Bekon, yoxsa Şekspir?
İki dahini hansı "tellər" bağlayırdı?
Bütün dünyada
Frensis Bekon (22 yanvar 1561-9 aprel 1626) bir filosof, tarixçi, təbiətşünas, publisist,
dövlət xadimi,
empirizm nəzəriyyəsinin və
ingilis materializminin banisi kimi tanınır. Lakin bir çox
hallarda, hətta indinin özündə belə, onun adı "ədəbi qalmaqallar"da hallanmaqdadır.
Belə ki, XIX əsrin
ortalarında ilk dəfə
ortaya atılmış,
daha doğrusu, mətbuatda dərc edilmiş bir fikrə görə, hamımızın yaxşı
tanıdığı Vilyam
Şekspirin əsərlərinin
əsl müəllifi
sən demə... ser Frensis Bekon olmuşdur.
Əvvəlcə, gəlin, Bekonun
həyat və fəaliyyətinə qısaca
nəzər salaq. Məlum və məşhur "qalmaqal"ın
haradan qaynaqlandığına
isə bir qədər sonra işıq salmağa çalışarıq.
Ser Frensis Bekon gecikmiş
İntibah dövrü
və yeni dövrün
başlanğıcında ilk böyük filosoflardan biri hesab olunur.
Filosof yalnız sübutlara əsaslanan elmi yanaşmanın tərəfdarı idi. O,
20 yaşından etibarən
parlamentdə çalışmış,
yüksək dövlət
xadimi olmuşdur. Onun fəaliyyəti Kral tərəfindən müsbət qarşılanmış
və hətta Şotlandiyaya səfəri
zamanı dövləti
idarə etməyi ona həvalə etmişdir.
Amma sonralar onun karyerasında
eniş olmuşdur. Bekon öz malikanəsinə
çəkilmiş və
ömrünün son illərini
elmi və ədəbi işlərə
həsr etmişdir.
Karyerasının çöküşündən sonra gəlirlərindən
məhrum olan Bekon hökumətdən ona pensiya təyin
edilməsini xahiş etmişdir. Gizli şura bu cür
ödənişləri bir
müddət təxirə
salsa da, onun xahişini
qəbul edərək
illik 1200 funt məbləğində pensiya
təyin etmişdir...
Bekon fiziki təcrübələrdən
birində soyuqladığı
üçün vəfat
etdi. Belə bir fikir var ki, o, bir yoxsul qadından
aldığı kəsilmiş
ev quşunun (toyuğun) bədənini qarla dolduraraq, şaxtalı havanın quş ətinin saxlanılmasına təsirini
yoxlamaq istəmişdir.
Artıq ağır xəstə olan Bekon lord Arundelə son məktubunda təcrübənin
uğurlu olduğunu fəxrlə bildirirdi. Alim
əmin idi ki, elmin inkişafı insanların təbiət üzərində hökmdarlıq
etməsinə stimul yarada bilər. Lakin belə bir fikir
də mövcuddur ki, məşhur "toyuq əhvalatı" əslində,
sadəcə, bir tarixi anekdotdur və Bekon əslində
öz üzərində
opiatların və ya digər maddələrin
təsirini yoxlamağa
çalışırdı ki, bu da 1625-ci ilin sonunda sağlamlığına
mənfi təsir göstərmişdi.
Bekon qiymətli elmi tədqiqatlarla yanaşı
bir sıra dini əsərlərin də müəllifidir. Məsələn: "İman etirafı",
"Müqəddəs düşüncələr"
(1597), "Bəzi zəburları
ingilis dilinə tərcümə" (1625) belə
əsərlərdəndir. Bundan əlavə, onun "Yeni Atlantida" əsərində Bibliyaya
çoxlu istinadlar
var, "Elmlərin böyük
bərpası" əsəri
isə "insanın
bütün canlılar
üzərində hakimiyyəti
üçün ilahi
vədə işarədir.
"Təcrübələr..." əsərində Bekon müxtəlif dini məsələlərə dair
düşüncələrini ifadə etmiş, xurafata və ateizmə tənqidi yanaşmışdır. O, yazırdı:
"Üzdən səthi
olan fəlsəfə
insanın ağlını
dinsizliyə meyilləndirir,
fəlsəfənin dərinliyi
isə insanları dinə yönəldir".
Yetkin yaşlarında Bekonun ən etibarlı dostu keşiş Vilyam Rouli olmuşdur.
Filosofun ölümündən
sonra Rouli ona sədaqətini saxlamış və Bekonun tamamlanmamış əlyazmalarını xilas
etmək və nəşr etdirmək üçün çox səy göstərmişdir.
Vilyam Rouli həm də ser Frensis Bekonun ilk bioqrafı hesab olunur...
Bekon Müqəddəs Arxangel Mixail kilsəsində,
Sent-Olbansda dəfn edilib. Məzarı üzərində filosofun
kresloda oturduğu bir heykəl ucaldılıb.
Bekonun əsərləri induktiv metodologiyanın əsasını
qoymuş və populyarlaşdırmışdır. Bu metod müşahidə, təcrübə və hipotezlərin yoxlanılması
yolu ilə bilik əldə etməyə əsaslanır.
Onun bu yanaşması
"Yeni Orqanon" traktatında
(1620) təsvir edilmişdir.
Artıq dediyimiz kimi, Bekon insanın
təbiət üzərində
hakimiyyətini elmin məqsədi hesab etmişdir.
Bax belə...
Bəs görəsən, Bekon ilə Şekspiri hansı "tellər"
birləşdirirdi?
Məsələ burasındadır ki, Birinci Elizabetin hakimiyyəti dövründəki
təkcə Şekspirin
yox, digər ingilis dramaturqlarının
da həyatı haqqında
çox az şey məlumdur. Təəssüf ki, müasirləri
öz həmyerlilərinin
şəxsi həyatı
ilə maraqlanmamışdır.
Vilyam Şekspir (26 aprel 1564-23 aprel 1616-cı il) Stratford-upon-Avond
şəhərcikdə doğulmuş,
böyümüş və
orada dəfn edilmişdir. Təxminən,
1500 nəfərlik əhalisi
olan bu şəhərcik
o dövrdə qoyun kəsimi və satışı, həmçinin
dərinin emalı və yun ticarəti
mərkəzi idi.
"Antistratfordizm" adlanan və dramaturqun doğulduğu yerlə bağlı olan bu "nəzəri" baxış bucağının
tərəfdarları məlum
mənbələrdə aktyor
Şekspirin (yəni Stratforddan olan Şekspirin) indi bizə məlum olan əsərlərin müəllifi olduğunu inkar edir və
"Vilyam Şekspir"
anlamının başqa
bir şəxs və ya qrupun
təxəllüsü olduğunu
iddia edir. "Stratfordizm"in açıq
şəkildə inkar
edilməsi 1848-ci ildən
məlumdur. Müxtəlif
tədqiqatçılar tərəfindən
təklif olunan namizədlərin - "Şekspirlərin"
sayı isə təxminən 80-dir.
Antistratfordçu baxış, alimlər
tərəfindən adətən
rədd edilir, lakin hamısı tərəfindən deyil.
"Antistratfordçular" sübut üçün,
Şekspirin həyatı
haqqında çox az məlumat olmasından istifadə edirlər. Fakt çatışmazlığı bəzən hökumət
rəsmilərinin Şekspirin
əsl şəxsiyyətini
gizlətmək üçün
sənədləri məhv
etməyə çalışması
ilə izah olunur. Məsələn,
Stratford məktəbində Şekspirin oxuyub, ya oxumadığı faktını gizlətmək
üçün davamiyyətlə
bağlı qeydlərin
məhv edildiyi ehtimal edilir.
"Antistratfordçular" Şekspirin
doğulduğu şəhəri
mədəniyyət baxımından
yoxsul bir yer kimi təsvir
edir, onun özünü isə savadsız və naşı bir şəxs kimi təqdim edirlər. Con Şekspir, yəni Vilyam Şekspirin atası, əlcək istehsalçısı və
şəhər idarə
şurasının üzvü
idi. O, yerli zadəgan ailəsinin üzvü olan Meri Arden ilə evlənmişdi. Onların evlilik müqaviləsinə hər
ikisi, sadəcə, bir xaç işarəsi qoymuşdur,
başqa heç bir imza nümunəsi
qalmamışdır. Bu fakt
tez-tez Şekspirin savadsız bir ailədə böyüdüyünün
sübutu kimi göstərilir.
Şekspirin iki qızının
savadlılığına dair
də ortada sübut yoxdur, yalnız bir neçə sənəddə
Suzanın imzası görünür. Bununla belə, bu imzalar
tez-tez inamsızlıqla
"çəkilmiş" kimi təsvir olunur. Dramaturqun digər qızı Cuditlə bağlı rəsmi sənədlərdə
isə xaç işarəsi qoymuşdur.
"Antistratfordçular" Şekspirin
ətraf mühitinin onun əsərlərinin məzmunu ilə uyğun gəlmədiyini düşünürlər. Çünki
müəllif öz əsərlərində İngiltərə
və xarici ölkələrin siyasət
və mədəniyyəti,
eləcə də aristokratik idman növləri haqqında dərin biliklər nümayiş etdirir. Bəziləri onun əsərlərində savadsız
təbəqələrə qarşı nifrətini büruzə verdiyini, onları komik şəkildə təsvir
etdiyini və istehza obyektinə çevirdiyini qeyd edirlər.
"Antistratfordçular", yəni
Şekspirin mövcudluğunu
inkar edənlər, daha çox onun təhsil aldığına dair sənədlərin tapılmamasını
bir arqument kimi istifadə edirlər. 1553-cü ildə
təsis edilmiş və Stratfordda yerləşən pulsuz
Yeni Kral Məktəbi,
Şekspirin böyüdüyü
evdən təxminən,
800 metr məsafədə
idi. İngilis məktəblərində həmin
dövrdə savadlılıq
Kral fərmanı ilə dəqiq müəyyən edilmiş
latın mətnləri
əsasında öyrədilirdi.
Şagirdlərə latın
qrammatikası, antik dövrün incəsənəti
və ritorika sahəsində ciddi təhsil pulsuz verilirdi. Məktəbin direktoru Tomas Cenkins və müəllimlər
Oksford Universitetinin məzunları idi. Lakin məktəbin həmin dövrə aid şagird siyahıları qorunub saxlanılmamışdır və
heç kəs Şekspirin müəllimi
və ya sinif yoldaşı olduğunu bildirməmişdir.
Bu cür sənədlərin
yoxluğu "antistratfordçular"
tərəfindən Şekspirin
savadsızlığının əlaməti kimi qiymətləndirilir.
"Antistratfordçular", həmçinin
Şekspirin mədəni
bir ailədə böyümədən və
yaxşı təhsil
almadan, belə geniş bir lüğət ehtiyatına
malik olduğunu şübhə
altına alırlar. Onun pyeslərinin müəllif lüğəti
müxtəlif hesablamalara
görə, 17.500-dən 29.000-dək söz təşkil edir. Üstəlik, sən demə, Şekspirin əlyazmalarında
onun imzaları qorunub saxlanılmamışdır.
Qalan altı imza rəsmi sənədlərdə tapılmışdır.
"Antistratfordçular" bu imzaları "qaralama" adlandırır
və bunları Şekspirin savadsızlığı
və ya az təhsilli olmasının daha bir sübutu kimi izah edirlər.
Hətta "antişekspirçilər"in
bir çoxu Şekspirin Kral kitabxanasına girişinin
olmamasını da "əsas"
kimi misal çəkirlər. Həmin
kitabxanadan ən çox istifadə edən Bekon olmuşdur. Məlumdur ki, Şekspirin əsərlərinin
əksəriyyəti tarixi
aspektdədir. Onu inkar edənlər bu cür kitabları
oxumayanın birisinin tarixə baş vurmasını inandırıcı
hesab etmirdi. Halbuki Bekon "anadangəlmə" tarixçi
və oçerkçi
idi...
Amma Şekspirin məhz "Şekspir" olduğunu sübut edən faktlar da az deyildir.
Belə
ki, dramaturqun az qala varlığını
belə inkar etmək istəyənlərə
rəğmən, bütün
akademik elmi icma üzvləri hamıya məlum olan pyeslərinin müəllifinin məhz
1564-cü ildə Stratfordda
anadan olmuş və 1616-cı ildə vəfat etmiş Vilyam Şekspir olduğunu qəbul edirlər. O, aktyor və "Lord-Kamerger Xidmətçiləri" (sonradan
"Kralın Xidmətçiləri")
truppasının səhmdarı
olmuşdur. Bu truppa
1594-1642-ci illərdə "Qlobus" teatrında və Şekspir pyeslərinin səhnələşdirilməsində
eksklüziv hüquqlara
malik idi.
Şekspirşünaslar "Şekspir"
adının təxəllüs
olduğuna və ya aktyorun real müəllif üçün
bir örtük-pərdə
rolunu oynadığına
dair heç bir səbəb görmürlər. Bəzi
müasirlərinin qeydlərində
Şekspir yazıçı
kimi göstərilir, həmçinin onun müasiri olan dramaturqlar - Marlo, Conson, Con
Donn və digərləri
Şekspirə nisbətən
daha təvazökar mənşəyə malik idilər.
Doğrudur, Şekspirin həyatı
haqqında məlumatlar
çox qısa və natamamdır. Lakin dediyimiz kimi, onun müasiri olan dramaturqlar haqqında da çox az məlumat qorunub saxlanılmışdır.
Şekspirin əsərləri ona
aid edilərkən, ədəbiyyatşünaslar
digər yazıçılara
tətbiq olunan eyni metodologiyanı istifadə edirlər: tarixi qeydlər və üslubun tədqiqi. Onlar "antistratfordçular"ın irəli
sürdüyü "Şekspirin
müəllifliyinə dair
sübut yoxdur" arqumentini məntiq xətası kimi qiymətləndirirlər. Bu məntiq
xətası "sübutun
yoxluğu, yoxluğun
sübutudur" anlamını
verir.
Tarixi sənədlər birmənalı
şəkildə Şekspirin
pyeslərin müəllifi
olduğunu göstərir.
Onun adı pyeslərin və poemaların baş səhifələrində yazılıb
və o, ən azı müasirləri tərəfindən məşhur
yazıçı kimi
qeyd edilib. 1598-ci ildə Fransis Meres öz "Palladis
Tamia" kitabında Şekspirin
dramaturq və şair olduğunu qeyd edərək onun bir neçə
pyesinin adını çəkmişdir. Həmin
dövrdə, bildiyimiz
kimi, Şekspir sağ idi.
Elizabet dövrü İngiltərəsinin
sərt sosial iyerarxiyasına uyğun olaraq, Vilyam Şekspir 1596-cı ildə
atasının gerb hüququ əldə etməsindən sonra "centlmen" şərəfli
titulundan istifadə hüququ qazandı. Bu şərəfli titul müraciətlərdə "Master" sözü və ya adın qarşısında
"Mr." abreviaturası ilə ifadə olunurdu. Bu titul Şekspirin çağdaşları
tərəfindən ona
edilən istinadlarda, o
cümlədən, rəsmi
və ədəbi fəaliyyətlə bağlı
sənədlərdə mütəmadi
olaraq rast gəlinir. Bu da Stratforddan olan Vilyam Şekspirin
pyeslərin həqiqi müəllifi olduğunu təsdiqləyir.
Şekspirin sosial statusu çağdaşlarının epigramlarında da dəfələrlə
qeyd olunur: Con Devisin "Axmaqlığın
qamçısı" (1611) əsərində: "Bizim
ingilis Terensimiz, cənab Vill Şekspir-ə" ifadəsi,
Tomas Frimanın "Runne
and A Great Caste" (1614) əsərində
- "Master V.Şekspir-ə" bu deyilənlərə aiddir. Həmçinin tarixçi Con Stounun ölümündən sonra
(1615) çap olunmuş
"Bizim müasir və mövcud görkəmli şairlərimiz"
siyahısında qeyd olunmuşdur: "M.Vill Şekspir centlmen".
Şekspirin ölümündən sonra "centlmen" kimi Ben Consonun ithafının başlığında
açıq şəkildə
qeyd edilirdi: "Sevimli müəllifimizin xatirəsinə, cənab Vilyam Şekspir və onun bizə
qoyub getdikləri"
(1623-cü ildə "Birinci
Folio"da nəşr
olunub). Digər şairlər də Şekspiri mədh edərək onu centlmen kimi göstərmişlər:
Hyu Hollandın "Məşhur səhnə şairi, Usta Vilyam Şekspirin həyat və yaradıcılığı haqqında"
və Leonard Diggesin
"Vəfat etmiş
müəllifin xatirəsinə,
Usta V.Şekspirə"
əsərləri buna misaldır.
Şekspirin çağdaşlarının yazılı ifadələri,
eləcə də onun aktyor və
dramaturq kimi ünsiyyətdə olduğu
şəxslərlə münasibətlərinə
dair ciddi sübutlar göstərir
ki, pyeslərin müəllifi
məhz odur.
Tarixçi və antikvar Corc Bak 1603-cü ildə ictimai teatrlar üçün pyeslərin senzurasını
təmin etməli, sarayda teatr tamaşalarını
təşkil etməli
və pyeslərin nəşrinə icazə
verməli idi. O, adətən pyeslərin müəllifliyini dəqiqliklə
müəyyən edirdi;
1607-ci ildə isə şəxsən "Kral Lir"in nəşrinə
"Usta Vilyam Şekspir tərəfindən
yazılmışdır" qeydilə lisenziya vermişdi.
Kembric Universitetinin Müqəddəs Con Kollecində XVII əsrin əvvəlində yazılmış "Parnasdan qayıdışın birinci hissəsi" əsərində iki personaj Şekspirdən "şirin səsli cənab Şekspir" kimi bəhs edir. "Parnasdan qayıdışın ikinci hissəsi" (1606) adlı anonim dramaturqun əsərində isə aktyor Kemp aktyor Berbicə deyir: "Universitet təhsilli az adam yaxşı pyes yazır... Amma dostumuz Şekspir onlara necə yazmaq lazım olduğunu göstərdi".
1612-ci ildə Vilyam Caggardın Şekspirin adı altında nəşr etdirdiyi "Strastlı zəvvar" əsərinə Tomas Heyvudun doqquz şeiri əlavə edilmişdi. Heyvud bu məsələyə öz "Aktrisaları müdafiə etmək" kitabında etiraz etmiş və müəllifin bu hərəkətdən xəbərsiz olduğunu vurğulamışdı. Heyvud, həmçinin Caggardın başlıq səhifələrini dəyişdiyini qeyd etsə də, "təhqir olunmuş müəllif"in məhz Şekspir olduğunu açıq şəkildə bildirməmişdi. 1634-cü ildə "Xoşbəxt mələklərin iyerarxiyası" adlı şeirində Heyvud, Şekspiri öz dövrünün ən yaxşı şairlərindən biri kimi təsvir edir.
1612-ci ildə Con Vebster özünün "Ağ şeytan" əsərinin ithaf hissəsində Şekspirin işini "müvəffəqiyyətli və məhsuldar fəaliyyət" kimi qiymətləndirirdi. Şair Frensis Bomont 1608-ci ilə aid şeirində Şekspir də daxil olmaqla, bir neçə dramaturqun mövcudluğunu vurğulamışdı.
Əsrlər, illər keçir...
Şekspir nə qədər təkzib, təsbit, təsdiq, iqrar və inkar olunsa da o, dünya klassikasının zirvələrindən biri kimi yaşamaqda davam edir.
Şekspir irsinə maraq səngimək bilmir.
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.28-29.