Əzizim Musa, biz zəngləşəndə,
mətbuatda çıxan
şeirlərinlə səni
təbrik edərkən
zarafatyana "gəl gedək mənimlə"
şeir-mahnınla başlayıram.
Gəl
gedək dağlara, şəhərli qızı,
Qorxma, ordakılar
qədrini bilər.
Qapıda bəslənən
payızlıq quzu
Sənin qədəminə
qurban kəsilər.
...Orda
oda dönər o şən günlərin,
Bir ocaq alışar, bir ev isinər.
...Tutsan o dağların öz ahəngini,
Orda bir obanın kömək əlisən.
Gəlsən - evimizin
mis səhəngini
Anamın çiynindən
götürməlisən.
...Dünyanın
ən gözəl bucağına sən
Bir gözəllik gətir, xoş niyyətlə gəl.
Gəlsən təbiətin
qucağına sən,
Təbiətə bənzər
təbiətlə gəl!
Sonra bacına yazdığın
ikinci seirini sənə oxuyardım:
- Aaz, nədən ötrü gəlib qardaşın?
- Gəlib
ki, sənə də bir şeir yaza.
- Yox,
onun şeirinə yaraşmarıq biz,
Tay ola bilmərik şəhərli
qıza.
Duyub bu gileyi tarlaya getdim,
Heyif, salamımı
aldılar sərin.
Qəlbimi yandırsam
mən indən belə,
Qəlbinə yatmaram bu göyçəklərin.
Hələ də fikirdə, xəyaldayam mən,
Görən, niyə
soyuq görüşdü
qızlar?!
Bəlkə, şəhərli
qız, sənin əksini
Mənim gözlərimdə
görmüşdü qızlar?!
Əzizim Musa, məni
Gədəbəyə bağlayan
çox şeylər
var. Gədəbəy gözəldir,
təbiəti insanları
valeh edir, görəndə ayrılmaq
istəmirsən. Xoşbəxt
adamsan ki, o dilbər güşədə doğulmuş,
boya-başa çatmış,
təhsil almısan. Mənə elə gəlir ki, bəlkə
də şeirlərində
olan o təmizlik, ülvi məhəbbət
Gədəbəy dağlarının
uca zirvələrindən
qopan mehdir. Səni görəndə,
səni eşidəndə
qırx ildən çox dostluq etdiyim, duz-çörək
kəsdiyim akademik
qardaşlar - Firudin Köçərli, Tofiq Köçərli, şair
İlyas Tapdıq, yazıçı-dramaturq
Nahid Hacızadə... yadıma
düşür. Keçmiş
günlərə qayıdıram.
Ermənilərə verib
gəldiyimiz doğulduğum
Kavdar kəndi gəlir gözlərim qabağında dayanır.
Tofiq müəllim böyük alim idi, böyük insan idi, tez-tez görüşərdik,
dərdləşərdik, yeyib-içərdik.
Bilirsən, Tofiq Köçərli mənim
vətənim olan Qarabağdan, onun tarixindən, keçmişindən,
indisindən çoxlu
əsərlər yazmışdır.
Onun kitabları, məqalələri Azərbaycan,
rus dillərində böyük tirajla çap edilmişdir, onun "Yaddan
çıxmaz Qarabağ",
"Qarabağ: yalan və həqiqət" kitabları kitab rəfində
birinci sırada dayanmışdır. Hər
dəfə kitabları
əlimə alanda elə bil ki Tofiq müəllimlə yenidən görüşürəm.
Onun avtoqraflarına baxıram: nə qədər səmimi, gözəl, nəcib və məzmunlu. Onun yazdığını
sənə olduğu kimi oxuyuram:
"Əzizim Yasif!
Tanrı Qarabağın
azad edilməsi gününü görməyi
bizə qismət etsin! Biz də gedək, diz çöküb ağlaya-ağlaya
Qarabağ torpağını
öpək, doğulduğun
Kavdar kəndini, əsərlərində təsvir
etdiyin Gültəpə
dağını ziyarət
edək, onu qorumağa qeyrətimiz çatmadığı üçün
üzr istəyək,
günahlarımız bağışlanarsa,
Şuşada, Cəbrayılda
doyunca şadyanalıq
edək.
...Həyatın sərt dönüşləri, siyasi
zəlzələləri insanlar
üçün böyük
sınaqdır, Yasif. Çoxları belə sınaqdan çıxa bilmirlər. Sən, qardaş, tab gətirdin, büdrəmədin. Şəxsiyyətini
qorudun, suverenliyini və ləyaqətini saxladın, halal olsun! Min yaşa!"
Bu avtoqrafı ona görə olduğu kimi bura köçürdüm
ki, bunlar elə həm
də sənə aiddir. Sən də bir loxma
çörəkdən, bir
quru addan, keçib gedən bir anlıq çəpikdən ötrü
qürurunu pozmadın,
tutduğun yolu dəyişmədin. Düzə-düz,
əyriyə əyri,
şərə şər,
haqqa haqq dedin. Suda batana əl uzatdın, yolda qalana kömək
etdin. Qazandığın
çörəyi halallıqla,
əsil kişi kimi qazandın. Biz səninlə insanlar (əgər insandırlarsa)
tanıyırıq öz
işlərini aşırmaq
üçün min dona
girirlər, işləri
keçən adamların
qabağında əyilməkdən
belləri də donqarlaşır.
...Mənim şair dostum Musa Ələkbərli
həm əsərlərində,
həm də gündəlik həyatında
öz xeyirxahlığı,
səmimiyyəti, vətənpərvərliyi
ilə insanların yanındadır. Sənin əsərlərin, insanları
hansı şəraitdə
olursa-olsun, yaşamağa
çağırır, nikbin
ruh aşılayır,
Vətənimizin bütövlüyü
uğrunda mübarizəyə
çağırır. Təbiət
insanları həyata gətirəndə onlara müxtəlif tale bəxş
edir: xoşbəxtlər,
bədbəxtlər. İnsan
var, o bir ailə üçün doğulmuşdur.
İnsan var, bir kənd, bir şəhər, bir rayon üçün doğulmuşdur.
İnsan da var ki, Allah onu
bir xalq, Vətən üçün
yetirmişdir. Mənə
elə gəlir ki, şeirləri ilə milyon oxucusuna sevinc, xoşbəxtlik, yaşamaq, mübarizə aparmaq əzmi aşılayan Musa Ələkbərli
təkcə bir kənd, bir rayon üçün deyil, bütün Azərbaycan üçün doğulmuşdur.
Səni yetirən ailənin, ocağın, torpağın səninlə
fəxr etməyə haqqı vardır.
Kitabların gözümün
qabağındadır. Oxuyub
fikrə dalıram. Görəsən, Musa Ələkbərli
qədər Azərbaycanda bir-birinə bənzəməyən
sevgi seirləri yazan ikinci şairimiz
varmı?! Sənin bu yaradıcılıq xüsusiyyətini müasir
ədəbiyyatımızın böyük simalarından
biri akademik Nizami Cəfərov gözəl səciyyələndirib:
"...Musa Ələkbərlinin yüzlərlə sevgi şeirinin yaratdığı
bədii-estetik təəssürat
- "üslub" yaşayacaqdır...Yüz, iki yüz,
üç yüz il sonra sağlam ruhlu "və bədənli" bir gənc hər hansı mənəvi - əxlaqi "xaos" qarşısında təbii
"və səmimi"
bir ehtirasla dayanıb deyəcək
ki:
Qarşına ümidlə çıxaram
hər gün,
Bircə söz dilimdən asılı qalır.
Susuram... Bəlkə
də, susduğum üçün
Səni istəyənlər
artır, çoxalır...
Mən əminəm
ki, həmin gənc dünyanın ən gözəl qızına
o "bircə sözünü"
deyəcək, onu ram edəcək, ona, dünyanın ən gözəl nemətini verəcək..."
Əzizim Musa, sən
təkcə "sevənlərin,
sevilənlərin", eyni
zamanda sevgisi daşa dəyənlərin
şairi deyil, həm də bütün xalqımızın,
onun yerinin, göyünün şairisən.
Musa, mən yaşca səndən böyüyəm.
Bildiyin kimi, mütailəni çox sevirəm. Hələ keçən əsrin
70-ci illərindən başlayaraq
ədəbi ictimaiyyət,
şeirsevənlər sənin
haqqında istedadlı
bir şair kimi söhbət açırdılar. "Ürəyimin
işığında", "Məndən şeir istə", "Bəlkə
bir də görüşdük",
"Gözümdə ağlayan
bulud"... böyük
nüsxələrlə çap
olunan kitablarınızın
oxucular tərəfindən
xüsusi rəğbətlə
qarşılandığının şahidiyəm. İndikindən
fərqli olaraq o zamanlar Azərbaycanda böyük kitabxana şəbəkəsi var idi.
Hər bir məktəbdə, kənddə,
şəhərdə, qəsəbədə,
mədəniyyət evlərində
kitabxanalar fəaliyyət
göstərirdi. Həmin
kitabxanaların hansına
yolum düşsə,
sənin kitablarını
görərdim. Təəssüflər
olsun ki, müstəqilliyimizin
ilk illərində Mədəniyyət
Nazirliyinin rəhbərliyi
kitabxanaların binalarını
dəyər-dəyməzinə satdılar.
Yaz, qardaşım,
yazan əlin var olsun. Hələ neçə-neçə yazacağın
sevgi şeirlərin səni gözləyir. Səni oxuyanda böyük şairimiz Səməd Vurğun yadıma düşür.
Şeirlərində Səməd
Vurğunun isti nəfəsi duyulur.
Yasif NƏSİRLİ
Ədəbiyyat qəzeti.-
2025.- 16 may (№17).- S.24-25.