Əyrimli
yollar
"Tələskənlik onun böyük səhviydi, gözəlliyə, gözəllərə tez vurulurdu.
Bu yanlışını
özü bilirdi, ya yox, bəlli
deyildi. Həyatın dolam-dolanbac yollarında daim nəsə arayıb-axtarırdı. Deyirdi,
əyrimli yollar daha maraqlıdır, çünki hər döngədən o üzdə
səni nələr gözlədiyini bilmirsən..."
- rejissor Yusif Şahin iki-üç cümləylə bir vaxtlar əlindən tutub kinoya gətirdiyi
Mişel Şalhubun, sonradan dünya kinosunda Ömər Şərif kimi tanınacaq aktyorun şifahi portretini cızırdı. O danışdıqca
aktyorun çəkildiyi
filmlər, ekran obrazları gözlərimin
qabağından kinolent
təki ötürdü.
Yusif Şahinlə görüşüm nə
mənim vətənimdə,
nə də onun ölkəsində baş tutmuşdu. 1989-cu ilin yayında Aşqabadda "Sülh və azadlıq uğrunda" deviziylə
keçirilən simpoziumun
qonaqları idik.
Rejissor Yusif Şahin 1953-cü ildə
"Vadidə mübarizə"
filmini çəkəndə
özü də bilmirmiş ki, boylu-buxunlu,
yaraşıqlı Mişel
Şalhubu baş rola dəvət etməklə o, dünya kinosuna bənzərsiz bir sənət ulduzu bəxş edib. Bu filmlə də gənc Mişelin aktyorluq karyerası başladı.
Tez bir zamanda Misirdə populyarlaşsa
da, onu dünyaya tanıdacaq, şöhrət
zirvəsinə yüksəldəcək
yol hələ irəlidəydi.
Ömər Şərifin
yaradıcılığına bələdliyim vardı, aktyorun rol aldığı
çox filmlərə
baxmışdım. Bununla
belə, onun barəsində rejissor Yusif Şahinin də dilindən nəsə eşitmək istəyirdim. Hər ikisi İskəndəriyyədə
doğulub böyümüş,
Misirdə ən nüfuzlu məktəb sayılan Viktoriya liseyini bitirmişdilər. Bu liseyin
yetirmələri arasında
tanınmış şəxsiyyətlər,
o cümlədən, sənət
adamları da az deyildi.
"Vadidə mübarizə" filmi bir
rejissor kimi Yusif Şahinin və baş rolun ifaçısı kimi isə gənc
Mişelin yaradıcılığında
əsl hadisə idi.
Söhbətin bu məcraya gəlməsi müsahibimin ürəyincəydi.
"Vadidə mübarizə"
rejissora böyük şöhrət qazandırmışdı.
Azərbaycan tamaşaçıları
da Yusif Şahini və baş rollarda çəkilmiş
Mişel Şalhubu, Faten Həmaməni məhz bu filmlə
kəşf etmiş, sevmişdilər. "Vadidə
mübarizə" əllinci
illərin sonlarında
sovet prokatında göstərilən ilk Misir
filmlərindən idi.
Yusif Şahin maraqlı müsahib idi, sözümüz-söhbətimiz
tuturdu. Filmin uğurunu daha çox baş rolların ifaçılarına
bağlayırdı. Dedi, aktrisa
Faten Həmaməni və Mişel Şalhubu çəkilişə
dəvət etməklə
seçimində yanılmayıb
və bir rejissor kimi bu
sənətkarlara borcludur.
Elə gənc
Mişel də özünü rejissora borclu bilir, onu
özünün xaç
atası sayırdı.
Əslində, o vədə
Yusif Şahin də cavan idi,
sənətdə ilk addımlarını
atırdı. Aralarında
az yaş fərqi vardı, Mişel Yusifdən cəmi altı yaş kiçik idi.
Mişel Şalhub
1932-ci ildə varlı
xristian ailəsində
anadan olub. Qahirə Universitetinin fizika-riyaziyyat fakültəsində
oxuyub. Əmək fəaliyyətinə atasının
yanında başlayıb,
ağac emalı və ticarətilə məşğul olub. Ailənin yeganə övladı kimi bir müddət atasının yolunu davam etdirsə də, Mişel görürdü ki, biznes
onun işi deyil. Teatra marağı
vardı və bu maraq onu
London Kral Akademiyasına
gətirdi, aktyorluq təhsili aldı. "Vadidə mübarizə"
filmi yalnız onun yaradıcılığında deyil, şəxsi həyatında da yeni bir mərhələnin başlanğıcı
oldu. Çəkiliş
pavilyonunda Mişel öz tərəf-müqabilinin
simasında həm də ilk sevgisini tapmışdı. Bu, rejissorun
da diqqətindən yayınmamışdı:
"Mişelin Faten Həmaməyə vurulduğunu hiss edirdim, - Yusif Şahin sözünə davam elədi. - Ecazkar Faten yalnız
Misirin yox, bütün ərəb dünyasının ən
məşhur kino ulduzu
sayılırdı. Çəkiliş
zamanı kamera arxasından onların oyununa baxanda elə bilirdim eyni vaxtda iki
film çəkirəm: bir
"Vadidə mübarizə"ni,
bir də iki gəncin ülvi məhəbbətini
əks etdirən melodramı. Onlar rolda da, həyatda da bir-birlərinə çox
yaraşırdılar..."
- Baş rolların ifaçılarında
yaranmış ülvi
hisslər çəkilişə
mane olmurdu ki? - soruşdum.
- Əvvəl bu məni də
düşündürür, şəkkə salırdı,
amma işin uğurlu gedişi məni bu şübhədən qurtardı. Qəhrəmanların
oyunu o qədər gerçək və inandırıcı alınmışdı
ki, bunu mən özüm də gözləmirdim və onların məhəbbətindən
qazanan həm də film oldu.
Filmin çəkilişi
müvəffəqiyyətlə başa çatdı, Mişellə Fatenin həyat kinosu isə davam edirdi. Lakin din ayrılığı
onların ailə qurmasına mane olurdu, Fatenin valideynləri onun xristian oğlana ərə getməsinə
razılıq vermirdilər.
Aktrisanın ecazkar gözəlliyi çoxlarını
ovsunlamışdı, bu
məsum, göyçək
qıza vurulmayan yox idi. Mişellə
evlənməyə Faten
bir şərtlə razılıq verdi ki, o, islam dinini qəbul
eləsin. Mişel seçim qarşısında
qalmışdı, sevgilisinə
olan sədaqətini sübut eləmək üçün yalnız
dinini yox, adını da dəyişdi.
O vaxtdan Mişel Şalhub Ömər Şərif kimi tanındı, dünya
kino tarixinə də bu adla düşdü.
Onlar ailə həyatı qurduqdan sonra da birlikdə çəkilməyə davam
etdilər. İyirmi altı yerli və iki fransız
filmində çəkilib
populyarlaşsa da, Ömər
Şərif daha çox məşhur Faten Həmamənin həyat yoldaşı kimi tanınırdı. Sənətdə özünü
təsdiqləmək, özünü
tanıtmaq o qədər
də asan başa gəlmirdi. Kinoya gəlişindən
on il sonra tale onun üzünə daha bir qapı açdı.
Tanınmış Hollivud kinorejissoru Devid Lin "Ərəb Laurens" filmindəki
şeyx Əli ibn əl-Kəriş roluna aktyor seçmək məqsədilə Misirə
gələndə Ömər
Şərifin üzərində
dayanır. Baş rolda isə tanınmış ingilis
kino-aktyoru Piter O-Tul çəkilir. Çəkiliş qrupu aylarla səhrada yaşamalı olur. Ömər Şərif müsahibələrindən birində
deyir: "Səhrada yaşamağın çətinlikləri
çoxdur, bu həyata alışmayan adama isə ikiqat müşküldür.
Rolda mənim dəvəm də vardı və bu maraqlı heyvan səhrada məni darıxmağa qoymurdu. Onu da deyim ki, dəvə çox kinli olur və
heç vaxt da kinini gizlətmir. Amma buna baxmayaraq, mən onunla dil tapa bildim, o məni öz sahibi kimi qəbul elədi."
Bütün çətinliklərə
baxmayaraq, film uğurlu
alınmışdı. Ömər
Şərifin rolu ikinci dərəcəli olsa da, xarakter baxımından mürəkkəb
və maraqlı idi. Kino tənqidçilərinin
yazdığına görə,
Əli ibn əl-Kəriş
rolunun uğurlu alınması məhz Ömər Şərifin ustalığı, istedadı
sayəsində mümkün
olmuşdu və aktyor təbii oyunuyla öz qəhrəmanını sevdirə
bilmişdi. "Ərəb
Laurens" filmilə Ömər
Şərif necə böyük potensiala malik olduğunu sübut elədi. Bu ekran əsəri Hollivuda səs saldı, müxtəlif nominasiyalar üzrə "Oskar" mükafatı
aldı. Ömər Şərifə "Oskar" düşməsə
də, onun yaradıcılığı da yüksək qiymətləndirildi,
"Qızıl qlobus"
mükafatına layiq görüldü. Qərb
şərqli oğlanı
bir qədər gec kəşf eləsə də, şöhrət onu tez tapdı, dünya kinosu kəhkəşanında yeni bir
ulduz parladı.
Qərb kinosu klassik rus yazıçılarının
əsərlərinə az
müraciət etməyib.
Dünyanın bir çox məşhur rejissorları Lev Tolstoyun, Dostoyevskinin, Çexovun əsərlərini ekrana gətirib. Rejissor Devid Lin Pasternakın "Doktor Jivaqo" əsərini ekranlaşdırmaq
istəyəndə baş
rolda məhz Ömər Şərifi görürdü. Devidin təklifi aktyor üçün gözlənilməz
idi, rolun öhdəsindən gələ
biləcəyinə bir
az inamsız baxırdı. Çəkilişlər
Fransada, İspaniyada aparıldı, rus qışı mənzərəsini
lentə almaq üçün isə yaradıcı qrup bir ay Finlandiyada işləməli oldu. Şərqli oğlandan ötrü sərt, şaxtalı havada çəkilmək heç
də asan deyildi. "Doktor Jivaqo" filmi altmış
beşinci ildə ekranlara çıxdı və uğur qazandı, müxtəlif ödüllərə layiq
görüldü. Ömər
Şərif isə ikinci dəfə "Qızıl qlobus" prizilə mükafatlandırıldı.
Hollivud birmənalı
olaraq şərqli oğlanı qəbul etdi.
Aktyorun uğurları
avropalı rejissorların
da diqqətindən kənarda
qalmırdı, onu bir ucdan müxtəlif
filmlərdə çəkilişə
dəvət edirdilər.
"Roma imperiyasının süqutu", "Çingiz
xan" filmləri də aktyora yeni uğur gətirdi. Ömər Şərif "Çingiz xan" filmində rejissor işinə yüksək qiymət verərək deyirdi ki, Henri Levin hadisələrə
tarixilik donu geydirə bilmişdi, kütləvi səhnələr,
ələlxüsus da, döyüş
səhnələri, epizodları
olduqca inandırıcıydı.
Aktyorun obrazlar qalereyası çox zəngindir, burada kimlər yoxdur? Beş dildə sərbəst danışması
əlindən tutur, onun əcnəbi rollarında oynamağını
asanlaşdırırdı. Özü bu haqda deyirdi: "Mən nə ispanam, nə italyanam, nə də ki, fransızam. Mən hər yerdə əcnəbiyəm,
ona görə də məni alman zabiti, rus şairi,
Nyu-York yəhudisi rollarına da dəvət
edirlər".
Altmışıncı illər
aktyorun yaradıcılığında
ən məhsuldar dövr olub. Ömər Şərifin çəkildiyi bir neçə kino lenti Azərbaycan tamaşaçılarına
da yaxşı tanışdır.
Yadımdadır, "Makkenanın
qızılı" filmi Bakının
bütün kinoteatrlarında
nümayiş etdirilirdi.
Bilet kassalarının
qarşısındakı uzun
növbələr indi
də gözümün
qabağındadır. Ömər
Şərif qəddar
quldur Kolorado obrazını özünəməxsus
ustalıqla yaratmış,
sözün əsl mənasında tamaşaçı
nifrətini qazana bilmişdi. Ömər Şərif filmdə bənzərsiz Hollivud ulduzu Qreqori Peklə tərəf-müqabil
olub.
2004-cü ildə
Bakıdakı Misir Mədəniyyət Mərkəzində
olarkən Qahirədə
yaşayan Faten Həmaməylə telefonla
danışdım. Mərkəzin
tərcüməçisi, bizə dilmanclıq elədi. Faten xanıma dedim: "sizin yaradıcılığınızla
Azərbaycanda da yaxşı
tanışdırlar, sizi
unutmurlar. Əhməd
Rəmzi ilə baş rolda çəkildiyiniz "Məhəbbət
və göz yaşları" filminə
baxanda orta məktəbdə oxuyurdum.
Fatma obrazıyla tamaşaçıların
qəlbinə elə yol tapmışdınız
ki, qızlara Fatma adı
vermək dəb düşmüşdü..." Mənim sözlərimdən
duyğulandığını səsindən hiss elədim.
Məmnun olduğunu bildirdi. Dedi sinninin bu çağında da kinoya çəkilmək istərdi, yetər ki, ürəyinə yatan rol olsun. Dedim
mətbuatda oxuduğuma
görə, Ömər
Şərif öz həyatını ekrana gətirmək istəyir...
Dəstəyin o başında
uzun bir sükut yarandı. Əslində, bu sükut mənim sualımın səssiz-səmirsiz
cavabıydı - cavabsız
cavabı...
Şan-şöhrət qazanmış
Ömər Şərifin
Misirlə əlaqələri
demək olar ki, getdikcə zəifləyir,
get-gəli azalırdı.
Başı işə
qarışırdı, boş
vaxtlarını isə
ziyafətlərdə, bahalı
kazinolarda keçirirdi.
Bəzən ötən
günlərin nisgili onu keçmiş aylara, illərə qaytarırdı. Hərdən
yolunu Qahirəyə salmaq istəsə də, bu mümkün
olmurdu, Misir dövləti onun vətənə gəlişinə
qadağa qoymuşdu.
Buna səbəb Ömər
Şərifin 1968-ci ildə,
Misir-İsrail münasibətlərinin
gərgin vaxtında ekranlara çıxan
"Gülməli qızcığaz"
filmində yəhudi qızla intim səhnələrdə çəkilməyi
olmuşdu. Vətənə
gedə bilmədiyindən
Ömər Şərif
həyat yoldaşına
Amerikaya köçməyi
təklif edir, amma Faten Həmamə razılaşmır və
beləliklə də,
onların on beş illik birgə həyatına son qoyulur. Ərindən ayrılandan
sonra Faten Həmamə yeni ailə qurur, Ömər Şərif isə bir daha evlənmir.
Müsəlman qayda-qanunlarına
görə, oğlu
Tarek atasının himayəsində
qalır.
Ömər Şərifin
şan-şöhrəti başından
aşırdı, onu sevən, ona vurulan qadınların sayı-hesabı yox idi. Tanınmış sənət ulduzlarından
Ava Qardner, Brijit Bardo,
Katrin Denevlə məhəbbət
macəraları haqqında
dedi-qodular dolaşırdı.
Hətta onu iyirminci əsrin Don Juanı da adlandırırdılar.
Aktyor bu ayamanı qəbul eləmirdi, deyirdi, "mənim adım çıxıb, həmkarlarım
arasında məndən
də betərləri
var. Bir də ki, burada
nə qəbahət
var axı? Bütün
günüm çəkiliş
meydanında keçir,
yorulub əldən düşürəm və
belə halda məni qurtaran sevgi, məhəbbət olur. Çəkiliş bitəndə isə çamadanımı yığışdırıb
gedirəm, bilirəm
ki, irəlidə məni
yeni eşq macəraları
gözləyir..." Özünün
dediyi kimi, məşuqələri çox
olub, sevdiyi qadın isə yalnız Faten Həmamə idi.
Yetmişinci illərin
ortalarında Ömər
Şərifin yaradıcılığında
bir qədər sönüklük gözə
çarpmağa başladı.
Hollivuda müxtəlif
ölkələrdən, o cümlədən,
Misirdən gənc aktyorlar gəlirdi və sanki onlar
öz gəlişləriylə
məşhur aktyorun sənətdəki yerini dar edirdilər. Əslində onun xofa-təlaşa düşməsi
yersiz deyildi.
Ömər Şərif
meylini televiziyaya saldı, seriallarda çəkildi, verilişlər
apardı. Bütün
bunlara baxmayaraq, kino onu, o da kinonu unutmurdu, ekranda yeri görünürdü
və aktyor bu yerin boş
qalmasıyla barışmaq
istəmirdi. Doğrudur,
daha əvvəlki kimi sonalamır, seçim eləmirdi, nə film düşdü,
ona da çəkilirdi.
"Sirli ada",
"Gülməli ledi",
"Hərəm", "Böyük Pyotr" və
digər filmlərdəki
rollarıyla o yenə
də tamaşaçıların
sevgisini qazandı.
Yaşa dolsa da,
sənətə gəncliyində
olduğu qədər
vurğun idi və bu vurğunluq
aktyorun həyat eşqindən, yaşamaq-yaratmaq
istəyindən doğurdu.
Jurnalistlərin suallarına
cavab verərək deyib: "Həyat ayrı-ayrı epizodlardan ibarətdir və onların hər biri özlüyündə
ən əsas, ən vacibdir. Kino mənim işim, məsləyim, bric oynamaq isə ehtirasımdır, mən bu qumar oyunundan
zövq alıram. Bric
elmdir..."
Onu da deyim ki, Ömər Şərif nəinki bric oyunçusu kimi məşhur idi, hətta bu haqda
bir neçə kitabın müəllifiydi.
Aktyorun anası da bir vaxtlar bric
həvəskarı olub
və bəlkə də bu azar oğluna ondan keçib. Qumara olan düşkünlüyü
Ömər Şərifi
az çətinliklərlə
üzləşdirməyib, hətta borclarını ödəmək üçün
Parisdəki mənzilini
belə satmağa məcbur olub. O həm də cıdır yarışlarının
aludəçisiydi, at yarışlarına
böyük məbləğdə
pul qoymaqda həvəsliydi və bu oyunda da əlinin
gətirən vaxtı
da olurdu, itirən vaxtı da.
Doxsanıncı illərdə
Ömər Şərifin
səhhətində rahatsızlıq
yaranır, ürəyindən
əməliyyat olur və həkimlərin məsləhətilə çəkilişlərin
sayını azaltmaq məcburiyyətində qalır.
Sağlamlığını qorumaqdan ötrü iradəsini toplaya bilib siqareti atır. Nəhayət, bahalı otellərdə keçən köçəri
həyatına son qoyub,
ömrünün ahıl
çağında Qahirəyə
qayıdır. Bu qayıdış
uzun sürən və macəralarla
dolu səyahətin sonundan xəbər verirdi. Qahirəyə qayıtdıqdan sonra da yaradıcılıqdan uzaqlaşmır.
"On üçüncü döyüşçü", "Bağdad oğrusu" və digər filmlərlə yenə də milyonların qəlbini fəth eləyir. BBC telekanalının
"Böyük piramidaların
yaranması" layihəsində
iştirak edir. Ömər Şərif deyir: "Bu film mənə
uşaq çağlarımdan
heyran olduğum qədim piramidaların görünməyən tərəflərini
göstərdi, onları
mənə daha da sevdirdi. Əcdadlarımızın
ucaltdığı bu
nəhəng abidələrin
hələ də açılmamış, müəmmalı
sirləri çoxdur..."
Misirə qayıdandan
ta ömrünün sonunadək
Ömər Şərif
oğlu Tarekin ailəsiylə birlikdə
yaşadı. Nəvəsinin
tərbiyəsilə məşğul
olurdu. Boş vaxtlarını dostlarının
əhatəsində, kazinolarda
keçirirdi. Hərdən
onu Qahirənin izdihamlı küçələrində
tək-tənha dolaşan
görmək olurdu - fikirli, dalğın. Bəlkə də ona elə gəlirdi
ki, aylı-ulduzlu axşamların
birində öz gəncliyilə - iyirmi yaşlı, qamətli, yaraşıqlı Mişel
Şalhubla qarşılaşacaq
və həyata yenidən başlayacaq...
Müsahibələrindən birində
deyib: "İndi yaşımın-bışımın
elə vaxtı-vədəsidir
ki, ölüm mənimlə
dabanqırma addımlayır
və hər an öz hökmünü verə bilər. Ona görə də mən sabahla yox, bu
günlə yaşayıram.
Məni müsəlman
sayanlar da var, saymayanlar da, özümə qalanda isə bunu deyə bilərəm ki, bütün dinlərdən
uzağam."
Həyatının son aylarında
aktyor dəhşətli xəstəlik tapmış,
yaddaşını itirmişdi. Taleyin
hökmünə bax,
2015-ci ilin yanvarında
vəfat edən Faten Həmaməni belə, nekroloqdakı şəklindən tanımamış,
həyatında dəlicəsinə
sevdiyi bir qadın olduğunu belə, xatırlaya bilməmişdi. Altı ay sonra isə
özü də dünyadan köçmüşdü...
Qədim
Misir dünya mədəniyyətinə tarixi
abidələr, sirli-sehrli
ehramlar, möhtəşəm
piramidalar bəxş eləyib. Misir həm də dünya kinosuna təkrarsız, bənzərsiz
bir sənətkar bağışlayıb - Ömər
Şərif.
Kamil
ƏFSƏROĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 16 may (№17).- S. 5; 7.