"Ölü mətn"in diriliş missiyası
Yazıçı Orxan Fikrətoğlunun
"Ölü mətn"
(2013) romanı Azərbaycan
tarixinin müxtəlif
dönəmlərini işıqlandıraraq
oxucunu səyahətə
çıxarır, zəngin
insan tipləri ilə qarşılaşdırır,
onların həyat hekayələri ilə tanış edir. Müəllif müxtəlif
mühitlərdə insanların
xarakterlərindəki dəyişiklikləri
göstərməklə rəngli
bir dünya yaradır. İmperiya ideologiyasının xalqların
həyatını necə
puç etdiyi, mühiti hansı şəkildə zədələdiyi
və düşünən
beyinlərə nə
dərəcədə zərər
vurduğu açıq
şəkildə təsvir
edilir. Yadellilərin öz millətləri ilə qeyrilərinə olan açıq ayrı-seçkiliyi, azərbaycanlıların
savadsız, saf olmalarından istifadə edərək başlarına
olmazın oyunlar gətirilməsi də nəzərdən yayınmır.
Əsər XX əsrin
əvvəllərindən sonlarına
doğru böyük bir epoxanı müxtəlif aspektlərdən
işıqlandırır və
oxucunu özünü
sorğulamağa, düşüncələri
ilə baş-başa
qalmağa sövq edir. Roman "Ölü mətn" adlansa da, millətin ruhunu diriltməyə xidmət edir.
***
Ədəbiyyat elə bir güzgüdür ki, müxtəlif
cəmiyyətlərin, fərqli
mühitlərin mənəvi
və mədəni görüşlərini, gözəllik
və eybəcərliklərini
canlı şəkildə
əks etdirir. Buna görə deyirlər ki, çox kitab oxuyanlar bir deyil, yüzlərlə
həyat yaşayır,
minlərlə insan tanıyırlar. Yazıçılar
da əsər yaradarkən
yalnız estetik sferaya qapanıb qalmır, cəmiyyət həyatındakı sosial
çatışmazlıqları da ön plana çəkərək
oxucunu düşünməyə
vadar edirlər.
XXI yüzilin ilk rübündə
cəmiyyətdə baş
verən depressiyalar, gərginliklər, daxili təlatümlər, ailə
içərisindəki anlaşılmazlıqlar,
insanlar arasında dərinləşməkdə olan
təbəqə fərqinin
sorunları ədəbiyyatdan
yan keçməmiş,
Sabir Əhmədli, İsa Muğanna,
Anar, Mövlud Süleymanlı, Elçin
və başqa yazarların əsərlərində
fərqli yönlərilə
əksini tapmışdır.
Oxucuların adıçəkilən
yazıçıların əsərlərini
maraqla oxumasının
başlıca səbəbi,
onların yazılarında
öz həyatları
ilə bir yaxınlıq, bənzərlik
sezmələri, yaratdıqları
qəhrəmanların simasında
yaşadıqları həyatın,
çəkdikləri əzabların,
qazandıqları, yaxud
itirdikləri dəyərlərin
canlı təcəssümünü
görmələridir.
İlk hekayəsi 1981-ci ildə yayımlanan, sonra isə mətbuatda yüzlərlə bədii
mətn və publisistik yazılar dərc etdirən, onlarla filmin ssenari müəllifi olan tanınmış yazıçı, ssenarist,
rejissor, jurnalist Orxan Fikrətoğlunun yaradıcılığında önəmli yer tutan əsərlərindən
biri də "Ölü mətn" romanıdır. Burada ilk nəzərəçarpan məqam
əsərin monotonluqdan
uzaq və ənənəvi üslubdan
fərqli bir tərzdə qələmə
alınmasıdır. Həmçinin
"Fikir davamçın
yoxdursa, sən də yoxsan", "Ədəbiyyat heç nəyi dəyişmirsə,
deməli, mətnlər
ölüdür" kimi
aforistik deyimlərlə
müəllif bu yazının son ölü
mətn olması, artıq parlaq fikirlərlə aydınlanan
ədəbiyyatın yaranmasını
təvəqqe edir. Orxan Fikrətoğlu bir əsrdə baş verən tarixi ittifaqları romana sığışdırmaqla
bərabər ədəbi
keçmişin ən
qədim qatlarından
Dədə Qorqudu da çıxararaq əsərinə
daxil etmiş, Dədə obrazı ilə ona fərqli
don geyindirmiş, zəmanəsindəki
özgələşən, "ipi öz əlində
olmayan" insan surətləri yaratmışdır.
Ümumən əsər
bir-birilə əlaqəsiz
görünən, lakin
əslində bir-birini
tamamlayan qissələrdən
ibarətdir. Roman boyu bu hekayələrlə baş obraz - Ustad kamilləşir, özünü dərk etməyə başlayır
və əsərin əvvəlində yarımçıq
olan çox şey sona doğru
müəllifin özünün
də açıqlaması
ilə aydınlaşır.
Mətn
Ustada Cin adlı dostunun telefonla zəng etməsi və onun hüzuruna bir oğlan göndərəcəyini deməsi
ilə başlayır.
Həmin oğlan gəlir və yazdığı əsəri
Ustadın da oxuyub fikir bildirməsini istəyir. Lakin Ustad əski əlifba ilə yazılmış bu mətni oxumaqda
acizdir, çünki bu hərflər ona tanış deyil. Ustadın əski əlifbanı bilməməsi keçmişini,
kökünü anlamamasından
irəli gəlir. Buna
baxmayaraq o, gənc oğlana əsəri oxuyacağını söyləyir.
Lakin bu əsərin oxunmalı deyil, yaşanmalı olduğunu
bilmir. Hadisələrin
sonrakı gedişində
Barmen obrazı ilə
qısa bir qarşılaşma olur və onun ani ölümü ilə əslində "başqası
öləndə biz də
bir az ölürük"
qənaəti çatdırılır.
Romanda baş verən hadisələr, demək olar ki, sovet dönəmi ilə bağlıdır. İki
övladını qoyub
Rusiyaya pul qazanmağa gedən Kamilə buradakı mühitlə və bu mühitin "nəzarətçisi" Kamillə
rastlaşdıqda bütün
planları alt-üst olur. Kamil vağzalda cibkəsənlik edir, ancaq özgələrinin deyil, yalnız öz soydaşlarının
pullarını oğurlayır.
Çünki bilir ki,
polis görəndə gizlənməyə
yer axtaran soydaşları heç vaxt bununla bağlı
şikayət etməzlər.
Həm də polislər əvvəlcədən
Kamillə razılaşmış,
"Yerlilərinlə, özün
bilərsən. Onlar Rusiya qanununda deyillər", - demişlər.
Kamilin əyri yola düşməsi yaşadığı mühitdən
qaynaqlanır. Romanda
"Kamil oxusaydı, yaxşı
siyasətçi də
ola bilərdi" qənaəti
bunu bir növ təsdiq edir.
"Mən getsəm, kim iki arağa
gəlib bu boyda dükanı silib-süpürəcək? Rus qadını bunu edəndir? Rus sənin üçün döşəmə
yuyacaq? Harada görünüb
ki, kimsə hüquqsuz
və havayı işləyən qulundan imtina etsin? Burada
bütün çirkli
işləri görürəm.
Amma yenə də buradan razıyam. Və geri qayıtmaq
istəmirəm", - deyərkən
Kamilə əslində
reallığın fərqində
olub, buna boyun əyməyə razılığını
da etiraf edir.
Romanda fərqli mühit və cəmiyyətlərin
necə inkişaf etdikləri, özəlliklə
qadına münasibətdə
dəyər və dəyərsizlik sindromu, Azərbaycan qadınının
öz böyüklüyünü
anlamaması ürək
yanğısı ilə
göstərilir.
Romanda əsgərlikdən qaçıb
xaricə sığınan
insanların ümumiləşmiş
rəmzi kimi Ağdamlı Vəliş
surəti diqqəti çəkir. O, polis gülləsi
ilə yaralandıqdan
sonra kimliyi aşkar olmasın, vətənə göndərilməsin
deyə, xəstəxanaya
getmir, qanaxmadan ölür. Diri ikən vətənindən
qaçan Vəliş,
ölü kimi vətənə qaytarılmaq
üçün tabuta
qoyulur.
Hadisələrin çevik keçidləri
ilə müşayiət
olunan əsərdə,
həmçinin İkinci
Dünya müharibəsi
illərində iki həmyerlinin - İsmayıl
və İbrahimin simasında ideologiyalarının
toqquşması və
bu çarpışması
canlandırılır. İsmayılın
atası bolşeviklərin
Gəncəni tutacağını
eşidir və oğluna özünü yazıq göstərməsini
tapşırır. İsmayıl
da atasının dediklərinə
əməl edir. Beləcə, rejim İsmayılı öz ideologiyasına uyğun bir əsgər kimi yetişdirir və onu Gəncəyə
- doğulub böyüdüyü
şəhərə əks-kəşfiyyatçı
təyin edir. İşə başlayan kimi İsmayıl bolşeviklərin gözündən
yayınan gəncəliləri
bir-bir üzə çıxararaq sürgün
edir. "Altı aya Stalinin özündən
də beş dəfə çox adam tutub güllələdir".
İsmayıl öz keçmişini
unudan, manqurtlaşan, özgələşən və
bunu öz istəyi ilə edən insan tipidir, onun qarşısında
dəfələrlə bu
yoldan dönməsi üçün şərait
yaransa da, bunu etmir, ölənəcən
seçdiyi yolun doğru olduğunu düşünür. Halbuki,
gücün kor etdiyi gözlərini qaldırıb ətrafına
baxsaydı, gəncliyindən
bəri xidmət etdiyi, milyonlarla günahsızın qanına
bulaşmış Sovetlər
Birliyinin əski əzəmətinin qalmadığını,
dağılmaq üzrə
olduğunu görərdi.
İkinci Dünya müharibəsinin qızğın
anında düşmən
cəbhələrdə savaşan
İbrahim və İsmayıl
kiçik daxmaya sığınanda rastlaşırlar
- bu onların illər sonra ikinci görüşü
idi. Burada İsmayılın İbrahimi
öldürməyib çıxıb
getdiyini bildikdə, onun qəlbində kiçicik bir xeyirxahlıq işığı
olduğunu düşünürüksə,
az sonra İsmayılın İbrahimin
nəslindən bir adam da saxlamadığını
bildikdə, bir insanın ideologiyaya satılmağının dəhşətləri
ilə qarşılaşırıq.
İsmayıl sovetlərə
kölə olmağı
qəbul etmişdisə,
İbrahim türklərə sığınmış, Nuru
paşanın köməyi
ilə xilas olmuş, İstanbulda
"Vətən" qəzetini
nəşr etdirmiş
və Avropada, həmçinin Sovet Azərbaycanında yaymağa
başlamışdı. Hər
dövrdə milləti
oyatmağa çalışan
insanlara sədd çəkənlər olduğu
kimi, İbrahimin bu qəzeti məşhurlaşdıqca bolşeviklərin
dincliyi pozulur. Beləliklə, onlar İbrahimi öldürməsi
üçün İsmayılı
casus qismində göndərirlər.
İsmayıl bu işi uğurla bacarır, amma hesaba almadığı bir şey vardı
ki, o da "düşmən"inin zəkası idi.
İbrahim bu gəlişin
əsl məqsədini
duymuş və ehtiyatını görmüşdü,
sadəcə, İsmayıl
bunu çox sonralar biləcəkdi.
Ömrünün ən gözəl
illərini sonu puç olan bir ideologiyaya qurban verən İsmayıl sonda bunu anlayırsa da, artıq hər şeyin gec olduğunun fərqinə varır. O, doğulduğu
şəhərə, doğma
insanlara, hətta özünə o qədər
yadlaşır ki, vətənə
yalnız ölmək
üçün gəlir.
İbrahimin daim ümidlə səsləndirdiyi
"müstəqil olmağımıza
az qalıb" fikri gerçəkləşəndə
iki həmyerlinin son görüşü baş
tutur. İbrahimə
"Öləndə qoyma
qəbrimi murdarlasınlar"
deyən İsmayıl,
"Necə yaşayırsansa,
elə də ölürsən" cavabının
ağırlığı altında
əzilir və yox olur.
Eyni bir mühitdə doğulub fərqli yolların yolçusu olan bu iki
gənc öz talelərini özləri yaradır. Yolun başında hər ikisi getdikləri yolun dürüstlüyünə
inanır, fəqət,
hər şeyin doğrusunu zaman göstərir.
Nə qədər bir-birinə zidd fikirlərin təmsilçiləri
olsalar da, bir yurdun - bu məmləkətin
övladları - bir mətnin yazısı idilər. Onların hekayəsi də beləcə bitir və yenisi başlayır ki, burada Azərbaycan-erməni münaqişəsinə
toxunulur. Bakıda türk ovunun getməsi, müsəlmanların
sorğu-sualsız öldürülməsi,
ermənilərin guya Lenindən bütün bakılıları dənizdə
batırmaq əmri almaları kimi faktların verilməsi oxucuda o dönəmin qaranlıqlarını anlamağa,
tarixin yaşatdıqlarını
öyrənməyə xidmət
edir. Bizi - bu xalqı bir
deyil, dəfələrlə
öldürmələri əsərin,
demək olar ki, hər epizodunda vurğulanır. Azərbaycan
tarixinin qanlı səhifələrindən olan
repressiya dövrü də "Qırmızılar
Bakını tutanda yazıb-poza bilən adamların hamısını
bir kluba yığmışdılar" cümləsi ilə verilir və sürgün olunan aydınların geridə qoyduqları qadınlarının
ləyaqəti də kədərlə xatırladılır.
Romanda maraqlı situasiyalardan biri də özünəxas
çalarlarla yaradılan
Dədə obrazının
elata gətirdiyi "yeniliklərdir". O, qırx
oynaşlı Qısırca
yengəsi "Elin anası"
adlandırıb müqəddəs
elan edərkən, elin
mal-qarasını, sürülərini,
ilxılarını çöl
qayalığından dərəyə
tökdürərkən, qeybdən
gələn səsi bəhanə edərək,
hamının lal-dinməz
oturmalarını söyləyərkən
kimsə bu absurd davranışa qarşı
çıxmır. Bu mənasız
əməllərin qarşısında
hamılıqla Dədəni
deyil, onun sözlərini dəyişirlər
ki, el dədəsiz qalmasın. Yazıçı
bununla toplumun daima öz başbilənlərini
itirmək qorxusunu, əsl başların özləri olduqlarını
dərk etmədiyini irəli sürür.
Romanın süjet hörüyündə
repressiyadan bir neçə epizodda bəhs edilir. Sona doğru dustaqların aparılıb öldürüldüyü,
onlara öz əllərilə qəbirlərinin
qazıldığı ada
təsvir olunur. Adaya düşən Ustad buradan təsadüfən
bir qayıqçının
yardımı ilə xilas olmağı bacarır. Sibirə, Solovki adasına, yaxud başqa diyarlara sürgün olunan dühaların Ustad kimi nicat
yollarının olmaması,
onların köməyinə
bir kimsənin gəlməməsi, ağlasığmaz
bir şəraitdə
ölmələri tarixin
acı gerçəkləridir.
Ustada danışılan bir hekayədə isə yüksək vəzifəli
bir zabit öz günahını başqa birinin üstünə yıxır
və onu şirnikləndirərək qısa
sürə həbsdə
bəy kimi yaşayacağına söz
verir. Sonra isə zabit bu gənci
ölümə məhkum
edib: "səni mən yaratdım, mən də öldürürəm" dedikdə,
cavan oğlan həyatın şirinliyini
anlayır və qaçıb xilas olur. Əsərdə kiməsə qul olmaq, şüursuz şəkildə sahibini ilahiləşdirməyin acı
nəticələri müxtəlif
obrazların həyat hekayələrində, fərqli
situasiyalarda canlandırılır.
Ölü mətn Ustadı ayıltmağa çalışdığı kimi, oxucunu da oyanışa səsləyir.
Əsərin sonlarına doğru
əski əlifbanın
nəsildən-nəsilə ötürülməsi, qorunması,
aydınların bu əlifba naminə məhv edilməsi, lakin əlifbanın yaşaması, onun əslində əski düşüncə, ənənə,
keçmiş olduğu
və unudulandan bəri yeni heç nə yaradılmadığı
qənaəti vurğulanır.
Azərbaycan nəsrində
post sufi janrının
ilk örnəyi kimi dəyərləndirilən romandan
doğan qənaətə
görə, "Ölü
mətn" yalnız
Ustadın deyil, bütövlükdə millətin
mətnidir. Bu mətn
hələlik oxunmasa
da, millət canı, qanı bahasına onu qoruyub gələcək
nəsillərə ötürəcəkdir.
Şəhla ŞƏHRƏNGİZ
Ədəbiyyat qəzeti.- 2025.- 9 may, №16.- S.30.