdiklərini belə
xatırlayır: "Babam
Məcid bəy nənəm Firuzə xanımı qaçırdıqdan
sonra Tiflisə köçür. Bu hadisə
o dövrdə böyük
əks-səda doğurubmuş.
Ulu babam Abbasqulu bəy kimi geniş
imkanları, ciddi əlaqələri, adı,
sanı, nüfuzu olan bir yüksək
çinli hərbçinin
qızını qaçırmaq
adi hadisə deyildi. Ona görə də babam nənəmlə
nəinki Şuşadan,
Qarabağdan, ölkədən
getməyə qərar
verirlər. Atam deyərdi ki, əmim Ənvərin doğulmasına
az qalmış babam nənəmi Şuşaya gətirir. Çünki babam bir neçə aylıq xarici səfərə getməli
idi. Avropanın səsyazma studiyasından dəvət almışdı
və vala səsini, ifasını yazacaqdılar. Nənəm
tək qalmasın deyə, onu Şuşaya, qohumlarının
yanına gətirir. Ənvər əmim Şuşada dünyaya göz açır. Bir müddət sonra babam Məcid gəlib onları Tiflisə aparır".
1920-ci il martın 20-də Şuşada
anadan olan Ənvər Behbudov Tbilisidə anasının
da dərs dediyi Azərbaycan məktəbində
oxuyur. Uşaqlıqdan
arzusu teatrda işləmək idi. Qeyd edim ki, Behbudovlar
ailəsinin teatra xüsusi münasibəti
var idi. Tiflis Azərbaycan
Teatrı 1920-1930-cu illərdə
tamaşaçılar arasında
böyük populyarlıq
qazanmışdı. Burada
həm musiqili, həm də dram tamaşaları göstərilirdi.
Teatrın repertuarına
Üzeyir bəy Hacıbəylinin və digər bəstəkarlarımızın
muğam operaları, musiqili komediyaları daxıl idi. Bu tamaşalar şəhər
əhalisinin böyük
marağına səbəb
olurdu. Bəzən Məcid Behbudov da tamaşalarda iştirak edirdi. Behbudovlar Tiflis Azərbaycan Teatrının
ailəliklə daimi tamaşaçılarından idilər.
Yay aylarında uşaqlar - Ənvər, Nəcibə
və Rəşid həyətlərində tamaşalardan
səhnələr düzəldib
göstərərdilər. Valideynlərinin geyimlərini
sandıqdan çıxarıb
səhnə geyimi kimi, kömür, təbaşir, rəngli karandaşları qrim vasitələri kimi istifadə edib tamaşalar hazırlayardılar.
Adətən "Leyli
və Məcnun",
"Əsli və Kərəm", "Arşın
mal alan" tamaşaları
oynanılardı. Məhəllənin
bütün uşaqları
həyətə toplaşar
və maraqla səhnəcikləri seyr edərdilər. Heç şübhəsiz ki, Məcid
bəyin və Firuzə xanımın hər üç övladının həyatlarını
sənətə, səhnəyə
bağlamalarında bu
mühitin böyük
rolu olmuşdu.
Ənvər Behbudov da uşaq
yaşlarından teatra,
sənətə ciddi
maraq göstərirdi.
Orta məktəbi bitirdikdən sonra Teatr İnstitutunda təhsil almaq istəyirdi. Gürcüstanda
teatr institutuna daxil olmaq elə
də asan deyildi. Yerlər məhdud idi. Bundan əlavə də, ilk növbədə,
gürcü gənclərə
üstünlük verilirdi.
Ona görə də Ənvər Behbudov Bakıya getmək, orada həm təhsil almaq, həm də teatrların birində işə düzələrək
çalışmaq istəyirdi.
Ancaq valideynləri, xüsusilə də Firuzə xanım oğlunun bu qərarı ilə razılaşa bilmirdi. Çünki 1930-cu illərin
əvvəllərində hər
yerdə vəziyyət
ağır idi, aclıq, səfalət hökm sürürdü.
Ona görə də Firuzə xanım hər vasitə ilə oğlunu bu fikirdən yayındırmağa çalışırdı.
Həm də Firuzə xanımın sağlamlığında ciddi
problemlər yaranmışdı.
Tez-tez evə həkim çağırılırdı.
Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım danışardı ki, Rəşid
o dövrü xatırlayanda
göz yaşlarını
saxlaya bilmirdi, qəhər onu boğurdu. Ceyran xanımın xatirələrindən:
"Rəşid söyləyərdi
ki, o vaxtlar çox çətin dövr idi. İnsanlar yemək tapmırdılar.
Anam hər gün nəsə tapıb bişirərdi və bizi yedizdirərdi.
Biz ondan soruşanda
ki, sən niyə yemirsən, deyərdi mən yemişəm, siz rahat yeyin.
Sonra bildik ki, anamız
günlərlə ac qalırmış.
Çox arıqlamışdı.
Gözləri çuxura
düşmüşdü. Tez-tez halı dəyişirdi.
Anamı müalicə
edən həkim bir dəfə söylədi ki, qidasızlıqdan
daxili orqanlarında problemlər yaranıb. Məlum oldu ki, anamız günlərlə
ac qalırmış..."
Çox
güman ki, Firuzə xanım ömrünün
sonuna yaxınlaşdığını
hiss etdiyindən oğlunu
buraxmaq istəmirdi. O,
övladlarına çox
bağlı idi. Onlarla nəfəs alırdı. Bütün
həyatını övladlarının
tərbiyəsinə, təhsilinə
həsr etmişdi.
Firuzə
xanım o illərdə
çox gərgin psixoloji hisslər keçirirdi. Atası Abbasqulu bəy 1927-ci ildə Bakıda vəfat etmişdi. Qardaşları - Gəray
bəy və Lütvəli bəydən
nigaran idi. Onlarla heç bir əlaqə yox idi. Eşitmişdi
ki, qardaşları bir
neçə dəfə
istintaqa çağırılıb.
Talelərindən xəbərsiz
idi. Hərbçi olan Lütvəli bəy 1918-1920-ci illər
AXC dövründə Gəncədə
Milli Ordu üçün
kiçik zabitlər hazırlayan hərbi məktəbdə xidmət
göstərdiyinə görə
təqib olunurdu. Haqqında heç bir məlumat ala bilmirdi. Belə bir vəziyyətdə oğlunun Bakıya getməsindən qorxurdu.
Ceyran xanım Rəşid Behbudovdan qardaşı Ənvərlə bağlı
eşitdiyi bir hadisəni belə söyləyirdi: "O dövrdə
müxtəlif infeksion
xəstəliklər sürətlə
yayılırdı. İnsanlar
pis qidalandıqlarından
əksəriyyətində immunitet zəifliyi vardı. Təbabət də o səviyyədə
deyildi. Həkim çatışmırdı, dərman
qıt idi. Oxuduğumuz məktəbdə
sarılıq xəstəliyi
yayılmışdı. Anam
bizi bir müddət məktəbə
getməyə qoymurdu.
Ənvər yuxarı
sinifdə oxuyurdu deyə, bir gün anamın qadağasına baxmayaraq məktəbə getdi. Axşam hərarəti qalxdı. Həkim çağırmaq mümkün
olmadı. Xəstə
sayı çox olduğundan həkimlər
bütün çağırışlara
getməyi çatdırmırdılar.
Növbəti gün Ənvərin halı lap pisləşdi. Atam evdə yox idi.
Ucqar bir bölgəyə tədbirə
getmişdi. Anam həkim çağırmağa
getdi. Bacımla bizə tapşırdı
ki, Ənvər yatan otağa girməyək. Otağın qapısından
nəzarət edək,
halı kəskinləşsə
qonşulara xəbər
edək. Anam gedəndən bir qədər sonra Ənvərin xırıltılı
səsini eşidib qapıdan baxdıq. Ənvər özündə
deyildi. Nəcibə mənə dedi ki, tez ol qonşulara
xəbər elə. Mən həyəcandan zil səslə qışqıraraq qonşuları
çağırmağa başladım.
Bütün qonşular
qaçaraq bizim həyətə yığışdılar.
Anam da həkimlə evə qayıdırmış.
Qışqırığımı anam da eşidibmiş. Yazıq anam səsimi eşidən kimi qaçmağa başlayır. Evimizə çatanda bütün qonşuların həyətimizə
yığışdığını görüb özündən
gedərək huşunu
itirir. Anamla bizə gələn həkim tez özünü ona yetirir. Qonşuların köməyi ilə anamı evə salıb çarpayıya uzatdılar. Bir qədər
sonra anam özünə gəldi. Gözünü açan
kimi "Ənvər,
Ənvər", deyib
qışqırmağa başladı.
Həkim anamı sakitləşdirərək dedi
ki, narahat olmayın, oğlunuzu müayinə etdim, qorxulu bir şey yoxdur,
tezliklə sağalacaq.
Anam çarpayıdan
qalxıb Ənvərin
yanına qaçdı.
Onu bərk-bərk qucaqlayaraq hönkür-hönkür
ağladı. Həkim
anama da, Ənvərə
də dərman yazıb getdi. Ənvər tezliklə sağaldı. Anam isə bu hadisədən
sonra heç özünə gələ
bilmirdi. Səhhəti
çox korlanmışdı..."
Rəşid Behbudov söyləyərmiş
ki, anam bu hadisədən sonra çox həyəcanlı
olmuşdu. Evə bir qədər gec gələn kimi özünə yer tapa bilmirdi. Ona görə də Ənvərin Bakıya getmək istəyini qəbul edə bilmirdi.
Ənvər isə inadından
əl çəkmirdi.
Nəhayət, ailədə
məsləhətləşib ümumi razılığa
gəlirlər ki, Ənvər
qısa müddətə
Bakıya getsin, vəziyyəti yerində öyrənsin. 1931-ci ildə
Ənvər Bakıya
yola düşür. Bakıda yerləşdikdən
sonra teatrlarla maraqlanmağa başlayır.
Tezliklə o Bakı Fəhlə Cocuq Teatrında işə düzəlir (Sonralar Bakı Fəhlə Gənclər Teatrı, daha sonra 1936-cı ildən Gənc Tamaşaçılar Teatrı).
Azərbaycan mənbələrində
Ənvər Behbudovun Bakı Fəhlə Cocuq Teatrında işləməsi ilə bağlı heç bir məlumata rast gəlinmir. Bu haqda Rusiya mənbələrində
qeydlər var. Belə
ki, "TATARİCA"da (Tatar ensiklopediyası), M.A.Şoloxov
Dövlət Muzey Qoruğunun məlumat kitabında və saytında, Rusiyanın
"Teatralnıy kalendar"
(teatr təqvimi) saytında məlumat verilir.
Bir müddət Bakı Fəhlə Cocuq Teatrında işləyən
Ənvər Behbudov
1933-cü ildə anası
Firuzə xanımın
səhhətinin ağırlaşması
səbəbindən Tbilisiyə
qayıtmalı olur. Həmin ilin, yəni 1934-cü ilin sentyabrında dövrünün
tanınmış maarif
xadimi, dəyərli pedaqoq Firuzə xanım Vəkilova vaxtsız dünyasını
dəyişir.
Bu əvəzsiz itki ailənin bütün üzvlərinə ağır
zərbə olur. Behbudovlar ocağının
qoruyucusu, bu ocağın istisini, işığını hər
zaman bütün varlığı,
qayğıları ilə
yaşadan Firuzə xanım dünyasını
dəyişəndən sonra
ailə üzvləri
pərən-pərən düşür.
Aylarla sarsıntılar
içində yaşayan
Ənvər Behbudov
1934-cü ildə Tbilisi Gənc
Tamaşaçılar Teatrında
aktyor kimi işə qəbul olunur. Bu haqda da Azərbaycan mənbələrində
heç bir məlumata rast gəlinmir. Rusiya teatr mənbələrinin
əksəriyyətində bu fakt qeyd
olunub. Tbilisi Gənc Tamaşaçılar Teatrında
işlədiyi müddətdə
təhsil almaq arzusu Ənvər Behbudovu rahat buraxmır. Teatrdan kənar, boş saatlarında bütün vaxtını mütaliəyə
sərf edən aktyor dünya ədəbiyyatı klassiklərinin
əsərlərini, tanınmış
aktyor, rejissor, teatr xadimlərinin həyat və yaradıcılığına həsr
olunmuş kitabları
həvəslə oxuyur.
Moskvada ali təhsil almaq üçün qarşısına
qoyduğu məqsədə
doğru addım-addım
irəliləyir.
1938-ci ildə Ənvər Behbudov Moskvaya gedir. Sənədlərini
Moskva Dövlət Teatr
Sənəti İnstitutuna
(QİTİS) təqdim edir.
Qəbul imtahanlarından
uğurla keçərək
tanınmış ali
məktəbə daxil
olur. O dövrdə məşhur rejissor, görkəmli teatr nəzəriyyəçisi, pedaqoq
Aleksey Popovun kursunda təhsilini uğurla davam etdirir. SSRİ Xalq artisti, sənətşünaslıq
doktoru, üç dəfə Stalin mükafatı
laureatı, professor A.Popovun
kursuna düşmək
hər tələbəyə
nəsib olmurdu. Məşhur teatr xadimi kursunda təhsil alacaq tələbələri özü
seçirdi. Nəinki
Rusiyada, eləcə də dünyada tanınan və qəbul edilən teatr sistemi və
məktəbi yaratmış
K.Stanislavski və Nemiroviç-Dançenko kimi
nəhəng teatr xadimlərinin tələbəsi
olan Popov rejissorluqda öz məktəbini yaratmağa nail olan nadir şəxsiyyətlərdəndir. O, iki barışmaz teatr məktəbinin - V.Nemiroviç-Dançenko və
Y.Vaxtanqov, V.Meyerhold məktəblərinin sintezindən
öz sistemini yarada bilmişdi. 1930-cu illərdə Popov sovet teatrının lideri sayılırdı. O, rejissorluqla
pedaqoji fəaliyyətinin
nəticəsində böyük
uğurlar qazanmışdı.
Onun yetirmələri arasında Q.Tovstonoqov, A.Efros, V.Panso, B.Lvov-Anoxin, L.Xeyfets, M.Butkeviç kimi dünya teatr sənətinin nəhəng
simalarının adını
çəkə bilərik.
Qeorgi Tovstonoqov "Baltika mövsümləri"
kitabında müəllimi
Popov haqqında yazır:
"O, öz pedaqogika
və rejissorluq sənəti ilə bizdə analitik düşüncəyə maraq
oyadırdı".
M.Knebel
"Pedaqogikanın poeziyası.
Tovstonoqovun studiyası"
kitabında Tovstonoqovun
öz müəllimi Popovun tədris metodları haqqında dediklərini qeyd edir: "O, (Popov - K.Ş.) olduqca
riskli metodlara müraciət edirdi. Bizə, gənc tələbələrə tapşırırdı
ki, dərs zamanı onun öz tamaşalarını
müzakirə edək.
Tələbələr yaxşı
bilirdi ki, ustad yaltaqlığı sevmir.
Ona görə də onun tamaşalarının
tənqid yarışına
girirdilər. Nəticədə
elə təəssürat
yaranırdı ki, onun
tamaşası çox
uğursuzdur. O əsəbiləşirdi,
müdafiə olunurdu və tamaşasının
xeyrinə ola biləcək
hər şeyi qeyd edirdi".
Teatrşünas N.Zorkaya "A.Popov"
kitabında yazır:
"Popov tələbələrinə təkrar etməkdən yorulmazdı ki, rejissorluğu
QİTİS yox, həyat
öyrədir".
Ənvər Behbudov həyatdan
yetərincə dərs
almışdı. İndi isə
uşaqlıqdan arzuladığı
mühitə düşmüşdü.
Teatr mütəxəssisləri
yetişdirən dünyanın
ən məşhur ali məktəblərinin birində, özü də Popov kimi məşhur pedaqoqun, rejissorun kursunda təhsil alırdı. O, bütün bilikləri acgözlüklə mənimsəyirdi.
Adlarını qəzet
və jurnallardan oxuduğu, radioda eşitdiyi, afişalarda gördüyü tanınmış
insanlarla təmasda olurdu. Nəhəng, ucsuz-bucaqsız bir ölkənin teatr mətbəxinin mərkəzində
idi. Teatr İnstitutunun tələbələrinə
Moskvanın bütün
teatr qapıları açıqdı. Tələbə
bileti ilə istənilən teatra giriş sərbəst idi. Ənvər Behbudov da təhsil aldığı müddət
ərzində demək
olar ki, hər gün bir teatra
gedib maraqlı tamaşalara baxırdı.
Moskvanın teatr mühiti, Teatr İnstitutu, görkəmli
teatr xadimləri ilə təması Ənvər Behbudovun dünyagörüşünün formalaşmasında, peşəkar
rejissor kimi yetişməsində mühüm
rol oynamışdı.
Rəşid Behbudovun xatirələrindən:
"1941-ci ildə Moskvada
vokalçıların Ümumittifaq
müsabiqəsi keçiriləcəkdi.
Mən də həmin müsabiqədə
iştirak hüququ qazanmışdım. Müsabiqənin
təşkilat komitəsi
iştirak üçün
mənə xüsusi dəvətnamə göndərmişdi.
İyun ayının
25-i birinci turda çıxış etməli
idim. Qatarla Moskvaya yola düşdüm.
Hərəkət cədvəli
üzrə iyunun 22-i səhər saat 10-da qatar Moskvaya çatmalı idi. Bir neçə sutka idi ki, yol gedirdik.
Ənvər məni vağzalda qarşılayacaqdı.
Neçə il idi görüşmürdük. Çox
darıxmışdım. Artıq
bir neçə saatdan sonra Moskvaya
çatacaqdıq. Çox
həyəcanlı idim.
Səhərə yaxın
qatarda səs-küy qalxdı. Hamı oyanmışdı. İnsanlar
çox həyəcanlı
idilər. Hamı vahimə içində idi. Məlum oldu ki, səhərə yaxın Hitler Almaniyası
Sovet İttifaqına hücum edib. Müharibə başlayıb.
Qatar
Moskva ətrafında saatlarla
dayanmalı oldu. Yollar bağlı idi. Hərbi yük qatarlarına yol vermək üçün bütün
qatarların hərəkət
cədvəli dəyişmişdi.
Hamı kimi mən də çox məyus olmuşdum. Məyusluğumu
artıran həm də o idi ki, Ənvər qatarın gəlmədiyini görüb
vağzaldan gedə bilərdi. Bu mənim Moskvaya ilk səfərim idi. Ənvər getsə, mən onu hardan, necə
tapacaqdım? Nəhayət,
axşamüstü bizim
qatara da yol verildi. Ənvər məni vağzalda gözləyirdi. Biz bir-birimizə
sarıldıq. Vağzalda
insanlar təlaş içində ora-bura qaçışırdılar. Şəhərdə hər
yer qaranlıq idi. Çox ağır atmosfer var idi. Ənvərin yaşadığı yataqxanaya
gəldik. Bir qədər
rahatlaşandan sonra Ənvər cibindən böyük bir siyahı çıxartdı
və mənə göstərərək - səninlə
getməyi planlaşdırdığım
teatrların, konsertlərin,
muzeylərin siyahısıdır.
Amma heç biri alınmayacaq. Hər yer bağlıdır, - dedi.
Səhəri gün Ənvərlə
iştirak edəcəyim
müsabiqənin təşkilat
komitəsinə gəldik.
Məlum oldu ki, müsabiqə də ləğv olunub. Mənə bildirdilər
ki, yubanmadan yaşayış
yerimə qayıdım.
Növbəti gün Ənvər məni Moskvadan yola saldı..."
Müharibənin ilk günlərində bütün ölkədə
olduğu kimi, Moskvada da insanlar həyəcan, panika içində idilər. Faşistlərin qəfil hücumu dəhşətli
xaos yaratmışdı.
Həyat iflic olmuşdu. Tədricən hakimiyyət ölkədəki
vəziyyəti nəzarətə
götürərək tədbirlər
görməyə başladı.
Moskva teatrlarının, muzeylərinin,
ali məktəblərinin
ölkənin əyalətlərinə,
cəbhədən uzaq
bölgələrə köçürülməsinə
qərar verildi. Tələbələrdən, məktəblilərdən,
şəhərdə qalan
qadınlardan ibarət
müqavimət dəstələri
yaradılır və
bu dəstələr
Moskva ətrafında barrikadalar
qururdular. Ənvər
Behbudov da bu dəstələrin tərkibində
Moskvanın müdafiəsi
üçün qurulan
barrikadaların tikintisində
iştirak edirdi. Düşmən təyyarələri
şəhərə saysız-hesabsız
yandırıcı bombalar
atırdılar. Moskva metro-stansiyaları
şəhər həyatının
mərkəzinə çevrilmişdi.
Yandırıcı bombalardan
insanlar yeraltı stansiyalarda qorunurdular. Elə bu stansiyalarda
da könüllülər dəstəsi
formalaşır və
barrikadalar qurmaqda iştirak edirdilər. Sentyabr ayına qədər Ənvər Behbudov hamı kimi belə şəraitdə yaşamalı
oldu.
1941-ci il sentyabr-oktyabr aylarında digər ali məktəblərdə olduğu
kimi, Teatr İnstitutunda da təhsil prosesi dayandırıldı.
Oktyabrın 23-də Moskva Dövlət
Teatr Sənəti İnstitutu xüsusi qatarla Saratov şəhərinə
köçürüldü. Tələbələr Saratov Tibb
İnstitutunun yataqxanasına
yerləşdirildi. Tezliklə
Saratov Bədii Texnikumunun
binasında Teatr İnstitutunun tədris prosesi bərpa olundu.
1942-ci ildə Ənvər Behbudov təhsilini müvəffəqiyyətlə başa vurur. Həmin ilin yayında Teatr İnstitutunun aktyor və rejissorluq fakültəsinin məzunlarından
ibarət Saratov Cəbhə
Teatrı yaradılır.
Teatr müxtəlif cəbhə bölgələrində
əsgərlərin qarşısında
tamaşalar nümayiş
etdirir. Bir müddət
sonra Ənvər Behbudov dövlət təyinatı ilə Xabarovsk şəhərinə
göndərilir. Şəhər
teatrında rejissor kimi fəaliyyətə başlayır. Gənclik enerjisi ilə işə başlayan rejissor Xabarovsk teatrının fəaliyyətini
nizama salmağa nail olur.
1945-ci ildə Ənvər Behbudov Ulyanovsk şəhərinə
göndərilir. Burada
da rejissor yorulmadan çalışaraq teatrın
fəaliyyətini bərpa
edir.
1946-cı
ildə Ənvər Behbudov Amur vilayətinin Svobodnıy şəhərində
Amur Dəmir Yollarının
səyyar teatrının
(DORPOFSO) bədii rəhbəri
təyin olunur. Vaqonlarda yerləşən
bu teatr qısa zamanda Uzaq Şərqdə böyük populyarlıq qazanır. Bu vaqon-teatr hər gün bir qatara qoşularaq
növbəti şəhərdə
tamaşalar göstərirdi.
Teatrın kollektivi də elə bu vaqonlarda yaşayırdı.
Belə fədakarlıqla
çalışan səyyar
teatrın sorağı
ölkənin mərkəzi
şəhərlərinə də gəlib çatırdı. Bu teatr
haqqında geniş məlumat əldə etmək mümkün olmasa da, kino-teatr.ru saytında
Ənvər Behbudov səhifəsini izləyərkən
buradakı forumda iki maraqlı məlumatla rastlaşdım.
2018-ci il iyulun 25-də Sankt-Peterburq
şəhərindən Konstantin Çekmaryov yazır:
"Ənvər Məcid
oğlu Behbudov
1946-1947-ci illərdə Amur Dəmir Yolları
DORPROFSOJ Səyyar teatrının
(Svobodnıy şəhəri)
bədii rəhbəri
idi. Mənim valideynlərim bu teatrda işləyirdilər.
Mən Svobodnıy şəhərində doğulmuşam
və bütün uşaqlıq dövrüm
faciə baş verənə qədər bu Qatar teatrın vaqonunda (kupedə) keçib. Teatr Mancuriyada yanıb kül oldu. Ənvər əmini tanıyırdım. Onu çox görmüşdüm.
Hətta o məni dizində otuzdurub mənə mahnı oxuyar və məni yelləyərdi".
(Davamı olacaq)
Kamil Şahverdi
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.12-13.