Azərbaycan romanı:
tarix və çağdaşlığın
vəhdətində
Ə.Abbasovun "Zəngəzur"
romanına bir baxış
Hər
bir millətin tarixi, həm də onun ədəbiyyatında
inikas edir. Keçən əsrin əvvəllərində
başlayan və Azərbaycanın tarixinə milli
münaqişə kimi yazılan erməni-müsəlman
davası bədii ədəbiyyatımızın əsas
mövzusu olmuş, bu mövzuda çoxlu əsərlər,
tarixi hadisələri xronoloji ardıcıllıqla əks
etdirən məqalələr yazılmış, həmin
dövrdə nəşr edilən "Kaspi" və
"İrşad",
həmçinin 1905-1906-cı illər
qırğınlarına aid digər dövri nəşrlərdə:
"Novoe Obozrenie", "Tiflisskiy Listok",
"Sankt-Peterburqskoe Novosti", habelə ermənicə nəşr
edilən qəzetlərdə dərc edilmişdir. Zəngəzur
qəzasının Sisian və Vağudi kəndlərində
ermənilərin törətdikləri qırğınlar və
müsəlmanların əks tədbirləri haqqında
yığcam məlumat Mir Möhsün Nəvvabın
"1905-1906-cı illərdə erməni-müsəlman
davası" (Bakı, 1993) və Zəngəzur qəzasının
Oxçu dərəsində və Qatar mis mədənlərində
1906-cı ilin iyulundan sonra baş verən qırğınlar
M.S.Ordubadinin "Qanlı illər"
(Bakı, 1911) əsərlərində öz əksini
tapmışdır. Bu əsərlərdən biri də erməni-azərbaycanlı
münaqişəsinin ən sərt dönəmində 1905-ci
ildə qədim Zəngəzur mahalının Şəki kəndində
dünyaya gəlmiş, 1918-1920-ci illərdə yaşanan
qanlı qırğınların şahidi olmuş Əyyub
Abbasovun "Zəngəzur" romanıdır. Daha çox
uşaq şairi kimi tanınan və bu sahədə
böyük xidmətlər göstərən
yazıçı, şair, dramaturq, jurnalist, Əməkdar
İncəsənət xadimi Əyyub Abbasov "Zəngəzur"
romanında "danışmayan natiq"i
danışdırır. İkicildlik "Zəngəzur"
tarixi romanı (1956-1957) ədibin bu janrda yazdığı
yeganə əsəri, Zəngəzurun işğalının
salnaməsi, guya, 1915-ci ildə Anadoluda türklər tərəfindən
ermənilərin soyqırımına məruz qalması cəfəngiyyatının
50 illiyinə açıq və gizli şəkildə ciddi
hazırlıq görülməsinə etirazı idi. İ.Baqramyanın,
S.Xanzadyanın, Q.Qəribçiyanın, A.Mikoyanın
kitablarında qaniçən Andronikin "erməni
xalqının xilaskarı" obrazı
yaradıldığı bir zamanda Böyük Oktyabr sosialist
inqilabının 40 illiyinə ithaf olunan "Zəngəzur"
romanının nəşr olunması
yazıçının görülən hazırlıqlara
açıq-aşkar protestosu idi. Belə bir məqamda nəşr
olunan (1956) roman ədəbi
hadisəyə çevrilmiş, ciddi müzakirələrə
yol açmışdı. Gizlədilən həqiqətlərə
işiq tutulması yubiley hazırlıqları ərəfəsində
olan erməniləri möhkəm narahat etmişdi.
Çünki yaşanan faciələrin üzərindən cəmi
30-35 il keçməsinə baxmayaraq hər şey
unudulmuş, hamı "xalqlar dostluğu"
şüarı altında birləşmişdi. Digər tərəfdən,
türklərə qarşı əməlləri unudulan
qaniçənlər torpaqlarımızda yaşayır, ən
yaxşı vəzifələrdə
çalışırdı. Ermənilər dərhal fəaliyyətə
başlamış, kitablar
yığışdırılmış, yayılması
qadağan olunmuş, nüsxələri gizli şəkildə
toplanaraq aradan qaldırılmışdır. Ermənistanda
qadağan edilən roman kitabxanalardan
çıxarılmışdır (o vaxt kitabxanadan
çıxarılan kitablar yandırılırdı). "Zəngəzur"
Ermənistanda kitabxanalardan
yığışdırıldığı halda, Bakıda
erməni yazıçı və şairlərin kitabları
böyük tirajlarla nəşr edilir, kitabxanalara
paylanılırdı.
Romanın qadağan olunmasında
məqsəd, tarixi həqiqətləri
gizlətmək, tarixin qaranlıq səhifələrinə
gömmək idi. Bəzi bolşevik təfəkkürlü
ruspərəst yazıçı və şairlər,
xüsusən də, ermənilər Azərbaycan
Yazıçılar Birliyinə şikayət məktubları
yazmış, yazıçını gerçəkləri,
birbaşa şahidi olduğu hadisələri
yazdığına görə qınamışlar. Ədibə
ən ağır zərbə bolşevik təfəkkürlü
azərbaycanlı yazıçıların danos yazması,
"romanın erməni-Azərbaycan xalqları arasına ədavət
toxumu səpməsi", - fikrini səsləndirmələri
olmuşdur (XX əsrin sonlarında yaşanan faciələr
"xalqlar dostluğu" ideyasının puç bir şey
olduğunu göstərdi). Bununla yanaşı, "Zəngəzur"
romanı haqqında ədalətli fikir bildirənlər də
az olmamış, ilk sanballı rəy yazanlardan biri tənqidçi-ədəbiyyatşünas
Məsud Əlioğlu olmuşdu. M.Əlioğlunun
yazdığı "Ə.Abbasovun "Zəngəzur"
romanı haqqında" adlı
irihəcmli məqaləsi "Azərbaycan"
jurnalında (1956, ¹ 2) dərc olunmuşdur. Akademik
Məmməd Arif
"yazıçının romanda tarixilik prinsipini gözlədiyini vurğulamış", əsərə
yüksək qiymət
vermişdir. Hətta A.Balayan adlı
erməni o vaxt Bakıda erməni dilində çıxan
"Qrakan Azerbecan"
("Ədəbi Azərbaycan")
jurnalında əsəri
tərifləyir, məqsədli
olaraq onu "xalqlar dostluğu haqqında roman" adlandırmaqla
tarixi gerçəkliklərin
üzərindən sükutla
keçir. Müəllifin
İ.Baqramyanın, S.Xanzadyanın, Q.Qəribçiyanın,
A.Mikoyanın kitablarında
yaratdığı "erməni
xalqının xilaskarı"
obrazının, cəllad
Andronikin vəhşi simasını peşəkarcasına
təsvir etməsinə,
Zəngəzur qətliamı
məsələsinə toxunmur.
İdeologiyanın sərt dönəmində
belə bir əsər yazmaq, erməni cəlladlarının
obrazını yaratmaq
asan deyildi və bu Əyyub
Abbasova da çox baha başa gəlmişdir. "Zəngəzur"
romanının nəşrindən
sonra müəllif, yalnız tənqidlərə
deyil, ciddi mənəvi təzyiqlərə
də məruz qalmış, 1957-ci ilin dekabrında işlədiyi
müəssisəyə gedərkən
yolda qəflətən
ürək tutmasından
dünyasını dəyişmişdir.
Yazıçının qəflətən
vəfat etməsi, Şıxəli Qurbanov və Asəf Zeynallının qəfil ölümü kimi şübhəli görünmüş,
ölümünün işə
gedərkən qəfil
infarkt keçirməsi
ilə bağlı olduğuna kimsə inanmamışdır. 1937-ci ilin
tuthatutundan, Böyük
Vətən müharibəsinin
od-alovundan keçən
Əyyub Abbasovu mənfur düşmənlər
mənəvi hücumları
ilə ortadan götürmüşdür. Beləliklə,
ötən əsrdə
erməni quldur dəstələrinin azərbaycanlılara
qarşı törətdiyi
qırğınları, ermənilərin
və havadarlarının
yalanlarını açıb
göstərən "Zəngəzur"
kitabı və onun müəllifi uzun illər unudulmuşdur. Əks olunan hadisələri tarixi sənədlərlə
paralelləşdirəndə romanın nə qədər əhəmiyyət
kəsb etdiyi bir daha aydın
olur.
Azərbaycanın bolşeviklər tərəfindən
işğalı Azərbaycan
Xalq Cümhuriyyəti
hökumətinə Azərbaycanın
ərazi bütövlüyünün
təmin edilməsi istiqamətində həyata
keçirilən tədbirləri
başa çatdırmağa
imkan vermir. İşğaldan sonra bu torpaqlar qeyd-şərtsiz
Sovet Ermənistanına
verilir. "Zəngəzurun
Ermənistana verilməsi
1920-ci il noyabrın 30-da keçirilən
Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının
birgə iclasının
qəbul etdiyi qərarı ilə həll olunur. İclasda 3-cü məsələ
kimi "Ermənistanda
İnqilab Komitəsinin Ermənistanda
Sovet hakimiyyətinin
elan olunması haqqında
teleqramı" müzakirə
olunur və qərar qəbul edilir. S.Orconikidze,
Sarkis (S.Ter-Danielyan), Y.Stasova,
Q.Kaminski, N.Nərimanov,
Ə.Qarayev, M.Hüseynov
tarixi qərarın qəbul olunduğu birgə iclasın iştirakçıları idi.
Məkrli siyasətə
qurban olaraq N.Nərimanov seçilir. Bəyanat hazırlamaq və onu Bakı Sovetinin
plenumunda elan etmək N.Nərimanova tapşırılır. S.Orconikidzenin
təkidi (bəlkə
də tələbi) ilə N.Nərimanov 1 dekabr 1920-ci ildə, Dövlət Teatrında keçirilən təntənəli
iclasda etdiyi nitqində tariximizin qara səhifəsinə düşəcək bu bəyanatı, Zəngəzurun
Ermənistana güzəştə
gedildiyini elan edir:
"Sovet Azərbaycanı
Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın
- kommunistlərin günahsız
qanını tökmüş
və tökən daşnakların hakimiyyətinə
qarşı əməkçi
erməni xalqının
mübarizəsinə yardım
göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən
bəri qonşu olan iki xalqın:
ermənilərin və
müsəlmanların bir-birinin
qanını tökməsi
üçün səbəb
ola bilməz; Zəngəzur...
qəzalarının ərazisi
sovet Ermənistanının
bölünməz hissəsidir;
...Zəngəzurun hüdudlarında
bütün hərbi əməliyyatlar dayandırılır;
sovet Azərbaycanının
qoşunları buradan
çıxarılır". Bəyanatın elanından
sonra M.Ə.Rəsulzadə
yazırdı: "Ermənistanda
dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasətli Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl
müdafiə elədiyi
Zəngəzur və Naxçıvan qəzasını
Ermənistana hədiyyə
etdi. Az sonra N.Nərimanov yanıldığını, tarixi
səhvə yol verdiyini anlayır, ancaq artıq gec idi".
N.Nərimanov, sadəcə,
əmrin icraçılarından
biri idi. Sözsüz ki, Bəyanatın
verilməsi qərarı
Moskvadan gəlirdi. Əmrin Moskvadan gəldiyi daşnakların
"Aşxatavor" ("Zəhmətkeş")
qəzetində də
yer alır. Sovet mətbuat bürosunun müdiri Yerofeev N.Nərimanovun
məlum bəyanatından
bir neçə gün sonra, dekabrın 10-da G.Çiçerinə
həmin qəzetdə
dərc edilmiş bir yazı haqqında
məlumat göndərir.
Qəzet yazırdı:
"Moskvadan göndərilən
əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq".
"Zəngəzurdan... imtina
edən Azərbaycan gücsüz Ermənistana
kömək etmək istəyir. Azərbaycanın
seçdiyi yol iki xalqın dinc yaşamasının fundamentinə xidmət edir". Serqo Orconikidze bu qərarı "bəşəriyyət
tarixində nümunəsi
olmayan mühüm əhəmiyyətli tarixi
akt" adlandırır.
"3 iyun 1921-ci ildə
RK/b/P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə iclas keçirib məxfi qrifli "Zəngəzur məsələsi"ni
müzakirə edir. Zəngəzurun Ermənistana
birləşdirilməsi barədə
qərar çıxarılan
iclasda bir nəfər də olsun azərbaycanlı iştirak etmir.
Beləliklə, qədim Azərbaycan
torpağı Zəngəzur
Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistana verilir. Bölünmüş Azərbaycanın
şimalı yenidən
bölünür, Qafan,
Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradılır.
Naxçıvan digər
Azərbaycan torpaqlarından
ayrı salınır.
Məsələnin öz
xeyrinə həll olunduğunu görən ermənilər müvəqqəti
sakitlik yaratmaq üçün Zəngəzurdan
qovulmuş azərbaycanlı
əhalinin geri qayıtmasına etiraz etməsələr də,
1988-ci il hadisələri bu
müqavilənin müvəqqəti
və əhəmiyyətsiz
olduğunu göstərdi.
Mixail Qorbaçovun bədnam "yenidənqurma"
siyasətindən məharətlə
istifadə edən ermənilər növbəti
dəfə azərbaycanlıları
dədə-baba yurdları
olan Zəngəzurdan qovdular.
Öncə də qeyd etdiyimiz kimi, bir xalqın tarixi nədirsə, ədəbiyyatı da odur.
Tarixi millətin təməl sütunudursa, ədəbiyyatı
da milli ruhu və milli
həyatının güzgüsüdür.
Bir millətin coğrafiyası,
iqtisadi, dini, hüquqi, əxlaqi, bədii, siyasi və tarixi həyatıyla ədəbiyyatı
arasındakı bağların
olması absurddur.
Bunun sübutu üçün
millətin fikir və qələm sahiblərinin yazdıqlarını
araşdırmaq yetərlidir.
Məsələn, filosof
şair-dramaturq Hüseyn
Cavid "Qars və Oltu ətrafında
səbəbsiz olaraq alçaqcasına qətl
edilənlər"ə və
Nargin adasında "qartalın vəhşi dırnağı" altında
əzilən türk əsirlərinə ithafla
yazdığı "Türk
əsirləri" şeirlərində
ədəbiyyatın, bədii
sözün qüdrəti
ilə türklərə
qarşı edilmiş
qəddarlığı poetik
şəkildə "rəsm"
etmiş, tarixini, keçmişini unudan xalqların ölümə
məhkum olduqlarını
vurğulamış, hər
bir xalqın tarixini bilməsi və öyrənməsinin
gərəkliyinin altından
xətt çəkmişdi.
"Bir millətin tarixidir
kökü, yurdu, yuvası, Tariximiz baş ucundan hərgiz əskik olmasın" - misraları
Cavidin türk gənclərinə vəsiyyəti,
yazıçı Əyyub
Abbasovun "Zəngəzur"
romanı isə bu vəsiyyətin yerinə yetirilməsi, Zəngəzurda yaşanan
qanlı tarixin ədəbiyyatda inikası,
yaşanan faciənin uşaq şahidinin "mənəvi və ruhu anlayışlar"ının,
yaddaşında həkk
olunan tarixi hadisələrin əksi, dünya ermənilərinin
cəllad Andronikin 100 illik yubileyini qeyd etməyə hazırlaşdığı bir
vaxtda cəllad Andronikin kimliyinin bəyanı idi.
Süjet
xəttini 1916-1921-ci il hadisələri
təşkil edən romanda mənfur ermənilərin Azərbaycanın
Zəngəzur mahalında
soydaşlarımızın başına açdığı
müsibətlərin təsviri
ilə yanaşı, erməni
şovinizminin "haradan
qaynaqlandığı" ifadə olunur. Yazıçı şahidi
olduğu hadisələr,
fakt və dəlillərlə ermənilərin
məkrli siyasətini
ifşa edir.
Bir haşiyə çıxaraq
bildirək ki, ermənilərin
"içdən xəstəliyi",
riyakarlığı özlərinin
şair və yazıçılarının da əsərlərində ifadə
olunub. Məsələn,
erməni şair Yeğişe Çarens yazır ki, "Bizdə riyakarlıq ana bətnində
olarkən baş verir". Başqa bir erməni yazıçısı Ovanes
Tumanyan 1977-ci ildə İrəvanda
çap olunmuş
"İzbrannaya proza"
kitabının 201-ci səhifəsində
yazır: "...həqiqi
qurtuluş içdən
başlamalıdır, biz içdən
xəstəyik". O.Tumanyanın dediyi kimi, "içdən xəstə" olan, qonaq kimi gəldikləri
qədim yurd yerlərimizə iddialı
olan ermənilərin öz kökləri, vətənləri yoxdur. Manuk Abegyan 1975-ci ildə İrəvanda çap olunmuş "İstoriya armyanskoy literaturı" kitabında
yazır: "... erməni
xalqının kökü
haradadır, onlar bura necə, nə vaxt, haradan
və hansı vasitələrlə gəliblər...
Bizdə bunun dəqiq və aydın sübutları yoxdur". Ən önəmlisi L.Abegyanın
ermənilərin öz
milli varlıqları üçün
bilavasitə türklərə
borclu olduğunu bildirməsidir: "Bizanslıların
və ya başqa avropalıların
arasında qalsaydıq,
erməni adı ancaq tarix kitablarında
qalardı". "Öz
milli varlıqları üçün
bilavasitə türklərə
borclu" olmaq yerinə türkə düşmən kəsilmək
də erməni xəstəliyidir. "Erməni
xəstəliyi", 1915-ci ildə yaşanmış
erməni-türk münaqişəsi
romanda oxucunun diqqətini çəkən
və ən qabarıq verilən məsələlərdən biridir.
Rus ordusunun Osmanlı torpaqlarına girən hərbi hissəsinin komandiri, podpolkovnik Qryaznovun Sankt-Peterburqa göndərdiyi rəsmi raportda yazılır:
"Kəndlərə aparan
yollara müsəlman kəndlilərinin süngüyə
keçirilmiş meyidləri,
kəsilmiş bədən
hissələri, dağıdıb
tökülmüş daxili
orqanları səpələnmişdi.
Dəhşətlidir! Öldürülənlər
əsasən, qadın
və uşaqlardır.
Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək
bir-birinin ardınca quyulara atılmışlar.
Sonradan öldürülmüş
müsəlmanlar da quyulara
doldurulmuşlar. Quyu meyidlərlə doldurulandan
sonra ona nəzarət edən erməni deyirdi: 70 meyid var, 10-nuna da yer
var." Sonra daha 10 müsəlmanı
parça-parça doğrayıb
quyuya atırdılar,
üstün torpaqla örtürdülər. Qətllərə
məsul erməni bir dama doldurulmuş
80 müsəlmanın hamısının
başın bir-bir kəsirdi. Rusicahanın ardınca ermənilər Ərzuruma tərəf hərəkət edirlər".
ABŞ eks-prezidenti Ronald Reyqanın
hüquq müşaviri
Bruce Fein başqanlığında yaradılmış qrupun
1981-ci ildə hazırlayıb
təqdim etdiyi raportda yazılır:
"Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını
qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır,
çünki bu gerçəyin ortaya çıxmasını istəmir,
ermənilərin bu iddiaları son dərəcə
əsassız...
...Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər
açıldığı anda gerçək ortaya çıxacaq".
Müəllif, romanı əsasən,
yaddaşa söykənərək
yazsa da, dövrü
də mükəmməl
öyrənmiş, yaradıcılıq
imkanlarından yetərincə
istifadə edərək,
erməni-daşnak dəstələrinin
Zəngəzurda azərbaycanlılara
qarşı həyata
keçirdikləri soyqırımı
əhatəli və obyektiv şəkildə işıqlandırmağı bacarmış,
yurd-yuvasından didərgin
düşmüş, xüsusi
qəddarlıqla öldürülmüş,
ölüləri həqarətə
məruz qalmış
həmyerlilərinin, əsasən
də özünün
şahidi olduğu hadisələri bütün
təfərrüatları ilə
təsvir etmişdir. Romanda bolşeviklərin Zəngəzura gəlməsi,
Zəngəzurun Ermənistana
verilməsi, insanların
doğma yurdlarına dönməsi və cəlladları ilə
"qardaşlıq şüarı"
altında yaşaması
kimi tarixi hadisələr də yer almışdır. II cildin sonunda verilən Epiloqda, səhifə 303-də oxuyuruq:
"Uzun və coşqun fırtınadan sonra dəniz sakitləşdiyi kimi, illərlə sürən
qanlı, qurbanlı mübarizələrdən, müharibələrdən
sonra Zəngəzur dinc həyata qədəm qoydu.
İnqilab günəşinin bu mahalı da sönməz nura qərq etdiyini hər yerdə bildilər. Vaxtı ilə qaçqın düşüb ora, bura dağılmış
müsəlmanlar hədsiz
sevinclə öz doğma kəndlərinə
qayıtmağa başladılar.
Hacı Atakişi, Fərman və Əhməd də qayıtdı. Yeni, qardaşlıq,
birlik dünyası
milli ədavətə əbədilik
son qoydu..."
"Zəngəzur" romanının
sovet senzurasından keçməsi və nəşr olunması üçün əsərdə
xalqlar dostluğu, qonşuluq motivlərinə
geniş yer ayırması, digər
tərəfdən, bütün
ailəsini qanlı qırğında itirən,
repressiya küləyini
hiss edən, müharibədə
oddan-alovdan keçən
yazıçının xalqların
sülh, əmin-amanlıq
şəraitində yaşamasını
arzulaması normaldır.
Romanda saf məhəbbət, dostluq,
yoldaşlıq, vətənpərvərlik
və vətən uğrunda canından keçməyə hazır
olan insanların portretləri ilə yanaşı, ingilis casusu Andronik, Nijde və Dronun
qəddar obrazları
da yer alır. Fikrimizcə, ideologiyanın ən sərt zamanlarında yazıçının anlatdıqları,
Andronik, Nijde və Dronun qəddar obrazlarını
yaradaraq tarixi həqiqətləri gün
işığına çıxarması
və bunu ermənilərin Andronikin yubileyinə hazırlıqların
getdiyi bir zamanda etməsini, bir çox insanın taleyini, yurd-yuvasından didərgin
salınmasını, kəndlərindən,
evlərindən - ocaqlarından
zorla çıxarılmasını,
evlərinin talan edilməsini, insanların fəryadlarını ürək
ağrısı ilə
göstərməsi, xüsusilə
şahidi olduğu hadisələrin, fakt və dəlillərin köməyi ilə daşnakların məkrli
siyasətini, onların
qaniçən liderlərinin
rəzil portretlərini
realist pannolarla təqdim
etməsi cəsarət
və qəhrəmanlıq
nümunəsidir.
Elmdə
bir kəşfi ilə adını əbədiləşdirən alimlər
olduğu kimi, ədəbiyyat tariximizdə
də bir əsəri ilə əbədiləşən yazıçılar
olub. 1905-ci ildə Zəngəzurun Şəki
kəndində anadan olan, ailəsi erməni cəlladları tərəfindən qətlə
yetirilən, hadisələrin
uşaq şahidi, yazıçı Əyyub
Abbasovun sovet rejimi dövründə yazdığı, "o zamanın
bütün təqib,
təzyiqlərinə baxmayaraq
dövrün ədəbi
qəliblərinə sığmayıb,
kanonlardan kənara çıxıb, bütün
mövcud riskləri görüb dəyərləndirməklə
yenə də yazıçı-vətəndaş vicdanının səsi ilə həqiqəti yazıb əks etdirdiyi" "Zəngəzur"
romanı tarixi həqiqətlərin əks
olunduğu salnamədir.
Müəyyən bir dövrün tarixinin bədii ifadəsidir. Tarix tarixdir, onu təhrif etmək və danmaq olmaz!
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Dünya
Azərbaycanlılarının III qurultayındakı nitqində
(5 iyun 2021) ermənilərin
bu torpaqlara qonaq kimi gəlməsini
vurğulayır.
Dövlət başçımız, gələcək nəsillərə
erməni vəhşiliyini
unutmamalarını tövsiyə
edir. Ə.Abbasovun
"Zəngəzur" tarixi
romanı da məhz bu missiyaya xidmət
edir, çünki tarix unudulanda təkrarlanır.
Lütviyyə ƏSGƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, ¹16.- S.22-23.