Sanuzel
Hekayə
Tələbəlik
illəriydi, gərək ki, ya Tallin şəhəriydi, ya da
Riqa, unutmuşam, coğrafi təcrübəyə
getmişdik. Bir gün də hamamda çimmək fikrinə
düşdük. Soraq-soraq axtarıb tapdıq. Tünd
sarı, birmərtəbəli binanın qapısından
içəri girəndə gözümüz bərələ
qaldı - 3-4 nəfər lüt kişi kassada oturan qadınla
şirin-şirin söhbət eləyirdi. Nə qadın bu
lüt kişilərin fərqindəydi, nə kişilər
bu paltarlı qadının. Guya elə belə də
olmalıymış. Bu günün özündə belə həmin
səhnə gözümün qabağına gələndə,
qəribə hisslər keçirdirəm.
İndi,
baxıram ki, bizi də - Şərqin bu müsəlman ölkəsinin
vətəndaşlarını da daş dövründən
qalma adət-ənənəyə sürükləmək
fikrinə düşüblər. Demə, sivilizasiyanın geri
dönüşü də varmış.
O
günü özəl bir klinikaya getmişdim. Mən də rəhmətlik
Quba nənəm kimi sofuyam axı, yəni dəqiqəbaşı
əlimi yumasam... qollarım havada qalacaq. Odur ki, sanuzelə dəymək
istədim. Axır ki, axtarıb tapdım. Gördüm iki
qapıdı yan-yana, az qala, ikisinin də üstünə
qadına oxşar fotolar yapışdırılıb. Telefonu
qoydum qulağıma - guya danışıram. Gəzə-gəzə
gözümün ucuyla qapılara baxırdım ki,
görüm hansından kişi çıxacaq. Daşa
dönmüş qapıların biri də
açılmadı.
Ordan
uzaqlaşıb, bir kənara çəkildim. Baxdım - ətrafda
topa-topa durmuş qız-qadından başqa ins-cins
gözümə dəymədi. Gəl ki, hamısı da
cavan. Utanmaq hissini itirmiş bir qarıya da rast gəlmədim
ki, dərdimi qoyum ovcuna. Bunlardan da üzüm gəlmədi
soruşum. Axır ki, başladım yan-yörəmə
baxmağa. Biri ucaboy, o biri bəstəboy iki kişini bir
otağın qapısı ağzında bir-birinin sözünü
kəsə-kəsə bərk-bərk danışan
gördüm. Bildim ki, kənd adamlarıdı. Elə bilirlər
ki, malı örüşə sürüblər...
arxayınca durublar arxın qırağında, qazaxlılar
demişkən gaplaşırlar.
Bir qədər
gözümü zilləyib bunlara baxdım, gördüm
yo-ox, sözləri qurtarana oxşamır, nəzakət-filan
gözləməyə dəyməz:
-
Bağışlayın, burda işləyirsiniz?
Ucaboy
kişi mənə tərəf çevrildi:
- Xeyr, xəstəyik.
- Sanuzelin
yerini deməzsiniz ki?
Kişilər
əvvəlcə bir-birinə, sonra da mənə baxdılar:
-
Sanuzel?!.
- Üzr
istəyirəm... su başı - tualet.
- Həəə...
Allah saxlamış, belə denən da.
Bəstəboy
başladı izah eləməyə. Sözü ağzında
qaldı.
- Nədi,
prostatdı?! - Ucaboy tələsik soruşdu.
- Bəli.
- Nədi,
kanserdi?
- Xeyr,
adenomadı.
- Mənimki
adenomadan keçib.
- Necə?
- Məndə,
həkim deyir, kanserdi.
- Adenoma
kanser olmur axı. Bəlkə aldadırlar sizi. İndi xəstəni
tora salıb, əməliyyata çəkmək adət olub.
Başqa yerlərə də dəyin.
- 3 yerdə
yoxlatdırmışam.
- PSA
neçədi?
- 100.
Təbii
ki, həddindən artıq yüksək idi. Amma təəccüb
elədiyimi bildirmədim ki, qorxar.
-
Müalicə eləmək lazımdı.
- Necə?
- Soruşdu.
- Spirtli
içkilərdən uzaq olun, əti də nadir hallarda yeyin,
bunun təbii müalicəsi də var.
- O nədi?
- Üzr
istəyirəm, subaysınızsa, evlənin.
- Allah
saxlamış, mən boyda subay olar?!
- Hər
halda cinsi orqanda durğunluq baş verməsin deyə intim
münasibətdə olmağın böyük faydası var.
- Həkimsiniz?
- Elə
görünürəm?
-
Artıqlamasıyla!
Gülümsədim:
- Həkiməm,
amma can həkimi yox, ha... canımın həkimiyəm.
- Onda bir
məsləhət də verin mənə - daha nə yeyib, nə
yeməyim?
-
Çalışıb quş əti, balıq əti yeyin.
- Gərək
sözünüzə əməl eləyim.
-
Quşdan, balıqdan da vacib, torpaqda bitən qidalar olsun
süfrənizdə gərək.
- Məsələn?!
-
Paxlalı bitkilər, brokoli, gül kələm, tərəvəz,
alma-armud... bir sözlə, yerdə bitən nemətlər.
-
Çox sağ olun, qardaş. Bir aydı xəstəxanaların
yolunda həlak olmuşam, hələ də sizin kimi faydalı
məsləhət verən olmayıb mənə. Hamı
deyir, soyun, gir bıçağın altına.
Xudahafizləşib
ayrıldıq.
Sanuzeli də
tapdım. Baxdım ki, elə bayaqkı qapılardı, az
qala, üstündəki şəkilləri də bir-birinin
eyni. Elə bil foto-şəkilləri qəsdən eyniləşdiriblər
ki, utanıb-eləmək getsin işinə -
qadınlı-kişili qarışaq bir-birimizə.
Müxalifət
də bu yandan hakimiyyəti qınayır ki, avropalaşmaq
lazımdı, bəsdi Türkmənistan olub getməyimiz.
Buyur, bu da sənə Avropalaşmaq!
Bu fikirləri
başımda götür-qoy elədiyim yerdə
qapıların biri açıldı - top qarasaqqal bir kişi
çıxdı içəridən. Şalvarının
qısa ətəyinə baxanda, bildim vəhabidi. Bunlar nəyi
dəyişik salsalar da, sanuzelin qapılarını dəyişik
salmazlar.
Cəsarətlə
qabağa yeridim.
Qəşəm
İSABƏYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.25.