Ruhumuzu diri saxlayan poeziya
Kəmaləddin Qədimin Vətən şeirləri üzərinə
Söz adamlarının əsərləri onların ən qiymətli sərvəti, oxucularına ərməğanıdır. Qələm sahibləri insanları düşündürən ayrı-ayrı mətləblərə öz söz bəxşişləri ilə aydınlıq gətirir, zövqümüzü, ruhumuzu təzələyirlər. Tanınmış şair, fitri istedadı, zəngin yaradıcılığı ilə fərqlənən Kəmaləddin Qədimin şeirləri kimi. O, ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərib, dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Bədii nümunələri "Azərbaycan", "Ulduz" jurnallarında və digər ədəbi dərgilərdə, o cümlədən, mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb. "Yığış gedək, günahım", "Günahı yazan mələk", "Allahdı, şeytandı, mənəm", "Allahı sevsəydin", "Daha sonumu yazıram", "Harda ayrılıq yoxdur?" və digər kitabların müəllifidir. K.Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) ödülünün sahibi, "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır.
Kəmaləddin Qədimin poeziyası haqqında görkəmli qələm adamları da söz açıblar. Xalq şairimiz Bəxtiyar Vahabzadə vaxtilə yazırdı ki, "Kəmaləddin Qədimin şeirlərinin çoxu ürəyi dolu bir gəncin çırpıntılarıdır, burada yamsılama yoxdur. Misralar qəlbin odundan közərdiyindən oxucunu da isidə bilir. Kəmaləddinin öz deyim tərzi, öz ifadə üsulu var. Buna görə şeirlərin quruluşu da özünəməxsusdur. O, demək istədiyini vəziyyətin içindən çıxarıb nəğmələşdirir".
K.Qədim ədəbiyyata gəlişində Xalq şairimiz Bəxtiyar Vahabzadənin əməyini minnətdarlıq duyğusu ilə xatırlayır. Böyük şairimiz hələ 80-ci illərdə ona "uğurlu yol" arzulamışdı. Gənc şair isə bu xeyir-dua ilə böyük ədəbiyyata qədəm qoymuşdu. O zaman "Yazıçı" nəşriyyatı ədəbi uğurlara imza atan qələm adamlarının əsərlərini çap edirdi. 1987-ci ildə "Müəllifin ilk kitabı" seriyası ilə Kəmaləddin Qədimin şeirlər toplusu işıq üzü görmüşdü. Həmin dönəmdə çap olunmaq elə də asan deyildi. Amma parlaq istedadı, poeziya aləmində ilk sanballı uğurları onu irəliyə aparmışdı.
Ustad şairimiz Musa Yaqub hələ 2017-ci ildə onun "Ulduz" jurnalında dərc olunmuş şeirlərini oxuyub bəyənmiş, yaradıcılığının məziyyətləri barədə böyük məqalə yazaraq fikirlərini bildirmişdi. "Poeziyada dikəlmək istəyən, poeziyanı sevən kəs Azərbaycan dilindən, yurdun mənəvi dünyası ilə tanışlıqdan çıxış etməlidir. Kəmaləddin təpədən-dırnağa şairdi. Bütün misraları doludu, bütövdü, ifadələri mükəmməldi və Azərbaycan dilində yazılıb. O, dilimizin ən gözəl xüsusiyyətlərindən bəhrələnir. Özü də zorla yox, məqsədlə yox. Kəmaləddin özü xalq adamı, el adamı olduğundan, xalqını və onun dilini sevdiyi üçün belə şeir nümunələri yarada bilir."
Şeirlərinin biri digərinə bənzəmir Kəmaləddin Qədimin. Dilimizin incəliklərinə bələdliyi, folklorumuzu, xalq deyimlərini, atalar sözü və məsəlləri dərindən bilməsi, eyni zamanda poetik axtarışları fonunda şeirə gətirməsi, fikir yükü, məna tutumu və gözəl şeiriyyət onun yaradıcılığına bənzərsizlik qatır. O, şeirlərini oxucusuna yeni biçimdə, fərqli izhar üslubunda çatdırır. Xarakterindəki ciddiyyəti şeirlərində oturuşub, şeirləri onun özüdür. Bu yazıda şairin yurd sevdası, Vətən eşqi ilə ərsəyə gətirdiyi şeirlərindən bəhs edəcəyik.
Müəllifin nəzm nümunələrində acılı-şirinli reallığa fəlsəfi yanaşma, həyatın dərin qatlarına enməklə gerçəkliyin əksi ən səciyyəvi cəhətlərdir. Açdığı özünəməxsus cığırla - yolla, poetik töhfələri ilə sevilən şairin yaradıcılığında fikir, mövzu dairəsi daim yenidir. O, Azərbaycanın Milli Qəhrəmanı, 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində döyüş zamanı tabeliyindəki əsgərlə bir yerdə ön xətdə şəhid olmuş Polad Həşimova ithaf etdiyi "Əsgərdən qabaqda general gedir" adlı şeirdə odlu yollar yolçusu, igid hərbçinin bitkin obrazını yaradıb:
Gedir ər oğlu ər, məğrur, qürurlu,
Vətən sevdalısı,
əhli-hal gedir.
Gedir alnıaçıq,
üz-gözü nurlu,
Gedir, söhbəti
bal, dili bal gedir.
Generalın ölümünə
dağ-daş belə
ağlamışdı. Hərb
sənətinin bilicisi,
əsgərlərin və
zabitlərin silahdaşı,
həm də yaxın dostu, məsləhətçisi, çətinə
düşənin müşkülünü
asan edən bu mərd insanın
haqqa yürüməsi,
şəhadətə yüksəlməsi
kədərli olduğu
qədər şərəfliydi.
Kəmaləddin Qədim
yazırdı:
Silin gözünüzü,
yası unudun,
Yapışın, hərəniz
bir yandan tutun.
Çiyinlər üstündə
uçan tabutun
gedir, arxasınca
bir mahal gedir.
Ölürük, Vətənin
torpağı çəkir,
Ölürük, qoy Vətən yaşasın
təki.
Ancaq qələbə
var, o döyüşdə ki,
Əsgərdən qabaqda
general gedir...
Şair düşmənin
törətdiyi təxribatlara,
artıq uzun illərdən bəri gözümüzü yağır
edən, yalnız kağız üzərində
olan atəşkəsin
pozulmasına, sərhədyanı
kəndlərin, yaşayış
məntəqələrinin atəşə məruz qalmasına dözmür, baş verən olayları başımızda
çatlayan "bir cürə oyun, bir cürə fənd" hesab edir.
Kəmaləddin Qədim
məmləkətin başına
gələn bəlalara
görə qəlbini
didib-parçalayan narahatlığını,
el-oba nisgilini dilə gətirir, "butamı verilib meydan haqsıza, həsəd aparmaqda şeytan haqsıza, verilməz bu qədər meydan haqsıza" deyib, milləti birliyə, əzəli yurd yerlərimizi xilas etməyə səsləyir:
Sönən çıraq kimdi, yanan ocaq kim,
Yatan kim, ölü kim, oyaq kim, sağ
kim?
Bu boyda sükutu kim pozacaq, kim,
Kimlər sındıracaq
buzu, deyirlər?..
Ölümlə ölümsüzlüyün,
bəlkə də, sonuncu savaşıydı
44 günlük Vətən
müharibəmiz. Ruhumuz
silkələnib ayılmışdı,
düşmənin üzərinə
vəhdətimiz, cürətimiz
yürüyürdü. Şair
bu mükəmməl döyüş əməliyyatlarında
tarix yazanlara xalqın ehtiramını,
dərin sevgisini belə ifadə edir:
Düşmənin
gözündə qoydu
murazın,
Vətən, çörəyinə,
duzuna şükür.
Qızıl hərflərlə
tarixlər yazan
Minlərlə oğluna,
qızına şükür.
Və yaxud:
Bu qan yerdə qalmaqdaydı,
Bu qanı əsgər dəyişdi.
Yetmədi əsgərə
dua,
Duanı əsgər
dəyişdi.
Dağlar dumana qalmışdı,
Bədə, yamana qalmışdı.
Nə var, gümana
qalmışdı,
Gümanı əsgər
dəyişdi.
Zəfər savaşımızın
davam etdiyi günlərdə müəllif
müzəffər Milli Ordumuzun
hünər və rəşadətinin insanlarda
doğurduğu coşqu
və sevinc duyğusunu nəzmə çəkirdi. Şairin
"Gücümüz üzə
çıxdı" şeiri
fikrimizə sübutdur.
"Ən xas günümüzün, qisas
günümüzün gəldiyini,
öcümüzün üzə
çıxdı"ğını söyləyir Kəmaləddin
Qədim:
Çatıydıq
şüşə kimi,
Sıxlaşdıq meşə
kimi.
Sonunda Şuşa
kimi
tacımız üzə
çıxdı...
İndi haqqında bəhs edəcəyim digər şeirlərin də canı, əsas mövzusu müharibədir;
hər cür ağrı-acıya, qan-qadaya
səbəb olan, insan talelərini yaralayan müharibə. Qarabağ savaşının
ağır fəlakətlərini,
soydaşlarımızın zülmə məruz qalmasını, doğma yurd yerlərindən didərgin düşməsini
təsirli bir dillə çatdıran şeirlər müharibənin
doğurduğu mühiti,
əzab çəkən
insanların durumunu, düşüncə tərzini
ortaya qoyur. Kəmaləddin Qədim
44 günlük savaşın
hər anının uğruna, əsgər və zabitlərimizin qanı-canı bahasına
aldığımız əzəli
torpaqlarımızın əsirlikdən
qurtulmasına sevinir:
Lənətlər yağdırdıq
kor yerimizə,
Artıq dolmayacaq
qor yerimizə.
Torpağın üstündə
gor yerimizə,
Külünə, kül
altda közünə
şükür.
Deyirlər, bir ana xəbərin alıb
yüyürüb Ağdama
ayağıyalın.
Şuşada şuşalı
bir ağsaqqalın
yenidən nur gəlib gözünə,
şükür.
Şair şeirlərində "zəif
damarımızı tutanlara,
gözəl yerlərimizi
çapıb talayanlara,
haqqımızın üstündə
şərə heykəl
yapanlar"a nifrətini
gizlətmir. Nə yaxşı ki, uzun illərin ədalətsizliyinə
dözməyib, torpaqlarımızın
işğaldan qurtulması
naminə silaha sarıldıq. Döyüş
ruhumuzu görən düşmən sarısını
udmuş, dəmir yumruq yağıların başında çatlamışdı.
Oğullar doğma
yurd-yuvanı, məmləkəti,
isti od-ocağı qorumaq üçün dünyaya gəlirlər. Zəfər savaşında
şəhid də olarlar, axı, bu müqəddəs yürüşdə hər
şey Vətən adına, Vətən naminədir. Möhtəşəm
Zəfərimizə aparan
hər gün bu danılmaz həqiqəti bir daha təsdiqlədi. Haqq davamıza qatılan igidlər od-alov saçan cəbhələrə
şirtək atılmışdılar.
"Daş qalalar bürcüynən, şəhidlər
borcuynan tanınar,"
deyiblər. Şairin təbirincə desək,
"illərdi torpaqlar
əsirdi, əsir torpaqlara dərman şəhiddi." Şəhid
leytenant Ərtoğrul
Nadirliyə ithaf etdiyi şeirdə şairin poetik qəhrəmanının son döyüşü
bədii lövhələrlə
təsvir olunur:
Mesaj göndərmişdi özündən
qabaq,
Xəbər gətirmişdi
cənab leytenant.
Evinə əliboş
qayıtmamışdı,
Zəfər gətirmişdi
cənab leytenant.
Şəhidin atası Hümbət kişi oğlunun cəbhədən Zəfərlə
qayıdacağı günə
qurban dediyi quzunu el yolunda
canından keçən
igid övladının tabutu önündə kəsmişdi.
Ölümlərin ən
alisi olan şəhidlik mövzusunda
yazılmış bu dəyərli bədii nümunə belə bir qeyri-adi sonluqla
bitir:
Bu necə arzuydu, niyyətdi, Allah,
Bu necə sehrdi, bu necə sirdi?
Bir ata qəhrəman, şəhid oğlunun
tabutu önündə
qurban kəsirdi...
Bu misralardan göründüyü kimi,
Kəmaləddin Qədim
nəzmə çəkdiyi
şeirlərin ovqatına
uyarlı sözlər,
kəlmələr seçir.
Ümumiyyətlə, şairin
çatdırdığı, nəzmə çəkdiyi
hadisəni hiss etdirmək
məharəti güclüdür.
O, bəhs etdiyi gerçəkliyi qəlbindən,
duyğularından keçirərək
dilə gətirir.
Sanki baş vermiş hadisənin içindəsən, hər
şeyi görür və duyursan. Bu, şairin poeziyasının
gücü, qüdrətidir,
həm də sözlə təbii görüntü yaratmaq, hadisəni göz önündə canlandırmaq
ustalığıdır.
Haqqında mülahizələrimi
bölüşdüyüm, daim cəlbedici və aktual olan Vətən mövzusuna, həmçinin
hələ uzun illərin baş mövzusu kimi xatırlanacaq Zəfər
savaşımıza dair
həmin şeirlər
yurd sevdalısı K.Qədimin milli ruhumuzu diri saxlayan nəzm
nümunələridir. Qələbə
sevinci ilə süslənmiş bu bədii nümunələr
hər birimizdə fəxr-fəxarət duyğusu
yaradır, içimizi
qürur hissi ilə doldurur:
Birləşdik ən ağır dərdi-sərdə
biz,
Birlikdə güclüyük
xeyir-şərdə biz.
Ali rəhbərimiz, Baş sərkərdəmiz
sadiqdi andına,
sözünə, şükür!
Zemfira MƏHƏRRƏMLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 16 may (№17).- S.22-23.