Vole Şoyinkanın "Güclü cins"
əsərində kiçik adamın simvolik rolu
Vole Şoyinka afrikalı yazıçılar arasında xüsusi yer tutan, dərin düşüncələri ilə seçilən tanınmış ədiblərdən biridir. Onun əsərləri, adətən Afrika mədəniyyəti, ənənələri, mərasimləri və insanın cəmiyyətlə üz-üzə qalması kimi vacib mövzulara toxunur. Soyinkanın məşhur "The Strong Breed" ("Güclü cins") adlı pyesi də bu baxımdan diqqətəlayiqdir. Bu əsərdə yazıçı fədakarlıq anlayışını çoxqatlı və düşündürücü şəkildə təqdim edir, "kiçik adam"ı - fərdi cəmiyyətin böyük və ya güclü strukturuna qarşı bir simvol olaraq sərgiləyir.
"The Strong Breed" adlı birpərdəli pyes Vole Şoyinkanın yaradıcılığının erkən dövrünə aiddir. Əsər ilk dəfə 1964-cü ildə ABŞ-ın "Greenwich Mews" Teatrında tamaşaya qoyulub. Hadisələr Afrikadakı bir kənddə, ilin son günü baş verir və bu vaxt baş verənlər sadəcə bir kəndin deyil, bütöv bir cəmiyyətin mənzərəsini göz önünə sərir. Vole Şoyinka bu pyesində xalq arasında xilas yolu kimi qəbul edilən bir ənənənin pərdəarxasını açır. O, əsərində bu qədim ayinin əslində zorla və qəddarlıqla həyata keçirildiyini göstərir. Yazıçı diqqətə çatdırır ki, illərdir davam edən bu mərasim kəndin sakitliyini qorumaq üçün nəzərdə tutulsa da, əksinə, sonda böyük bir faciəyə yol açır.
Vole Şoyinkanın "The Strong Breed" əsəri klassik faciə anlayışına, xüsusilə, Aristotelin dediyi kimi, hadisələrin ciddiliyi və insan taleyinə təsiri baxımından tam uyğun gəlir. Şoyinka özü də əsərinin ideyasını belə izah edir: "The Strong Breed"də Afrika xalqlarına xas olan, ilin sonunda şəhərin təmizlənməsi mərasimindən istifadə etmişəm. Bu mərasimdə xüsusi insanlar - yəni daşıyıcılar seçilir. Onlar şəhərin içindən keçərək onun bütün pisliklərini, şərini simvolik olaraq özləri ilə aparırlar. Cəmiyyət inanır ki, bu yolla yeni ilə təmiz başlanğıc verilə bilər. Şoyinka bu ideyanı pyesində fərqli və düşündürücü şəkildə təqdim edir. Əsərin əsas obrazı - bir növ qəhrəman - özünü elə bir vəziyyətdə tapır ki, cəmiyyətin adına, guya hamının rifahı naminə qurban verilir. O, şər və günah daşıyıcısına çevrilir və nəticədə ölümə sürüklənir.
Vole Şoyinkanın verdiyi izahdan aydın olur ki, "The Strong Breed" əsəri klassik faciə qaydalarına uyğun şəkildə qurulub. Əsərdə biz "ciddi, tam və müəyyən ölçüdə əhəmiyyətli bir hərəkətin təqlidi" ilə qarşılaşırıq - bu da Aristotelin faciəyə verdiyi əsas təriflərdən biridir.
Əsərin əsas qəhrəmanı Emanın ölümü, onun "şəhərin təmizlənməsi" adı ilə qurban verilməsi, bu hadisənin nə qədər ciddi və ağır nəticələrə səbəb olduğunu açıq şəkildə göstərir. Hekayə tam bir dramaturji quruluşa malikdir: hadisələr mərasim başlamazdan əvvəl başlayır və Emanın faciəvi ölümü ilə sona çatır. Bu baxımdan, əsər həm struktur, həm də məzmun etibarilə klassik faciə çərçivəsinə uyğundur.
Vole Şoyinka bu faciəni yalnız bir fərdin ölümü kimi deyil, həm də böyük bir mənəvi və ictimai çöküş kimi təqdim edir. Əsərdə Eman "daşıyıcı" rolunu öz üzərinə götürür və cəmiyyətin bütün şərini təmizləmək üçün qurban edilir. O, şüurlu şəkildə özünü təhlükəyə atır və bu yolla yazıçının "məslək" və "qurban" anlayışları arasında qurduğu dərin mənəvi əlaqə ortaya çıxır.
Eman, eyni zamanda Aristotelin
faciə qəhrəmanı anlayışına da uyğundur.
Aristotelin dediyinə görə, faciə qəhrəmanı nə
tamamilə günahsız, nə də tamamilə pis
insandır. Onun başına gələnlər əxlaqsızlıqdan
yox, daha çox bir zəiflikdən, səhv qərardan
qaynaqlanır. Emanın faciəsi də məhz budur - o,
yaxşı niyyətlə hərəkət etsə də,
sonda həyatını itirir. Şoyinka bu yolla həm
insanlıq borcunu, həm də cəmiyyətin bu kimi "ənənələr"
altında törətdiyi haqsızlıqları göstərmək
istəyir.
Emanı
daha dərindən anlamaq üçün onun
davranışlarına diqqət yetirmək kifayətdir. O,
"Mən kor deyiləm, Sunma" deyə bildirsə də, əslində
ilk səhvini məhz xəbərdarlıqlara qulaq asmamaqla edir.
Sunmanın ehtiyatlı tövsiyələrinə əhəmiyyət
vermir, hətta kiçik bir qızın sözlərini də
ciddiyə almır. Qız deyir: "Səninlə
danışmağa davam etməli deyiləm. Əgər anam məni
görsə..." Amma Eman bu xəbərdarlıqları
görməzlikdən gəlir.
Ona xilas olmaq üçün
bir imkan da verilir. Yük maşınının səsi gələndə,
o gedib canını qurtara bilərdi. Amma Eman şəhərdə
yad biri olduğunu bildiyi halda, bu statusa sakitlik kimi baxır:
"Yabançı olmaqda sülh var", - deyir. Halbuki bu
sözlərdə acı bir dramatik ironiya gizlənir -
çünki bu "sülh" onu fəlakətə
aparır.
Ən sonda isə Eman İfadayı xilas etmək
üçün özünü qurban verir, yəni
daşıyıcı olmağa razılaşır. Bu, səthi
baxışla bir fədakarlıq kimi görünür. Amma əslində
Emanın bu qərarının arxasında daha dərin, bəlkə
də özü də tam dərk etmədiyi bir istək -
taleyini qəbul etmək və ona doğru getmək arzusu
dayanır.
Tənqidçilər də bu məsələyə fərqli
yanaşırlar. Onların fikrincə, Emanın bu seçimi
sadəcə təsadüfi bir qərar deyil, həm də onun
daxili iradəsinin və qismətə doğru yönələn
şüuraltı yolunun göstəricisidir. Beləliklə,
Emanın faciəsi təkcə onun ölməsi deyil, həm
də öz taleyini dərk edərək ona doğru addım
atmasıdır. Bu isə əsərə dərin psixoloji və
fəlsəfi məna qatır.
"The
Strong Breed" əsərinin baş qəhrəmanı
Eman həm fərdi, həm də ümumi mənada
böyük mənalar daşıyır. Onun əsas
motivasiyası fədakarlıqdır. Eman özü
üçün deyil, başqaları üçün
yaşayır və nəticədə özünü qurban
verir. Lakin bu fədakarlıq cəmiyyət tərəfindən
nə qiymətləndirilir, nə də başa
düşülür. Əksinə, onun saf niyyəti faciəyə
gətirib çıxarır.
Eman bu addımı ilə bir həqiqəti göstərmək istəyir:
bir insanın seçimi, davranışı təkcə onun həyatına
deyil, ətrafındakı hər kəsin taleyinə təsir
edə bilər. Fədakarlıq sadəcə şəxsi bir
hiss deyil, eyni zamanda toplumun hamısına aid olan bir məsuliyyətdir.
Vole Şoyinka bu əsərdə "kiçik adam"ın
- sadə fərdin belə, böyük dəyişikliklərə
yol aça biləcək gücə sahib olduğunu
vurğulamaq istəyir.
Eman cəmiyyətin köhnə,
ədalətsiz ənənələrinə
qarşı səssiz, lakin mənalı bir etiraz edir. O, bu
yolla cəmiyyətin diqqətini reallığa çəkmək,
dəyişiklik yaratmaq istəyir. Amma təəssüf ki,
onun bu fədakarlığı istənilən nəticəni
vermir. Cəmiyyət dəyişmək əvəzinə,
öz köhnə qaydalarında qalmağa davam edir.
Kiçik adam klassik ədəbiyyatda çox vaxt gücsüz,
kimsəsiz və cəmiyyətin diqqətinə layiq
görülməyən bir xarakter olaraq təmsil olunur. Vole
Şoyinkanın əsərində Eman bu "kiçik
adam"ın təcəssümüdür. Onun cəmiyyətdəki
rolunun simvolikliyi onun yalnız öz şəxsiyyətinin
deyil, həm də cəmiyyətin kollektiv
yaddaşının və ənənələrinin təmsilçisi
olmasında gizlidir. Eman özünü qurban vermək
üçün cəmiyyətin təyin etdiyi bir
"güclü cins" olaraq seçilmişdir, amma cəmiyyətin
bu ənənəni necə yanlış başa
düşdüyü onun faciəsinə yol açır.
Əsərdə Eman özünü
qurban verməyə hazır olduğunu
bildirsə də, bu fədakarlığın cəmiyyət tərəfindən
yanlış anlaşılması, onun daxili və xarici
mübarizəsinin əsasını təşkil edir. Cəmiyyətin
rəhbərləri və digər kəndlilər ritualın
mənasını anlamadıqları üçün Emanın fədakarlığını
düzgün qiymətləndirmirlər. Eman bəzən cəmiyyətin
təyin etdiyi yoldan kənara çıxmağa
çalışır, amma nəticədə onun bu təklifləri
qəbul edilmir. O, kiçik bir adam olaraq böyük bir
yükün altına girir, amma cəmiyyət bu fədakarlığı
heç vaxt tam anlamır. O, monoloqunda deyir: "Sadəcə
bu yerdə qalacağam, səhərə qədər. Artıq
kifayət qədər etmişəm".
Tamaşaçı üçün
Emanın faciəvi
taleyi, dayandırılmış ovun yenidən başlaması
ilə qaçılmaz olur. İcma səviyyəsində mərasimin
pozulması faciənin başlanğıcı kimi
görünür. Əslində, icmanın ilk
daşıyıcısını itirməsindən yaranan
narahatlıq, ritualın simvolik cəzasını yerinə
yetirməmək nəticəsində baş verir. Lakin
pozğunluq - əvvəlcə Emanın gözlənilməz
davranışı ilə aşkar edilir - daha dərin bir icma
pozuntusunu üzə çıxarır və faciəni tək
bir şəxsin çətinliyi ilə məhdudlaşdırmağın
mümkün olmadığını göstərir.
"The
Strong Breed" əsərinin adında
göstərilən "güclü cins" termini cəmiyyətin
əlindəki ənənəvi güc strukturlarını və
müxtəlif təbəqələr arasındakı
qarşıdurmaları təsvir etmək üçün
istifadə olunur. Şoyinka burada gücü yalnız fiziki
qüvvə ilə əlaqələndirmir. Əsərdə
güc, həm də sosial və mədəni dəyərlərin
qorunması, kollektiv irfanın və ritualların təkrarı
ilə əlaqələndirilir. Bu, "güclü"
olanın nə qədər "kiçik" ola biləcəyini
göstərən bir paradoks təşkil edir.
Şükufə VƏLİYEVA
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.31.