Deakoneskunun şeirlərinin həqiqi
mahiyyəti
təsvir pərdələrinin arxasındadır...
Onun şeirlərinin ilk oxusu elə təəssürat
yaradır ki, sanki adi, gündəlik şeylərdən danışır
şair: bir qadının dükan vitrinlərinə baxa-baxa hərgünkü gəzintisindən,
bir başqa qadınla qatarda təsadüfi görüşdən,
gözün bir ağaca və quşa qəfil sataşmasından, duadan, bir heykələ diqqətli baxışdan,
divar saatının yerə düşüb sınmasından, səmaya
dirənən nəzərlərdən...
yəni yalnız təsvir edir. Bu sadalananların hamısı
doğrudur, amma Deakoneskunun şeirlərinin
həqiqi mahiyyəti bu təsvir pərdələrinin arxasında
gizlənib. Deyirlər
ki, sevirsənsə, hər
şeyin var; sevmirsənsə,
əlində olan heç bir şeyin mənası yoxdur. Eyni ifadəni
"şair və reallıq" münasibətlərinə
proyeksiya eləsən,
yəqin belə demək olar: şairin ideyası-inancı
varsa, demək, hər şeyi var; ideyası-inancı yoxdursa,
demək, heç nəyi yoxdur. İon Deakoneskunun inamı, ideyası bizi əhatə eləyən nəsnələri, hadisələri
ekzistensial, soyuq varoluşdan, diri, demək ki, ən əhəmiyyətli və
isti gerçəkliyə
keçirir, onlara dərin məna və vaciblik qazandırır; və bu söylədiklərimi yozumla, sıradan şərhlə qarışdırmaq
olmaz. Onun (yaradıcılığı) haqqında
"söz adamı kimi can-tale hücrələrinə
girə bilən şair" (Nikolae Dabija), "çağdaş
Avropanın ən dəyərli şairlərindən
biri" (Qeorq Astalos), "misrası səni sınağa çəkən, mat qoyan,
öz tərcümeyi-halı,
gözlənilməzliklərlə dolu gizli kitabxanası,
çölləri olan
şeiriyyatın müəllifi"
(Slavko Almajan), "bizi
əbədiyyətə dəvət
edən, gizli kainatın canlı ürək döyüntüsünü
duyuran şair" (Luçiano Luizi) və başqa bu kimi çox
yüksək fikirlər
söyləyiblər. Görkəmli
türk şairi Ataol Bəhramoğlu Deakonesku barədə yazır ki, o, ruhun şəklini çəkən
"alət"dir. Sitat
etdiyim bu böyük sözlərin
hamısı, əlbəttə,
doğrudur, qiymətlidir,
amma heç biri nə ayrı-ayrılıqda,
nə də bir yerdə İon Deakonesku poeziyasını ifadə edə bilmir. Çünki elə şairlər var
ki, onların yazdıqları
barədə danışmaq
istəyəndə, anlayırsan:
sənin dediklərin eyni zamanda şeir
sənəti haqqında
söylənə biləcəklər
olmalıdır; çünki
xas şairlər yalnız öz şeirlərini yazmırlar,
onlara qədər yazılmış xalis şeirləri öz əlavələri, möhürləri,
imzaları ilə təsdiq edirlər. Necə ki, Vergili "hər kəsə öz ehtirası bələdçilik edir"
deyirdi, necə ki, Deakonesku "Məhsuldar
zaman" şeirində yazır:
"...İbtidai istəklərin
iniltiləri bumbuz əks-səda verərkən
dünyada, kölgələrə
sarılmaq xaric, bir şey qalmırdı..."
Necə ki, Aleksandr Blok yazırdı:
"Nə qədər
ölməmisən, sən
qoca, fani dünya,/
Hələ ki qoynundasan
şirin istəklərinin,/
Müdrik ol, Edip kimi, dayan,
bir ayaq saxla/ Sən önündə Sfinksin, həmin o qədim sirrin". Necə ki,
İon Deakonesku "Sfinksin
cavabı" şeirində
"əlavə edir":
"Bir müddət sonra
ondan mağaradakı işığın/ gözümü
niyə qamaşdırdığını
və niyə görmədiyimi soruşdum./ Daşın, gilin, mağaranın ətrafımda uçan/ qanadları ütülmüş
pərvanələrlə məni
içəri niyə
çəkdiyini də./
Əngin səhralardan
uzaq ölümsüz
eşqlərin mövcud
olduğu yerdə/ əbədi öpüşə
necə layiq olacağımı da. / Cavab
vermədi./ Səssizliyin əks-sədası kimi/ bir damla yaş
süzüldü yanaqlarından./Sfinks kordu."
Şəksiz, şair və ədib, düşünər
kimi İon Deakoneskunun
formalaşmasında "damarlarımdan
qan de- yil, qaranlıq axır" deyən böyük rumın-fransız filosofu,
yazarı, bəlkə
də haqlı olaraq "XX əsrin sonuncu pessimisti" adlandırılan Emil Çoranın
fikirlərinin, onunla hələ gənc ikən görüşünün
böyük rolu olub. "Olmuşam, varam, olacağam, çünki bu varlığın/varolmanın
yox, qrammatikanın problemidir", - deyən, bu sözləri ilə əzablı həyatı dözülməz
yüngüllüklə, eyni
qədər gizli sarkazmla ifadə edən (bu ifadəni
həm də filosofun bütün yaradıcılığının rezümesi saymaq olar) Çorana ithaf etdiyi, elə
Çorandan epiqrafla başladığı "Müsahibə"
şeirinin, şübhəsiz,
Deakoneskunun bütün
poetik yaradıcılığında
məxsusi yeri var və biz də kitabı məhz bu şeirin başlığı ilə
adlandırdıq. Kitaba
daxil edilən əksər şeirlər
düşündürür, suallar qoyur; bir çoxunda qiyamət, zamanın şərtiliyi, insanın
faniliyi, mübarizə,
xeyir və şər problemləri
var. Amma çox yaxşı
ki, ümid də var. Və bu ümid
vərdiş edilən
kimi bu dünyada
hər şeyin yaxşı bitəcəyinə
olan "dəbdə olan ümid" deyil, bu yanaşma
Deakonesku miqyasında bir şair üçün
sadəlövhlük olardı.
Bu bir başqa ümiddir, inamın, eşqin vəd etdiyi, doğurduğu ümiddir: "Tək bir qanad verdi
Allah./ İşıqdandı,/
bir gilas yarpağı, ya da azmış bir mələyin qanadıydı,/
ikonalar diksindi. / İnsan oğlu qarşısıalınmaz bir
arzuyla uçmağı
bacardı,/ birini həsrətlə
qucaqladı,/aşiqlər
selinə qarışdı".
İon Deakonesku, eyni zamanda görkəmli ədəbiyyat xadimidir. Beynəlxalq Mihay Eminesku Akademiyasının
prezidenti kimi bütün Avropada, xüsusən ,Şərqi Avropada böyük ədəbi prosesin, işin öndərlərindəndir.
Onlarla vacib, miqyaslı antologiyaların
tərtibçisi, ciddi
ədəbiyyat festivalları,
elmi konfrans və tədbirlərin təşəbbüskarı, təşkilatçısı,
rəhbəridir. Bəlkə
də bu işlərə şəxsi
yaradıcılığına, özünə ayırmalı
olduğu vaxtdan, ömründən kəsərək
hədsiz çox
zaman sərf edir. Böyük polyak yazıçısı Vitold
Qombroviç XX əsr
Avropa şeirinin nəhənglərindən olan
polyak şairi Miloşu heç cür anlaya bilmirdi ki, niyə Miloş vaxtını antologiyalar tərtib etməyə, polyak ədəbiyyatı tarixinə
xərcləyir, niyə
yalnız sevdiyi işlə, şeir yazmaqla məşğul olmur. Soruşurdu ki, sən heç antologiya tərtib edən Nitsşeni təsəvvür edirsən?
O, Miloşun Protey təbiətini, yaxud təbiətindəki proteizmi
anlamaqda çətinlik
çəkirdi. Halbuki
məhz Miloş kimi adamlar ədəbi
mühərrik rolunu oynayırlar və bunu təkcə öz yaradıcılıqları
ilə etmirlər. Bir
adam yol gedir və sənə
elə gəlir ki, izdiham yürüyür. Ədəbi fəaliyyəti
baxımından, ədəbiyyat
xadimi kimi İon Deakonesku da eyni keyfiyyətə malik şəxsiyyətlərdəndir.
Bu gün onu ürəklə ümum-Avropa
ədəbi mühtini
formalaşdıran şəxslərdən
biri hesab etmək olar. Ola bilsin ki, 30-dan bir az artıq şeirin
daxil edildiyi bu toplu İon Deakoneskunun poetik yaradıcılığının bütün genişliyini duymaq üçün yetərli olmayacaq. Amma əminik ki, çox qiymətli nümunələr
toplanmış bu
kitab şair kimi onun obrazının əsas, səciyyəvi cizgilərini faş edəcək. Epistolyar janrın, müsahibə janrının (hətta uydurulmuş olsa belə) qəribə bir xüsusiyyəti var, orda adresat, ünvan,
ilk növbədə, yazan
və danışan adam [şair eyni vaxtda danışaraq
yazandır] üçün
daha görünən
və əlçatandır,
bu isə ədəbiyyat üçün
vacib olan, çoxişləkliyi ilə
inflyasiyaya məruz qalmamış səmimiyyəti
dürüst edir; öncə yazan adamda, müəllifdə belə bir duyğu
yaradır ki, o nəhayətsiz
laqeydliyə deyil, onunla həmdərd ola biləcək, qarşısında
dayanmış başqa
birinə xitab edir; bu duyğu
oxucuya da dərindən
sirayət edir. Ümumiyyətlə isə
bütün şeirlər
bir az da şairlərin öz-özü
ilə söhbəti,
müsahibəsidir. Gəlin,
Oktavio Pasın sözləriylə desək,
Deakoneskunun "Müsahibə"sini
gözlərimizlə dinləyək.
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 9 may, №16.- S.26-27.