Tanıyaq:
Behbudovlar nəsli Ənvər Məcid oğlu Behbudov
(Əvvəli ötən
sayımızda)
Konstantin
Çekmaryov 23 oktyabr
2020-ci ildə kino-teatr.ru saytına
- Ənvər Behbudov səhifəsinə ikinci dəfə yazır: "Bu adamı mən
tanıyırdım və
onu çox görmüşdüm. O Uzaq
Şərqdə bizim
teatrda işləyirdi.
Onun adı Ənvər Məcid oğludur. O müğənni
Behbudovun ("Arşın
mal alan") qardaşıdır".
Göründüyü kimi, Ənvər Behbudovun gənclik illərində fəaliyyəti
ilə bağlı bu məlumatlar çox qiymətlidir. Konstantin Çekmaryovla əlaqə yaratmağa cəhd etsəm də, hələ ki, bu mümkün
olmayıb. Düşünürəm
ki, onda daha ətraflı məlumatlar, afişalar, fotoşəkillər ola bilər.
Mancuriyada yanan Səyyar teatrdan sonra Ənvər Behbudov 1948-ci ildə Novosibirsk Qırmızı
məşəl (Krasnıy
fakel) teatrında rejissor kimi fəaliyyətə
başlayır. Müharibə
illərində, demək
olar ki, fəaliyyətini dayandıran
teatr hələ də fəaliyyətimi tam bərpa edə bilməmişdi. Rejissor teatrda yaradıcılıqla yanaşı,
təşkilati işlərlə
də məşğul
olmaq məcburiyyətində
idi. Çünki belə vəziyyətdə
yüksək bədii
estetik tamaşalardan danışmağa belə
dəyməzdi. Ənvər
Behbudov fədakarlıqla
çalışaraq teatrda
normal iş rejiminin yaranmasına nail oldu. "Qırmızı məşəl"
teatrı yenidən Novosibirsk səhər əhalisinin sevimli məkanına çevrildi.
Teatrda böyük bir canlanma yaranmışdı.
Onun göstərdiyi xidmətlər diqqətdən
kənar qalmadı və 1950-ci ildə Ənvər Behbudov Rusiyanın Əməkdar artisti fəxri adına layiq görüldü.
1954-cü ilə qədər
bu teatrda çox sayda tamaşalara uğurlu quruluş verən rejissorun adı, sorağı, istedadı teatr aləmində geniş yayılır; quruluş verdiyi tamaşalar müzakirələrə
səbəb olur. B.Lavrentyevin "Xırda burjua" (Meşane)
(1951), "Qaradənizçilər haqqında mahnı"
(1953) tamaşaları rejissorun
daha uğurlu işləri hesab olunur. Bu tamaşalar
teatr tənqidçiləri
tərəfindən yüksək
qiymətləndirilir və
rejissora şöhrət
qazandırır. Teatrşünas
N.Balandin "Səhnədə
və səhnə arxasında" kitabında
yazır: "Behbudovun
ən uğurlu tamaşalarından biri
"Qaradənizçilər haqqında mahnı" (Novosibirsk, "Qırmızı
məşəl" teatrı)
tamaşası idi. Burada gənc rejissorun temperamenti karına gəlmişdi. Tamaşa çox həyəcanlandıran, düşündürən,
zamanla ayaqlaşan, patriotik alınmışdı..."
SSRİ Ali Soveti
Rəyasət Heyətinin
10 noyabr 1953-cü il tarixli qərarı ilə Ənvər Behbudov "Şərəf
Nişanı" ordeni
ilə təltif olunur.
"Qırmızı məşəl" teatrının
uğurlu tamaşalarının
sorağı mərkəzi
şəhərlərin teatr
ictimaiyyətinin diqqətini
də cəlb edirdi. Rejissor Ənvər Behbudov işləmək üçün
müxtəlif teatrlardan
təkliflər alırdı.
Amma illərlə əziyyət çəkib
yaratdığı truppasından
ayrılmağa qərar
verməyə tələsmirdi.
Başqa tərəfdən
isə, əyalət teatrının imkanları
düşündüklərini həyata keçirmək üçün kifayət
deyildi. Başa düşürdü ki, artıq geniş meydana çıxmaq vaxtıdır.
1954-cü ildə Ənvər
Behbudov Kazan Böyük Dram Teatrından dəvət alır. Bu dəvəti
qəbul edən rejissor Kazan şəhərinə gəlir.
Tatarıstanın əsas
teatrı olan Böyük Dram Teatrında baş rejissor və bədii rəhbər vəzifəsində fəaliyyətə
başlayır.
Tatarıstan ensiklopediyası
"TATARİCA"da bu
haqda yazılır:
"Kazanda Ənvər
Behbudov 13 tamaşaya quruluş verib. A.Arbuzovun "Sərgərdanlıq
illəri" (1955), M.Yelizarovanın
"Burevestnikin yeniyetməliyi"
(1955), F.Şillerin "Don
Karlos" (1955), M.Qorkinin
"Yeqor Bulıçev",
"Qoca" (1956), F.İşmuratovun
"Ölməz mahnı"
(1956), N.Poqodinin "Üçüncü,
Patetik" (1958), L.Tolstoyun
"Zülmət hökmdarı"
(1959) tamaşaları geniş
ictimai rəğbət
qazanaraq, yalnız şəhərin teatr həyatında deyil, bütün ölkənin
mədəni həyatında
təqdirəlayiq hadisəyə
çevrilirlər. Behbudovun
tamaşalarında xarakterlərin
dərin açımı,
ilk növbədə,
konfliktlərin iti həlli, səhnədə
baş verən hadisələrdən əmələ
gələn atmosferin hesabına mümkün olurdu. İnkişaf prosesi həyatın reallıqları ilə toqquşanda formalaşan xarakter, insan taleyində sosial problemlərin əksi bütün ziddiyyətləri
və qeyri-yeknəsəkliyi
ilə rejissor tərəfindən nəzərə
alınırdı ("Sərgərdanlıq
illəri", "Don
Karlos", "Burevestnikin
yeniyetməliyi", "Ölməz
mahnı").
Behbudovun quruluş
verdiyi "Qoca" tamaşası Qorki əsərlərinin səhnə
tarixini xeyli zənginləşdirdi. Əsərin
fəlsəfi məzmunu
tamamilə yeni yanaşmada açılır.
Baş qəhrəmanın
xarakterində gizlənən
sosial dəyərlərin
qlobal miqyası bütün çılpaqlığı
ilə açılır.
Lirik və qəhrəmani-romantik başlanğıcın
vəhdəti, vətəndaşlıq
və inqilabi pafos, emosional gücün təsiri, həyatın amansız həqiqətləri və
poetikləşdirilməsi rejissorun
ən yaxşı tamaşalarını fərqləndirən
cəhətlərdəndir..."
Ənvər Behbudov
Tatarıstanda bir çox tanınmış
aktyorların öz istedadlarının yeni sərhədlərini açmasında
böyük rol oynamışdır. Q.Ardarov,
N.Provotorov, Y.Liseçkaya
və başqa məşhur aktyorlar özlərinin ən yaxşı rollarını
onun tamaşalarında
oynamışlar.
Ənvər Behbudovun
tamaşaları Moskvada
Tatar incəsənəti
və ədəbiyyatı
Dekadasında uğurla
nümayiş olunmuşdu.
SSRİ Ali Soveti
Rəyasət Heyətinin
14 iyun 1957-ci il tarixli qərarı ilə Ənvər Behbudov Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur. Sənətinə, gördüyü
işlərə verilən
qiymət rejissoru yeni uğurlara ruhlandırır.
Tatarıstan teatr
ictimaiyyətində artıq
söz sahibi olan rejissor Kazan
Böyük Dram Teatrının nəzdində
vaxtı ilə fəaliyyət göstərən
studiyanı bərpa edir və pedaqoji
fəaliyyətini də
davam etdirir. Qeyd edim ki,
Ənvər Behbudov hər zaman pedaqoji fəaliyyətə
tələbat hiss edirdi. Teatr İnstitutunda
aldığı bilikləri
gənc nəslə ötürmək üçün
hər imkanı dəyərləndirir və
böyük həvəslə
pedaqoq kimi də çalışırdı.
Onun yetişdirmələri
arasından Rusiyanın
Xalq artistləri -V.Qabayev, V.Keşner, Y.Fedotov və başqalarının adını
çəkə bilərik.
Ənvər Behbudovun
fəaliyyəti nəticəsində
Kazan Böyük Dram Teatrının yeni parlaq səhifələri
yazılırdı. Onun
tamaşaları artıq
nəinki Tatarıstanda,
hətta Moskva və Leninqradda (Sankt-Peterburq), ölkənin
digər mərkəzi
şəhərlərində teatr ictimaiyyəti tərəfindən müzakirə
olunurdu. Rejissorun quruluş verdiyi tamaşalarda istifadə etdiyi üsullar diqqət çəkirdi. Eyni zamanda rejissora
müxtəlif teatrlarda
işləmək üçün
təkliflər gəlməkdə
davam edirdi. Lakin Ənvər Behbudov böyük zəhmət və gərgin əməyi nəticəsində formalaşdırdığı
truppasından ayrılmaq
haqqında düşünmürdü.
Əksinə, qarşıda
daha parlaq nailiyyətlərə imza
atmaq üçün
böyük planlar qururdu. Teatrın nəzdində bərpa etdiyi studiyada da gənc yetirmələrinin
uğuru onu sevindirir və gələcək planlarında
həmin gənclərlə
maraqlı işlər
görməyə sövq
edirdi. Bütün varlığı ilə görkəmli ustadı A.Popovun kursunda öyrəndiklərini tətbiq
edərək, istər
quruluş verdiyi tamaşalarda, istərsə
də pedaqoji fəaliyyətində hələ
çox söz demək istəyirdi.
Kazan Böyük
Dram Teatrında uğurlu karyerasının
ən maraqlı dövründə, 1959-cu ildə
Ənvər Behbudov Moskvaya, Mədəniyyət
Nazirliyinə dəvət
olunur. Nazirlikdə ona M.Qorki adına
Rostov Dram Teatrının bədii rəhbəri və baş rejissoru təyin olunması haqqında məlumat verilir. Rejissor Kazanda qalıb işləmək istədiyini
bildirsə də, nazirlikdən bu qərarın dəyişməz
olduğu deyilir. Ona bildirilir ki, Rostov Dram
Teatrının fəaliyyəti
arzuolunan səviyyədə
deyil və teatrda nüfuzlu, bacarıqlı, yaradıcı
rəhbərə ehtiyac
var. Mədəniyyət
Nazirliyi rəhbərliyinin
etimadını doğrultmaq
lazımdır.
1959-cu ildə Ənvər
Behbudov SSRİ Mədəniyyət
Nazirliyinin təyinatı
ilə M.Qorki adına Rostov Dram Teatrının bədii rəhbəri və baş rejissoru kimi fəaliyyətə başlayır.
Rejissorun Rostov dövrü haqqında
kino-teatr.ru saytında tanınmış
teatrşünas Nataliya
Perminovanın "Behbudovun
Rostov izləri" adlı maraqlı məqaləsi qarşıma
çıxdı. Məqalə
2018-ci ildə yazılıb.
Qiymətli faktlarla zəngin olan bu maraqlı məqalənin bəzi hissələrini diqqətinizə
çatdırmaq istəyirəm:
"Yaşlı nəslin,
orta nəslin də nümayəndələri
əlbəttə ki, dahi müğənni Rəşid Behbudovu yaxşı xatırlayırlar.
Rostov teatrsevərləri
bu soyadı eşidəndə deyəcəklər:
"Vaxt var idi M.Qorki adına
Rostov Dram Teatrına onun qardaşı Ənvər
rəhbərlik edirdi".
Ənvər Behbudov Rostova 1959-cu ildə gəldi. Cəmi beş il burada işləməsinə baxmayaraq,
Don səhnə incəsənətinin
tarixində parlaq iz buraxdı. O zaman ilk dəfə olaraq M.Qorki adına
Rostov Dram Teatrının repertuarında
"Don dalğası" meydana
gəldi. Behbudov Don yazıçılarının əsərlərindən ibarət
tamaşalar silsiləsi
yaratdı. Mərkəzi
mətbuatda "İrəliyə
baxanlar" adı ilə məqalələr
yazılaraq qeyd olunurdu ki, "...Rostovlular
yeni müəlliflər və
yeni əsərlərlə eksperimentlər edərək,
tematik və dramaturji yüksəkliklərə
nail olurlar". Behbudovun
özü haqqında
isə yazırdılar:
"...monumental və romantik
forma traktovkasına səy
göstərərək epoxanın
sərt və cəsarətli xarakterinin yaranmasına imkan verən abidə ifadəli obrazlarla teatral tamaşalar yaradırdı".
1962-ci ildə Aleksandr Suiçmezovun
"Təzə külək"
("Svejiy veter") əsərinin əsasında
qurulmuş tamaşa nəinki Moskvada Kreml sarayının səhnəsində göstərildi,
həm də Mərkəzi Televiziya ilə bütün
SSRİ-yə yayımlandı.
Tamaşanın lent yazısı
Ümumittifaq Radiosunun
fonduna daxil edildi. Bu, ona bərabər idi ki, Avropanın istənilən
ölkəsinin tamaşaçıları
bu tamaşanı seyr etmək imkanı qazanırdılar...
Hələ ki, Rostov teatrının
tarixində bunabənzər
hadisə təkrarlanmayıb.
Tamaşa haqqında
"Pravda" və "İzvestiya"
qəzetlərində yazılar
dərc olunmuşdu.
Bu da görünməmiş hadisə idi. Mərkəzi partiya qəzetləri ümumiyyətlə
tamaşalar haqqında
nadir hallarda yazırdılar,
o ki qaldı əyalət
teatrları haqqında
yazıların dərc
olunması, qeyri-adi hadisə idi.
1963-cü ildə Behbudov ilk dəfə "Oyanmış
torpaq" romanının
ikinci hissəsini səhnə üçün
uyğunlaşdırdı. Məlumdur ki, Şoloxov öz əsərlərinin
incəsənətin başqa
növlərinin dilinə
"tərcümə" olunmasına şübhə
ilə yanaşırdı.
Ona görə də əvvəlcə romanın
Demin (Rostovlu dramaturq -
K.Ş.) tərəfindən səhnə üçün
hazırlanmış variantı
yazıçıya təqdim
olundu. Şoloxov onu bəyəndi və üzərinə
"Razıyam" qeydini
yazdı. Sonra quruluş
heyəti Veşenskayaya
(Rostov vilayətində yaşayış
məntəqəsi. M.Şoloxovun
malikanəsi burada yerləşir - K.Ş.) getdi.
Behbudov yazıçı
ilə söhbətlərini
konspektləşdirdi və
məşqlər zamanı
həmin qeydlərə
əsaslandı. Şoloxov
ehtiyat edirdi ki, teatr banal, məişət
dramı səviyyəsinə
enə bilər. O, ritoriklikdən, səhnədə
yersiz gəzişmələrdən
çəkinirdi, maraqlı
nümunələr gətirirdi:
"...Qabaqlar torpağı
kotanla şumlayırdılar,
ona görə də yavaş yeriyirdilər. Sonra traktor meydana gəldi, tez yeriməyə başladılar. İndi kazakların
yerişi tamamilə dəyişib. Teatr həyatı izləməlidir!.."
Məşhur yazıçı
Mixail Şoloxovun Dövlət Muzey Qoruğunun internet saytında
Ənvər Behbudovun
110 illiyi ilə əlaqədar 21.03.2022-ci il tarixində
olduqca maraqlı faktlarla zəngin böyük məqalə dərc olunub. Həmin məqalə bu günə qədər Muzey Qoruğunun saytında yer almaqdadır. M.Şoloxovun "Oyanmış
torpaq" romanının
tamaşaya qoyulması
ilə bağlı yazıda qeyd olunmuş maraqlı məlumatları diqqətinizə
çatdırmağı vacib
hesab edirəm:
"...1963-cü
ildə Behbudov ilk dəfə olaraq "Oyanmış torpaq" romanının ikinci hissəsini səhnəyə
adaptasiya edir və əsəri yazıçının vətənində
tamaşaya qoyur. M.Şoloxovun "Oyanmış
torpaq" əsərinin
ikinci kitabı əsasında tamaşa hazırlanması ilə əlaqədar 1963-cü il mayın
8-də yazıçı ilə
M.Qorki adına
Rostov Dram Teatrının kollektivinin
görüşü keçirildi.
"Literaturnaya qazeta"da
"Şoloxovun Rostov teatrının
kollektivi ilə görüşü" başlıqlı
məlumat dərc olundu. Məlumatda deyilirdi: "Oyanmış
torpaq" romanının
ikinci kitabı əsasında P.Deminin
səhnə üçün
variantında tamaşa
hazırlanır. M.Şoloxovun
teatrın kollektivi, incəsənət xadimləri,
universitetin elmi işçiləri və
Don yazıçıları ilə görüşü
keçirilib".
Görüşdə çıxış
edən Ə.M.Behbudov söylədi:
"Bizim kollektivimiz yaradıcı ruhda köklənib. Tamaşanın
bütün iştirakçıları
böyük ruh yüksəkliyi ilə çalışırlar..." Sonra Şoloxov görüşə
toplaşanlar qarşısında
çıxış etdi.
O, "Oyanmış torpaq"
romanının səhnələşdirilməsi
ilə əlaqədar
bəzi fikirlərini bölüşdü: "Mən
istəyirəm ki, bizim
danışıqlarımız yalnız rəsmi xarakter daşımasın.
Gəlin, incəsənətdən
danışaq. Mən
əsərlərimin ekranlara
köçürülməsindən həmişə yayınmışam,
bu gün də həmin fikirdəyəm. Nəsr əsəri nə qədər məşhur olsa da, onları səhnələşdirmək və
ya ekranlaşdırmaq
mümkün olmur. Teatr yalnız o zaman böyük sənət olur ki, o xırda, natural həqiqətdən deyil, həyatdan, böyük həqiqətdən, əsl
həqiqətdən, böyük
sənətdən gəlir.
Səhnədə hər
şey həyatda olduğu kimi olmalıdır. Hesab edirəm ki, siz tam ciddiyyətlə bu işi üzərinizə
götürürsünüzsə, onda artistlər tatarların xutoruna getməlidirlər. Onların
həyatlarını görmək
lazımdır. Mən
sizə nə məsləhət edərdim?
Hər şeyi ürəkdən edin. Tələsmək lazım
deyil. Tamaşa üçün, pyes üçün material var, qalan
hər şey sizin istedadınızdan asılıdır. Pyes bütün kollektivin əməyinin nəticəsindən
yaranıb. Mən çox şadam ki, sizinlə görüşdüm".
Tamaşanın məşqləri
zamanı Ə.M.Behbudov M.A.Şoloxovun
məsləhətlərinə əsaslanırdı..."
Qeyd edim ki, Şoloxovla teatr kollektivinin görüşündən
sonra Ənvər Behbudov daha bir
neçə dəfə
yazıçı ilə
görüşmüş və
tamaşanın hazırlıqları
haqqında onu məlumatlandırmışdı. Keçmiş SSRİ-nin ən məşhur, ən tanınmış, ən nüfuzlu yazıçılarından biri
olan M.Şoloxov
rejissorun verdiyi məlumatlardan razı qalmışdı və premyeranın baş tutacağı günü
səbirsizliklə gözləyirdi.
İstər həyatda,
istərsə də yaradıcılıqda çox
inadkar, sənətdə
kompromisi qəbul etməyən Ənvər
Behbudov (Bu xüsusiyyət
Behbudovlar ailəsinin hər bir üzvünə
xas olan cəhətdir) "Oyanmış
torpaq" əsərini
ilk dəfə səhnələşdirməklə
risk etdiyini yaxşı
başa düşürdü.
Onu da gözəl anlayırdı
ki, sənətdə öz
sözünü demək
üçün mütləq
ilkə imza atmaq lazımdır.
M.Şoloxov XX əsrin
60-cı illərində artıq
bütün dünyada
məşhur yazıçı
idi. O, Stalin mükafatı
(1941), Lenin mükafatı (1960) laureatı, SSRİ EA həqiqi
üzvü idi.
1963-cü ilə qədər
9 dəfə ədəbiyyat
üzrə Nobel mükafatına
namizəd olmuşdu
(1948, 1949, 1950, 1955, 1956, 1958, 1961, 1962, 1963). 1964-cü ildə də M.Şoloxovun adı 10-cu dəfə
Nobel mükafatına namizədlər
siyahısına düşmüşdü.
Nəhayət, 11-ci cəhddə
1965-ci ildə yazıçı
ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görüldü. İvan Bunin (1933), Boris
Posternakdan (1958) sonra Şoloxov Nobel mükafatı
alan üçüncü
sovet yazıçısı
oldu. "Oyanmış
torpaq" romanı işıq üzü görəndən sonra müxtəlif dillərə
tərcümə olunaraq
dəfələrlə nəşr
edildi.
1960-cı ildə bu əsərə
görə yazıçı
o zaman keçmiş SSRİ-nin ən ali
mükafatı - Lenin mükafatı
ilə təltif olunmuşdu. Belə bir məşhur romanı ilk dəfə səhnələşdirmək böyük
cəsarət və məsuliyyət tələb
edirdi. Xüsusən də, ona görə
ki, bu əsər roman
kimi yazılmışdı,
səhnə əsəri
deyildi.
Ənvər Behbudov rejissor kimi bütün
bacarığını, istedadını,
sənətkarlığını, biliyini ortaya qoyub, "Oyanmış torpaq" əsərini səhnələşdirir. Premyera
günü elan olunur.
Rejissorun həyəcanının
hansı ölçüdə
olmasını təsəvvür
etmək çətin
deyil. Bütün ölkənin teatr, ədəbi ictimaiyyəti
səbirsizliklə premyeranı
gözləyirdi. Nəhayət,
1963-cü il iyul ayının
6-da premyera baş tutdu. Tamaşa böyük uğurla nümayiş olundu. Rostov
dram teatrı Ənvər
Behbudovun timsalında tarixi bir ilkə
imza atdı.
M.Şoloxov Dövlət
Muzey Qoruğunun saytında Ənvər Behbudova həsr olunmuş məqalədə
oxuyuruq: "Tamaşanın
premyerası M.Qorki
adına Rostov Dram Teatrında
iyulun 6-da baş tutdu (1963 - K.Ş.), avqustun
1-də isə artıq
Moskvada göstərildi.
Tamaşa çoxlu sayda müsbət rəylər qazandı..."
Moskva teatr ictimaiyyəti Ənvər Behbudov yaradıcılığına artıq
bələd idi. Hələ Kazan Böyük
Dram Teatrının bədii
rəhbəri və baş rejissoru olduğu müddətdə
onun quruluş verdiyi tamaşalar Moskvada uğurla nümayiş olunmuşdu.
1962-ci ildə Rostov teatrında
səhnələşdirdiyi Aleksandr Suiçmezovun "Təzə
külək" əsəri
Moskvada Kreml sarayının səhnəsində
uğurla oynanılmışdı.
Hətta bu tamaşa Mərkəzi Televiziya ilə yayımlanmışdı.
Bu dəfə isə Şoloxovun "Oyanmış
torpaq" tamaşası
ilə Ənvər Behbudov özünün istedadlı, yüksək dərəcəli peşəkar
rejissor, bacarıqlı
təşkilatçı, geniş
dünyagörüşünə malik bir sənətkar olmasını sübut etdi. Tamaşa Moskvada ciddi rezonans yaradır. Ə.Behbudovun uğurlu quruluşu həm müəllif tərəfindən, həm
də teatr tənqidçiləri tərəfindən
yüksək qiymətləndirildi.
Bu maraqlı tamaşanın
sorağı bütün
ölkəyə yayıldı.
Müxtəlif şəhərlərdən
teatrsevərlər, teatr
mütəxəssisləri tamaşaya baxmaq üçün Rostova gəlirdilər. Premyeradan
cəmi bir neçə gün keçməsinə baxmayaraq
kollektivin yenidən Moskvaya dəvət olunması dediklərimin təsdiqidir.
Tanınmış teatrşünas
Nataliya Perminovanın kino-teatr.ru saytında yer almış məqaləsində
maraqlı bir epizodu da diqqətinizə çatdırmaq istəyirəm:
"...O dövr üçün
belə bir hadisə danışırlar:
- Səhər. Kreml teatrı. Baş rejissor aparıcı aktyorları Moskva dramaturqu
ilə görüşə
və onun yeni əsərinin oxunuşuna
dəvət etdi. Birdən teatrın həyətində möhkəm
səs-küy qalxdı.
Səs-küy xeyli davam etdiyinə görə rejissorun etirazına səbəb oldu. - Nə səs-küydür axı
bu? - deyə o ucadan etirazını bildirdi. Pyotr Qriqoryeviç
Labada (Teatrın aparıcı aktyoru -
K.Ş.) təmkinini pozmadan
cavab verdi: "Bizi paytaxtda uğurlu qastrola görə mükafatlandırmaq
üçün medallar
gətiriblər!.." İstedadlı aktyorun öncəgörməsi
özünü çox
gözlətmədi. Qastroldan
sonra tezliklə Rostova xəbər gəldi ki, rejissor və teatrın daha 16 əməkdaşı
RSFSR Əməkdar artisti
fəxri adına layiq görülüb. Belə bir mükafatlandırma
dalğası və tanınma nə bu hadisədən əvvəl, nə də sonra yaşanmadı.
Behbudov isə iki il sonra RSFSR Xalq artisti tituluna
layiq görüldü..."
Nataliya Perminovanın yazısında
bir dəqiqləşdirməyə
ehtiyac var. Teatrşünas
yazır ki, 1963-cü ildə
Moskvaya qastrol səfərindən sonra Ənvər Behbudov və teatrın 16 əməkdaşı RSFSR Əməkdar
artisti fəxri adına layiq görülürlər. Əslində
isə Ə. Behbudov
"Əməkdar artist" adını hələ
1950-ci ildə, Novosibirsk "Qırmızı məşəl"
teatrında işləyərkən
almışdı. Rostov teatrının
16 əməkdaşı fəxri
ad alsa da, Ənvər Behbudov
SSRİ Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdu.
1965-ci ildə isə ona RSFSR Xalq artisti adı verilmişdi.
İstedadlı rejissor Ə.Behbudov qısa zaman ərzində
bir əyalət teatrını ölkənin
aparıcı Akademik teatrları səviyyəsinə
qaldırmağa nail olmuşdu.
1963-cü ildə Rostov teatrı
100 illiyini qeyd edirdi. Bu bir əsrlik tarixində teatr görünməmiş
uğurlara imza atmışdı. Ənvər
Behbudov bədii rəhbər və baş rejissor təyin olunanda teatrın fəaliyyətində
vilayət səviyyəsində
belə nəzərəçarpacaq
bir uğuru yox idi. O, işə
başladığı gündən
yorulmaq bilmədən
teatrda illərlə hökm sürən ətaləti dağıtdı.
Kollektivdə ciddi
nizam-intizam yaratdı.
Repertuar siyasətini tamamilə dəyişdi. Hər yeni tamaşadan sonra teatr kollektivi
pillə-pillə yüksəlməyə
başladı. Təsadüfi
deyil ki, 100 il ərzində
ilk dəfə Rostov teatrı
1962-ci ildə Moskvada,
Kreml sarayının səhnəsində A.Suiçmezovun "Təzə
külək" tamaşasını
uğurla nümayiş
etdirdi. Bu tamaşa Mərkəzi Televiziya ilə yayımlandı və lent yazısı Ümumittifaq Radiosunun fonduna qəbul edildi. Bir ildən sonra, 1963-cü ildə kollektiv yenidən Moskva səhnələrində tamaşalarını
nümayiş etdirmək
üçün dəvət
olundu. Yenə böyük uğurlar, paytaxt mətbuatında maraqlı, müsbət resenziyalar.
(Davamı olacaq)
Kamil Şahverdi
Ədəbiyyat qəzeti.- 2025.- 16 may
(№17).- S.10-11.