Türk ruhunun poetik təcəssümü
Dəyanət Osmanlının
poeziyası üzərinə
Türk Avrasiyasının
coğrafiyası nə
qədər genişdirsə,
türk mənəviyyatının
coğrafiyası da bir
o qədər genişdir.
Necə ki fiziki və siyasi coğrafiyamız hələ
bütünlüyünü əldə etməyib, mənəvi coğrafiyamızın
da dərinliyinə və
genişliyinə hələ
tam çatmamışıq. Əlbəttə, bu böyük yolun tarixən və bu gün azman
cığırdaşları var. Ancaq varılacaq yolun çox hissəsi hələ öndədir.
Mənim düşüncəmə
görə, türk ulusal mədəniyyətlərinin
vəhdətindən yoğrulan
mənəviyyatın bütövlüyünü
əldə etmədən,
hər hansı birliyin çat yerləri aydınca görünəcək və
hər hansı zərbədən titrəyəcək.
Ona görə də türk mədəniyyəti
və mənəviyyatının
zəngin xəzinəsini
üzə çıxarmaq
nə qədər əhəmiyyətlidirsə, onun
yeni dəyərlərini yaratmaq
da bir o qədər önəmlidir.
Türk mənəviyyatının
genişliyinə çıxmadansa, dərinliyinə
enmədənsə, ucalığına
qalxmadansa, bu böyük və tarixi missiyanı yerinə yetirmək mümkün deyil. Bu gerçəyi bütün
rişələri, dərin
qatları ilə duyanlardan biri də artıq Azərbaycan poeziyasında
öz sözü, üslubu və mövqeyi olan şair Dəyanət Osmanlıdır.
Dəyanət Osmanlının
poetik yaradıcılığı
nə qədər rəngarəng və çoxtərəfli olsa
da, heç şübhəsiz,
burada məhz türk ruhunun estetikası alt layı təşkil edir. O, hətta tamamilə ayrı mövzulardan, mətləblərdən bəhs
etsə də, bu ana duyğu, təməl yanaşma onun hər bir
yazısının canında-qanındadır.
Lakin şair türkün
tarixi həyatına toxunduğu hər nöqtədə onun böyük fatehliyinə tən gələn mənəviyyatının zərifliyini,
güclə ədalətin,
insanlıqla ulusallığın,
ərənliklə nizamın
vəhdətini süsləndirir:
Türk hara addım
atdısa,
insanların,
böcəklərin,
otların
və torpağın
burnunu qanatmadan
barış körpüləri
saldı
dost-düşmən arasından.
Türk bayraq sancdığı yerə
ürək dolusu
ədalət,
iman,
sevgi apardı.
Türk harda məskən saldısa,
cənnətə çevirdi
xarabalığı,
ziyarətgaha çevirdi
məzarlığı.
Dəyanət Osmanlının "Türkü
sevmirlər öz torpağında", "Türk
bayrağı" kimi
şeirlərində də
türkün yenilməz
ruhu öz əksini tapır. Şair türk dünyasının problemlərinə,
ağrı-acılarına, qarşılaşdığı çətinliklərə özünün
fəal vətəndaş
münasibətini nümayiş
etdirir. Məsələn,
onun "Hüznlü
etüdlər" silsiləsi
bütünlüklə 2023-cü ilin fevralında Türkiyədə böyük
depremdə həyatını
itirənlərin xatirəsinə
həsr olunmuşdur. Silsilənin "Kahramanmaraş
ağısı" nə
qədər hüznlüdürsə,
sonrakı hissələr
yenə də türkün ən müdhiş fəlakətlərdən
sıyrılıb çıxma,
yenidən öz həyatyaradıcı başlanğıcına
qayıtma əzmini göz önünə gətirir:
Daş-torpağın
toz-toz olub yıxıldı,
bir ölənlə
min doğulan məmləkət.
Yad sanmasın
dərddən qəddin
əyildi,
gerçək sənsən,
ölüm yalan, məmləkət.
Daşlar altda dili bağlı susan mən,
tarixini öz qanıyla yazan mən,
qardaşının imdadına
qoşan mən,
qəzasından hesab soran məmləkət.
Altun banlı
evlər uçdu başıma,
şəhid oldum, torpaq yandı halıma,
ölsəm belə,
xilaf çıxmam yoluma,
yatan yerdə
fələk vuran məmləkət...
Şair təkcə
mənəvi-mədəni, ictimai-siyasi mənada deyil, bir insanın
şəxsi həyat yolu, bənzərsiz fərdi Taleyi mənasında Türklüyə
bağlılığını heç bir bəlağətə yol vermədən, içdən
gələn bir səslə dilə gətirir:
...Türklüyün
uğruna
söylənmiş ulu sözlərin,
yanğılı öyküyə
döndüyü
bir vadinin
ulu sularıyam...
Azərbaycan torpaqlarında
erməni dövlətinin
yaranması və XX əsrin sonlarında Qarabağın işğal
edilməsi bizi düşməndən zəif
salan, əsasən, ulusal ideologiya qatında siyasət və mədəniyyət
arasındakı vəhdətin
sarsılması faktına
dayanır. Bu o anlama gəlmir ki, ermənilər
həmin vəhdətə
bizdən yetərli çatdıqlarından "uğur"
qazana bilmişlər.
Tarix boyu maraqlı tərəflərin
yedək siyasətində
sürüklənən, hətta
XXI əsrdə də
müstəqil dövlətçilik
siyasəti yürüdə
bilməyən ermənilərin
"alət funksiyasından"
savayı bir öhdəliyi yoxdur.
Bu baxımdan,
türk dövlətçiliyində
vətən azadlığının
qutsallığı müstəqillik
dövrü ədəbiyyatımızda
aktual mövzu kimi ön məqamda
dayanır. Buna misal olaraq, Dəyanət Osmanlının Bakının
daşnak işğalından
azad olunmasına həsr edilmiş
"İt nəfsi" adlı
həm ideya, həm də məzmununa görə
yeni tipli poeması son
dövr ədəbiyyatımızda
böyük məharətlə
və milli ruhla qələmə alınmış
ictimai-bədii səciyyəli
nümunələrdən biri
sayıla bilər. Əsərdə tarixi türk torpaqlarına qarşı zaman-zaman yürüdülən
qəsbkarlıq siyasəti
və türk millətini daim müşayiət edən
erməni xəyanətinin
qabarıq detalları
günümüzün rakursundan
ibrət dərsləri
kimi təqdim olunur.
Vətən müharibəsi
- Azərbaycan ədəbiyyatında
ilk dəfə olaraq suveren dövlətin qələbə inamı ilə müharibə aparmaq, öz hərbi-siyasi qüdrətini
nümayiş etdirmək,
Silahlı Qüvvələri
ilə düşməni
lərzəyə gətirmək,
torpağının hər
qarışını azad
etdikcə qüvvətlənmək
əzmini əks etdirməyin, milli varlığımızı
möhtəşəm obrazlarla
canlandırmağın şərəfini
yaşadır. Yalnız
bu şərəf ehtişamında pafos ədəbiyyatın daxili
zərurətinə çevrilir,
şair sözü və əsgər addımları eyni ahəngə köklənir.
Azərbaycan şairlərinin
yazdıqları "Marş"lar
ulu millətimizin böyüklüyünə,
Vətən yaddaşının
itirilməzliyinə tən
gələn qalibiyyət
ruhunun təcəssümü
olur. Dəyanət Osmanlının "Qazi marşı"
onların içərisində
öz poetik intonasiyası ilə seçilir:
Vətənin nəbzi
vurur
əsgər məzarlığında.
Zəfər himni duyulur
yurdun hər sabahında.
Hər şəhidlik ünvanı
bir qanlı
and yeridi.
Qoruyan yurd-yuvanı
ulu bayraq
sehridi.
Bu torpağın
bağrında
közdü düşmən
yarası.
Bu ulusun
alnında
paslanıb haqq davası.
Sözü dualı
dilim
azadlıq sorağında.
Gözəl taledi ölüm
gözəl ölüm
uğrunda.
Dəyanət Osmanlının
poeziyası Dədə
Qorquddan Rəsul Rzaya, Nazim Hikmətə və onların nəsildaşlarına, bu
günümüzün gənc
ədəbiyyatına qədər
ulusal mənəviyyatımızın
təkamülünü özündə
birləşdirən bir
mədəniyyətin ən
məhrəm izlərini,
ən munis ab-havasını varlığında
yaşadır:
Göy Tanrının
vətəni,
ay-yıldızın
görklü məskəni,
ruhumuzun kutsal mənzili,
quşların, uçaqların
yolu.
Ağ otaqdı
göy,
Qara otaqdı
yer...
Arada sayrışır
göyün və suyun əlvan rəngləri...
...Qayadan bir anıt var,
vaxta meydan oxuyar.
Qaya içindən
sözün
işığı axıb
durar.
Dəyanət Osmanlının
tapıntılarına bəs
demədən daim yeniləşmək, özünü
dərinləşdirmək eşqində olan poeziyasının, təbii
ki, ən doğma
"məkanı" elə
onun öz Qəlbidir. Məhz buradan yollar aranır - uşaqlığın
sığındığı ocaqdan-yurddan, gəncliyin səpələndiyi, özünü
axtardığı şəhərdən,
ərdəmlik çağında
sərhədlərinə dəyib-qayıtdığın
Vətəndən, dərd-sərinə
bələndiyin Yer kürəsindən
Kainatın sonsuzluğuna
qədər!.. "Düşünüb-daşınmaq
üçün // bir
ömür bəs eləmədi... // Bir çox
illər keçmiş
olar // ruhumla tənimin // ayrıldığı
zamanın üstündən
// meydan oxuyuram faniliyə..." - deyən
şair, ömrünün
bu yetkin çağında da yorulmaz-bitməz
axtarışlardadır. Şairin,
bəlkə də, ən böyük tapıntısı - poeziyasında
elə Özünü
tapmaqdır!
Rahid ULUSEL
Ədəbiyyat qəzeti.- 2025.- 16 may
(№17).- S.26.