Maqsud İbrahimbəyov:
yazıçı, sənətkar, düşüncə adamı
Maqsud İbrahimbəyov-90
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Maqsud İbrahimbəyov XX əsr və
XXI əsrin əvvəllərində milli bədii fikir tarixində özünəməxsus iz buraxmış yazıçılardandır. Onun yaradıcılığı təkcə ədəbiyyatın
deyil, həm də cəmiyyətin müxtəlif problemlərinin
bədii inikasına çevrilmişdir. Maqsud İbrahimbəyovun
hekayə, povest, roman, dram və kino ssenarilərində insan
xarakterlərinin dərindən açılması, sosial-mənəvi
dilemmlərin ustalıqla təqdim olunması, ictimai proseslərə
yazıçı baxışının cəsarətli və
realist formada ifadə edilməsi diqqətçəkən məqamlardandır.
O, ədəbiyyata gəldiyi
dövrdən etibarən, Azərbaycan nəsrinin
inkişafında mühüm rol oynamış, cəmiyyətin
müxtəlif təbəqələrini təmsil edən
obrazlar vasitəsilə oxucunu düşündürməyi,
hadisələrə güzgü tutmağı
bacarmışdır. İbrahimbəyovun əsərlərində
sovet dövrünün sosial reallıqları, insanın daxili
aləmi və mənəvi axtarışları, həmçinin
postsovet cəmiyyətindəki ziddiyyətlər bədii dillə
ifadə olunmuşdur. Onun yaradıcılığı təkcə
məişət çərçivəsi ilə məhdudlaşmır,
həm də zamanın və epoxanın ruhunu, insanın
taleyindəki mürəkkəb dönəmləri əks
etdirir.
Yazıçının bədii irsi Azərbaycan ədəbiyyatında
humanizm ideyalarının, mənəvi məsuliyyətin və
sosial ədalət axtarışlarının parlaq ifadəsidir.
Maqsud İbrahimbəyovun bədii
yaradıcılığının əsas
xüsusiyyətlərindən biri onun cəmiyyətə və
insana dərin, eyni zamanda realist münasibətidir.
Yazıçı müxtəlif sosial təbəqələrə
mənsub insanları - sadə zəhmətkeşləri,
ziyalıları, vəzifə sahiblərini, sıravi vətəndaşları
- bədii obrazlar şəklində təqdim edərək, onların
daxili dünyasını, həyat tərzini və psixoloji vəziyyətini
böyük ustalıqla təsvir etmişdir. Onun əsərlərində
təkcə insanın zahiri fəaliyyəti deyil, həm də
mənəvi aləmi, həyat qarşısında seçimi
və əxlaqi məsuliyyəti əsas diqqət mərkəzində
dayanır.
İbrahimbəyovun yaradıcılığında sosial ədalətsizlik,
riyakarlıq, bürokratiya, cəmiyyətin bəzən
insanı "əzməyə" meyilli mexanizmləri tənqid
olunur. Eyni zamanda yazıçı bu problemləri sadəcə
tənqid etməklə kifayətlənmir, onların
arxasında dayanan səbəbləri açmağa,
insanın daxili narahatlığını və mənəvi
parçalanmasını göstərməyə
çalışır.
Onun qəhrəmanları çox
zaman adi insanlardır, lakin onların həyatları vasitəsilə
böyük və ümumbəşəri suallar irəli
sürülür: İnsan nə üçün
yaşayır? Vicdan nə deməkdir? Cəmiyyət qarşısında
məsuliyyət nədir? - İbrahimbəyovun bu kimi suallara
cavab axtarışı onun ədəbi mövqeyini müəyyənləşdirir.
Yazıçının əsərlərində
satira və incə
yumor mühüm yer tutur. O, ironiyanı həm cəmiyyətin
qüsurlarını göstərmək, həm də
insanın özünü dərk etməsinə şərait
yaratmaq üçün istifadə edir. Bu baxımdan onun bədii
dili həm dərin fəlsəfi məzmun daşıyır,
həm də oxucunu düşündürmək gücünə
malikdir.
Maqsud İbrahimbəyovun bədii
irsi janr baxımından olduqca rəngarəngdir.
O, hekayə, povest, roman, dram və kino ssenarisi kimi müxtəlif
ədəbi formalar vasitəsilə oxucuya müraciət
etmiş, hər bir janrda orijinal və yaddaqalan nümunələr
yaratmışdır. Bu janr müxtəlifliyi onun zəngin
müşahidə qabiliyyəti və bədii
düşüncə çevikliyinin göstəricisidir.
İbrahimbəyov daha çox adi insanların həyatı, gündəlik məişət,
mənəvi böhranlar və insan xarakterinin sınaq
anları üzərinə diqqət yönəldir. "Fəlakət",
"Püstə ağacı",
"Uşaqlığın son gecəsi", "O yol
haradadır", "Qardaşdan yaxşısı yox
idi", "Bir az bahar bayramı", "Tanımadığım
mahnı", "Bir gözəl gündə", "Qoy o
bizimlə qalsın", "Uğurlu sonluqla bitən hekayə"
kimi povest və hekayələrdə müəllifin həyatın
incə məqamlarını necə dərinliklə dərk
etdiyi və bunları sadə, lakin təsirli dillə ifadə
etdiyi aydın görünür. Bu əsərlərdə bəzən
tənqid, bəzən isə nostalji və mərhəmət
motivləri ön plana çıxır.
Dram əsərlərində yazıçı
dialoqların gücünə və səhnə
situasiyalarının dinamizminə xüsusi diqqət yetirir.
Onun yazdığı pyeslər bir çox teatr səhnələrində
uğurla səhnələşdirilmiş, geniş
tamaşaçı auditoriyasının rəğbətini
qazanmışdır. "Mezozoy əhvalatı", "Mənə
vaxt ver!", "Bütün yaxşılıqlara görə
ölüm", "Gənc qadın üçün
kişi", "Neft bumu hamıya gülümsəyir",
"Final restoranı" kimi pyeslərdə o, ailə, sevgi,
nəsillərarası münasibətlər və zamanın dəyişməsi
ilə bağlı mövzuları səhnəyə gətirmişdir.
Maqsud İbrahimbəyov kino ssenariləri
sahəsində də uğurlu nümunələr yaradıb.
"Uşaqlığın son gecəsi", "Mən səni
xatırlayıram, müəllim", "Qoy o bizimlə
qalsın", "Sən, mənim mahnımsan",
"Mezozoy əhvalatı", "Bir gözəl gündə",
"Truskavesə kim gedəcək?" kimi ekran əsərləri
onun həm ssenarist, həm də yazıçı kimi
güclü olduğunu təsdiqləyir. Bu filmlər Azərbaycan
kinosunun klassik nümunələri sırasında yer alır və
yazıçının bədii-estetik düşüncə
tərzinin vizual formada necə işlədiyini göstərir.
Yazıçının əsərlərinin
mövzu dairəsi də
olduqca genişdir: fərdi-mənəvi böhranlar, ailədaxili
konfliktlər, dostluq və sevgi münasibətləri, sosial ədalətsizlik,
həyat və ölüm, yaddaş və zaman, müharibənin
psixoloji izləri və sair. Bu mövzularda yazıçı
həm lokal (Azərbaycan cəmiyyəti kontekstində), həm
də ümumbəşəri dəyərlərə söykənən
bədii baxış ortaya qoyur.
Maqsud İbrahimbəyovun bədii
üslubu Azərbaycan ədəbiyyatında
fərqlənən və tanınan üslublardandır. Onun əsərlərində
üslub yalnız texniki vasitə deyil, həm də
yazıçının dünyagörüşünü,
estetik zövqünü və ictimai mövqeyini ifadə edən
əsas bədii silahdır. İbrahimbəyovun
yaradıcılığının təməlində
humanizm, realist təsvir və psixoloji dərinlik dayanır.
Yazıçının
dili sadə, aydın və canlıdır. O, süni bədii
təsvirlərdən uzaq duraraq, xalq dilinin ifadə
imkanlarına əsaslanır və bu da onun əsərlərinə
təbiilik və inandırıcılıq gətirir. Əsərlərində
danışıq dili, məişət frazeologiyası, sarkazm
və incə yumor geniş yer tutur. Bu elementlər onun mətnlərini
həm oxunaqlı, həm də həyati edir.
Maqsud İbrahimbəyovun hekayə
və povestlərində qəhrəmanların
daxili aləminin açılması üçün psixoloji
detallara xüsusi diqqət verilir. Qəhrəmanlar bəzən
hadisələrin təsiri ilə, bəzən də daxili
ziddiyyətlərin qarşısında psixoloji gərginlik
yaşayırlar. Bu baxımdan onun obrazları statik deyil, dəyişən
və inkişafda olan insanlardır.
Yazıçının yaradıcılığında
hadisələrə ironik
baxış mühüm yer tutur. O, cəmiyyətin ziddiyyətlərini,
sosial mühitin çatışmazlıqlarını
düşündürücü şəkildə təqdim
edir. İbrahimbəyov qəhrəmanlarını və hadisələri
tənqid edərkən ittiham yoluna deyil, daha çox
düşündürmək, oxucunu məsuliyyətə
çağırmaq üsuluna əl atır.
Digər
tərəfdən, onun
yaradıcılığında nostalji və
keçmişə sayğı da mühüm yer tutur.
Uşaqlıq xatirələri, ötən illərin
insanları, dəyərləri və duyğuları onun bədii
məkanında canlı və təsirli şəkildə
yaşayır. Bu isə onun ədəbi üslubunu həm
emosional, həm də fəlsəfi baxımdan zənginləşdirir.
Maqsud İbrahimbəyovun bədii
yaradıcılığı təkcə
ədəbi prosesin bir hissəsi olmaqla kifayətlənmir, həm
də ictimai şüurun formalaşmasında, mədəni
yaddaşın qorunmasında və milli-mənəvi dəyərlərin
təbliğində mühüm rol oynamışdır. Onun əsərləri
müxtəlif nəsillərdən olan oxucular
üçün həm mənəvi dərs, həm də bədii
zövq mənbəyi olmuşdur. Yazıçının
yaratdığı obrazlar cəmiyyətin müxtəlif təbəqələrini,
fərqli düşüncə və davranış modellərini
təmsil etməklə yanaşı, həmin dövrlərin
sosial-psixoloji mənzərəsini də əks etdirir.
İbrahimbəyovun yazıları insanı
düşünməyə, öz
vicdanı və ətraf cəmiyyət qarşısında
mövqeyini müəyyənləşdirməyə vadar edir.
Onun əsərlərində gündəlik həyatdakı adi
situasiyalar bəzən dərin fəlsəfi mənalar kəsb
edir. Bu da onun yaradıcılığının ictimai təsir
gücünü artırır və onu sadəcə
yazıçı yox, həm də fikir adamı səviyyəsinə
yüksəldir.
Maqsud İbrahimbəyovun əsərləri
yalnız Azərbaycan oxucusu
üçün deyil, rus və digər postsovet məkani
üçün də əhəmiyyətlidir. O, sovet
insanının mənəvi ziddiyyətlərini, ideoloji
sistemin doğurduğu absurd vəziyyətləri və azad
düşüncəyə susamış insanın faciəsini
universal dildə ifadə edə bilmişdir. Bu səbəbdən
onun bir çox əsərləri rus dilində də çap
olunmuş və geniş oxucu auditoriyası
qazanmışdır.
Bundan əlavə, yazıçının
kino ssenarilərinə çevrilmiş əsərləri Azərbaycan
mədəniyyətinin ümummilli sərvətlərinə
çevrilmişdir. Onların ekranda canlandırılması
onun ideyalarının daha geniş yayılmasına və
ictimai təsir imkanlarının artmasına səbəb
olmuşdur.
M.İbrahimbəyovun bədii irsi həm də bir
dövrün tarixidir - bu tarix sadəcə siyasi və ya
iqtisadi faktlarla deyil, insan taleləri, duyğular və dəyişən
zamanın gətirdiyi sarsıntılarla
yazılmışdır. Onun əsərləri bu baxımdan
həm sənət, həm də sənəd mahiyyəti
daşıyır.
Maqsud İbrahimbəyovun ədəbi
yaradıcılığı Azərbaycan
nəsrinin ən parlaq səhifələrindən birini təşkil
edir. Onun əsərləri zamanın ruhunu, insanın daxili aləmini
və cəmiyyətin sosial-psixoloji problemlərini dərinliklə
əks etdirməsi baxımından yüksək bədii və
ictimai dəyərə malikdir. O, ədəbiyyata sadəcə
yazıçı kimi deyil, hadisələri müşahidə
edən, təhlil edən və onları sənət səviyyəsində
ifadə edən bir düşüncə adamı kimi
yanaşmışdır.
M.İbrahimbəyovun yaratdığı
obrazlar, toxunduğu
mövzular, istifadə etdiyi bədii vasitələr Azərbaycan
oxucusunun həm keçmişinə, həm də bu
gününə güzgü tutur. Onun yazılarında
görünən sosial tənqid, incə psixoloji nüanslar,
xalq dilinin canlılığı və ümumbəşəri
dəyərlərə bağlılıq onu ədəbi
mühitdə xüsusi mövqeyə çıxarır. O,
sözün həm estetik, həm də mənəvi
gücünü dərk edən və bunu
yaradıcılığı ilə sübut edən sənətkardır.
Bu gün Maqsud İbrahimbəyovun əsərləri gənc
nəsil yazıçılar və oxucular üçün dəyərli
örnəkdir. Onun yaradıcılığı
çağdaş Azərbaycan ədəbiyyatında bədii
düşüncənin inkişafında mühüm mərhələ
olmaqla yanaşı, milli-mənəvi identikliyin qorunması və
gələcək nəsillərə ötürülməsi
baxımından da əhəmiyyətli missiya
daşıyır.
Fəridə SƏFİYEVA
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.18.