Eşqin rəngləri
Romandan hissə
Müəllif
Gülçin - 32 yaşında,
istedadlı rəssam
Böyükkişi - 35 yaşında,
Gülçinin əri
Yalçın - 34 yaşında,
Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış
psixiatr
Müəllif
Dəniz sahilində, yaşıl ağacların kölgəsindəki
xudmani çay bağçası həmişə
üz tutduğum daimi ünvanlardandır. Orada vaxtaşırı dostlarla vaxt keçirmək, şirin söhbətlərdən feyziyyab
olmaq ruhumu oxşayır.
Yenə
belə xoş günlərin birində köhnə dostum Nemətlə ətirli, pürrəngi çayı
qurtumlayır, ötüb
keçənlərdən danışırdıq.
İlıq may günəşinin
şüaları masanın
üzərindəki müşəmbənin
parlaq səthində oynayır, dəniz tərəfdən qağayıların
səsi gəlirdi.
Neməti
uzun illərdir tanıyıram. Tanınmış
psixiatrdır, özəl
klinikaların birində
işləyir. Hər
görüşümüzdə qəbuluna gələn pasiyentlərin adlarını
çəkmədən təsirli
həyat hekayələrindən
nəsə danışır.
Bəzən təəccüb,
bəzən hədsiz
heyrət içində
dinlədiyim o söhbətlərdən
hansısa fraqmentlər
yazıçı təxəyyülümdə
ilişib qalır, onun danışdığı
əhvalatlar, bəhs etdiyi insanlar yaddaşımdan hansısa
sevdiyi ismi seçib sonra yazdığım əsərlərdə
ehmalca özünə
yuva qurur. Amma budəfəki söhbətimiz
tamam başqa məcrada axırdı, nəinki mən, elə Nemət də öz danışdıqlarına heyrət
edirdi:
- Neçə illərdir həkim işləyirəm,
hər cür vaqeə görmüşəm,
hər cür insana, hadisəyə rast gəlmişəm. Gözümün qarşısından
yüzlərlə həyat
hekayəsi, tale yolu keçib, amma belə bir olayla
ilk dəfə qarşılaşıram.
Bir kişini bu cür dəlicəsinə
sevən bir qadın indiyə kimi qarşıma çıxmamışdı. Bilmirsən
heyrətlənəsən, yoxsa, acıyasan? Həm tanınmış rəssamdır, həm də çox gözəldir... Bir qadının
hansısa kişini bu qədər sevib, bağlana biləcəyini düşünməzdim.
Çünki bu cür sevmək ağıl işi deyil. Həddindən artıq olan hər şey adamın həyatını
alt-üst edir. Dahi Nizami boş
yerə yazmayıb ki,
bir inci saflığı varsa da suda, artıq içiləndə dərd
verir o da...
Maraq məni bürüdü. Mütaliəli dostum dahi Nizamini bu
söhbətə daxil
edirsə, deməli, onun heyrəti bəsit bir təəccüb deyil. Dostumun söylədikləri
qeyri-adi sevgi əhvalatından xəbər
verirdi. Onun söhbətinə yön
vermək üçün
təbəssümlə dilləndim:
- Nemət, müdriklər zarafatyana deyirlər ki, ağıllı qadını
sevməkdən qorxmaq
lazım deyil, çünki qadın, həqiqətən, sevəndə
ağlını itirir.
Amma bütün hallarda
əsl sevginin nə olduğunu bilən, kişini ürəkdən sevən
qadınlar hörmətə
layiqdir. Sevmək istedaddır, kiminə az bəxş olunur, kiminə çox. Qadının o vəziyyətə düşməyinə
səbəbkar yəqin
ki, həyatındakı kişi
olub. Sevən qadın müqəddəs
varlıqdır, onu incitmək, hisslərindən
sui-istifadə edib, sonra da taleyin ümidinə buraxmaq kişiliyə yaraşmaz.
Hər kişi istəyər ki, həyatında
onu ürəkdən sevən, ona bağlı olan qadını olsun. Belə qadının dəyərini yalnız əsl kişi anlaya bilər...
Bundan sonra Nemətin danışdıqları xəyalımda
bu əhvalatın bütün qəhrəmanlarının
dili ilə canlanmağa başladı.
Parlaq rənglərin bəzi yerlərdə bir-birinə qarışdığı,
bəzən qara rəngin axıb ümumi tablonu kölgələdiyi, bəzən
rəngsiz yerlərin gözə çarpdığı,
amma ümumilikdə çalarları ilə göz oxşayan gözəl bir eşq tablosu yarandı...
Nemət
Gülçini qəbuluma əri
Böyükkişi gətirmişdi.
O, solğun simasından
dərin iztirablar çəkdiyi sezilən gözəl və zərif qadındı. Qara, qıvrım saçları pərişan
halda çiyinlərinə
dağılmışdı, ala gözlərində əzablı
atəş alovlanırdı.
Əyninə geyindiyi
don qadınlığının bütün cazibəli xətlərini bəlli edirdi. Baxışları adamın qəlbinə nüfuz edirdi, ilk andaca adamı ovsunlayan qəribə bir şarmı vardı. İncə əllərini əsəbi
şəkildə ovuşdurub
qarşımda əyləşdi.
Bu qadını hardan tanıdığımı xatırlamaq
üçün yaddaşımı
zora saldım. Nədənsə yadıma
düşmədi...
Böyükkişi üzümə baxıb
irişirdi. Bu cür irişən adamlar məndə həmişə
ikrah hissi oyadıb. Siqaret çəkməkdən saralmış
dişləri, tüklü
sifəti və çallaşmış saçları
onu olduğundan daha yaşlı göstərirdi. Hırıldayıb
köntöy-köntöy dedi:
- Doxdur, bizim arvadın
başı qaçıb.
Bax, gör neynirsən, dərmandan-zaddan
yaz buna, düzəlsin....
Gülçin ərinin həkimlə
bu cür danışmasından daxilən
əsəbiləşdi, amma
büruzə verməməyə
çalışdı. İşimin
qaydasına uyğun olaraq pasiyentlə tək danışmaq istədiyimi ərinə bildirdim. Böyükkişi
yenidən irişib otaqdan çıxdı. Gülçinin üzündəki
gərginlik bir az azaldı, qadın dərindən nəfəs alıb oturduğu kresloya yayxandı, gözlərini
yumdu. Əvvəlcə
ilk standart sualımı
verdim:
- Özünüzü necə
hiss edirsiniz, şikayətiniz
nədir?
İndiyədək insanın hər
cür əhval-ruhiyyəsi
ilə qarşılaşmışam.
Yanıma gələn
pasiyentlər bəzən
üzgün, kədərli,
bəzən aqressiv olublar. Bəzən susub heç nə demək istəməyiblər, bəzən
coşğunluqla dil-boğaza
qoymadan danışıblar.
Kimisi, hətta durub üstümə hücum da çəkib. Gülçinin halı fərqli idi. O ümidsizliklə ümidin
arasında bir yerdə ilişib qalan qərib yolçu kimi görünürdü. Hiss edirdin
ki, ürəyini boşaltmaq
istəyir, digər tərəfdən də, qınanmaqdan qorxub ağzını açmağa
çəkinir. Sakit baxışlarımla qadına
ürək-dirək verdim,
səbirlə cavabını
gözlədim. Gülçin
qəfildən elə
hönkürdü ki, diksindim.
Masamın üstündəki
salfeti ona uzatdım, burnunu çəkərək, az
qala, bütün sifətini açdığı
salfetdə gizlətdi.
Sakitləşəndən sonra
aram səslə cavab verdi:
- Doktor, heç yaxşı deyiləm. Elə bil məni
bir uçurumdan üzüaşağı atıblar,
ölməmişəm, nəfəsim
üstümdədi, amma
ələ gələsi
salamat yerim də qalmayıb, qırıq-qırıq,
darmadağın olmuşam.
Yaşamaq istəyirəm,
amma bu qədər
ağrı ilə yaşamağım da, onsuz
nəfəs almağım
da mümkünsüz gəlir
mənə. Onun olduğu bir dünyanı tərk edib gedə də bilmirəm, lakin onun dünyasında
mənə yer olmadığı üçün
bilmirəm özümü
hara qoyum... Mənə
elə dərman yazın ki, onu düşünməyim, unudum,
həyatıma əvvəlki
kimi davam edim. Hər an ağlımdadır - gözləri,
əlləri, saçları...
Hələ bədəninin
ağlımı başımdan
alan qoxusunu demirəm... Aman Allah, dəli
olacam!
...Bu qadının kim olduğunu tanıdım! Bayaqdan bəri onu dinlədikcə bu tanış simanın kim olduğunu xatırlamaq üçün yaddaşımın
hər küncünə
girib-çıxırdım. Tanınmış rəssam
Gülçin! İlahi,
belə bir qadın Böyükkişi
kimi birisinin həyat yoldaşı imiş? Ey tale, sən nə qəribəsən?! Elə
atalar doğru deyib, armudun yaxşısını meşədə
ayı yeyər...
Bir neçə il əvvəl
sərgisində də
olmuşdum. Gülçin
daha çox sürrealist avtoportretlər
ustası kimi tanınırdı. Əsərlərində
məşhur meksikalı
rəssam Frida Kahlonun üslubunu və ruhunu sezmişdim. Elə çılğın
baxışları da həmin
dəlisov rəssamı
xatırladırdı. Gülçinin
kətan üzərində
xarüqələr yaradan
əlləri danışdıqca
əsir, gözlərindən
dayanmadan yaş süzülürdü. Bütün
hallarda mən həkim idim, ən gərgin məqamlarda belə soyuqqanlılığımı qoruyub saxlamalıyam. Ancaq bu dəfə
nədənsə vəziyyət
başqa cür alınırdı...
- Təkrarlanan davranışlarınız,
sizə məntiqsiz görünən düşüncələriniz
olurmu, Gülçin xanım?
- Fikirləşirsiniz ki, psixi
xəstəyəm, hə?
Məntiqsiz görünən
düşüncələrim, təkrarlanan davranışlarım
ancaq Yalçını
düşünməkdən, onu sevməkdən ibarətdir. Hə, təkrarlanan davranışlar
olur, bir az təmizliyə qarşı vasvasıyam. Uşaqlıqdan əllərimi
o qədər yuyardım,
evləri dönə-dönə
təmizləyərdim ki, anam
"sofu" deyərdi
mənə. İnsanlardan
da iyrənərdim, hətta
biriylə əl verib görüşsəm
belə, sonra əlimi yuyardım. Elə bilirdim kiminsə əlindən mənə mikrob keçər. Amma Yalçına
vurulandan sonra insandan iyrənmə xüsusiyyətimin necə
yoxa çıxdığına
heyrətləndim. Bilirsiniz,
onu o qədər sevirəm ki, əl-ayağını
yuyub suyunu içməyə də hazıram. Onu o qədər çox sevirəm...
Gülçin yenidən dalğınlaşdı,
baxışları donuqlaşdı,
fikri uzaqlara getdi. Tanınmış rəssam olduğunu bildiyimi də ona bildirmədim. Bir həkim olaraq davranışları da mənə
aydın idi. Əvvəllər simptom halında olan rahatsızlığı birinə
aşiq olması ilə kəskin hal almış, Yalçını sayrışan
fikirlərinin mərkəzinə
qoyduqdan sonra vəziyyət daha da ciddiləşmişdi.
Pasiyentimi
diqqətlə dinləyib
daha bir neçə tibbi sual verdim. Gülçinə,
ilk növbədə, dərman
yazdım, ruhi haləti müəyyən
qədər stabilləşdikdən
və yaşadığı
təlatümlər sakitləşdikdən
sonra psixoterapiya seansları ilə davam edəcəyimizi bildirdim.
Mən resept yazarkən Gülçin qəfildən
zərif əlləri
ilə qələm tutan əlimdən yapışıb gözümün
içinə sınayıcı
baxışlarla baxdı:
- Doktor, xahiş edirəm, mənə antidepressantlar yazmayın, Yalçın həyatımda
olmasa, bu süni xoşbəxtlik hormonları məni xoşbəxt edən deyil, sadəcə, ruhumun ağrılarını
sakitləşdirəcək həblər yazın...
Böyükkişi
Gülçinin psixologiyasının pozulmasının günahı
hər şeyin dozasını qaçırmasındandır.
Hər şeyin bir təhəri var. Əvvəllər direktorum
Yalçınla Gülçinin
macərasının bu
qədər irəli gedəcəyini ağlıma
gətirməmişdim. Deyirdim,
ötəri hissdir, bir az keçəndən
sonra bezəcəklər
bir-birlərindən. Amma elə
olmadı. Arvadımı
indi zərrə qədər də qısqanmıram, onu sevmirəm. Nə onu, nə də
ürəkdən aşiq
olduğu rəngləri,
kətanları, fırçaları...
Amma boşanmağı da düşünmürəm.
Çünki düzənimi
pozmaq, həyatımın
alt-üst olmasını
istəmirəm. Kənarda
kiminlə istəyir görüşsün, axşam
onsuz da evə gəlir də. Hansısa mənasız qısqanclığa görə
rahatlığımı poza
bilmərəm. Həm
də Gülçinin
yanında özümü
elə aparıram ki, guya Yalçına olan sevgisindən xəbərim yoxdur. Həm də nəyi pisdir ki? Gülçinin Yalçınla
münasibəti başlayandan
işdə həmişə
irəli çəkilirəm,
maaşım da qaydasında,
əlavə mükafatlar
da alıram, ürəyim
istəyən vaxt işə gedirəm, istəməyəndə getmirəm.
Yalçın da mənə
"gözün üstə
qaşın var" demir.
Əslində iki il əvvəl Yalçını
Gülçinin fərdi
sərgisinə dəvət
edəndə heç
ağlıma gəlməzdi
ki, bu cavan oğlan mənim arvadıma vurulacaq... Hərçənd ki, Gülçin
kişiləri özünə
aşiq etməkdə
ustadır. Hələ
o vaxt Rəssamlıq Akademiyasında neçə
oğlanı süründürürdü
arxasınca.
Elə mən özüm. Tələbə vaxtı elə olurdu ki, cibimdə qara qəpiyim olmurdu, onu görmək üçün İqtisad
Universitetindən düz
Rəssamlıq Akademiyasınacan
piyada gedərdim. Bəlkə də düz deyirlər, evlilik eşqi öldürür. Evlənəndən
sonra o həyəcan,
o istək buxarlanıb
yox oldu...
Amma bizim evliliyimiz də normal olmamışdı.
Bəlkə də o vaxt indiki ağlımız
olsaydı, evlənməzdik.
Amma onda məcbur qaldıq. Dördüncü
kursda - iki qanı qaynayan gənc ağlımızı
itirib yoldan çıxmışdıq. Sonra da Gülçin utana-utana hamilə qaldığını
deyəndə elə bil başımdan bir qazan qaynar
su tökülmüşdü.
Bilməmişdim bunu evdə necə deyim?! Təbii ki, əvvəlcə Gülçinə
təklif elədim ki,
nə qədər gec deyil, bətnindəki
körpəni tələf
eləsin. O da qınayıcı
nəzərlə üzümə
baxıb, heç bir söz söyləməyib
çıxıb getmişdi.
O gecə narahatlıqdan yata bilməmişdim. Səhər açılan
kimi baş verənləri anama danışmışdım. Anam
əvvəlcə az qalmışdı əsəbdən
ağlını itirsin,
sonra yavaş-yavaş
sakitləşmişdi. Demişdi
ki, bəlkə mən
özüm qızla danışım? Sonra nə
danışmışdılarsa, anam atamı yola gətirib tez bir zamanda
bizi evləndirməli
olmuşdu. İkimiz də çox gənc idik onda, 22 yaş nədir ki?! Həyatı anlamadığımız, etdiyimiz
səhvlərin, ani çılğınlıqların
bizə necə baha başa gələcəyini düşünmədiyimiz
bir yaşdaydıq! Ancaq valideyn olmaq bizə qismət olmadı. Erkən doğuşla xəstəxanaya aparılan
Gülçin tibbi yoxlamadan keçiriləndə
məlum oldu ki, uşaqla yanaşı bətnində böyük
bir şiş var. Körpəmiz qeysəriyyə
əməliyyatı ilə
dünyaya gəldi. Gülçindəki şişi
bətnqarışıq kəsib
götürdülər. O, daha ana ola bilməyəcəkdi.
Sanki bütün bədbəxtliklər
ardıcıl bizi izləməyə başladı,
körpəmiz elə
xəstəxanadan çıxmamış
küvəzdə vəfat
etdi. Anadangəlmə
ürək qüsuru varmış... Gülçin
bundan sonra dərin depressiyaya düşdü, dəfələrlə
intihara təşəbbüs
elədi. Aylarla xəstəxanalarda yatdı,
ölkənin ən tanınmış psixiatrlarını
gəzdik. Elə də xeyrini görmədik, ta ki Gülçin
toparlanıb ayağa qalxmağa özü qərar verənə qədər...
Anam da bir yandan başladı
ki, Gülçini boşa
getsin, başı pozulub, daha uşağı
da olmayacaq. Oturub-durub məni qınayırdı
ki, bir anlıq həvəsinə dov gələ bilmədin, deyə qanımızı
it qanına caladın.
Gülçini bu halda buraxmağa könlüm razı deyildi...
...Zaman keçdikcə Gülçin
özünə gəlməyə,
yavaş-yavaş üzü
gülməyə başlamışdı.
Bir gün işdən
qayıdanda Gülçin
məni gülərüzlə
qarşıladı, nə
qədər təbəssümlə
danışsa da, onun üzündəki ifadədən
anladım ki, bizi nəsə ciddi söhbət gözləyir.
Yanılmamışdım. Yeməkdən sonra Gülçin ehmal addımlarla mənə yanaşıb yanağımdan
öpdü, qarşımdakı
mavi, yumşaq kresloya özünü atib gözlərini yumdu. Bir neçə dəqiqə səssizlik içində oturandan sonra dilləndi:
- Böyükkişi, sağalmağım
üçün əlindən
gələni eləyirsən,
buna görə sənə
çox minnətdaram.
Körpəmiz dünyasını
dəyişdi, mən
də bir daha ana olub sənə
övlad verə bilməyəcəyəm. Bir yerdə
ağır günlərdən
keçdik, hələ
də keçirik, bilirəm ki, anangil də səni boşanmağa məcbur edir. Mən təklif edirəm ki, boşanmayaq, əgər sən kənarda ikinci bir ailə
qurmaq fikrinə düşsən, mən
buna etiraz etmirəm, bilirəm ki, buna hər cür imkanın da var. Yəni, formal olaraq evliliyimizi saxlayaq, sənin şəxsi həyatına qətiyyən
qarışmayacağam, sən
də mənə baş qoşmazsan. Boşanmaq mənim üçün problem deyil,
işim də var, rəssamlıq karyeram da getdikcə irəliləyir.
Sadəcə, bilirsən
ki, atam-anam mənim bu durumumdan sonra
yıxılmış vəziyyətdədirlər,
istəmirəm ki, indi
də boşanmağım
onlar üçün
əlavə dərdə
çevrilsin. Ən azından bu yaxınlarda boşanmayaq,
zaman keçsin, gələcəkdə
baxarıq yenidən bu məsələyə. Sən də bu təklifimə razısansa, bundan sonra bu söhbəti
bağlayıb həyatımıza
qaldığımız yerdən
davam edək. Ancaq desən ki, yox, mütləq şəkildə indi boşanıb həyatımı
qurmaq istəyirəm,
nə qədər çətin də olsa, razılaşaram sənin qərarınla...
Belə
bir söhbətin gec-tez olacağını gözləyirdim. Gülçinin
dedikləri doğru idi. Artıq bir həyat düzənimiz vardı.
İndi bütün bu
rahatlığı gələcəyin
qeyri-müəyyən axışına
təslim etmək heç birimizə fayda verməyəcəkdi.
Gülçinin kənarda
ikinci ailə saxlamaqla bağlı dediyi təklif də ağlabatan idi, deməli, istədiyim vaxt digər bir münasibətə başlaya
da bilərəm, hətta
bu münasibətdən
övladım da ola bilər...
- Gülçin, narahat olma, boşanmayacağıq.
Anam nəsə desə, mən özüm onunla danışıb hər şeyi yoluna qoyacağam. Sən sağlamlığının qeydinə
qal, Allah kərimdir. Yaşayarıq, görərik...
Yalçın
...Böyükkişinin mütiliyi
ilk gündən xoşuma
gəldi. Müavin dediyin müti olmalıdır, direktor nə dedisə, "bəli, baş üstə", ikinci bir kəlmə olmamalıdır. Yoxsa, dikbaş adamla qətiyyən işləyə
bilmərəm. Yaşda
məndən böyük
olsa da, elə davranır ki, elə bil o, məndən kiçikdir. Arada bir oturub həyat
haqqında söhbət
edirik.
...Mən surətpərəst
adamam. Gözəl qadınlar həmişə
zəif nöqtəm olub. Amma bir prinsipim var ki, iş yerində qətiyyən olmaz. Zavodda tabeliyimdə işləyən
xeyli qadın var, onlardan bəziləri gözəldir, ancaq buraya işləməyə
gələn gündən
özümə söz
vermişəm ki, işdə
məhəbbət macərası
olmayacaq. Ancaq işdən kənarda ötəri eşq romanlarına heç vaxt "yox" deməmişəm. Düzdür,
hələ indiyədək
elə bir qadın olmayıb ki, uzun müddət məni özünə cəlb eləsin, adətən iki-üç
görüşdən sonra
həvəsim soyuyub. Mənə elə bir qadın lazımdı ki, təkcə
bədəni ilə deyil, ağlı, dərrakəsi ilə də məni heyran eləsin, xarakterli olsun. Və bunları da həmişə Böyükkişi
ilə açıqca
danışa bilirəm.
...Kabinetə daxil olub ortayaşlı katibəyə az şəkərli qəhvə
hazırlamağı tapşırdım.
Daxili telefonun zəngini basan kimi Böyükkişi kabinetdə peyda oldu. Zalım oğlu elə bil qapının arxasında hazır durur həmişə.
Salamlaşıb mühasibdəki hesabatları
yoxlayıb-yoxlamadığını soruşdum.
- Hamısı həll edilib, direktor.
- Lap yaxşı. Sənə də kofe deyimmi?
- Yox, Yalçın müəllim, içmişəm
...
"Yalçın müəllim"
deyəndə, özümdən
asılı olmadan dodağım qaçır
həmişə. Vələdüzina
yəqin bunu bildiyindəndir ki, üzümü
güldürmək üçün
daha çox "Yalçın müəllim"
deyir.
Qarşımdakı böyük, parıldayan "T" şəkilli
stolun arxasındakı
geniş kresloya əyləşib üzümə
sualedici nəzərlərlə
baxanda dedim:
- Hə, Böyükkişi,
nəsə sözlü
adama oxşayırsan,
de görüm, nə
deyirsən.
- Yalçın müəllim,
həyat yoldaşım
Gülçin çox
istedadlı rəssamdır.
Sabah onun fərdi sərgisi keçiriləcək.
Sənətdən başı
çıxan bir çox insanları dəvət etmişik. Sizin də orada
iştirak etməyiniz
bizim üçün
bir fəxarət olardı...
Bunu deyəndən sonra Böyükkişinin yenə
irişməyi nədənsə
əsəbimə toxundu.
Amma səbrimi basıb
susdum. Qəhvəmi udumlayıb soruşdum:
- Gülçin xanım özü dəvət edir, ya sənin
şəxsi təşəbbüsündür?
- Elə hər ikimizin.
- Bilirsən ki, rəssamlıqla-zadla
elə də maraqlanan deyiləm, Böyükkişi. Sənət
mənə görə
kütləyə heç
bir təsir göstərə bilməyən
boş məşğuliyyətdir.
Sənət sənət
üçündür. Yenə
qadınların sənətlə,
rəsmlə məşğul
olmasını hardasa başa düşmək olar, kişilər sənətə baş qoşanda lap gülməli
gəlir mənə. Kişinin bir işi olmalıdır - o
da pul qazanıb güc və iqtidar sahibi olmaq...
- Haqlısız, amma tarixdə Rembrandt, Van Qoq kimi yaxşı rəssamlar da olub.
Güldüm. İstehza ilə
dedim:
- Elə bilirsən ki, bir sən bilirsən
bunları? Yoxsa, mənim heç nədən xəbərim
yoxdu demək istəyirsən?
Böyükkişi istehzamdan tutuldu.
Tez özünü doğrultmağa
çalışdı:
- Yox, əlbəttə, elə şey olarmı, Yalçın müəllim, bu boyda zavodun direktorusunuz,
əlbəttə ki, siz
hər şeyi hamıdan yaxşı bilirsiniz. Sadəcə, bir-iki örnəyi xatırlatmaq üçün
o adları çəkdim.
- Elə o adını çəkdiklərindən birini
götürək - Van Qoqu.
Adam xəstə idi, dəlixanalıq olmuşdu.
Deyirlər, görüşdüyü
fahişəyə də
qulağını kəsib
aparıbmış... Nə
isə, madam ki, xahiş
edirsən, sabah vaxt eləyə bilsəm, Gülnar xanımın sərgisinə
gəlib dəyərəm.
- Adı Gülçindi, Gülnar yox...
- Yaxşı, olsun Gülçin...
Böyükkişinin məni arvadının sərgisinə
dəvət etməsindən
daha çox, üzündəki qeyri-müəyyən
ifadə düşündürürdü.
O laübalı ifadə
qəribə mənaları
ifadə edirdi. Sonra bu fikirləri başımdan qovdum. Heç ağlıma da gəlməzdi ki...
Gülçin
Böyükkişi ilə tanışlığmız
da bir yanlış idi, evliliyimiz də gəncliyin ramedilməz qaynarlığı
ilə yol verdiyimiz məsuliyyətsizliyin
nəticəsində olmuşdu.
Məni hədsiz sıxan ailəm olmasaydı, bəlkə də mən Böyükkişi ilə
evlənməyəcəkdim. Görüşlərimizin birində
irəli gedib özümüzü cilovlaya
bilməməyimizin hamiləliklə
nəticələnəcəyi ağlıma da gəlməzdi.
Hamilə qaldığımı
biləndə ağlıma
ilk valideynlərim gəldi.
Bilsələr, məni
öldürərdilər, şəksiz-şübhəsiz.
Anam həddindən artıq mühafizəkar bir ailədə böyümüşdü, uşaqlıqdan
da qatı qaydaları
ilə günümü
göy əskiyə bükmüşdü. O necə
deyirdisə, həyatımı
elə yaşamağa
məcbur idim. Gələcəkdə rəssam
olmaq istədiyimi deyəndə də etiraz eləmişdi: "Neynirsən rəssamlığı,
qız nədi, bütün gün rəng içində itib-batmaq nədi? Qız uşağına ən gözəl yaraşan peşə, ya həkimlikdi, ya müəllimlik!"
İsrar eləmişdim, günlərlə
yemək-içməkdən kəsilmişdim, axırda
atam birtəhər anamı yola gətirib razı salmışdı. Rəsm
dərnəyinə getməyə
başlamışdım, Rəssamlıq
Akademiyasına girmək
üçün hazırlaşırdım.
Böyükkişi ilə akademiyaya
daxil olduğum birinci il tanış olmuşduq. Onda mən daim anasının
sıxma-boğmasında olan,
o vaxtacan heç sevgilisi olmamış sadəlövh bir qız idim. Böyükkişi məndən
üç yaş böyük idi, dördüncü kursda oxuyurdu. Şirin dili, incə jestləri ilə məni tez yoldan
çıxara bilmişdi.
Və bir gün də "anamla səni tanış edəcəm",
- deyib evinə dəvət etmişdi. Gedəndə gördüm
ki, evdə heç kim yoxdu. Onda
etiraf etdi ki, valideynləri rayona istirahətə gediblər.
Mənə çay hazırladı, sakit olmağımı xahiş
etdi, dedi ki, onsuz da gec-tez anamla da, atamla da tanış olacaqsan, niyə narahat olursan ki? İndi isə rahatlıqla otur çayını iç,
bir azdan da istəsən, baş-başa
film izləyərik, istəməsən,
çayını içəndən
sonra çıxarıq,
səni evinizə yola salaram.
Elə oldu ki, çıxası olmadıq, ağlımı
başımdan alan ilk
öpüşdən sonra
bir də ayıldıq ki, Böyükkişinin
otağında, geniş
çarpayısındayıq. Özümə gələndə
gözüm mələfənin
üstündəki qan
ləkələrinə sataşdı.
Əvvəlcə nə
olduğunu başa düşmədim, sonra elə bil yuxudan
ayıldım, nə baş verdiyini anladım. Özümdən
asılı olmadan hönkür-hönkür ağlamağa
başladım, Böyükkişi
məni sakitləşdirdi:
- Ağlama, gülüm, səni sevirəm və həmişə də sənin yanında olacağam. Bir gün tez, bir
gün gec, bu iş olmalıydı.
Onsuz da evlənəcəyik,
niyə ağlayırsan?
İçimdəki nigarançılıq
hissi ilə evə gedəndə elə bilirdim ki, qapıdan içəri girən kimi anam üzümə baxan kimi nə
baş verdiyini başa düşəcək.
Çox qorxurdum. Yaxşı ki, anam heç nədən şübhələnmədi. Bir gün duyuq düşdüm ki, vaxtımdan
keçir. Ürəyimə
qorxu düşdü,
Böyükkişiyə dedim,
aptekdən hamiləlik
testi alıb gətirmişdi. Səbrim
çatmadı, oturduğumuz
kafenin ayaqyoluna gedib oradaca testi
yoxladım. Bir dəqiqə
keçməmiş iki
qırmızı xətt
görünəndə az
qaldım huşumu itirəm. Narahatlıq içində kafedə oturub böyük nigarançılıqla ayaqyolundan
çıxmağımı gözləyən Böyükkişi
bunu biləndə məndən betər vəziyyətə düşdü.
Yaxın
rəfiqəm çoxbilmiş
Gültac dedi ki, birinci uşağı
abort etdirsən, sonra
ana ola bilməzsən deyir
həkimlər, eşitməmisən?
Beləcə məni
abort fikrindən daşındırdı.
Sonrası da ki... Böyükkişi
ilə evləndik. Eyni evin içində
yaşamağa başlayandan
xasiyyətimizin bir-birinə
uyğun olmadığını
gördük. Elə bil ki, o qədər görüşüb vaxt keçirən biz deyildik.
Böyükkişinin əsl
üzü evlənəndən
sonra ortaya çıxdı... Əslində,
məmnuniyyətlə Böyükkişidən
boşanardım, artıq
bir-birimizi sevmirdik. Ancaq gözümün qarşısına gətirəndə
ki, boşanıb ağır
xasiyyətli anamla, onun sözü ilə oturub-duran atamla birgə həyatıma davam etməliyəm, ondansa Böyükkişi ilə
bir damın altında qalmağa razılaşdım... Neçə
illərdi ki, Böyükkişi
ilə birlikdə ömür sürürük...
Bu illər ərzində
bütün meylimi molbertimə, rənglərimə
saldım. Rəsmlərim,
tablolarım xaricdəki
qalereyalara qədər
özünə yol açmışdı, hətta
bəzən rəsmlərim
baha qiymətə satılırdı. Sərgilərim
keçirilir, sənət
cameəsi yaradıcılığımı
yüksək qiymətləndirirdi.
İlk baxışdan hər
şeyim vardı, rəfiqələrim, ətrafımdakı
insanlar mənə bəxtəvərlik verirdilər.
Ancaq həyatımda çox mühüm bir əskiklik vardı - sevgi əskikliyi...
Neçə vaxtdır sevib-sevilmək
arzusu bütün bədənimi, zehnimi, fikrimi işğal etmişdi. Qəlbim sevgiyə təşnə
idi. Sevgi dünyanı gözümüzdə
gözəlləşdirən, rəngləndirən ən
ali duyğudur. Sənətin yüksəlişi
də sevgi üzərində bərqərar
olur...
...Sabah sərginin keçiriləcəyi
qalereyaya zəng elədim, son hazırlıq
işlərinin tamamlanması
ilə, çağırılan
qonaqlarla maraqlandım.
Sabah yorucu, amma gözəl gün olacaq... Elə bil ürəyim yerindən çıxacaq,
necə də döyünür. Sanki sabah
həyatımda sərgidən
başqa da, nəsə
çox önəmli
bir hadisə baş verəcək...
(Ardı var)
Hüseynbala MİRƏLƏMOV
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, ¹16.- S.20-21.