Unutmağa kimsə
var...
Rübabə müəllimədən
sonra sinif rəhbərimiz Nabat müəllimə oldu. Onun sinif rəhbərliyi
mənim və dostlarımın yaddaşında
ardı-arası kəsilməyən
sinif iclasları ilə qaldı. Sinif iclasları Nabat müəllimənin ən sevimli işi idi. Bu
iclaslar, adətən tərbiyə məsələlərinə
həsr edilirdi. Günahın olmaya, səni ayağa qaldırıb qulaqların
qızarınca danlamayalar,
sinif iclasından gözəl nə vardı ki... Nabat müəllimənin qaşları çox zabitəli idi. O dediklərinin çoxunu sözlə yox, qaşları ilə deyirdi. Bir dəfə
bu qaşlar bilmədi nə etsin - qalxsın, ya ki qalxmasın.
Sanki qalxmalı idi, amma qalxsaydı,
daha aşağı, gözün üstünə
düşə biləcəkdimi?!
Biz o zaman 5-ci sinifdə oxuyurduq. Sevda belə iclasların birində qətiyyətlə ayağa
qalxıb dedi:
- Nabat müəllimə,
Elçin dərsdən
sonra mənim dalımca düşüb
deyir ki, mən səni sevirəm.
Sinfə ölü
bir sükut çökdü. Nabat müəllimə də məhz bu zaman
bilmədi ki, nə etsin. Ancaq bunu deyə
bildi:
- Qızım, sakit
ol. Qələt eləyir. - Sonra Nabat müəllimənin səsi guruldadı - Elçin!!! Sabah məktəbə valideyninlə
gəl!
Valideynin məktəbə
çağırılması ağır cəza idi. Yaxşı, bu valideynə nə deyəcəkdilər?!
Deyəcəkdilər ki,
"oğlunun başına
ağıl qoy, sevməsin?!" Deyəcəkdilər
ki, "bu, ayıbdır?!" Elə
bu kompleksin əyər-əskiyi deyilmi,
bizlərin bəzisi, həyat yoldaşı yerinə adam arasında indiyənə qədər "uşaqların
anası" deyir?!
Bir də bizim sinfin oğlanları
Elçinin etdiyi belə axmaq "səhvlər"i təkrar
eləmədilər. "Sevirəm"
sözünün qədrini
bilməyə başladılar.
- Eşitdin, Elçin?
Sabah məktəbə
valideynsiz gəlmə!!!
Utanmaz!!!
Biz 5-ci sinifdə
oxuyurduq və bizim 13 yaşımız vardı.
Yəqin ki, bizdə heç zaman Romeolar, Cülyetlər yaranmayacaq.
Onların da 13 yaşları vardı.
...Zərbəli müəllim
mənə usanmadan, axıracan Mirzə Kamal dedi. Başqalarının
yanında bir az utanırdım, amma nə edə
bilərdim - heç nə. Onu da
deyim ki, bu ləqəblə mən bir qədər
sonra bir daha qarşılaşdım.
Universitetin 4-cü kursunda
mənə sevimli müəllimimiz Bəxtiyar
Vahabzadə bu adla müraciət eləməyə başladı.
Və mən "Mirzə" sözü ilə bir daha
təmasa girdim. Yenidən Bəxtiyar müəllimin dərslərində
Mirzə Kamal oldum. Bəxtiyar müəllim bizə ədəbiyyatdan dərs deyirdi. Biz tələbələrlə
dərsdənkənar söhbətləri
ilə daha çox yadımızda qalırdı. Sanki bizdən daha çox özünün buna mənəvi ehtiyacı vardı. O, rəsmi şəkildə
yazıb deyə bilmədiklərini dərs
zamanı bizimlə bölüşərdi. Məsələn,
bir dəfə auditoriyada dedi ki, Səməd Vurğun böyük şairdir. İki-üç
gün sonra isə bunun əksini dedi. Onun dərsləri əsl qaynar qazanı xatırladırdı.
75 nəfər kim nə istərdisə, əl qaldırıb deyirdi. Bəzən heç əl də qaldırmırdılar.
Böyük şair bir sual ortalığa
atır və çəkilib öz dünyasına qapanırdı.
Biz də başlayırdıq bu sualın sularında boğulub sahilə çıxmaq üçün
əl-qol atmağa. Bəxtiyar müəllimin
dərsləri çox
maraqlı keçirdi.
Heç yadımdan çıxmaz, bir dəfə belə həyəcanlı dərslərin
birində hamı əl qaldırıb nəsə deyirdi. Bəxtiyar müəllim də hər deyilənə münasibət
bildirirdi. Niyazi lap arxada oturardı.
Əli göydən yerə düşmürdü,
amma ona söz verilmirdi. Bəxtiyar müəllim onun göydə qalmış əlini sanki görmürdü. Hamı nəsə deyirdi, hamı nəyisə sübut eləməyə çalışırdı.
Səs-küy auditoriyanı
başına götürmüşdü.
Nəhayət, Bəxtiyar
müəllim özünü
hələ də həlak edən Niyazini gördü və sözü ona verdi. Niyazi
ayağa qalxıb nə isə deməyə çalışdı.
Bəxtiyar müəllim
onu yaxşı eşitmədi. "A bala,
bir az bərkdən
de, görüm nə deyirsən?" Niyazi dediyini təkrar elədi. Yenə də səsi aydın eşidilmədi. Nəhayət,
Bəxtiyar müəllim
bezib "gəl bura görüm" deyib onu taxta
önünə çağırdı.
Uzun sinfin bir ucundan o biri
ucuna - taxta önünə gəlib çatan Niyazi nə isə deməyə başladı.
Bəxtiyar müəllim
onu sonadək dinləməyib tələsik
"düz deyirsən,
keç yerinə"
deyərək onu təzədən öz yerinə göndərdi. Niyazi uzun bir
yol keçib yerinə qayıtdı. Sinifdə xəfif gülüşmə səsləri
eşidildi, sonra əvvəlki səs-küy
yenə öz yerini tutdu.
...Bəxtiyar müəllim
mənə Mirzə Kamal deyə müraciət edərkən,
əlbəttə ki, sevimli Zərbəli müəllimin nurlu, nəcib siması gözlərim önündə
canlanırdı, - deməsəm
düz olmaz.
Mən küçədə,
məktəbdə və
evdə böyümüşəm.
Yaşıdlarımın əksəriyyəti
kimi oxuduğum "Qorxulu nağıllar"ın
astarından vurub bu biri tərəfindən
çıxmışam. Badam
nənənin uydurduğu
damdabacanın sehrinə
düşmüşəm və
bu sehrdən özüm-özümü azad
etmişəm. Yeri gəldi-gəlmədi, məhləmizdəki
(sonralar Mirzə Fətəli Dağlı məhləsi ilə -
4-cü Xrebtovı ilə
əvəz oldu, biz ora köçdük.
Evimiz düz Cəfər Cabbarlı kino-teatrının arxasında
idi.) davalara qoşulmuşam.
Biz döymüşük,
bizi döyüblər.
İndi soruşsalar ki, bu davalar
nəyin üstündə
baş verirdi, düz-əməlli bir cavab da verə
bilmərəm. Ən
doğru cavab, yəqin ki, belə olardı: "qan qaynayırdı". Özü də necə qaynayırdı?!
Daha sonralar, məktəbin
8-ci, 9-cu siniflərində oxuduğum
zaman sinif yoldaşım, dostum Etibargilin 8-ci kilometrdəki
boş evlərinə
gedərdik. Etibarın
atası bu evdə yaşayırdı,
amma o, Neft daşlarında işlədiyi
üçün ayın
yarısını evdə
olurdu, o biri yarısını Neft daşlarında. Ev bu zaman qalırdı
boş. Etibar anası və bacıları ilə bir yerdə Sovetskidə yaşayırdı.
O, açarı
gizlicə anası ilə yaşadığı
evdən götürər,
biz də hay-küylə metroya dolub 8-ci kilometrdəki o birotaqlı, nimdaş mənzilə tələsərdik.
İmarətə gedən
kimi ora gedərdik. Təxminən,
10 nəfər olardıq.
Pul qoyub yemək-içmək alardıq.
İçmək deyəndə
ki, içməyə
çaxır da daxil idi. Yeməyə
kolbasa, pendir, yumurta, balıq konservi, pomidor, xiyar, çörək bəsimiz idi. İçib xoşbəxt
olurduq. Adi çaxır bizi çox tez tuturdu. Aslan gözləri axa-axa: "məni içki tutmur, mən piyan olmuram" deyirdisə, deməli, məsələ artıq məlum idi. Qərəz, alkoqol bizim heç birimizi "tutmurdu". Belə bir "ayıq" vəziyyətdə
çıxardıq əvvəlcə
həyətə, sonra
da küçəyə.
Bir qədər irəlidə o zaman "Sevil" adlı kino-teatr var idi, onun qabağına
gedərdik. Bir-birimizlə
bərkdən danışa-danışa,
bərkdən gülə-gülə,
yanımızdan ötən
qızlara söz ata-ata. Ətrafımızdakı
yaşlı adamlar bizə baxıb başlarını bulayırdılar.
Biz isə xoşbəxt idik. Sərbəst idik.
8-ci kilometrin küçələrində
dava eləmək üçün adam axtarardıq. Dava planını əvvəlcədən
qurardıq - yeyib-içdiyimiz
zaman. Günlərin birində "Sevil" kino-teatrının qabağında
bir dəstə erməni uşağına
ilişdik. Yaşıdlarımız
idilər. Kim nə dedi, nə
demədisə, dava düşdü və qızışdı. Biz onları yenirdik ki, birdən onlardan bir-ikisi uzaqda kimisə görüb qışqırışdılar.
Bir də gördük, biz tərəfə bizdən
xeyli yaşlı, pəhləvan cüssəli
(yüz faiz idmançı idi) bir oğlan qaça-qaça gəlir.
O gəlib dava yerinə çatanda "Bey ix, Valera!"
sədaları göyə
ucaldı, ermənilərə
ruh gəldi. Valera bizə çatıb məsələni
anlayana qədər (kim kimdir sualına
cavab tapana qədər) araya kənar adamlar girdilər, bayaqdan maraqla bizim davamıza
baxırdılar, indi nədənsə araya girib bizi də
araladılar və davanı yatırdılar.
İndi də bilmirəm ki, o dava nə üstündə
düşmüşdü. O zaman aydındır ki, Qarabağ məsələsi yox idi, sadəcə, harda oluruqsa-olaq, erməni uşaqlarla biz bir qazanda
qaynaya bilmirdik. Davanın düşməyinin
heç bir konkret səbəbi
yox idi.
Günlərlə biz
o davanı müzakirə
etdik. Sinifdə, tənəffüsdə, məktəbdən
evə gedəndə...
Valeraya qədər biz gərək məsələni birdəfəlik
həll edəydik. Əbülfəz gərək
kənara çəkilib
qızlar tərəfə
getməyəydi, Məlik
gərək güləşməyəydi,
yumruq vuraydı, Zakir harda ilişib
qalmışdı? Dərs,
dərs, dərs...
Təkcə küçədə
tanımadığımız yaşıdlarla dava etsə idik, nə vardı ki?! Bir dəfə
"Azərbaycan" kino-teatrının
qabağında bilet növbəsinə durduğumuz
zaman heyvərə bir milis (ağzını
açan kimi bildim ki, ermənidir)
- o vaxt mənim qolum sınmışdı,
qolumdan gipsi təzəcə çıxarmışdılar,
- elə o sınan yerdən var gücü ilə yapışıb məni növbədən fırladıb
çıxartdı. Bilet
kassasına hamılıqla
hücum etməyimizə
az qalırdı. Həmən Aslan, Etibar, Məlik, Zakir... Qolum elə bərk ağrıdı ki, mən ağrıdan qışqırdım və
bu milisi çox pis bir söyüşlə söydüm. O mənə
yaxınlaşdı, heç
nə demədi, mənim çantamı (çantam yerə düşmüşdü) yerdən
qaldırdı, açıb
dəftərimin üstündə
məktəbimin nömrəsini,
sinfimi, mənim adımı, familiyamı oxuyub səliqə ilə öz dəftərçəsinə yazdı.
Sonra yenə bir kəlmə danışmadan çantanı
mənə uzatdı.
Özü ilə heç hara aparmaq belə istəmədi. O zaman biz buna xeyli
təəccüb etdik.
Kino-teatr kassasına növbəni buraxıb bir-birimizə "yaxşı
qurtardıq!" deyə-deyə
bulvara tərəf yol aldıq. Kinoya getməyin artıq bir ləzzəti qalmamışdı.
Biz bu hadısəni
unutduq.
Təxminən, iki
aydan sonra anamla mən evdə oturmuşduq. Atam hələ işdə idi. Günorta vaxtı idi. Mən məktəbdən
təzəcə gəlmişdim.
Telefon zəng çaldı. Milis şöbəsindən telefon
edirdilər. Evimizə
gəlmək istəyirdilər.
Mənim kino-teatrın
qabağında söydüyüm
haman "vələdüzna"
milis işçisi dəftərimdə nömrəsini
yazdığım məktəb
vasitəsilə ev telefonumu, adresimi öyrənmişdi. Sonra da mənim xuliqanlığım
barədə (onu söyməyim barədə,
bəlkə də başqa "cinayətlərim"
barədə) milis şöbəsinə böyük
bir raport yazmışdı. İş
böyümüşdü. Evdə yaxşı ki, atam yox
idi. O bu məsələni bilsəydi,
mənim günüm milisə düşməkdən
də betər olacaqdı, məhlə dili ilə desəm,
"qanım gedəcəkdi".
İşdə idi. Anam tez bacımgilə
zəng elədi. Yeznəm milis işçisi bizə gələnə qədər
artıq bizdə idi. Milisdən gəldilər. Məsələni
bir də məndən öyrəndilər,
sonra yeznəmi milis işçisi tanıdı. Mənim yeznəm Yəhya Məmmədov Bakı Dövlət Universitetinin prorektoru, görkəmli Azərbaycan alimi idi. Məsələ çözüldü (mənim
ifadəmə inandılar)
və mən, sözün əsl mənasında, həbs edilmədim. Həyat isə bir anın
içində tamam başqa bir məcraya düşə bilərdi. Belə əyri-üyrü dolambaclardan
mənim yaşıdlarımın
hamısı keçirdi.
Məktəb illərində
yazdığım "şeirlər"i
Zərbəli müəllimdən
başqa bir nəfərə də oxuyardım. Daha doğrusu, iki nəfərə. Anamın
dayısı oğlu,
mənim də dayım sayılan Məmmədhüseyn dayıma
(Məmmədhüseyn Təhmasibə)
və onun ədəbiyyat müəlliməsi
olan həyat yoldaşı Bilqeyis xanıma. Bilqeyis xanımın ədəbiyyat
müəlliməsi kimi
tərifi bütün
Azərbaycanı götürmüşdü.
Mənim sonradan dostlaşdığım 132 saylı
məktəbin məzunları
- Çingiz, Rəfiqə,
Rizvan onun haqqında bizim qohum olduğumuzu biləndən sonra o qədər xoş söz dedilər ki, mən, həqiqətən,
qürurlandım.
O vaxtlar Bakıda
adət idi, qohumlar ayda bir
dəfə, iki dəfə bir-birinin evinə qonaq gedərdilər. Məmmədhüseyn
dayıgil İçərişəhərdə
yaşayırdılar. Onun
evdəki oğlu Çingiz yaşda məndən çox böyük idi, özü də bir az "şuluq"
uşaq idi. Evdə tapılmazdı. Onunla mənim, naxçıvanlılar demiş,
"müsahibliyim" yox
idi. Böyük oğlu Şəfiq isə evli idi
və öz evində yaşayırdı.
Ona görə də mən, açığı desəm,
dayımgildəki ziyarət
məclislərində darıxırdım.
Elə məqam gözləyirdim ki, yazdığım və evdən məxsusi gətirdiyim cızma-qaranı
ortaya çıxarıb
oxuyum. Ər-arvad da məni qəti
incitməzdilər. Anam
mənə gözünü
ağardar, "bəsdi,
başlama" deyər,
onlar isə nümayişkaranə həvəslə
mənə imkan yaradırdılar ki, ürəyimi boşaldım.
Yadımdadır, bunun
üçün məni
başqa otağa aparırdılar. İkisi
də mənimlə üzbəüz oturar,
"di başla..."
deyib diqqətlə qulaq asardılar. Bu otaq Məmmədhüseyn
dayının çalışdığı,
əsərlərini yazdığı
iş otağı idi. Mənim isə o zaman ağlıma da gəlmirdi ki, Azərbaycan folklorunun bu görkəmli nümayəndəsi, məşhur
alim, dramaturq Məmmədhüseyn Təhmasib
öz yazdıqlarını
elə bu otaqda yazır. O zaman bu mənim
üçün maraqlı
deyildi. Mənim üçün maraqlı
olan "nə olur-olsun, təki mən bu yazdıqlarımı
kiməsə oxuyum"
idi.
- Məmmədhüseyn dayı, birin də oxuyum? - Mən əl çəkməzdim.
Ər-arvad bir-birinə
baxıb gülümsərdilər:
- Oxu.
Ancaq sonra gedək o biri otağa. Anan, xalan darıxdılar. Çayımız
da soyudu...
Məmmədhüseyn dayının
"xalam" dediyi qadın onun bacısı, anamın dayısı qızı Bakı Dövlət Universitetinin psixologiya müəlliməsi, həlim
xasiyyətli, nəcib
insan Cəmilə Təhmasib idi. O da qardaşıgilə gəlişini,
adətən biz onlara
gələn vaxta salardı. Bəzən isə əsl bayram olurdu. Bu məclisdə anamın digər dayısı oğlu görkəmli aktyor və rejissor Rza Təhmasib
də iştirak edirdi. Amma mən "ağ" eləmirdim. Ona
şeir oxumağım
yadıma gəlmir.
Ev sahibləri şeirlərimə
səbirlə qulaq asıb mənə məsləhətlər verərdilər:
- Nə
deyirsən, müəllimə?!
Bundan, deyəsən, bir şey çıxacaq.
Dili rəvan, axıcıdır.
- Bir dəfə
Məmmədhüseyn dayı
üzünü Bilqeyis
xanıma tutub eynən belə dedi.
Bilqeyis xanım
onun dediyinə şərik çıxdı:
- Elədi.
Bu yazacaq. Kamal, sən
Füzulini çox oxu. Onu oxumaqdan usanma. Onun dilinin
axıcılığına fikir ver.
- Bax
gör, Füzuli sözləri mum kimi necə əyib düzəldir, yerləşdirir
misranın içinə.
Buna hökmən fikir
ver... Özün də
yaz, çoxlu-çoxlu
yaz...
Qərəz, onlar məndən canlarını
qurtarmağın yolunu
deyəsən, tapmışdılar.
Vaxtilə, heç yadımdan çıxmaz,
bir çox il bundan əvvəl Məmmədhüseyn Təhmasibin
ssenarisini yazdığı
"Bir qalanın sirri"
filmi hələ ekranlara
çıxmamış bir
dəfə bizim evdə bu barədə
söhbət düşəndə
mən ona nə qədər zülüm edib zəhləsini tökmüşdüm...
- Sən
allah, de də mənə, nolar, nədi qalanın sirri? - Bir soruşmadım bunu,
iki soruşmadım...
O isə
mənim bütün tərsliyimə dözərək
"qalanın sirri"ni
açıb faş eləmədi ki, eləmədi.
Cavabı ancaq bu oldu:
- Film çıxar, görərsən.
İndi isə, budur, "Bir qalanın sirri"nin üstündən neçə
il keçib, mən özüm nəsə yazmağa çalışıram.
Məmmədhüseyn dayı
da, Bilqeyis xanım da məni tərifləyir. Bəlkə də bu onların məni təşviq üsulları idi?! Mən indi başa
düşürəm ki, mənə
hava, su kimi lazım olan sözləri onlar o zaman mənə deyirdilər. Mən də təzədən həvəsə gəlirdim.
Yeni şeirlər yazılırdı.
Hələ o vaxt onlar mənə inanmışdılar. Ruhları
şad olsun. Məmmədhüseyn dayının,
Bilqeyis xanımın Füzuli ilə bağlı mənə dediklərini heç vaxt unutmadım. Mən "Mənim Füzulim" kitabını
yazanda Məmmədhüseyn
və Bilqeyis Təhmasiblərin nurlu çöhrələri gözümün
qabağından getmədi.
Bir də, əlbəttə
ki, Zərbəli müəllim!
Onun tez-tez təkrar etdiyi "Füzuli dəryadır,
biz ondan bir damla götürürük"
sözləri indiyənədək
qulaqlarımda onun öz səsi ilə cingildəməkdədir.
Məktəbdə sinifdən-sinfə
adladıqca mənim şeir oxumaq həvəsimə yeni-yeni tab gətirənlər
ortaya çıxırdı.
Məsələn, onlardan
biri Ağamusa müəllim, mənim o biri əziz yeznəm idi. Ağamusa müəllim məni tərifləyənlər
içərisində xüsusilə
seçilirdi. O, hətta
mənim bəzi uğurlu misralarımı
müxtəlif məclislərdə
təkrar edirdi. Mən yavaş-yavaş məktəb şairindən
ev şairinə dönürdüm. Məktəbi
bitirdikdən sonra Ağamusa müəllim mənə 1-ci kursda özünün dekan olduğu filoloji fakültədə "Dilçiliyə
giriş" fənnindən
dərs dedi. Onun dərsləri biz birincilər üçün
elmi fantastika kimi idi. Bir dəfə
75 nəfərlik auditoriyada
dərs bitəndən
sonra sinifdən çıxan yerdə məni çağırıb
dedi:
- Kamal, gəl yanıma.
Hamı mənə
maraqla baxdı. Mən, doğrudan da, utandım. Bir az düz çıxmırdı.
Amma sonra özümə
təskinlik verdim: onsuz da potokda hamı bilir ki, biz yeznə-qayınıq. O vaxtlar
da yerin qulağı
var imiş...
Mən onun otağına girəndə
Ağamusa müəllim
stolunun üstündəki
kağızları yerbəyer
eləyirdi, məndən
soruşdu:
- Hə,
necə idi dərs? Bəyənirsiz mən deyənləri?
Əlbəttə ki, bəyənirdik.
Ağamusa müəllim
təkcə biz filoloqların
deyil, şərqşünasların,
tarixçilərin, psixoloqların,
jurnalistlərin də
kumiri idi.
İndi düşünürəm ki, o zamanın məşhur dilçisi, filoloqu Ağamusa müəllim də "Docendo discimus" (öyrədərək
öyrənirəm) ibarəsinin
bəlkə də özündən xəbərsiz
cazibəsində imiş...
(Davamı var)
Kamal ABDULLA
Ədəbiyyat qəzeti.-
2025.- 16 may (№17).- S.16-17.