Ailənin fotoşəkli
9 may -faşizm üzərində qələbə
günüdür
Hekayə
"Xəndi xo!"
səslərini eşitməyi ilə
dörd tərəfdən əliavtomatlı
almanın ona tərəf irəlilədiyini gördü.
Gülləsi qurtarmışdı.
Faşistlərdən heç
olmasa, bir neçəsini də öldürə bilmədiyinə
təəssüfləndi. Qəhər
onu boğdu. Ehtiyatsızlıq edib özü üçün
patron saxlamamışdı. Onların gülləsindən,
əzab-işgəncəsindən, əsir düşməsindən
öz gülləsi ilə ölməyi daha şərəfli sayırdı. Nə etməli? Taleyin qismətiymiş.
Bəxtiyar ayağa qalxdı.
Avtomatı bir tərəfə tulladı.
Qumbarası da qalmamışdı.
Yalın əllə bu qədər faşistə qarşı
necə dayana bilərdi?!
Yenə
qışqırdılar: "Xəndi xo!" Bəxtiyar
alman dilini bilməsə
də, bu kəlmələrin mənasını
anlayırdı: yəni
"əllər yuxarı".
Lakin o, əllərini qaldırmadı.
İti nifrət yağan baxışlarını
zabit geyimində olan almanın gözlərinə zillədi.
Zabitin bədənindən
gizilti keçdi. Lakin
o, qalib idi, Bəxtiyar ona əsir düşmüşdü.
Zabit nədən qorxacaqdı?
- Bir buna bax, gör nə
məğrurdur! Əllərini
də qaldırmır.
Əmrə tabe olmağı ona öyrədin!
Zabit işarə etdi. Arxa tərəfdən əsgərlərdən biri
irəli yeriyib avtomatın qundağını
var gücü ilə
Bəxtiyarın kürəyinə
endirdi. Bəxtiyarın
dizləri qatlandı və üzüstə torpağa düşdü.
Həmin əsgər uzunboğaz çəkməsi
ilə onun belindən, başından,
ayaqlarından daha bir neçə zərbə endirdi. Bəxtiyar ağrının
təsirindən qışqırmamaq
üçün dişlərini
bir-birinə sıxdı.
Lakin zərbələr güclü
idi. O zarıdı. Zabit deyindi:
- Əllərini yuxarı qaldırmağı şəninə
sığışdırmırdın. Ayaqlar altına düşməyi necə sığışdırırsan? Xoşluqla əmrə qulaq asmayanı zorla asdırırlar, üstəlik, anasını
da ağladırlar.
Zabit əsgərlərdən birini
səslədi:
- Hans,
apar, bunun işini bitir.
Hans əlini yuxarı qaldırıb: "Hayl
Hitler!" deyə bağırdı,
əmri yerinə yetirməyə hazır olduğunu bildirdi. Sonra Bəxtiyara əmr etdi ki, onun qabağına
düşsün.
Bəxtiyar əlləri boynunun
ardında qabaqda, Hans isə əlində avtomat arxada gedirdi. Gəlib meşənin sıx yerinə çatdılar.
Hans onu arxadan vurmağı şəninə
sığışdırmayaraq əmr etdi:
- Üzünü çevir...
Bəxtiyar çevrildi. Hans gülləni
ayağa çəkdi.
Ölüm gözlə
qaş arasında idi. Tətik çəkiləcək, Bəxtiyarın
cəsədi yerdə
qalacaqdı. "Görəsən,
uşaqlar nə edirlər? Bu çətin
zamanda necə dolanırlar? Qara kağızım evə çatanda anam saçlarını yolacaq".
Hans atəş açmağa
hazırlaşırdı. Bəxtiyarın
gözləri dolsa da,
göz yaşlarını
birtəhər saxladı.
Düşmən qabağında
özünü sındırmayacaqdı
ki...
Hans atəş açmağa
tələsmədi. Onu
həm də əsgərin cibindəkilər
maraqlandırırdı. Meyitdən
qorxduğu üçün
sağ ikən onu soymaq istəyirdi.
Odur ki, silahı aşağı salıb:
- Ciblərini çevir, saatını çıxar,
ayağımın altına
at.
Bəxtiyar deyilənlərə əməl etdi. Döş cibinə Bəxtiyarın əl vurmadığını gördükdə
maraq Hansa güc gəldi. Yaxınlaşıb
özü yoxladı.
Cibindən bir fotoşəkil çıxartdı.
Bəxtiyar idi, arvadı Gülsənəm
idi, bir də üç uşaq - ikisi qız, biri oğlan. Şəkli görəndə Hansın
əlləri boşaldı,
əl-qolu ilə soruşdu ki, bu sənin ailəndir?
Bəxtiyar başını endirdi.
Bir də başını
qaldıranda gördü
ki, Hans əlində başqa
bir şəkil tutub baxır, gözləri də yaşarıb. Bəxtiyara
şəkli göstərərək
onu başa salmağa çalışdı:
- Mayn ailə, ailə...
Sonra Hans özünü ələ
alıb ciddiləşdi.
Tez avtomatı qaldırıb
Bəxtiyara üzünü
çevirməyi tapşırdı.
Bəxtiyar artıq güllələri kürəyində
hiss edirdi. Az sonra kürəyi od tutub yanacaq, o, əbədi torpağa gömüləcəkdi.
Atəş açıldı. Bəxtiyar
ağrını hiss etmədi.
Avtomat yenidən səsləndi.
Bəxtiyar yerə sərildi. Hans ağır
addımlarla uzaqlaşdı
və sonra gözdən itdi.
Bəxtiyar əli ilə kürəyini yoxladı. Əli qana batmadı,
kürəyi elə bil ağrımırdı.
Çevrilib baxdı.
Hans getmişdi. Yaxınlıqdakı
iri ağacın gövdəsi güllə
yağışından dağılmışdı.
Ailəsi ilə birlikdə çəkdirdiyi
şəkil Bəxtiyarı
ölümün pəncəsindən
qurtarmışdı.
***
Müharibə yenicə sona yetmişdi. Azərbaycan xalqı İkinci Dünya müharibəsi cəbhələrində xeyli
itki versə də, camaat sevinirdi. Qan-qada çəkilmişdi, adamlar
daha rahat nəfəs ala biləcək,
dağıntıları aradan
qaldıracaq, yaralarını,
ağır olsa da, sağaldacaqdılar.
Bəxtiyar ixtisasca mühəndis
idi. Əsirlikdən qaçıb bizimkilərə
qoşulandan sonra bir müddət də döyüşmüş,
orden-medalla geri dönmüşdü. İndi o, yeni təyinat almışdı.
Sumqayıtdakı zavodlardan
birində direktor işləyirdi. Zavodu təzəcə təhvil
aldığından sexləri
əməlli-başlı gəzib
dolaşmamışdı. Bu gün baş mühəndisi də götürüb sexlərə
çıxmışdı.
Fəhlələr gülər çöhrəli,
xoş rəftarlı
Bəxtiyarı gördükləri
ilk gündən başa
düşmüşdülər ki, bəxtləri gətirib. Belə direktorla nə qədər desən, işləmək
olardı. İndi onun
sexə gəlişini
hamı hörmətlə,
baş endirmək, salam verməklə qarşılayırdı. Bəxtiyar
da, öz növbəsində,
onları xoş dillə dindirir, söhbətə tuturdu. Əli Bayramlı rayonunda boya-başa çatmış, təhsil
almış, oradan cəbhəyə yollanmış
Bəxtiyar bu sadə adamlarla tanış deyildi, onları birinci dəfə görürdü.
Lakin bu, o demək deyildi ki, tələbkarlığını
azaldacaqdı. Ruslar demişkən, "drujba drujba, slujba slujba".
Birdən
Bəxtiyarın baxışları
dəzgah arxasında dayanıb əl saxlamadan işləyən,
diqqəti yalnız istehsal etdiyi məhsulda olan başı bretkalı adama sataşdı. Həmin şəxs ona tanış gəlirdi. Onu harada görmüşdü?
Xatırlaya bilmirdi.
"Bəlkə onun yadına düşdü"
fikriylə ona yaxınlaşdı. Salam verdi.
O, Bəxtiyarı görəndə
sanki gözlərinə
işıq gəldi.
Tez əlini döş
cibinə atdı və iki şəkil
çıxartdı: biri
Bəxtiyarın ailəsinin,
digəri isə öz ailəsinin şəkli idi.
Hadisələr kino lenti kimi Bəxtiyarın gözləri
önündən gəlib
keçdi. Hans alman zabitinin
əmrinə zidd gedərək onu öldürməmiş, meşədə
qoyub getmişdi ki, o öz canını qurtarsın.
Bəs
Hans burada - Sumqayıtda
nə edirdi?
Köhnə dostlar qucaqlaşdılar.
Fəhlələr mat-məətəl
qalmışdılar. Zavod
direktoru əsirlikdə
olan faşist əsgəri ilə qucaqlaşıb öpüşürdü.
Bəziləri, hətta
təəssüfləndilər də: "Heyf, cavan oğlandır. Tutub damlayacaqlar. Bunun dünyadan xəbəri yoxdur nədir?! Siyasətdə kor olanlar, düşmənə
qəhmər çıxanlar,
vətəni satanlar həbsxanalarda çürüyür,
bəzilərini də
çoxdan öldürüblər,
yerləri də bilinmir. Bu da belə getdi".
Bəxtiyar bir qolu Hansın boynunda, digər əlini qaldıraraq:
- Yoldaşlar, bilirsiniz bu kimdir? Hansdır.
Kimsə
mızıldandı:
- Hans olduğunu bilirik. Özü də faşistdir. Əsirdir.
Bəxtiyar:
- Ay canım, almanların hamısı faşist deyil. Sadə xalq, əməkçi insan müharibə istəmir, müharibəyə
istəyinin ziddinə
olaraq cəlb edilir. Mən bu Hansın sayəsində sağ qalmışam.
Sonra Bəxtiyar olub-keçənləri
başına toplaşan
fəhlələrə danışdı.
Fəhlələr susdular.
Bunu görən Bəxtiyar:
- Yaxşı, yoldaşlar, sağ olun, mən getdim. Hamı iş başına.
Sonra əlini Hansın çiyninə qoyub:
- Hans, sən də işində ol. Sonra bir kabinetə gələrsən.
Bəxtiyar kabinetinə qayıdıb
bir xeyli kresloda hərəkətsiz
qaldı. Çox düşünüb-daşındı. Hansın meşədəki
xeyirxah, alicənab, mərd hərəkəti,
onun ailəsi gözlərinin önündən
getmirdi. Bəxtiyar qəti qərara gəlib kağız-qələm
götürdü. Üç
nüsxədə bir məktub hazırladı. Burada başına gələnləri, Hansın
ona etdiyi yaxşılıqları təfsilatı
ilə yazıb məktublardan birini Mircəfər Bağırova,
digərini Jukova, birini də Stalinə ünvanladı.
Bir müddət keçdi.
Zavodun qayğıları ilə
yaşadığı narahat
günlərinin birində
telefon zəng çaldı. Dəstəyi
qaldırdı. Təhlükəsizlik
orqanlarından idi. Onu komitəyə çağırırdılar. Cəld ayağa qalxdı. Bu yolu gedənlər çox vaxt geri dönmürdülər.
Lakin indi dinclik dövrü idi. Buna baxmayaraq Bəxtiyarın rəngi ağarmışdı:
"Görəsən, məktubuma
nə cavab verəcəklər?"
Təhlükəsizlik komitəsinin əməkdaşı onu gülərüz qarşıladı.
Bu, narahatçılıq üçün
əsas olmadığını
göstərirdi. Orqan
işçisi yer göstərdi və söhbəti uzatmadan tez mətləbə keçdi. Bir kağızı
onun qarşısına
qoyub dedi:
- Məktubunuza müsbət
cavab gəlib. Hans əsirlikdən azad olunub.
Akif
ABBASOV
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.19.