Vurğunluq orbitində
Şair Vəli Qaraçaylının 60 yaşına
Vəli Qaraçaylı ilə yeddi-səkkiz il öncə, təsadüfən bir məclisdə tanış olmuşam. Həmin gün o, Rusiyada yaşayan qohumlarının yanına gedəcəyindən danışmış və mən elə-belə, sözgəlişi demişdim ki, kaş, hardasa uzaqlarda, lap dünyanın o başında gedən yerim olaydı, sərhədləri aşıb uzaqlara getmək özü də bir xoşbəxtlikdir. Bir müddət keçmiş, Vəli qayıdıb gəlmiş, Gürcüstandan Rusiyaya keçəndə, Kazbekin zirvəsində, buludların üstündə yazdığı, mənə ithaf elədiyi "Sərhədləri aşan adam" şeirini oxumuş və nə vaxtsa deyib elə ordaca unutduğum sözlərin qarşılığında bu poetik reaksiya gözlənilməz olduğu qədər də xoş olmuşdu. Bilmişdim ki, sözün qiymətini bilən adam insanın da qədrini bilər, deyəsən, bu qədir-qiymət bilən şairlə dost olacağıq və gözləntilərim məni aldatmamışdı.
"Sərhədləri aşan adam" öz müəllifinin şeirləri arasında istər forma, istərsə də məzmunu ilə seçilir. Şair burda təkcə Rusiya-Azərbaycan deyil, öz düşüncə sərhədlərini də aşır, Azərbaycandan dünyaya, indiyəcən yazdığı hazır xalq şeiri qəliblərindən özünün yaratdığı bədii formaya, bir sözlə, elə yeni üfüqlərə boylanır ki, bu üfüqlər insan ruhunu sıxan hər cür çərçivənin o üzündəki sonsuz bir azadlıq, sınırsız bir ənginliyə açılır:
Bu dünyanın xoşbəxtidir
sərhədləri aşan adam,
Dağıdaraq neçə bəndi,
çaylar kimi daşan adam.
Sərhəddəki dirəkləri
öz kökündən üzənlər də,
Səyyah olub dünyamızı
qarış-qarış gəzənlər də
Bu dünyanın xoşbəxtidir...
Üstündən illər keçəcək, Vəlinin evinin lap yuxarı başında, dolabın üstündə bir ailə tablosu görəcəkdim: ortada Borçalının Qarabulaq kəndində doğulan və səksən səkkiz yaşında dünyaya göz yuman Nadir kişi; onun sağında Borçalıdan Bakıya köç eləyən oğlu Vəli; solunda Bakıdan Nyu-Yorka gedən nəvəsi Yusif... Amerikadan o yana dünya qurtarır və bu planetar genişlənmənin məntiqi sonucu deyir ki, ünlü amerikan kinorejissoru Stenli Kubrikin elmi-fantastik janrda ekranlaşdırdığı "Kosmik Odisseya: 2001" filminin qəhrəmanı kimi Nadir kişinin nəticələri, o sıradan da Yusifin qızı, hələ ki babasının dizi üstündə oturub, "Ay uzunsaç, qaragöz, ağıllı kuklam mənim..." mahnısını oxuyan balaca Kövsər də artıq kosmosun sonsuzluğu ilə üz-üzə durub. Bəlkə, "Sərhədləri aşan adam" şeirində müəllif mənim bir kəlmə sözümü bəhanə edərək öz nəsil ağacının dünəni, bu günü, sabahını yazıb? Qoy, bu eləcə sual işarəsi altında qalsın. Nöqtəni isə bir məsələdə qoymaq olar - bu şeirdə insanın dünya zənciri, induistlərin termini ilə desəm, sansaradan qurtarmaq həsrətindən söz gedir və "Sərhədləri aşan adam" Vəli Qaraçaylının azadlıq himnidir:
Keçmişimdən bu günümə
miras qalan bircə izdir,
Xoşbəxt
olan o kəsdir ki,
arzuları
sərhədsizdir.
O sahildə
doğulanlar,
bu sahildə
dil açanlar,
Sərhədsiz
bir dünya görüb
arzuları
gül açanlar
Bu
dünyanın xoşbəxtidir...
Üç
zamanı bir çərçivəyə salan ata-oğul-nəvə
tablosunu Vəlinin yubileyi münasibətilə oğlu
Yusif okeanın o tayından
verdiyi sifarişlə düzəltdirib və yəqin bu zaman fərqinə
varmayıb ki, sadəcə bir ailənin deyil, bütün Azərbaycanın,
bir az geniş götürsək, SSRİ-nin
çöküşündən sonra millilik, yoxsa, kürəsəlləşmə
ayrıcında qalmış sovet insanı və hətta
ümumən Adəm övladının tale tablosunu sifariş
eləyib. Vəli bu gün üç yolun
ayrıcındadır: nostalji onu doğulub
böyüdüyü Borçalıya çəkir, durum
Bakıda yaşamağa vadar eləyir, arzular isə dünyaya
səsləyir. Təsadüfi deyil ki, Bakı, Şuşa,
Xocalı, Qazax, Göyçə, Qubadlı, Xanbulan, Kəlbəcər,
Poylu, Təbriz, Gurcüstan, Türkiyə, Qazaxıstan, bir
sözlə, Xankəndidən Turana qədər ən fərqli
yerlərə şeirlər düzüb-qoşsa da, onun əzəli-əbədi
cənnəti, Atlantida, Şambala, Çənlibel, İtaka,
Utopiya, Şimal ölkəsi, Günəş şəhəri,
Makonda, Yoknapatof, Buzbulağı, yəni xoşbəxtliklə
bağlı hər cür idilliyasının gerçəkləşdiyi
qutsal məkanı, bir sözlə, hər yeri və hər şeyi Borçalıdır:
Qayaları
qatar-qatar düzülüb,
Bulaqları
sal qayadan süzülüb.
Oğlu-qızı
qürbət eldə üzülüb,
Gözlərimin
yaşındadır Borçalım.
Dəyərli
oxucu, ümid edirəm ki, bu günlərdə 60
yaşını tamam eləyən, "Yarı böləmməzlər
ürəyimizi", "105 il öncə", "Xankəndidən
Turana" kimi kitabları işıq üzü görən
şair haqqında sözümə məhz özümə
ithaf olunmuş şeirlə başlamağıma ucuz
özünüreklam kimi baxmırsan. Amacım Vəlinin
çoxlarına adi görünə biləcək sözlərə qarşı həssaslığı
və azadlıq duyğusunu
vurğulamaqdır - bu həssaslıq olmayan yerdə
şair, bu azadlıq olmayan yerdə şeir olmur. Şairin fikrincə, azadlıq nəinki
təkcə insana deyil, küçə itindən
tutmuş, dağ qartalına qədər, bütün təbiətə məxsus əzəli
keyfiyyət, universal yaşam
formasıdır və insan ağlının yersiz
müdaxiləsi, hətta bu təbii
azadlıq yolunda bir qəfəsə çevrilir:
İnsan
övladının felinə bir bax,
Dəmir
qəfəs hara, qartallar hara?
Göylər
sultanını salıb qəfəsə,
Qartallar
yaraşır uca dağlara.
Mənə
həmişə elə gəlir ki, Vəli yadplanetlidir və
eynən o qəfəsdəki qartal kimi bizim dünyada
sıxılır, darıxır, əzab çəkir,
köçüb özünün yerinə-yurduna getmək,
azad, özgür yaşamaq istəyir.
Ən dürlü şeirlərində
dönə-dönə tərənnüm elədiyi, gündəlik
sözündə-söhbətində dilindən düşməyən,
tərifindən doymadığı, hamıya göstərmək,
hər kəsə sevdirmək istədiyi Borçalı
özü də əslində onun cisminin vətənidir,
ruhununku isə adını-ünvanını bilmədiyi(m) o
hansısa uzaq, əlçatmaz, naməlum planetdir. Və
Borçalı o planetin yerdəki kölgəsi, simgəsi, rəmzi
işarəsi, coğrafi kodu,
şəkli, surətidir.
Vəlinin
təkcə məkanı deyil, zamanı da bizimkindən deyil.
Bəzilərinə anaxronizm təsiri bağışlasa da, bəlkə
bu üzdən onun estetik and yeri və etik pərəstiş
ünvanı Səməd Vurğundur. Görəsən, niyə
həmyerlisi, "Bir köhlən at mindim Qarabulaqda"
şeirinə cavab yazdığı, haqqında bir çox
şeirlər, özəlliklə də "Zəlimxan
köçür" adlı, yəqin ki, ən yaxşı
elegiyanı qələmə aldığı Zəlimxan Yaqub
yox, məhz Səməd Vurğun? Çünki tez-tez ekrandan
seyr elədiyin, efirdən dinlədiyin, əl verdiyin, kəlmə
kəsdiyin, xeyirdə-şərdə bir masa arxasında
oturduğun, bir sözlə, canlı surətdə
gördüyün şəxsin ideallaşması bir az çətindir.
İdeal gərək hansısa mifik, əlçatmaz zamanda təsəvvür olunsun, onun
haqqında artıq sənə qədər rəvayətlər
düzülüb qoşulsun, o bir əfsanəyə
çevrilsin. Az qala müasirimiz olmasına baxmayaraq,
poeziyamızın əfsanəvi imzası - Vurğun bir
çoxları kimi,Vəli Qaraçaylı üçün
də sözün birbaşa anlamında kulta çevrilib. Onun
görkəmli şairin anadan olmasının 105 illiyi
münasibətilə qələmə aldığı "105 il öncə"
poeması, şairin ev muzeyindən aldığı təəssüratla
yazdığı "Evində yaşayır ruhu
Vurğunun" və tanınmış ziyalı, neçə-neçə
nəsil şair-yazıçıları, eləcə də
Səməd Vurğunu Salyandakı yurdunda ağırlayan İmamverdi Əbilova müraciətlə
düzüb-qoşduğu "Möhtərəm qoca"
şeiri bu kultdan xəbər verir. Vurğun kimi yaşamaq,
Vurğun kimi yanmaq, Vurğun kimi yazmaq! Vəlinin insan kimi də, vətəndaş
kimi də, şair kimi də
idealı budur:
Günəş
tək şöləsi sönməz şairin
Adını
hər zaman anmalıyıq biz.
Ay Vəli,
Vətəni çox sevmək üçün
Vurğun
tək alışıb yanmalıyıq biz!
Şairin
fikrincə, bu gün güneyli-quzeyli Azərbaycanın,
böyük Türküstan ellərinin şairi kimi
andığımız unudulmaz Zəlimxan Yaqub özü də
Səməd ənənələrinin davamçısı,
Vurğun məktəbinin yetirməsidir:
O, Səməd
Vurğunun yadigarıydı,
O,
Ağrı dağının zirvə qarıydı.
Şairlər
bağının son nübarıydı,
Köçür
şeiriyyətdən şöhrət, şan
köçür,
Şairlər
sultanı Zəlimxan köçür.
Cümlə-cahan
deyir, dörd bir yan deyir,
Borçalı
can deyir, Təbriz can deyir.
Türküstan
sızlayıb Zəlimxan deyir,
Köçür
tarixlərə, anbaan köçür,
Şairlər
sultanı Zəlimxan köçür.
Vəli
Qaraçaylını axşamlar öz dostları ilə Səməd
Vurğunun heykəli ətrafındakı parkda tez-tez
yürüşə çıxan görürəm və hər
dəfə mənə elə gəlir ki, onlar təkcə
cismən deyil, ruhən də artıq yüklərdən azad
olmaq, arınmaq, təmizlənmək
istəyir, Ustadın sadəcə, heykəli deyil,
sözünün də başına dönür - Səməd
Vurğun orbitində fırlanırlar. Amma bu, təkcə
Vurğunun deyil, Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, Aşıq Ələsgər kimi həm
yazılı, həm də
şifahi sözümüzün ən ünlü isimlərinin
poetik yaradıcılığını səciyyələndirən,
eləcə ədəbiyyat yox, həm də həyatın əsasında
duran eşqin, sevginin, aşiqliyin, aşıqlığın,
cünunluğun, şairliyin, məcnunluğun, müşfiqliyin, şaiqliyin, dəliliyin,
çılğınlığın, arifliyin,
vurğunluğun orbitidir! Və söz Vəlidən gedəndə
bunu elə-belə, gəlişigözəl söz kimi demirəm.
Bir dəfə
axşamüstü Vəliylə birlikdə yenə Vurğun
orbitində fırlanırdıq. Əynində hərbi forma,
sinəsində medallar skamyada oturmuş, üzündən kədər,
gözlərindən ümidsizlik boylanan gənc bir əsgər
diqqətimizi çəkdi. Vur-tut, bir
addımlığında olsaq da, o bizi görmür,
bütün çevrədəkilərə sanki hansısa
uzaq bir dünyadan baxırdı. Yanında əyləşib şər
qarışan vaxtı niyə burda tək-tənha
oturduğunu soruşduq. Aydın
oldu ki, Qarabağ savaşı qazisidir, rayondan gəlib,
ailəsi-uşağı var, işsizdir, xəstədir, dərman
almağa pulu yoxdur və taleyin ədalətsizliyi, toplumun
etinasızlığına cavab olaraq, çıxış
yolunu özünü öldürməkdə görür. O, əlbəttə,
bunları indi yazdığım kimi arın-arxayın demir,
ümumən heç bir giley-güzar eləmir,
suallarımıza könülsüz cavablar verir, bu
yazdıqlarımı isə dediklərindən daha çox,
onun kallaşmış səsi, donuq
baxışlarından oxuyurdum. Vəli əsgəri bir
xeyli danlayıb-dansıyıb, qərarından
daşındıra bildi, əlindən tutub zorla ayağa
qaldırdı, yaxındakı
yeməkxanalardan birinə aparıb yedirtdi, aptekdən
lazım olan dərmanlarını alıb verdi, cibinə pul
qoydu, sonra da rayon görəvlilərinə zəng edib,
onları qaziyə haqqı çatan qayğını
göstərməyə çağırdı.
Bizdən
ayrılanda qazi ruhən
artıq dirilmişdi - bir-iki saat bundan öncəki
işığı öləzimiş gözlərində
ümid qığılcımları oynaşırdı. O
indi tək deyildi. Bəli, qazi o gecə ölməməli,
yaşamalıydı - bu onu
odun-alovun içindən qurtaran Tanrının
hökmüydü! Amma bizi onunla görüşdürən
qüvvə həm də Vəli Qaraçaylı bu
misraları düzüb qoşsun deyə
görüşdürmüşdü:
Bu
dünyaya göz açandan
Haqq-ədalət
dəlisiyəm.
Yaranandan
bugünədək,
Mən
Allahın Vəlisiyəm!
Vəli
Qaraçaylının təkcə sözüylə deyil, əməliylə
də vurğunluq orbitində fırlandığını
göstərən daha bir olay Qarabağ zəfərindən
sonra Sabunçu Rayon İcra Hakimiyyətinin düzənlədiyi
görüşdə baş verib:
tədbirə qatılan şair Azərbaycanda yaşayan
xalqlar və etnoslar birliyinin qələbəmizdəki rolunu tərənnüm
eləyən "Dəmir yumruq" şeirini oxuyur və
şeir ədəbiyyat, ümumən mədəniyyət
adamlarına qayğısı ilə seçilən İcra
Hakimiyyəti başçısı Adil Vəliyev tərəfindən
yüksək qiymətləndirilərək
mükafatlandırılır; lakin Vəli Qaraçaylı bu
mükafatı tədbirdə iştirak eləyən şəhid
anasına bağışlayır; bu gözlənilməz
jestdən şairə rəğbəti daha da artan İcra
başçısı onu elə ordaca ikinci dəfə
mükafatlandırır və ardınca da onun Sabunçu
Rayon Ağsaqqallar Şurası sədrliyinə namizədliyini
irəli sürür. Çox çəkmir ki, Respublika
Ağsaqqallar Şurasının sədri, Millət vəkili,
professor Eldar Quliyevin də iştirak etdiyi toplantıda Vəli
Qaraçaylı yekdilliklə bu görəvə seçilir.
Xalqların
qardaşlığı, dostluğu ideyasını sovet
dönəmi poeziyasında yalan-gerçək tərənnüm
eləyən əsərlər çox olub. "Dəmir
yumruq" onlardan bir çox yönüylə seçilir:
birincisi, bu şeir saxta, riyakar, məkrli sovet ideologiyasına
deyil, ulu öndər Heydər Əliyev cənabları tərəfindən
irəli sürülən və 90-cı illərdə bizi
qaçılmaz vətəndaş qarşıdurması fəlakətindən
xilas eləyən, Azərbaycanı parçalamaq istəyən
daxili və xarici separatist qüvvələrin arzusunu
gözündə qoyan azərbaycançılıq
ideologiyasına söykənir; digər tərəfdən,
tarixi həqiqəti ifadə eləyir - Qarabağ zəfərinin
qazanılmasında həlledici amillərdən biri ölkədə
yaşayan bütün xalqlar və etnosların bir bayraq
altında dəmir yumruq kimi birləşməsidir; və nəhayət,
vətənimizdə yaşayan 22 xalq və etnosun adları ədəbiyyat
tariximizdə ilk dəfə bir yerdə, bəziləri isə
ümumən ilk dəfə bu şeirdə çəkilir:
...Türk
oğluna arxadır
Onun udun
sirdaşı.
Silahından od saçır
İgid
talış qardaşı.
Qurban olum
ləzgitək
Cəsur
vətən daşına.
Şah
dağı tək qar yağıb
Anaların
başına.
...Yenilməzdir
kürd oğlum,
Tatım,
ceklim balamdır.
Haputlumun
gözündə
Qarabağım
qalamdır.
Yəhudim
də uğrunda
Şəhid
olur, ey Vətən!
Xınalığın,
Qırızın
Gözü
dolur, ey Vətən!..
"Dəmir
yumruq" olayı göstərir ki, Vəli Qaraçaylı
sözü görəv sahibləri yanında qiymətə,
xalq arasında hörmətə mindirən şairdir.
Bakıdan Şuşaya qədər ən müxtəlif məkanlarda
düzənlənən toplantılarda bu şeirin onun
ifasında dinləyicilər tərəfindən necə hərarətlə,
ürəkdən gələn alqışlarla
qarşılanmasının dönə-dönə şahidi
olmuşam. Sadəcə, ona görə yox ki, Vəlidə
yüzillərin şeir və aşıq-ozan sənətindən
gələn rəvan nitq,
axıcı diksiya, bəlağət var, o, ilhamla
yazdığı kimi, içdən gələn avaz, pozulmayan
ahənglə deməyi, dinləyicilərin
diqqətini əvvəldən
axıracan özündə tutub saxlamağı,
yaşadığı duyğuları onlara da
yaşatmağı bacarır. Bir də ona görə ki,
şair "Dəmir yumruq"da ümumxalq mövqeyinin ifadəçisi
kimi çıxış eləyir, etnik-milli mənsubiyyətindən
asılı olmayaraq, bütün vətəndaşlarımızın
ürəyindən xəbər verir,
dövlət və xalqın birliyini tərənnüm
eləyir.
Sabunçu
Rayon İcra hakimiyyətinin düzənlədiyi tədbirdə
baş verən olaydan illər keçib və şair onu məsul
görəvə seçənlərin
yanılmadığını hər addımda göstərib
- ona üz tutanların işinə yaramağa
çalışıb, yuxarının da,
aşağının da rəğbətini qazanıb. Hətta
əlindən gələn köməyi göstərməyə
çalışdığı adamların bəzən qədirbilməzliyi
belə, onu öz vurğunluq
orbitindən çıxara bilmir. Çünki bu onun Nadir kimi
köhnə kişilərdən gələn və şeirlərindən
birində dediyi kimi, getdikcə nadir özəlliyə
çevrilməyə başlayan fitrətindən doğur:
Sərt
baxışı şimşək təki çaxardı,
Öldürsən
də haqqın əlin sıxardı.
Söz
ağzından bircə dəfə çıxardı
Köhnə
kişilərin, ər kişilərin.
"Xankəndidən
Turana" kitabının əlyazması ilə
tanışlıq zamanı kəşflərimdən biri Vəli
Qaraçaylının Xalq şairi Rəsul Rzanın
"Göy hasarın üstündən sallanıb ağ yasəmən/
Tez-tez gəlib keçirəm bu küçədən indi mən"
beytiylə başlayan, sevgi mövzusunda, yumoristik ruhda yazılmış "Ağ yasəmən"
şeirinə yazdığı eyniadlı cavab oldu:
Göy
hasarın üstündən sallanan ağ yasəmən,
Şair,
yaman çəkibdir sinənə dağ yasəmən.
Qulac
hörükləriylə səni salıb kəməndə,
Sən
keçirən hissləri duyub keçirdim mən də.
Maraqlıdır
ki, modern şeirimizin banisinin
yaradıcılığına üz tutanda da Vəli
Qaraçaylı onun məhz heca vəznində, hətta məsnəvi
janrındakı şeirini seçir, yəni öz
yaradıcılıq təbiətinə sadiq qalır, yenə
də vurğunluq orbitində fırlanır və
poeziyamızın bir əsrdən bəri ədəbi
mübarizədə olan iki yönü - ənənəvi ilə
moderni, Səməd Vurğunla Rəsul Rzanı ikinci planda bir
araya gətirir.
Vəli
Qaraçaylının Allahın qüdrəti, qutsal dini
şəxsiyyətlər, vətən, onun təbii gözəllikləri,
sevgi, ömrün vəfasızlığı, sosial-mənəvi
naqisliklər, Qarabağ zəfəri, turançılıq
ideyası, ayrı-ayrı görkəmli tarixi və ədəbi
simalar, müasirlər, yaxınlar və doğmalara həsr elədiyi
şeirlərin qabarıq cəhəti onların xalq şeiri
şəkillərindən gəlməsi və ən uğurlu
nümunələrdə obrazların
bədii ümumiləşdirmə
səviyyəsinə qalxmasıdır. Bunun qabarıq örnəyi
ulu öndər Heydər Əliyevin şairin bədii təqdimində
konkret bir şəxs olmaqdan çıxaraq, vətənə
məhəbbət, xalqa sədaqət, ümummilli birlik, əyilməzlik,
yenilməzlik, cəsarət, idrak, əzəmət, fədakarlıq,
polad kimi sınmaz iradənin rəmzinə çevrilməsi,
onun ideyalarının təkcə keçmişimiz deyil, bu
günümüz və sabahımızın da etibarlı
qarantı kimi qavranılmasıdır. Təsadüfi deyil ki,
Respublika Ağsaqqallar Şurasının Heydər Əliyev cənablarının
100 illiyi münasibətilə Alov qüllələrinin Nizami
zalında düzənlədiyi, türkdilli ölkələr
ağsaqqallar şuraları üzvlərinin
qatıldığı möhtəşəm tədbirdə
yekun söz şairə verilmiş və onun ulu öndərə
həsr elədiyi "Yüz il öncə işıq
saçdı dünyaya" şeiri zaldakılar tərəfindən
sürəkli alqışlarla
qarşılanmışdı:
Ayaq
basdı torpağına Xızırtək,
Başdan-başa
pir elədi Vətəni!
Sinə gərdi,
dağılmağa qoymadı,
Birləşdirib
bir elədi Vətəni!
Xalqı
üçün fəda etdi canını,
Düşmənlərin
ürəyinə dərd oldu.
Ömrü
boyu əyilmədi, sınmadı,
Məğrur
oldu, mətin oldu, mərd oldu.
Heydər
baba söylədiyi kəlamlar
Çətin
gündə gərəyidir xalqımın.
Milyonların
ürəyində gül açan
Arzusudur,
diləyidir xalqımın.
O
qurduğu rəşadətli ordumuz
Qarabağı
yad əllərdən qopardı.
Azərbaycan
xilaskarın yolunu
İlham
ilə zəfərlərə apardı!
Bəzən
bizdə iki anlayışı qarışdırırlar -
dövlətçilik və sarayçılığı!
İstər "Yüz il öncə işıq
saçdı dünyaya", istər Prezident İlham
Əliyevə yazdığı və mahnı bəstələnərək
rəsmi dövlət tədbirlərində ifa olunan
şeirində, istərsə də Türkiyənin sayın
cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın
şərəfinə yazanda Vəli Qaraçaylı
sarayçı deyil, dövlətçidir, azərbaycançılıq
və turançılıq ideallarının alovlu tərənnümçüsüdür.
Çağdaşlarımızın saray şairi olmağa
zatən imkanı da yoxdur. Azərbaycan demokratik dəyərlərə
söykənən, bu yöndən bütün Yaxın və
Orta Şərqə örnək olan
sivil bir ölkədir. Burda orta çağlara məxsus
mədhiyyəçilik nə aşağılar, nə də
yuxarılar tərəfindən qəbul olunur.
Qarşıda
isə şairin yazdığı kimi, bizi Xankəndidən
Turana aparan uzun, şərəfli zəfər yolu gözləyir:
Unutmadıq
ötüb keçən çağları,
Bağbanını
qarşılayan bağları.
Mübarizin
ruhu gəzən dağları
Məlhəm
edib basdıq, Vətən,
yarana,
Xankəndidən
yol gedirik Turana!
Bu
günlərdə Vəli Qaraçaylının 60
yaşı tamam oldu. Bu 60 ildə onun itkiləri az olmayıb,
amma qazandıqları daha çox olub: ömrünü-gününü
qoyduğu kitablar, yaradıcılığını dəyərləndirən
Camal Mustafayev, Mürsəl Həkimov, Əhməde Həpo,
Vaqif Nəsib, Zəlimxan Yaqub, Elxan Məmmədli, Knyaz Aslan,
Salatın Əhmədli kimi ünlülər, ödüllər,
mükafatlar, vəfalı ömür-gün yoldaşı,
qayğısını çəkən övladlar, gələcəyinə
güvəndiyi nəvələr, xatirini istəyən dostlar,
ən başlıcası, möhtəşəm tribunalardan
oxuduğu şeirlərini alqışlarla qarşılayan
dinləyici kütləsi. Sayğıdəyər şairimizi
həm 60 illik yubileyi, həm də "Xankəndidən
Turana" kitabının işıq üzü görməsindən
dolayı bütün dostlar adından ürəkdən
qutlayıram.
Əziz Vəli,
altmışı aşırdın, yüzə nə
qalıb ki? Tanrıdan sənə cansağlığı,
yeni yaradıcı uğurlar diləyirəm.
Dərin
sayğılarla...
26.04.2025
Əsəd
CAHANGİR
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, ¹16.- S.14-15.