"Vəfa" tamaşasının
məşqləri əsnasında
yaddaş ekskursu
Xalq şairi Rəsul Rzanın dünyaya gəldiyi gündən 115
il ötür. Masamın üzərində
şairin müxtəlif
illərdə çap
olunmuş kitabları
düzülüb - "İllər
və sətirlər",
"Duyğular... düşüncələr",
"Üzü küləyə",
"İşıqlar üşüyəndə",
"Mənim fikrimcə...",
"Duyğuların izi
ilə", "Seçilmiş
əsərləri"nin beş
cildliyi... Nədənsə,
diqqətimi daha çox şairin Böyük Vətən müharibəsi illərində
yazdığı mübariz
ruhlu şeirləri özünə çəkir.
Bir də müharibə illərinin
kiçik xatirəsi...
Uzun müddətdir
Krım cəbhəsində
olan Rəsul Rzadan xəbər yoxdur, ömür-gün yoldaşı, sevimli Nigarı nigarançılıq
üzüb əldən
salır. Belə günlərdən birində
artıq dözə bilməyib evdən çıxır və Yazıçılar İttifaqına,
Səməd Vurğunun
yanına gəlir. Deyir ki, Mərkəzi
Komitə ilə danış, məni hərbi müxbir kimi cəbhəyə yollasınlar. Səməd
Vurğun Nigarın halını duysa da, soyuqqanlı davranır, zarafatla şairəyə toxtaqlıq
verməyə çalışır,
deyir ki, mən indi bir
batalyon hardan tapım, səni cəbhəyə yollasın?
İndi Krımda kurort-murort yoxdur. Get otur evdə, şeirini yaz, uşağını saxla.
Bir də axşam Pedaqoji İnstitutda şeir gecəsi olacaq, ora gələrsən, yadından çıxmasın.
Xatirələrində belə yazırdı Nigar xanım. Şair dostunun vəfalı ömür-gün
yoldaşına belə
həyan olurdu Səməd Vurğun.
Rəsul Rzanın
"Vəfa" şeirindəndir
bu misralar:
İndi
sən uzaqdasan: nə kağız var, nə xəbər...
Hicran nədir bilərmi yola göz dikməyənlər!
Çox yuxusuz
gecələr sovuşsa
da başımdan,
Gözlərinin gülüşü
çıxmayır yaddaşımdan.
Yadımdadır, hər
sözün, hər kəlmən yadımdadır,
Elə bil göyərçinəm, eşqin
qanadımdadır.
Rəsul Rza Krımdan əziz Nigarına hərarətli
sözlər yazırdı:
"Nigara! Yenə də ulduzlara baxdım, səni andım, sən ulduzlu gecələri çox sevirdin. Buranın mavi, dərin səmaları, aylı gecələri var. Gözlərimi yumub dənizin əsrarlı nəğməsini
dinləyirəm. O nələr
danışır. Bu qəzəbli qocanın kədərli əfsanələrini
eşitdikcə onun əbədiyyətlə bağlı
ömrünə həsəd
aparıram. O nələr
görmüş... nələrin
şahidi olmuş... Qulağına gələn
pıçıltılar qırılmış
arzulardan, insanların
kinindən, fəryadsız,
həzin təəssüfündən
ağır hekayətlər
anladır. Gözlərimi
açıram, ulduzlar
axır, boşluqlara doğru axıb gedir" (Anar, "Mübarizə bu gün də var", "Nurlan" -
2002. səh.129).
Müharibə Rəsul
Rzanın yaradıcılığında
xüsusi yer tutur. 1941-ci ildə Rəsul Rzanı bir neçə yazıçı-jurnalistlə birlikdə Krım cəbhəsinə Azərbaycan
dilində qəzet çıxarmağa yollayırlar.
Rəsul Rzanın ayağında kəsik olduğundan axsayırdı,
istəsəydi, cəbhəyə
getməyə də bilərdi. Unudulmaz alimimiz Abbas Zamanov xatırlayır ki, hərbi tibb komissiyasında müayinədən keçərkən,
Rəsul Rza "mən tam sağlamam,
heç bir şikayətim yoxdur" deyir və qələm
dostlarıyla birlikdə
cəbhəyə yollanır.
Bu fakt şairin
xarakterindən irəli
gələn döyüşkənliyin,
mübarizliyin bariz nümunəsidir. Əksini
desəydi, o, "mübarizə
bu gün də var, yarın
da, mən də onun ən
ön sıralarında"
misralarını yaza bilməzdi. Bu misraları və onlarla döyüşkən
şeirləri ona yazdıran da məhz dönməz, sərt, mərdanə xarakteri idi.
Bu günlərdə
Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyovla
söhbət əsnasında
Bakı Bələdiyyə
Teatrında Rəsul Rzanın "Vəfa"
pyesinin məşqlərinə
başladığını bildirdi. Şairin müharibə dövrü
yaradıcılığı ilə bağlı xeyli söhbətləşdik.
Rəsul Rza
"Vəfa" pyesini
müharibənin qızğın
çağlarında yazıb
- 1942-ci ildə. Əsər
ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 1943-cü ildə görkəmli rejissorlar Adil İsgəndərov və
Ələsgər Şərifov
tərəfindən hazırlandı.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli yazır: "Eyniadlı tamaşada Vəfa rolunda çıxış
edən Hökümə
Qurbanova ciddi ifa tərzi ilə aparıcı obrazlar oynamaq üçün ona bəslənən ümidləri
doğrultdu. "Vəfa"
tamaşasından sonra
ona dalbadal daha ciddi rollar
tapşırıldı". (İlham Rəhimli, "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı" II cild, "Təhsil" nəşriyyatı, 2013. səh.77)
"Vəfa" tamaşasının
premyerası 1943-cü ilin
7 mayında olub. Tamaşa 1945-ci ilin mayına qədər mütəmadi olaraq oynanılıb. İlham Rəhimlinin
də yazdığı
kimi, görkəmli aktrisa Hökümə Qurbanova məhz Vəfa obrazını oynadıqdan sonra ona səhnədə böyük rollar həvalə edilib. O, sənətkar kimi məhz bu rolda
özünü təsdiqləyib
və rejissorların inamını qazanıb. Tamaşada Rza Əfqanlı (Bahadır),
Məhluqə Sadıqova
(İntizar), Mərziyə
Davudova (Ülkər xala), Möhsün Sənani (Xasay), Ələsgər Ələkbərov
(Minnətov), Mirvari Novruzova (Vəsfiyyə), İsmayıl Osmanlı (Vəzir), Leyla Bədirbəyli
(Firuzə) kimi görkəmli aktyorlar iştirak edirdilər. Bu adlar Azərbaycan teatrının parlaq simaları idilər. "Vəfa" tamaşasının
uğurla nümayiş
olunmasında onların
hər birinin böyük əməyi olmuşdu.
Yazının əvvəlində
Rəsul Rzanın
"Vəfa" şeirini
xatırladıq. Xalq yazıçısı Anar Rəsul
Rzaya həsr etdiyi "Mübarizə bu gün də
var" kitabında yazır:
"Bu şeirin ("Vəfa"
şeiri nəzərdə
tutulur - K.H.) ovqatı,
ruhu, əsas qayəsi Rəsul Rzanın elə o illərdə yazdığı
"Vəfa" pyesinin
də əsas məzmunudur".
Həmin kitabda teatrşünas Cəfər
Cəfərovun Rəsul
Rzaya yazdığı
məktublarından birinə
diqqət çəkilir.
Cəfər Cəfərov
dostuna yazır: "Vəfa"nın taleyi məni yaman maraqlandırır. ...Əsər
şəklə düşəndə
bir məğzini yazarsan. Ədil (Adil İsgəndərov nəzərdə
tutulur) yaxşı eləyir ki, tələsdirir.
Sən onu bil ki, əsər meydana çıxandan sonra heç kəs sənə güzəştə getməyəcək.
Hamı sənə qarşı tələbkar
və zalım olacaq".
"Vəfa" pyesi tamaşaya qoyulandan sonra Cəfər Cəfərovun çox xoşuna gəlibmiş.
Anar müəllim qeyd
edir ki, "Cəfər
Cəfərov teatrımızın
tarixinə aid yazdığı
monumental kitabında "Vəfa"nı
müharibə haqqında
ən yaxşı əsərlərdən biri
adlandırır". (Anar, "Mübarizə bu gün də
var" kitabından.
səh.134)
Mərahim müəllim
mənə dedi ki, gəl məşqlərdə
iştirak et, istəsən yazı da hazırlaya bilərsən. Zalda, sözün əsl mənasında, yaradıcı
atmosfer hökm sürürdü. Rejissorun
amiranə səsi məşqin başlandığını
bildirirdi. Vəfanı
istedadlı aktrisa Ülviyyə Rza məşq edir. Geniş diapazona malik aktrisa prinspial,
müharibədən yayınmaq
istəyənlərə güzəştə
getməyən prokuroru
və həyat yoldaşını böyük
məhəbbətlə sevən
fədakar qadını
- bu iki fərqli insanı bir obrazda birləşdirməyi
bacarır. Ülviyyə
xanımın simasında
Vəfa səksən iki ildən sonra yenidən Azərbaycan səhnəsinə
qayıdır. Doğrudan
da, mühüm hadisədir. Mən məşqləri izlədikcə
tamaşadakı Bahadır-Vəfa
xətti daha çox diqqətimi çəkdi. Rəsul Rzanın şeirlərindən
parçalar səsləndikcə
Rəsul Rza və Nigar Rəfibəylinin
- Azərbaycan poeziyasının
bu qoşa qanadının böyük
məhəbbəti haqqında
düşünürdüm. Bu tamaşa sevginin, məhəbbətin
savaşa qalib gəlməsi haqqındadır.
Rejissorun uğurlu tapıntıları haqqında
danışmaq istəmirəm.
"Mən güllü
bir may səhəri
doğulmuşam", deyirdi
Rəsul Rza. Güllü may axşamlarından birində
"Vəfa" tamaşasının
premyerası olacaq. Onda hər şeyi
özünüz görəcəksiniz.
İntensiv məşqlər
artıq yekunlaşmaq
üzrədir. Tamaşada
Əməkdar artistlər
- Aydın Əliyev, Səmayə Sadıxova, Əhməd Salahov, Şahzadə Babayeva, Gülsabah Quliyeva; aktyorlardan - Toğrul Rza, İsmayıl Atakişiyev, Zülfiyyə
Qurbanova, Rəşad Kəsəmənli, Əzizə
Həşimova, Rəşid
Soltanov, Asif Rəhimov və digər aktyorlar iştirak edirlər.
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 16 may (№17).- S.2.