Şeirlərindəki ilk baxışda adi görünən deyimlərində böyük
həqiqətlər gizlənən,
çoxsəsli çağdaş
Azərbaycan poeziyasında
öz yeri, öz nəfəsi olan Əli Hacının
qeyri-adi, ilk baxışda qəribə
ad seçdiyi "Ölüm, gəl tanış olaq!" kitabındakı şeirlərini
oxuyandan sonra, onsuz da, əvvəldən
onun haqqında beynimdə formalaşan bir fikrin həqiqiliyinə
bir daha inandım: "Əli Hacı sufiməslək, içərisi Allah və insan sevgisi
ilə dolu ruh adamı, irfan şairidir".
Əli Hacının
bəzən adamın
ruhuna sığal çəkən, bəzən
adamı çaş-baş
salan şeirlərini oxuyub başa çıxandan sonra bir daha yəqin
etdim ki, mütaliəsi zəngin və həyata, dünyanın gedişatına
xüsusi baxışı
olan bu şəxs
klassik Azərbaycan ədəbiyyatı və
xalq poeziyasından ruhuna damcı-damcı süzülüb gələn
ədəbi-əxlaqi dəyərlər
əsasında formalaşan
sənətkardır.
"Əlindən tutub
ömrünün ölümə
sarı yeriyən",
soyuqlayan sətirlərdən
sayıqlayan günlərin
gözünə baxan,
çiyinləri ilə
nəfəs alıb ağrıların közünə
su səpən, qurutmağa yeri olmadığından bütün
ağrıları sinəsinə
sərən şairin
hər bəndi adamı düşündürməyə
vadar edən şeirlərinin birində
oxuyuruq:
Gecələrim tez
düşür,
Qaranlıqdı üst-başım!
Yeməyə bir
işıq ver,
Gün ver, sənə danışım!
Yasdan
çıxmır dünya
da,
Gecələrim gül
aça!
İçimə gir,
gör məni
Vətən tək
parça-parça!
Şeirlərinin birində
"Üşüyür Ay
işığım, ortaqdı
qışım yaza",
- deyən şair adi bir təbiət
hadisəsi ilə elə qeyri-adi, ecazkar səhnə yaradır ki, adamın heyrətdən matı-qutu quruyur:
Çaylar
dənizlərdə bakirəliyini
itirir,
Ağaclar çiçəkləyəndə!
Və
yaxud:
Küçəni
yerişlərim bitirir,
Acılarım şəhəri!
İçimdə payız
yağışı yağır,
Qışın gözü
ilə açıram
səhəri!
"Pay gətirsən,
çox demirəm, sevincdən bir qaşıq gətir" yazan Əli Hacının ixtiyarı şeirini şərhə
çalışsan, orada
qəribə bir mənzərə ilə rastlaşa bilərsən.
Və təbii ki, bu şeirləri
misra-misra, bənd-bənd
təhlil etməyə
heç adamın əli də gəlmir. Bu qəbildən olan dörd bəndlik şeirlərdən birinin
üç bəndini
olduğu kimi veririk:
Bax, nə gözəl rəssamsan,
Sinəmə dağ
çəkmisən.
Üzünün qarasıyla
Gözümə ağ
çəkmisən!
Rəngləri gün
oxşarı,
Batabatda çəkmisən!
Yerin üstünə
baxıb,
Yerin altda çəkmisən!
Ağzımda
söz donubdu,
Dil yatanda çəkmisən!
Ömrü sarı
boyada,
Gün batanda çəkmisən!
"İçi
köhnə, üzü
təzə bədən
adlı qəfəsində
ruhunu təmizləyən",
"Adamın öz içində özünə
hesabatı var", - deyən şairin lirik qəhrəmanının
içində min ilin kitabı, göyün ağ şəkilləri, yerin min əzabı var. Bu lirik
qəhrəman sətirlərin
arasından gah Məhəmməd, gah Musa, gah "sətirləşən İsa",
gah quş dili bilən Süleyman kimi boy verir və
bütün məqamlarda
amalı, məsləki
haqqa, ədalətə,
bəşər övladına
minnətsiz xidmətdir.
Bu adamın portretini şair aşağıdakı misralarda
belə yaradır:
Sözdən asılıb
bu adam,
Sözdən söz
asıb bu adam!
Pislikdən kasıb
bu adam
Olub neynədi,
tanıyın!
"Sinəsindəki
dağların qarı
qar üstündə olan", "Göylər
öyünməsin qoy,
ağrısı yer üstədir", "Ağrısız
ağrıları daşımaq
olmur, ağrılardan
doğur Azadlıq!"
- deyən şair başqa bir şeirində bizi belə heyrətləndirir:
Bu dünyanın tut əlindən,
Uşaqdı, yıxıla
bilər!
Yıxılar gün
işığına,
Görənlər yuxulu
bilər!
Ağlamaq, sıtqamaq,
dərd, nisgil haqqında çox şeirlər, çox aforizmlər oxumuşam, amma etiraf edirəm
ki, beləsini oxumamışam:
Adam da heç ağlamaz,
Torpaq ağlayan
kimi!
Ağaclar yer üzünə
Yarpaq ağlayan
kimi!
Əli Hacı şeirlərində
elə dəruni mətləblərdən söz
açır ki, "bu
gəlimli-gedimli, son ucu
ölümlü dünya"nın
təlatümləri, Yaradan,
insan, zaman, məkan haqqında özünəxas
qənaətləri olmayan
birisinin belə şeirlər yazması, sadəcə, mümkün
deyil.
"Kötüyün suya vermiş,
örtüyün göyə
vermiş. Qanım içib göyərmiş,
dinlik deyilmiş dünya!" - deyən şairin bayatı hecası ilə (hər misra yeddi heca) yazdığı
dördbəndli "Yox"
rədifli şeirində
oxuyuruq:
Allahla danışmağın
Yaxşı ki, rüsumu
yox!
Haqqıyla aramızda,
Nə alt, üst
qurumu yox!
Və yaxud:
Bu dünya göydən asılıb,
Yol gedir, yorula bilər!
Bir gün çıxar öz yolundan,
İpindən qırıla
bilər!
"Torpağa əkdiyim çiçək,
daş üstə alır yuxusun", "Nəfəs al, səs salma, Tanrı yatır içimdə!"
- deyən şair şeirlərində dönə-dönə
iqrar edir ki, o "Yaradanın əsəri, dildən çıxan sözün qulu, sevgilərin əsiridir".
Şeirlərin birində
oxuyuruq:
Bu məsciddi, o kilsədi,
Yerdə göyün
əsiridi!
Könlüm Tanrı
əsəridi,
Baxa bilsən
harasına!
Yağışın
torpağa yağmağı
təbiət hadisəsidir.
Bu hadisənin misal gətirəcəyim poetik
biçimdə təqdimi
isə İlahi vəcdin
yaratdığı tablodur:
Buludlar torpağa şeirlər yazır,
Deyir yazdığını
şeir diliylə!
Nəğmə bəstələyir
torpağa göylər,
Oxur xəzəl
- payız, qar - qış diliylə!
Əli Hacının şeirlərinin,
hesab edirik ki, ən özəl cəhətlərindən biri,
bəlkə də birincisi, onlardakı əlvan poetik formalar və dil xüsusiyyətləridir.
Əksəriyyəti heca
vəzninin 7, 8, 11-lik formalarında,
bəziləri oynaq, ritmik, hecadan o qədər də seçilməyən sərbəst
şeir şəkillərində
olan bu şeirlərdə
kifayət qədər
sufi poeziyasından, xüsusilə, Yunus Əmrə
və Şah İsmayıl Xətaidən
gələn nəfəslər
var ki, biz bunları tamamilə
təbii və ənənədən gələn
novatorluq kimi qəbul edirik.
Şairin şeirlərində
elə deyimlər var
ki, onları aforizmlər
kimi də işlətmək olar. Məsələn: "Yüz
oyunu var dünyanın,
Yorar səni havasına", "Öz
ağrınla oyun oyna, Fələklə oyun oynama", "Ömrün meyvəsini verib payıza", "Evin sahibində olmasa sevgi, Gələn
qonağını özü
üşüdər", "Yersiz sözə qapı açma, şər gələr",
"Sən Arazdan su içirsən, mən ayrılıqdan"
və s.
Əli Hacının
kitabında toplanmış
şeirləri haqqında
qeydlərimizə gələcəkdə
yeni-yeni əsərlərini oxumaq arzusu ilə,
hələlik nöqtə
qoyuruq.
İslam
QƏRİBLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 16 may (№17).- S.23.