Kiper də
hadisədir, xalis ədəbiyyat hadisəsi
Qriqore Kiper
Kişineunun çağdaş ədəbi
coğrafiyasında, bəlkə relyefində və ya
landşaftında demək daha doğru olardı, vacib ərazi,
nöqtədir, ötən yüzilliyin sonu və yeni minilliyin
yaşadığımız hissəsində ciddi imzadır
(illərlə bağlı qeydlər elə illər sonra daha
aydın hiss olunacaq). Onun poeziyası gündəlik həyatın,
gerçəkliyin zərif lirizmindən doğur, meditativ,
pessimist, melanxolik, amma çox dəqiq, bir qədər asketik
cizgilərlə təzahür edir. Robert Frost yadıma
düşür. O deyirdi ki, mən yüngülçəkili
optimizmdənsə, ağırçəkili pessimizmə
üstünlük verirəm.
Kiperin
şeirlərini diqqətlə oxuyanda (yəni "tərcümə
edəndə" deməkdi bu!) XX əsr Avropa poeziyasından
oxuduğum yaxşı şairləri xatırlayıram. Birini
qeyd edim.
Bu, Kiperdir:
Sənin sükutunu
və evin
yaxınındakı qarı oxumaq,
səbəbsiz
üşümək üçün
nə qədər
zaman gərəkəcək?
Bu da Tranströmer:
Dili yox, sözü, sözü olanlardan yoruldum,
qar altında
uyuyan adaya üz tutdum.
Sözsüzdü vəhşi
təbiət.
Yazılmamış səhifələr
uzanırdı dörd
bir tərəfə.
Qarda cüyür
izlərini gördüm,
Danışırdı - sözsüzdü.
Kiper temperamentiylə çox maraqlıdı, bunu tərcümə prosesindən
dəfələrlə hiss etdim. Günəşli Kişineuda soyuq skandinaviyalı kimi "dəydi gözümə";
bu isə o deməkdir ki, o, müəyyən
qədər təklənib,
başqa iqlim qurşağına köçüb;
öz ədəbi mühitində yeni, yaxud başqa (laşmış)
olmağın bir başqa təzahürüdür
bu. Onu bir neçə
dəfə Kişineuda
müşahidə eləmək
imkanım olmuşdu. Əlimi ürəyimin üstünə qoyub əminliklə deyə bilərəm ki, "göründüyü
kimi olan, olduğu kimi görünəndir", üstəgəl,
şeirləri də görünəndir, vizualdır:
Külək ağacları əyir,
Uzaq xatirələr
küləyə cavab verir.
Yalnız arabir
şimal sularının
axını üzərində
əyilirəm,
səni yaddaşımdan
sanki zərif
şitillik çiçəyi
kimi
çıxarıb qoxulayıram.
Şair eyni zamanda formula yaradandır, hamı yox əlbəttə ki. Öz klassiklərinə büt kimi tapınan,
onların söylədikləri
həqiqətləri, düsturları
yalnız onların söylədiyi biçimdə
qəbul etməyə
öyrəşmiş "tipik bir şərqli
kimi" mənə (nəbadə, əruzda, yaxud qafiyəli və hecada deyilmiş bir mətləblə bir başqa cür rastlaşaq, olmaz!)Kiperin təqdimatında təklif olunan təkliyin klassifikasiyası,
formulu çox böyük həzz yaşadır; əlbəttə,
əqli həzz:
Çoxüzlüdür təklik:
özününkülərin arasında,
özgələrlə,
özünlə üzbəüz
qalanda.
Öz tarixçəni,
əhatə olunduğun
insanları, müşahidələrini
dəqiqliklə yazanda
sən öz ölkənin tarixini də yazmış olursan, bu mənada
Kiper həqiqi vətənpərvərdir.
Fikrimcə, Kiperin ən böyük uğuru oxucunu temperamenti ilə "götürməsində", yazdığı,
göstərdiyi hər
bir şeyi "sakitcə" etməsindədir,
təbiət hadisəsi
kimi; necə ki, külək əsir, necə ki, yağış
yağır, ağaclar
yarpaqlarını tökür
və ya yenidən yaşıllaşır.
Kiper də hadisədir, xalis ədəbiyyat hadisəsi.
Ədəbiyyat qəzet.- 2025.- 16 may
(№17).- S.3.