Özbəklər
Birinci Türkoloji Qurultayda
Türk xalqları
tarixinin hər cəhətdən mübahisəli
olub, çox hallarda yeni dövrün
hadisələrinə işıq
salmayan, çoxdan unudulmuş (yalnız son onillərin eksperimental təxəyyülləri
ilə ara-sıra gündəmə gətirilən!)
"tarixəqədərki" epoxalarını bir tərəfə qoyub eramızın I minilliyinin
sonu, II minilliyinin əvvəllərindən başlasaq,
görərik ki, Türküstan (karluq - uyğurlar) Şimal-Qərb
və Cənub-Qərb
türkləri üçün
həmişə etnokulturoloji
mənbə - istinad olmuşlar. Rusiya imperiyasının Türküstana
doğru işğalçı
"hərəkat"ında da bu mənbə
- istinad özünün
tarixi müqavimətini
ən müxtəlif üsullarla göstərmişdir.
İmperiya çökdükdən
sonra Türküstanda
gedən mürəkkəb
siyasi proseslər zahirən regionun türk xalqları arasında hər nə qədər etnoloji "layihə"lərə
meydan açsa da, orta əsrlərin
sonu, yeni dövrün əvvəllərindən
sürət almış
təbii diferensiasiyanın
nəticələrilə üz-üzə
gəldikdə geri çəkilməyə məcbur
oldu. Bir sıra Orta Asiya türk xalqları ilə birlikdə əvvəl Türküstan MSSR-də,
1924-cü ildən isə
Özbəkistan SSR- də
siyasi müqəddəratını
müəyyən edən
özbək xalqı daim Qərbə "axan" türklərin Şərqdə ən möhtəşəm siyasi,
iqtisadi və mədəni dayağı
idi. Odur ki, Birinci Türkoloji
Qurultaya hazırlıq
başlayanda Yeni Əlifba Komitəsinin diqqət mərkəzində
dayanan əsas coğrafiyalardan biri Türküstan, əsas türk xalqlarından biri isə özbəklər
olmuşdur.
Həm Qurultaya
hazırlıq, həm
də Qurultay günlərində onun işində o zaman hələ gənc olan özbək alim-müəllimi (türkoloqu)
Xalid Səid Xocayev böyük fəallıq göstərmişdi.
O, 1888-ci ildə Daşkənd
yaxınlığındakı bir kənddə dünyaya gəlmiş, mədrəsə bitirdikdən
sonra İstanbula gedib ali təhsil
almışdı. Qafqaz
İslam ordusu ilə Bakıya, sonra isə vətəni Daşkəndə
qayıdan Xalid Səid yenidən Azərbaycana dönməli
olmuşdu. Onun Qurultaydan az sonra qələmə aldığı "Yeni əlifba yollarında əski xatirə və duyğularım"
(Bakı, 1929) kitabı
ümumən türk dünyasında, xüsusilə
Özbəkistanda yeni
əlifbaya keçidin
mötəbər salnaməsidir.
Belə məlum olur ki, Yeni
Əlifba Komitəsinin
sədri Səmədağa
Ağamalıoğlu bu
işin xüsusilə
özbəklərlə bağlı
hissəsinin məsuliyyətini,
tamamilə haqlı olaraq, Xalid Səidin
üzərinə qoymuş
imiş.
Qurultaya Özbəkistan
səkkiz nəfərdən
ibarət kifayət qədər nüfuzlu bir nümayəndə heyətilə gəlmişdi:
Səmərqənddən Rəhim
Axundcan oğlu İnoqamov, Abdurrəşid
Abducabbarov və Qazi Alim Yunusov;
Daşkənddən Məşriq
Yunus oğlu İlbək və Şakircan Rəhimi; Fərqanədən Aşıralı
Zahiri, Xarəzmdən
Bikcan Rəhmanov və Buxaradan İsmayıl Sədri.
"Yeni əlifba
yollarında" müəllifi
Qurultayın açılışı
ərəfəsində yeni
əlifbaya münasibətdəki
ümumi vəziyyəti
səciyyələndirərək yazır:
"Qazaxlar və
kazanlıların fikri
məlum idi (onlar yeni əlifbanın
əleyhinə olub, əski əlifbanın islahatını istəyirdilər
- N.C.), krımlılara ümid
bəsləyirdik, ancaq
hələ tamamilə
şübhədən çıxa
bilməmişdik. Osmanlı
mərxəslərinin fikrini
bilmək mümkün
olmurdu. Bizi ən çox maraqlandıran özbəklərin
fikri idi. Çünki onları qazansaq, türkmənlərlə
bərabər bütün
Türküstan bizim tərəfimizdə olacaqdı.
Qırğızların yeni
əlifba tərəfində
olduqlarına dair qəti məlumat almışdıq. Səmədağa
başda olmaq üzrə Azərbaycan Yeni Əlifba Komitəsinin bütün fikri, bütün diqqəti Anadolu türklərilə özbəklər
üzərinə dikilib
qalmışdı".
S.Ağamalıoğlu Xalid Səidə tapşırır ki,
"özbəklərinlə danış, hər halda onların müəyyən bir fikirləri olacaq. Fikirlərini açıq-aydın
söyləsinlər. Biz
də ona görə iş görək". Xalid Səid xatırlayır ki, həmyerliləri Əski Avropa otelində onu çox hörmətlə
qarşılayıb hal-əhval
tutduqdan sonra nümayəndə heyətinin
başçısı, Özbəkistan
Maarif komissarı Rahim Axundcan İnoqamov (Ənamov) heyətin mövqeyini belə ifadə edir: "Bu iş üçün gəldik, qurultay nə qərar versə, biz də o qərardayıq".
Cavabın qeyri-müəyyənliyi
müəyyən rahatsızlıq
doğurur. Və heyətin üzvü Qazi Alim - Xalid
Səidlə ayrıca
görüşüb bildirir
ki, hökumət tərəfindən qurultaya
göndərilənlərə "ərəb əlifbasını
müdafiə etmələri
xüsusunda qəti təlimat verilmişdir".
Onu da əlavə
edir ki, "ertəsi gün yeni nümayəndələrin
xüsusi iclasları olacaq, ondan sonra
qəti fikir və qərarlarını
söyləyə biləcəklər"...
Doğrudan da, çox çəkmir, xəbər gəlir ki, "bu sabah
öz aramızda iclas oldu, artıq
yeni əlifbanı müdafiə etmək, onun lehinə səs verməyə qərar verdik".
Xalid
Səid ona həvalə edilən ikinci missiyanı da kifayət qədər uğurla yerinə yetirir. Türkiyə türklərinin
yeni əlifbaya keçmək barədəki
fikirlərini öyrənmək
üçün Yeni Avropa otelinə gedib Fuad bəy
Köprülüzadə və
Əli bəy Hüseynzadə ilə görüşür.
Əlbəttə, istər
özbəklər, istərsə
də Türkiyə türkləri ilə apardığı söhbətlər
yeni əlifbaya keçmək məsələsində
onlara həlledici təsir göstərə
bilməzdi. Bu cür cəhdlər daha çox Xalid Səidin özünün tutduğu
mövqeyinin nə qədər ardıcıl
olduğunu əks etdirmək baxımından
əhəmiyyətlidir.
Əlifba ilə
bağlı Qurultaydakı
çıxışı özbəkcə
olduğundan stenoqrafik
hesabata düşməsə
də, bu mövqe tamamilə aydındır. Və Yeni Əlifba Komitəsinin üzvü kimi Krım səfərindəki çıxışında
dedikləri bunun bilavasitə ifadəsi ola bilər... Həmin çıxışında
Xalid Səid göstərir ki, yeni tarixin başlanğıcında
əlifba məsələsi
ilə bağlı qarşıda üç yol var: 1) köhnə
ərəb əlifbasını
olduğu kimi saxlamaq, 2) onu islah etmək və 3) yeni bir əlifba qəbul etmək. "Birinci yolun mümkün
olmadığını hər
kəs söyləyir...
İkinci yola gəlincə, indiyə qədər edilən təcrübələr bunun
mümkün olmadığını
göstərir. Çünki
hər ölkə başqa yolda islah edir... Bu
halda yalnız üçüncü yol qalır ki, bu da yeni
əlifba qəbul etməkdir".
Azərbaycanda hazırlanmış
layihəni cəsarətlə
müzakirəyə verən
Xalid Səid krımlı həmkarlarını
əməkdaşlığa, əgər layihədə
qüsurlar varsa, onların birgə aradan qaldırılmasına
çağırır. Və
qəbul olunacaq yeni əlifbada türk xalqlarının, onların mətbuatının
bir-birindən ayrı
düşməsini dözülməz
hal sayaraq deyir:
"Bizi Krıma
qədər gətirən,
sizinlə məsələni
müzakirəyə məcbur
edən də budur. Bunun yalnız
Azərbaycanda tətbiqinə
başlasaq, buraya qədər gəlməyimizin
mənası nədir?..
Bizim bu səyahətimiz yalnız
Krıma deyil; Türküstana, Qazaxıstana,
Başqırdıstana, Tatarıstana
qədər getmək
istəyirik".
Yeni əlifbanın
qəbulunu şərtləndirən
texniki amillər üzərində dayanan Xalid Səid göstərir ki, "biz zatən, ərəb əlifbasını
yalnız ərəb əlifbası olduğu üçün atmadığımız
kimi, latın hürufatını da yalnız latın hürufatı olduğu üçün qəbul etmirik. Biz ancaq
çətinliklərdən, uyğunsuzluqlardan qurtulmağa
çalışırıq. Bizim sözümüz sistemdədir, şəkildə
deyil. Biz ona görə latın sistemini əsas tutduq, çünki bundan daha uyğun, daha əlverişli bir sistem tapa
bilmədik, çünki
latın sistemi təcrübədən keçmiş,
həyat üçün
haqq qazanmış əlifba sistemidir".
Həm peşəkar
dilçi-türkoloq, həm
müasir dünyagörüşlü
vətənpərvər, həm
də yeni əlifba üzrə bilavasitə mütəxəssis
olaraq Xalid Səidin mövzu ilə bağlı çıxışları, əlbəttə,
hər hansı halda geniş ictimai rəğbət doğurmaya bilməzdi.
Özbəkistan nümayəndə
heyətinə xüsusi
münasibətin nəticəsi
idi ki, qısa
giriş sözü ilə Qurultayı açandan sonra Təşkilat Komitəsinin
sədri Səmədağa
Ağamalıoğlu ilk
sözü Özbəkistan
Akademiya Mərkəzinin
sədri Abdurrəşid
Abducabbarova verdi ki, Qurultayı aparacaq təşkilat komissiyaları - rəyasət
heyəti, fəxri rəyasət heyəti, mandat komissiyası, redaksiya heyəti və katibliyin tərkibi barədə nümayəndə heyətləri
adından əvvəlcədən
razılaşdırılmış təklifləri özbəkcə
elan etsin. Və yekdilliklə qəbul olunmuş həmin təkliflərə
əsasən özbəklərdən
R.A. İnqamov rəyasət
heyətinə, A.Abducabbarovun
özü mandat komissiyasına, S.Rəhimi
isə redaksiya heyətinə daxil edilmişlər.
Qurultayın əhval-ruhiyyəsinə
təsir göstərən
hadisələrdən biri,
heç şübhəsiz,
dahi özbək şairi Əlişir Nəvainin 500 illik yubileyinin keçirilməsi
üçün xüsusi
komissiya yaradılması,
həmin yubileyin təntənə ilə qeyd olunması idi. Demək olar, bütün Qurultay iştirakçıları
bilirdilər ki, iclaslarda adı tez-tez çəkilən bu böyük şair-mütəfəkkir təkcə
özbəklərin yox,
bütün türklərin
ən böyük tarixi şəxsiyyətlərindən
biridir.
Ümumiyyətlə, Birinci Türkoloji Qurultayda edilən məruzə və çıxışlarda özbək
xalqına - onun tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə
böyük ehtiramla yanaşılmış, V.V.Bartold,
M.F.Köprülüzadə, A.N.Samoyloviç, B.Çobanzadə
kimi məşhur elm adamları bu xalq haqqında
ətraflı söhbət
açmışlar.
Və xüsusi
olaraq qeyd etmək lazımdır ki, Özbəkistan nümayəndə heyətinin
Qurultaydakı iştirakı
da öz mütəşəkkilliyi, məhsuldarlığı
və məqsədyönlülüyü
ilə fərqlənir.
Nümayəndə heyətinin
üzvləri, əsasən,
nə qədər gənc olsalar da, onların təmkinli, müdrik çıxışları Qurultayın
ideya istiqamətinə
(və türk xalqlarının müasir
ideallarına!) xidmət
etmişdir.
Yeni əlifba məsələsinin müzakirəsinin
ən qızğın
dövründə söz
alan nümayəndə
heyəti rəhbəri
R.A.İnoqamov sözünə
belə başlamışdı:
"Dünən yoldaş
İbrahimova (söhbət
Kazan tatarı Qalimcan İbrahimovdan gedir - N.C.) qulaq asarkən beynimdə bir qarışıqlıq
yarandı. Mənə
elə gəldi ki, Tatarıstanın adından çıxış
edən tatar nümayəndə heyətinin
latın qrafikasına
qarşı prinsipial etirazı yoxdur. Bu nə deməkdir?
Bu, o deməkdir ki, onlar latın
əlifbasını, əsasən,
qəbul edirlər və prinsipial etirazları yoxdur. Lakin başqa məruzəçilər, məsələn,
yoldaş Alparov (söhbət Kazan tatarı İbad Alparovdan gedir - N.C.) çıxış etməyə
və sınaq səciyyəli statistik hesablamaları sadalamağa
başladıqda məlum
olur ki, latın əlifbası ərəb əlifbasından
geridədir. Bu səbəbdən də mənə elə gəlir ki, burada prinsipial etirazlar yoxdur deyə bilmərik".
Kazan tatarlarının
xeyli dərəcədə
ziddiyyətli (və tamamilə yanlış!) dəlillərlə latın
əlifbasının əleyhinə
olmalarını açıq
söyləyən natiq
onu da əlavə
edir ki, "ərəbpərəstlər - mən, əsasən, tatar nümayəndə heyətinin üzvlərini
nəzərdə tuturam
- köhnə yox, islahat üçün nəzərdə tutulmuş
ərəb əlifbasının
üç əsas layihəsini təqdim ediblər. Mən əminəm ki, onların sayı üç yox, daha çox olacaq. İslah olunmuş ərəb əlifbaları ilə latın əlifbası arasında fərq var? Fərq yoxdur. Özbəkistanın
təcrübəsi əsasında
deyə bilərəm,
bizdə məktəbdə
oğlanlar yeni əlifba ilə oxuyurlar. Onlar köhnə əlifbanı
bilmirlər, lakin islah olunmuş bu yeni əlifbanı
da çətinliklə
oxuyurlar və latın əlifbasını
qəbul edəcəyimiz
halda məsələnin
"bu, kütlədən
təcrid olunma olacaq" şəklində
qoyulması əsassız
bir dəlildir".
R.A.İnoqamovun sonrakı
sözlərinə gəldikdə
isə, cəsarətlə
demək olar ki, ərəb əlifbası islahatçılarının
ünvanına bütün
Qurultay boyu söylənmiş ən əsaslı (və sərt) ittihamlardan biridir:
"Deyirsiniz ki,
500 il bu əlifba ilə ədəbiyyat yaratmısınız.
Məgər o, islah olunmuş yeni əlifba ilə yaradılıb? Axı, əhali islah olunmuş əlifbanı yox, köhnəsini oxuyur. Bəs yeni əlifbanı kim oxuyacaq? İslah
olunmuş əlifbanı
yeni nəslin adamları bilir, bəs 500 illik ədəbiyyat necə oldu? Həmin əlifbanın qəbulu üçün bu qəbildən olan dəlillər tamamilə yanlışdır".
Lövhədə
həm islah olunmuş əlifba, həm də latın əlifbasında bir neçə sözü yazıb müqayisə edən natiq sözünü belə yekunlaşdırır:
"Mənə elə
gəlir ki, Tatarıstandan olan nümayəndələr və
bir sıra digər yoldaşlar bu məsələyə aydınlıq gətirməli
və onlar haqqında millətçi
və dinçi olmaları barədə rəy yaranmaması üçün prinsipial etirazları olmadığını
deməməlidirlər. Əsla!
Sübut edə bilsəydiniz, bunu işdə sübut edərdiniz".
Qazi Alim Yunusovu Qurultay nümayəndələri yaxşı
tanıyırdılar.
"Türk-tatar xalqlarında
tarixi ədəbiyyatın
inkişafı" adlı
məruzəsində Kazan
tatar tarixçisi Qaziz Qubaydullin məlumat verdi ki, "Başqa türk xalqlarının təcrübəsindən bəhrələnən
özbək ziyalıları
öz xalqının tarixini tələm-tələsik
yazmağa can atmır, tarixi materialların toplanması
ilə qənaətlənirlər.
Məsələn, Qazi
Alim Yunusov və başqaları tərəfindən toplanıb
çap olunan və olunmayan tarixi xarakterli xalq dastanları bu xalqın tarixinə dair qiymətli mənbələrdir...
Özbəklərdə qəbilə
quruluşu, soyların
adları və onların tamğaları haqqında Yunusov tərəfindən toplanan
materialı xüsusi qeyd etmək lazımdır. Bu materiallar həmin xalqın təkcə etnoqrafiyasını yox, sosial tarixini də tədqiq etmək imkanı verəcək".
Qurultayda etnoqrafiya
məsələləri müzakirə
olunarkən Özbəkistan
Akademiya Mərkəzinin
sədr müavini, Səmərqənd Pedaqoji
Akademiyası Özbək
dili kafedrasının
professoru Qazi Alim Yunusov (Qazi
Yunus) çıxışına
kəskin tənqidi qeydlərlə başlamışdır:
"...Məruzələrdə türk xalqlarının etnoqrafiyası sahəsindəki
nailiyyətlərdən danışıldı.
Lakin məruzələr
o qədər kasad idi ki, jurnallardakı
elmi məqalələri
xatırladırdı. Bu
məruzələr türk
xalqlarının maddi
mədəniyyətinə dair
faktlarla kifayət qədər açıqlanmırdı;
türk xalqlarının
incəsənətindən danışan məruzəçilər
türk sənətinin
fərqləri, əsas
motivləri və inkişafının müxtəlif
mərhələlərini göstərmirdilər".
Tanınmış dilçi-dialektoloq,
folklorçu, geniş
türkoloji (və ümumən şərqşünaslıq)
hazırlığı olan
özbək nümayəndəsi
məruzələrdəki a) sxematiklik, b) metafizika və c) qeyri-diferensiallığa
etiraz etməkdə tamamilə haqlı idi. Çıxışçı
bu ümumi mülahizələrdən sonra
konkret olaraq mənsub olduğu xalq barədəki ənənəvi "elmi"
təsəvvürlərə keçərək demişdi:
"Özbəklərdən danışılarkən hamıda
dumanlı bir təsəvvür yaranır...
Özbəklər kimdir?
Özbəklər uzunsaqqallı,
yekəçalma və
uzun xələt geyən adamlardır... Vəssalam. Həqiqətən,
özbəklərin tiplərinin
təsvir olunduğu alboma nəzər salaq. Bu albom
bizə nə deyir? Heç bir şey. Məsələn,
özbəyin yerinə
fars, İran mənşəli
tacik çəkilib, onların cizgilərində
türklərə məxsus
element qətiyyən yoxdur.
Yəqin ki, bu cür albomları
Özbəkistanın etnik
tərkibindən qətiyyən
xəbəri olmayan adam tərtib edib".
Əlbəttə, bu
cür kobud səhvlərə yol verilməsi o zamana qədər aparılan etnoqrafik (və ümumən etnoloji) tədqiqatın doğruluğuna
ciddi şübhələr
yaratmaya bilməzdi.
Çıxışda regionun etnik-etnoqrafik mənzərəsi geniş
(və müqayisəli
şəkildə) təhlil
olunmuşdur:
"Özbəkistanda, demək olar ki, hər bir
şəxs qışlaqda
yaşayır, qəbilə
məişəti indiyədək
unudulmayıb, köçəri
həyat üstünlük
təşkil edir. Özbəklərdə də
qırğızlardakı yurtaları
görərsiniz. Qırğızıstan
və Qazaxıstanın
müxtəlif vilayətlərində,
hətta bəlkə uzaq Sibirdə də gördüyünüz
eyni tipləri müşahidə edərsiniz.
Burada monqol elementlərinə çox
yaxın ola bilən unqut elementi ilə rastlaşarsınız.
Məsələn, özbək
ittifaqına bu yaxınlarda qoşulan qədim türk barqut tayfasının tipini görərsiniz ki, unqut tipindən tamamilə fərqlidir.
Saraya və nayman tiplərini görərsiniz.
Nayman tipi saraya tipindən tamamilə fərqlənir, bir çox şeydə fərqlənir. Məsələn,
konrat və ya manqut tipini
götürün. Konratlar
və manqutlar arasında olarkən orada fərqləri açıq müşahidə
edirsiniz".
Və 1924-cü ildə
(Türküstan MSSR-dən
sonra) yaradılan Özbəkistan SSR-in etnik
tərkibinin yekcins olmadığını göstərən
tədqiqatçı belə
bir qənaətə gəlmişdir ki, "deməli,
hələlik özbəklərin
geneoloji tədqiqi yoxdur. Əldə olan məlumatlar o qədər cüzi, o qədər qaranlıqdır
ki, bizə qətiyyən
heç bir şey vermir".
Keçdiyi türkoloji
məktəbin, apardığı
dialektoloji, folklorşünaslıq
(və etnoqrafik) araşdırmaların perspektivlərinə
əmin olan alim son dərəcə böyük
milli təəssübkeşlik (və təcrübi gerçəkliklə!) əlavə
etmişdir ki, "bir
sözlə, mən burada öz tədqiqatlarımı göstərə
və yerli türkologiya həvəskarları
ilə qarşılıqlı
material mübadiləsi edə
bilərəm. Bu mümkün
olsaydı, biz - türk
xalqlarının nümayəndələri
həm nüfuzlu alimlərimiz, həm də elə özümüz üçün
daha çox material əldə edə bilərdik".
Burada diqqəti
cəlb edən (və bir-birinə qarşı duran) iki mühüm məqam var: birincisi - ironik, ikincisi - ciddidir... Rusiyanın (və rus elminin)
"zat"ına yaxşı
bələd olan türk-özbək alimi, birincisi, "mərkəz"dən
gələn məruzəçilərə
başa salır ki, siz kifayət qədər materiala əsaslanmadan danışırsız;
ikincisi, türk qardaşlarına deyir ki,
"özümüz" də
hələ elə bir zəngin materiala əsaslanmırıq.
Amu-Dəryanın köhnə
yatağı ilə səyahət etdiyini, bu yerləri dolaşaraq nəhəng şəhərlərin xarabalarını
gördüyünü deyən
Q.A.Yunusov Qurultaydan bütün türk xalqları kimi özbəklərin də
tədqiqinə ciddi diqqət yetirməsini xahiş edərək demişdir ki, sonuncuların nə etnoqrafiyası, nə ləhcələri barədə
düzgün məlumat
yoxdur... "Üstəlik,
hansısa bir sart dili uydurublar
və deyirlər ki, bu onların
xüsusi dilidir, halbuki farsların hamısı fars dilində danışır...
Onlar özbək dilində mənim rus dilində danışdığım kimi
danışırlar, o dəqiqə
bilinir ki, mən rus olmadığım
kimi (!!! - N.C.) onlar da türk deyil.
Bizim bəzi alimlərimiz tədqiqatlarında
yazırdılar ki, guya sartlar İran irqindən törəyiblər,
öz dillərini unudaraq türk dilini qəbul ediblər və Özbəkistanda sart ləhcəsi var. Əlbəttə, bu, düzgün deyil və böyük səhvdir".
Böyük türkoloq,
əslində daha zərif olmaqla özünü ikinci bir ironiyadan da çəkindirə bilmir; deyir ki,
bu möhtəşəm
Qurultayda rusca danışmağım mənim
rus olmağıma nə qədər dəlalət edirsə, kimlərinsə özbəkcə
danışmaları da
onlara o qədər özbək sayılmaq səlahiyyəti verir.
Qazi Alim Yunusov çıxışını
belə yekunlaşdırmışdır:
"Mən Orta
Asiyanın nəhəng
önəmini, bir çox başqa xalqlara təsir göstərən bütün
Orta Asiya türklərinin tarix və etnoqrafiyasının
araşdırılmasının əhəmiyyətinin açıqlanmasını
zəruri sayıram. Nə Moskva, nə də Leninqrad bu məsələ
ilə ciddi məşğul olmamışdır".
Orta Asiyanın
- Türküstanın adının
Birinci Türkoloji Qurultayda bu cür
cəsarətlə çəkilməsi
və onun bütün Türk Dünyasına tarixi-mədəni
təsirinin qiymətləndirilməsi
təəssübündə bulunması (eləcə də bu təşəbbüsün
nə Moskva, nə də Leninqrada ümid olunmaması!) o demək idi ki, Qurultayı
hər nə qədər Sovetlər Birliyi təşkil etsə də, heç də tamamilə onun iradəsi (və hökmü) altında keçmirdi.
Q.A.Yunusovun sadəcə
səmimi bir vətənpərvərə deyil,
eyni zamanda böyük bir peşəkara mənsub qətiyyətli çıxışı
və ümumən çıxışların hamısında
məruzəçilərə qarşı özünü
bu və ya digər dərəcədə
göstərən etirazlar
o demək idi ki, türk xalqlarının
ziyalıları artıq
tarix-etnoqrafiya sahəsindəki
araşdırmaları heç
kimə - heç bir imperialist-müstəmləkəçi
təsisatlara güzəştə
getmək fikrində deyillər, bu həssas məsələnin
həllini öz üzərlərinə almaq,
milli kimliklərini məhz özləri tədqiq edib öyrənmək iddiasındadırlar.
Şakircan Rəhimi
orfoqrafiya məsələsi
üzrə özbəkcə
əlavə məruzə
etmiş, onun məruzəsinin tezislərini
səmərqəndli Kazan
tatarı Məcid Usmanov ruscaya tərcümədə Qurultayın
nəzərinə çatdırmışdır:
"Yoldaş Rəhiminin
əsas fikri bundan ibarətdir ki, türk dillərində,
o cümlədən, özbək
dilində sinharmonizm var; şəhər sakinlərinə tacik dilinin nüfuzunun təsiri altında bu sinharmoniya pozulsa da, qışlaq
əhalisinin dilində
qalmaqdadır. O deyir ki, sait səslərin
göstərilməsi üçün
işarələrin çatışmamasının
birinci qüsuru ondan ibarətdir ki, bəzi xalqlarda,
bəzi tayfalarda sait səslərin sayı 6-8, hətta
13-dür, halbuki Özbəkistan
qurultayı cəmi altısını göstərib,
biz isə həyatda xeyli çoxunu görürük:
lakin sait səslərin göstərilməsi
üçün hərflər
çatışmır".
Məruzədə orfoqrafiya
ilə bağlı daha bir səciyyəvi
problemə toxunulmuşdur:
"Ərəb dilində
istifadə və məsələn, tatarların
imtina etdikləri həmzə işarəsi
hələ də özbəklərin yazısını
ağırlaşdırmaqdadır".
Və məruzəçi
əminliyini bildirmişdir
ki, "əlbəttə,
onlarda da bu həmzə işarəsi ləğv olunacaq".
M.Usmanov davam etmişdir:
"Yoldaş Rəhimi
deyir ki, orfoqrafiyanın islahatı
məsələsi əlifba
məsələsi ilə
sıx əlaqədardır,
çünki ərəb
əlifbasını uyğunlaşdırmaq
çox çətin
olacaq və orfoqrafiya məsələsini
ikinci məsələ
- əlifba məsələsilə
əlaqələndirmək lazımdır ki, onun da həlli
Qurultaydan asılı
olacaq; bu halda orfoqrafiyanın özünün də məsələsi aydınlaşacaq".
Göründüyü kimi, məruzəçi bir sıra çox
ciddi (və olduqca konkret) problemlərə toxunmuşdur...
Birincisi odur ki, "sinharmonizm pozulmuşdur" adı altında sait səslərin azaldılması
özbək dilinin orfoqrafiyası, ümumən
fonetik quruluşu üçün ciddi təhlükə olub. Bu dili, prinsip
etibarilə, türk dilləri ailəsindən
uzaqlaşdırır. Yeri
gəlmişkən, deyək
ki, həmin problem bugünəcən qalır. Və türkoloji müzakirələrdə
bəzi özbək alimləri, ziyalıları
bu barədə bəhs etməkdən çəkinmirlər... İkincisi,
orfoqrafiya məsələsinin
müzakirəsinin əlifba
məsələsindən əvvələ
salınması, bu və bəzi digər məruzə və ya çıxışlarda
qeyd olunduğu kimi, ardıcıllğın
pozulması idi; ancaq, görünür, belə düşünülmüşdür
ki, Qurultayın əsas məsələsinin
- ərəb əlifbasının
latınla əvəz
olunmasının müzakirəsinə
latın əlifbasının
xeyrinə "tədricən"
keçilsin.
Bütövlükdə isə, Ş.Rəhiminin bilavasitə özbək dilinə aid bir problemi ümumtürkoloji
kontekstə çıxarmaq
təşəbbüsü Qurultayın məramı baxımından çox düzgün addım olmuşdur. Asiya türklərinin ərəb
əlifbasından latına
keçmək barədəki
təşəbbüslərini qətiyyətlə müdafiə
etməsi də bunun təzahürü idi.
Əlifba məsələsi
müzakirə olunarkən
Özbəkistan nümayəndələrindən
dilçi, müəllim,
dövlət xadimi Bikcan Rəhmanov da çıxış etmişdir. Lakin çıxış özbəkcə
olduğundan Qurultayın
stenoqramına düşməmişdir.
Və bu da düşündürücüdür
ki, böyük bir türkoloji forum keçirilir, müxtəlif türk dillərində - Türkiyə
türkcəsində, Azərbaycan
türkcəsində, özbəkcə,
qazaxca, türkməncə,
qırğızca, tatarca,
başqırdca... məruzələrə,
çıxışlara icazə
verilir, ancaq yalnız rusca olanlar yazıya alınır. Yaxud ən zəruri hallarda, ya natiqin
özü, ya da bir başqası
hansısa nitqin tezislərini ruscaya çevirib səsləndirir.
Ayrı-ayrı türk
dillərində məruzə
və çıxışlara
imkan yaradılmasında
məqsəd, heç
şübhəsiz, Qurultayın
məhz türk xalqlarının qurultayı
olması missiyasını
qabartmaqdan ibarət deyildi, burada Sovet hakimiyyətinin ilk illərinə xas müəyyən bir demokratiya aydın görünür.
Birinci Türkoloji
Qurultayda özbəklər
(və Özbəkistan)
ilə bağlı maraq doğuran bir mühüm məsələ də növbəti II Qurultayın
Özbəkistanda - Səmərqənddə
keçirilməsi barədə
qərarın qəbul
edilməsi idi. Lakin həmin Qurultayın baş tutmaması bugünə qədər sirr olaraq qalır.
X.S.Xocayev Birinci
Türkoloji Qurultaydan sonra yeni əlifbaya
keçidin sürətləndirilməsi
üçün S.Ağamalıoğlunun
təkidi ilə bir daha Özbəkistana
getməli olur. Hakimiyyətdəkilər sübut
etməyə çalışırlar
ki, yeni əlifbanı qısa bir müddətdə müəllimlərə öyrədəcək
qədər kadrlarımız
yoxdur. Xalid Səid bununla razılaşmayıb deyir
ki, Azərbaycanda təhsil almış özbək gəncləri
yeni əlifbanı yaxşı bilirlər... Məsələnin həlli
Elmi Şuraya həvalə edilir. Sədr Qazi Alimin də köməyi ilə Özbəkistanda yeni əlifbaya keçməkdə
ilk ciddi addımlar atılmış
olur.
Çox keçmir
ki, latın əsaslı yeni əlifba bütün türk respublikalarında əski əlifbanı, demək olar ki, tamamilə sıxışdırıb geniş
yayılır, lakin
30-cu illərin ortalarından
sonra meydan sulayan repressiya - "qırmızı terror"-
həm Qurultayın sağ qalmış türkoloq iştirakçılarını,
həm də onların əksəriyyətinin
uğrunda gərgin mübarizə apardıqları
yeni əlifbanı məhv edir. Bununla belə, Birinci Türkoloji Qurultayın ideyaları (və idealları) keçən əsrin
90-cı illərinin əvvəllərində
müstəqilliklərinə qovuşmuş türk xalqlarının mənəvi
dirçəliş (və
inkişaf) yollarına
gur işıq yaymaqdadır ki, burada özbəklər (və Özbəkistan) xüsusi olaraq seçilir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2025.- 16 may
(№17).- S.12-13.