"Sarı mətbuat"ın
Simonyanı
"Literaturnaya qazeta"nın
23-29 aprel 2025-ci il tarixli sayında Rusiya
Federasiyasının bir qrup tanınmış ziyalıları
- dramaturq, yazıçı, jurnalist, rejissor, bir sözlə,
elm və mədəniyyət xadimləri ölkənin ali
orqanlarına və müvafiq nazirliklərinə "Susmaq istəmirik"
başlıqlı müraciətlərini dərc etdirmişlər.
Müraciətdə Marqarita Simonyan adlı
teleaparıcının görkəmli rus şairi Konstantin
Simonovun ailə həyatına və
yaradıcılığına kölgə salan,
aşağılayıcı fikirlər aşılayan
mövqeyi haqlı olaraq tənqid olunur. K.Simonovun 110 illiyinə
və Böyük Qələbənin 80 illiyinə həsr
olunmuş televiziya verilişinə milyonların
baxdığı bir məqamda cəbhəçi şairin təmiz
şəxsiyyətinə şər və böhtan
çirkabını yaxan M.Simonyan Sovetlər Birliyində az
qala, hər kəsin əzbər bildiyi "Gözlə məni"
şeirinin müəllifinə belə yanaşmaqla ictimaiyyətdə
özünə qarşı mənfi reaksiya
yaratmışdır. Təbii ki, şairin oğlu Aleksey
Simonov bu verilişə laqeyd qalmamış və Simonyanın
böhtan xarakterli çıxışına tutarlı dəlillərlə
təkzib verdirmişdir. Rusiya Federasiyasının bu müraciətə
imza atan ziyalıları Simonyandan üzr istəməyi və
"Gözlə məni" müqəddəs adının
onun apardığı müəmmalı verilişdən kənarlaşdırılmasını
tələb edirlər.
Azərbaycan yazıçıları da Rusiya ziyalılarının haqlı tələbinə
qoşularaq görkəmli söz sənətkarının, cəbhəçi
şairin işıqlı xatirəsinə kölgə
salmağa çalışan teleaparıcını efir məsuliyyətinə
və insanlıq qanunlarına əməl etməyə
çağırır.
A.Savalan
Ədəbiyyat qəzeti.- 2025.- 9 may, №16.- S.23.