Azərbaycan
teatrının Bəhlul
Danəndəsi və
yaxud rejissor sənətinin Səttar Bəhlulzadəsi -
"Cəmşidi-zamani-aləm oldum,
Cəmşidi-zaman, zaman mənəm, mən!"
İmadəddin Nəsimi
Əcəba, daha nə yazım?
Yazmağa qalmadı
ki lüzum.
Çünki məqaləmin
adında, Nəsimi beytində düşüncələrimin
hüdudlarını cızdım,
qütblər arasında
lağım qazdım
və Vaqif İbrahimoğlu ruhunun portretini Yaxın Şərqin mədəniyyət
parametrlərində vizuallaşdırdım,
obrazını tapdım.
Vəssalam, məqalə
bitdi.
Bundan o yanası
təfərrüatdır. Hərdən
baxırsan ki, qəfil
bir cümlə, bir söz birləşməsi
və ya sadə bir ifadə
sənin bütün dediklərini və deyəcəklərinin hamısını
dedi, böyük bir məqaləni tamamən əvəzlədi,
nöqtələdi.
Bir də Vaqif İbrahimoğludan
mən o qədər yazmışam ki...
Vaqifi Bəhlul
Danəndə variantı
kimi mədəniyyət
üçün açmaq,
Səttar Bəhlulzadə
variantı kimi yozmaq da əla bir ideya: tədqiqat
istər.
Amma bir dəqiqə: bu dəfə tədqiqatı qoyuram bir kənara; Vaqifdən və özümdən danışacağam,
bizim münasibətlərin
dinamikasından danışacağam,
eqoların latent savaşından
danışacağam, filosof
Niyazi Mehdinin "Loqos"
laboratoriyasından danışacağam.
Bəli, məhz
"Loqos" laboratoriyasında,
o yerdə ki, Niyazi Mehdi tələbələr
üçün fəlsəfə
konseptlərini "hava
şarları kimi uçurdurdu", tanış
oluram bilgisi, yeni teatr ideyası, ekstravaqantlığı, kloun
plastikası, hippisayağı
saçları, ironiya
və zarafatlarıyla
milli sənət cameəsinə
yüngül şok yaşatmış Vaqif İbrahimoğlu ilə. Onun fenomenal uğura malik "Yaylağa
gedir" tamaşasının
müzakirəsi bitincə
Vaqif auditoriyadan çıxhaçıxda çönüb
mənə deyir ki,
"sən gəl, Tədrisə, orada söhbət eləyək".
Bu təklifilə Vaqif
mənə eksklüziv
kart-blanş verir və praktiki surətdə teatrın qapılarını mənim
üçün açıq
elan edir. Qürurlana bilərəm: mən Azərbaycan teatrının
milli modelini aşkarlayıb
mədəniyyətdə legitimləşdirmək
ideyası ilə alışan avanqardçı
rejissor Vaqif İbrahimoğlu tərəfindən
fərqləndirilmiş birisiyəm;
deməli, "mən
Vaqifdənəm, Vaqif
məndən"... Hər
halda mən bunu belə qavrayıram ol zamanlarda bir tələbə kimi...
Vaqif İbrahimoğlu
ilə unudulmaz Tədris Teatrının,
o vaxt bu teatrın direktoru İsrafil İsrafilov idi, rejissor otağında
görüşərkən, tamaşalarının konseptual
həllindən, milli teatr
təfəkküründən, Azərbaycanda teatr fikrinin vibrasiyasından danışarkən o, mənə,
hətta deyirdi ki,
"Aydın, bütün
əlyazmalarımı sənə
bağışlayacağam, mənim haqqımda kitabı sən yazacaqsan". Mən bundan aşırı sevinirdim, qürrələnirdim,
zənn edirdim ki, hər teatrşünasdan,
vallah, "uludur ayətim, şövkətü-şanə
sığmazam".
Amma sən saydığıını
say: şahmatda ağ fiqurlarla həmişə fələk oynayır və həmişə də qalib gəlir.
Mən elə
ilk məqaləmdəcə onun "Məcnun"
(1979) tamaşasını təhlilə
çəkdim: "dövrün
qadağaları sistemində
bədənlə sözün,
maddilə mənəvinin
konflikti cəmiyyətin
əxlaq problemini aşkarlayır", "bədən
və söz arasına yalanlar, kompromislər girdiyi zaman insanın ruhsal-mənəvi
harmoniyası pozulur"
konseptlərini rejissorun
fikir partiturasının
dominantları kimi ictimai rəy müstəvisində paylaşdım.
Çox-çox sonralar
təsadüfən öyrəndim:
sən demə, bu məqaləyə Vaqif elə bir dəyər veribmiş ki, götürüb
onu öz otağında divardan asıbmış. Hərçənd
məqalə barədə
mənə heç bircə kəlmə də deməmişdi. Üstündən düz altı ay keçmişdi
ki, Vaqifin başqa bir tamaşasının tənqidini qəzetdə yayımladım.
Vaqifin xətrinə
dəydi: dramaturq Kamal
Aslanova qoşulub mənimlə qəti razılaşmadığını bildirdi, müəyyən məsələləri, şəraitsizliyi
niyə nəzərə
almadığımı, Tədris
teatrında doğma adam sayılarkən nədən tənqidi məqalə yazdığımı
sorğuladı. Cavab verdim ki, "sənət mənim üçün
din kimi bir şeydir. Adam yalan yazanda dinsiz olur". Vaqif qəşş eləyib güldü, soruşdu ki,
bu cümləni harada oxumusan? Dedim, bilmirəm. Evə gəlib kitabları tökdüm qabağıma, Kanta baxdım,
Hegelə baxdım, Nitsşeyə və daha kimlərəsə baxdım, oxşar bir şey tapmadım.
Ancaq buna rəğmən
doğma Tədrisə
vizitlərimi azaltmadım.
Zaman-zaman Vaqif İbrahimoğlunun tamaşalarına heyran qaldığım vaxtlar
da oldu, onları bəyənmədiyim vaxtlar
da. Teatr mənim üçün Tədrisdən
başlasa da, mədəniyyətin,
elmin və sənətin sirləri bu qutsal məkanda
intellekt kamikadzeləri
- Rəhman Bədəlovla,
Niyazi Mehdilə, Gündüz
Sarıyevlə Vaqifin
söhbətlərində açılsa
da, özümə heç
vədə xəyanət
eləmədim, həyatımda
həmişə "düzü
düz, əyrini əyri" konseptini üstün tutdum. Bəzən yazılarımda
Vaqifin tamaşalarını
Olimpin zirvəsinə
qaldırdım, bəzən
də amansız oldum, soraqladığım
doğruların qurbanı
oldum, tənqidi fikirlərimi heç gizlətmədim. Bəzənsə,
hətta Vaqifi suçlu buldum: onu öz aktyorlarına
xəyanətdə günahlandırdım,
aktyor talelərinə
biganəlikdə məzəmmət
elədim. Vaqifə acığım tutdu ki, aktyorlarına müvəqqəti
istifadə predmetləri
kimi yanaşır, asanlıqla onlardan ayrılır, müəyyən
müddət işlədiyi
truppanı dağıdıb,
yenisini yığır.
Eh, hansını deyim?
Axırı ki o, məndən
incidi.
İncisə də, öz dost münasibətini
məndən heç
vədə əsirgəmədi.
Hətta Azərbaycan Teatr Xadimləri İttifaqının qurultayında,
səhv etmirəmsə,
bu, 1985-ci il idi, bir aktyor, indi
o, xalq artistidir, məni tənqid eləyəndə Vaqif söz alıb tribunaya çıxdı və dedi ki, "Aydın bizim ən ləyaqətli, ən qeyrətli gənc teatrşünaslarımızdan
biridir". Cəmi bir cümlə dedi və tribunadan
aşağı endi.
Hətta onun belə bir alicənab
davranışından sonra
da mən öz prinsipiallığımdan dönmədim,
Vaqifin maddi sıxıntılar ucbatından,
şəraitsizlik ucbatından,
paxıllar, bədxahlar
ucbatından nə çətinliklər yaşadığını
bilsəm də, sənətdə heç
vədə nə ona, nə də
başqa kimlərəsə
güzəştə getmədim.
"Yuğ" teatrının
Murtuza Muxtarov küçəsində yerləşən
qədim hamam binasında məskunlaşdığı
dönəmlərdə artıq
aramızda "qara pişiklər" gəzirdi.
Mən Vaqifin, bir də görürdün
ki, dramaturqlarla, seyrçilərlə,
teatrşünaslarla qurduğu
şahmat "kombinasiyaları"nı
qəfildən pozurdum,
müzakirələrdə tamaşanın
oyatdığı təəssüratı
tənqidi pafosa köklənib dilə gətirirdim, hər cür yalana, əksərən dramaturji
mətnlərin kasadlığı,
primitivliyi səbəbindən
və hamının əvəzinə yazıb-pozub
işləmək yorğunluğundan
Vaqifdə meydana gələn bəraətsiz
mistifikasiya cəhdlərinə,
yapmacıq diskurslara qarşı çıxırdım.
Daha məni tamaşalara, müzakirələrə
bir elə də dəvət eləmirdilər. Getdikcə
"Yuğ" teatrından
Niyazi Mehdi də, Rəhman
Bədəlov da uzaqlaşırdı,
onların da Vaqiflə
ünsiyyətlərində mütəmadi müəyyən
problemlər ortaya çıxırdı.
Haradasa, 2000-ci illərin
əvvəllərində "Teatr" jurnalını hədəfləyərək rusca
yazdığım, 2014-cü ildə isə
"P.S." əlavə edib
yayımladığım "Mərdəkan hambiti" adlı məqaləmi ona göstərib deyirəm ki, "oxu bunu, sənin portretindir, görüm, sözün nə olacaq: fikrini səbirsizliklə gözləyəcəyəm".
Səhərisi zəng
vurub məni "Gənclik" metrostansiyasının
yaxınlığındakı çayxanaya dəvət edir, bilsə də ki, mən çayxanaları bir elə də xoşlamıram. Günortaya
vədələşirik. Gəlib
çayxananı tapıram,
baxıram ki, Vaqif tək deyil, əzizi, can-ciyəri, tərəfkeşi, tərcüməçi
Eldar Quliyev də yanındadır. Soruşuram ki, "hə,
məqalə necədir?"
Susur, sonradan asta-asta dillənir və rusca mənə
deyir ki, "sən məni öldürdün,
Aydın. Bu məqaləni
mən öləndən
sonra dərc elətdirərsən".
Daha başqa
heç nə söyləmir. Onun yerinə Eldar başlayır ki, "yaxşı
deyil, sən o məqalədən araq-zad
məsələsini çıxart,
onun kasıblığına
çox aksent vurma, ayıbdır". Mənsə etiraz eləyirəm ki, "bu onun həyatıdır, mən gördüklərimi
yazmışam, müşahidələrimi
yazmışam, heç
kəsdən heç
nə soruşmamışam,
sən niyə qarışırsan ki? "Məşhur
adamların həyatı"
silsiləsindən olan
kitabları bir yadına sal..."
Vaqif yenə
dinmir: anlayıram ki, onun fikirlərini Eldar dilə gətirir. Amma həqiqətən,
hayıf ki, bu məqaləni yazmamışdan
öncə elə Eldarın özüylə
də, onun konseptual tamaşalarının
mərkəzi fiqurları
olmuş aktyorlarla da Vaqif haqqında ətraflı danışmamışam,
sorğu-sual aparmamışam:
səbəb də bu ki, onların səmimiyyətindən şübhələnmişəm.
Vaqifin aktyorları, onun ətrafında fırlananlar heç vaxt neqativləri dilə gətirmirdilər:
onlardan nə soruşsaydın, komsomol iclaslarında öyrədilmiş
gənclər kimi ütülü, sığallı
cümlələrlə cavab
verirdilər. Təəssüf,
mən onu da bilməmişəm ki, İsrafil
İsrafilovla Vaqif İbrahimoğlu kirayədə
bir evdə yaşayıblar. Mən bunu çox-çox sonralar öyrənəcəyəm:
onu da öyrənəcəyəm
ki, bu iki dost, hətta bir-birilə sonradan qohum da olublar və yenə də İsrafil İsrafilovdan Vaqif barədə heç nə soruşmayacağam. Çünki
məqaləm artıq
dərc olunmuşdu, sənət portallarında
da yayımlanmışdı.
Nə isə...
Doğruları söyləmək
naminə mən Vaqifi bu dəfə
də özümdən
rəncidə etmişdim.
2004-cü ildə Vaqifin bir başqa dostu, müştərək
tamaşalar hazırladığı
həmkarı telerejissor
Ramiz Həsənoğlu haqqında
mənim yazdığım
"Ustad və Ayna"
adlı monoqrafiyam çap olunur və mən kitabı sevincək götürüb yolüstü
"Yuğ" teatrına
dəyirəm, ilk nüsxənin
ilk vərəqinə Ə.Vahidin "Səni
zəmanə yetirməz
dübarə, birdənəsən"
misrasını yazıb
Vaqifə bağışlayıram.
Reaksiyası çox sönük olur. Əvəzində mən ona söyləyirəm ki,
"növbəti monoqrafiyanı
səndən yazacağam,
çalış, materialları
cəmlə bir yerə". Dilxor mimikalarından görürəm
ki, sözlərim eyninə
deyil: tələsik sağollaşıram.
Bir həftəyə kitabı
oxuyub bitirəndən
sonra o, öz kabinetində mənimlə
artıq dava intonasiyasında danışırdı.
Anlayırdım ki, bu,
daha ünsiyyətimizin
sonudur.
Vaqif məndən
küsdü.
Amma mən yenə ondan və teatrından,
tamaşalarından yazmağı
tərgitmədim. Vaqif
artıq psixosof olmuşdu, mürid və şəyirdlərindən
kripto qardaşlıq düzəltmişdi və
yalnız ona "ləbbeyk" deyənləri
yaxın buraxırdı.
Mən "Vaqifiyyə
kripto qardaşlığı"nda
özgəsi idim.
Bu, mənə çox ağır təsir bağışlayırdı. İstəmirdim
ki, Vaqif məndə bir İuda timsalı
görsün: axı
o da heç İsa Məsih
deyildi. Eyni zamanda mən onu da bütün varlığımla dərk
edirdim ki, Vaqif sənətdə hansı
bir ucalıqda dayanıb və o, mərifət bəhrinin (dəryasının) ən
bacarıqlı qəvvaslarından
(üzgüçülərindən) biridir.
Onun tamaşalarından
fəlsəfəyə, mədəniyyətə
min bir lağım atmaq, karnavaldan, meydan oyunlarından, Avropa avanqardından yapışıb islam dünyasının sufi zikrlərinə, Uzaq Şərqin teatr formalarına qədər gedib çıxmaq mümkün idi. Vaqifin tamaşaları hər dəfə fikirlər, ideyalar qəsri kimi təzahür eləyirdi və bu qəsrin
həmişə min bir
qapısı vardı,
hər qapının
da öz qıfılı:
ol səbəbdən açarlar dəstinə
malik olmayınca, onları
dərk etmək, özünküləşdirmək imkanı praktiki surətdə sıfıra
enirdi. Bu rejissorun tamaşaları, adətən
üst-üstə laylanmış
mürəkkəb konstruksiya
qatlarından ibarət
olurdu: hər qatda da müəyyən fəlsəfi, psixoloji, sosioloji, kulturoloji mətləblər şifrələnirdi.
Vaqif İbrahimoğlu
Dədə Qorqud zirvəsindən Şəhriyar,
Nizami, Şekspir, Füzuli, Bokkaço, Çexov zirvələrinə
ziplayn sürüşən
fateh, alpinist-rejissor idi. O, tamaşa qurmamışdan öncə
bədii materialı heç kimin oxumadığı kimi oxuyub kəşf edirdi və bununla da teatr cameəsinin təfəkkür
hüdudlarını genişləndirirdi.
Odur ki, Vaqifin məni "Yuğ" teatrından mədəni şəkildə uzaqlaşdırmasını,
öz ünsiyyətindən
məhrum etməsini bir cəza kimi
dəyərləndirirdim.
Ona görə də könlüm lap qırılmışdı
Vaqifdən.
Bir gün Mədəniyyət
Nazirliyindən mənə
telefon açdılar
ki, bu, 2009-cu ildir,
"hazırlaş, "Yuğ"
teatrı ilə gedirsən Misirə, Qahirə Beynəlxalq Eksperimental Teatr Festivalına". Dedim,
"getmirəm, Vaqiflə
də danışmıram,
onun teatrı ilə niyə festivala getməliyəm
ki?" Dedilər, "yox
e, Vaqif İbrahimoğlunun
özü sənin adını çəkib:
deyib ki, mənim yerimə Aydın getsin festivala". Elə bildim, dünyanı mənə bağışladılar. Ancaq
nazirliyə qəti cavab vermədim, gözləmələrini xahiş
elədim və durub gəldim "Yuğ" teatrına, daxil oldum Vaqifin
otağına.
Məni soyuq qarşıladı, birtəhər
əl tutub görüşdük. Əyləşib
başladım onu inandırmağa ki, Qahirəyə
mütləq sən getməlisən, "Yuğ"
teatrının rəhbəri
kimi, Azərbaycanda eksperimental teatrın müəllifi kimi. Dedi,
"istəmirəm, təyyarəyə
minə bilmirəm".
Mən inanmadım. Çox üz vurdum. Alınmadı. Vaqifsə israrlı oldu və onda
əlacsız söylədim
ki, "halal elə".
Vaqif gülümsündü:
mən "Yuğ"
teatrının 7 nəfərlik
bir heyətilə Qahirəyə yola düşdüm; geri dönəndə yenə
"Yuğ" teatrının
Misir sərgüzəştindən
və Eksperimental Teatr Festivalından iri bir məqalə
yazıb yuğçulara
halal elədim.
Sonra biz yenə görüşmədik
və təsadüfən
hansısa teatr törəni zamanı Dram
Teatrının dördüncü
mərtəbəsində tamaşadan
öncə qarşılaşdıq.
Saçlarını ülgüclə
qırxdırıb keçəlləşmişdi,
qolunu boynundan asmışdı. Görüşəndə
başlarımızı bir-birinə
yüngülcə toqquşdurduq.
Soruşdum nə olub, dedi heç,
elə-belə, fikir vermə.
Üstündən bir xeyli ötüşdü:
xəbər yayıldı
ki, Türkiyədə müalicə
alır, bərk xəstədir və sağalmasına ümid azdır. Tez zəng vurdum. Açdı telefonu. Salamlaşdıq. Zarafat dalğasına köklənib dedim ki, eşitmişəm Türkiyəyə
getmisən, məni də özünlə aparaydın da!!! O da ironiyasından
qalmadı: qayıtdı
ki, "bura gəlmək
üçün gərək
mənim günümə
düşəsən". Mən dərhal cavab verdim: "Sənin gününə nə olub ki? Mən də qolumu asardım boynumdan, gedərdim səninlə". Beləcə,
sağollaşıb telefonu
qapatdım.
Vaqifi bir daha nə gördüm,
nə eşitdim. Son ayaqda daim onun
yanında olmuş Məryam xanım Əlizadədən soruşdum
ki, necə edim bəs Vaqifə bir baş çəkim.
Dedi ki, bica özünü
yorma, heç kimlə ünsiyyət saxlamaq istəmir.
2011-ci ildə Vaqif öldü: ruhu çıxan kimi yəqin ki, Dədə Qorqudla görüşə
getdi.
"Getdi, qayıtmadı körpə Cəlalım,
Getdi, qayıtmadı,
körpə Cəlalım,
Boy-boy ağlaram, boy-boy ağlaram"...
Hər dəfə
Vaqifi xatırlayanda onun "Komsomol poeması"
tamaşasının aşıq
havacatına köklənmiş
bu musiqi refreni qulaqlarımda mütləq cingildəyir.
Mən Vaqif üçün kövrəlmirəm,
"titan getdi".
Bəli, Vaqif qeyb oldu, amma görüşlərimiz bitmədi.
Busa artıq heç mənlik deyildi, Allahın möcüzəsi, Tanrının
lütfü idi, bəlkə də Dədə Qorqudun yanından Vaqif ruhunun mənə göndərdiyi vizual məktub, virtual bir tekst idi.
Dünyasını dəyişəndən
bir neçə il sonra Vaqifi yuxumda
görürəm.
Görürəm
ki, türmənin yarıqaranlıq
bom-boş şüşəbənd
tipli dəhlizilə məni harasa aparırlar. Ovqatım yaman təlxdir, qəlbim sıxılır.
Birdən ayağım
nəyəsə ilişir:
büdrəyib yıxılıram.
Elə bu dəm kimsə çiyinlərimdən tutub
məni yuxarı qaldırır. Baxıram
ki, Vaqifdir: yaxasından
qara buxara papaq çıxarıb başıma qoyur. Ayılıram, məni bir rahatlıq, xoşbəxtlik hissi bürüyür.
Vaqif məşhur
bir frazanı təkrarlamaqdan həmişə
xoşhallanırdı: "Buddanı gördün, Buddanı öldür".
Buddanı öldürdük,
amma Vaqif yaşadı
və onun adı indi də
teatr cameəsinin dilindən düşmür.
Bilirəm, Vaqif məndən nə qədər incisə də, küssə də, həqiqi, dürüst və saf adam olduğuma
bir qırıq da şübhə etmirdi...
Yum, verəlim, xanım!
Yuğçuları da yığaq
bir yerə, dəstəmaz alıb, saz götürüb xorla dua oxusunlar Vaqif İbrahimoğlunun ruhuna, arabir də ney çalıb
səma eləsinlər!!!
Vaqifin mistifikasiya
obrazlarının təsnifatı
1. Tədris teatrının
Con Lennonu
2. Romantik qiyamçı
3. Sözün, sazın, cazın, avazın, ritmin divanəsi
4. Səhnə xuliqanı
5. Xudayar bəyə çevrilmiş Arlekin
6. Dastan dünyasının Antonen
Artosu
7. Dekonstruksiya kardinalı
"cənab "Ö"
8. Qacar görkəmli təlxək
9. Nə kosa, nə
keçəl: kəndirbaz
Şumaqədər
10. Saxtakarlığı ironiyası
ilə "bombalayan"
adam
11. Şaolin məbədinin rahibi
12. Siqaret tüstülədən
Budda "qatili"
13. Hamamda yaşayan
türk-tatar Diogeni
14. "Yuğ" Teatrının
məxfi Mussolinisi
15. Mərdəkan şahmatçısı
16. Milli teatrda Dao
17. Süd yolunun səma dərvişi
Aydın
TALIBZADƏ
Ədəbiyyat qəzeti.- 2025.- 16 may
(№17).- S.6-7.