Adonis ərəb
poeziyasının tarixi
haqqında yazısında
qeyd edirdi ki, "Ərəb ənənəsində ədəbiyyat
ritorik dil sistemidir: nitqin ritorika toxumasına uyğunlaşdırılmasıdır. Buna görə də deyirik ki, ərəb poeziyası bir qayda olaraq şairə
artıq keçmişdə
dəfələrlə edilən
işarəni göndərir.
Əvvəllər şeirin
mənası onun tələffüzündə aşkarlanırdı.
"Tələffüz"lə "məna" arasındakı
əlaqə isə qarşılıqlı deyil,
tamamlayıcıdır: tələffüz
mənanı içinə
alır və beləliklə, ona aydınlıq verir. Bu səbəbdən məna yox, tələffüz, şeirin
səslənməsi əsas
idi. Qədim ərəblər köçəri
olublar, səhrada yaşayıblar, yazı bilməyiblər. Orta əsərlərin ərəbi
onu günah bilirdi..."
Bizim təcrübədə
də zəif də olsa, belə
bir fakt mövcuddur. Mənanı tələffüzlə çatdıran,
onu ağac çətiri kimi örtüb tamamlayan şeirlər var. Mətni oxuyursan, üstündən zaman keçir, bir təsadüfdə onu elə şairin öz dilindən dinləməli olursan. Oxuduğunla dinlədiyin parça arasında bəzən yerlə göy qədər fərqi hiss edirsən. Oxuduqda adi mətndir,
dinlədikdə tam başqa, tam fərqli. Bu səbəbdən bizdə
qafiyəli sərbəst
şeirlər daha çox sevilir və yazılır. Ona görə də Ələkbər Salahzadə
şeiri ilə Zəlimxan Yaqubun şeirləri haqqında tam fərqli yazılar yazılmalıdır.
Zəlimxan Yaqubun şeirlərinə xas olan əsas xassə intuisiya və improvizasiyadır. Bu iki xassə
şeirdən-şeirə adlayır
və zamanla yeni cəhətlər əldə edir. Buna görə onun qoşmalarını ard-arda düzüb bir mətn kimi
oxusaq, həmin intuisiyanın dərinlik ölçüsü haqqında
da fikir söyləyə bilərik.
Ələkbər Salahzadənin
mətnlərindən bəhs
edərkən, milli poeziyanın təcrübəsi
tam şəkildə öyrənilməlidir ki,
bu "kənaraçıxma"
lazımınca görünə
bilsin. Səs-söz təkrarları, alliterasiya
onun sərbəst şeirlərinə ayrıca
bir rəng, önəmli kolorit qatır. Ələkbərin
hər bir şeiri böyük bir rəsmin fraqmentləridirmi?
Bunu qismən təsdiqləmək olar. Qəribə görünsə
də, bu şeirlərdə aşıq
ifasının (saz-söz)
bəlirtiləri də
var. Səs elə bir rəngdə, elə bir aurada
meydana çıxır
ki, sən bunları yığcam bir palitra kimi
təsəvvür edə
bilərsən.
Bəzən aşığın
səsi elə bir tembrdə çıxır ki, səs sanki simlərin bir-birinə dəyməsindən, sehrli
şəkildə toxunmasından
hasil olur. Yəni, əslində oxuyan simlərdir, aşıq yox.
Zəlimxan Yaqubda
bir şeir bütöv təsiri bağıslasa da, əslində fraqmentdir, Ələkbər Salahzadədə,
fraqment effekti versə də, əslində bütövdür.
Bədii əsər
mətnində izah və təhlil üçün məkan sonsuz dərəcədə
böyükdür, onu
müəllifin nəzərdə
tutduğu və tutmadığı cizgilərlə
birlikdə analiz edə bilərik. Əli Kərimin "Atamın xatirəsi" şeiri haqqında çox yazılar yazılıb, bir qismi eyni intonasiyaya,
sadəcə, semantik çalarlı olsa da, az qismi
əsasən struktur təhlil nümunəsi sayıla bilər. Fəxri Uğurlunun bu şeir haqqında
yazısı daha çox mifoloji təsəvvürə dayanır
və şeirin əsas mətləb və ideyasının dolğunluğunu göstərir.
O cümlədən, Səməd
Vurğunun "Mən
tələsmirəm" şeiri.
Ədəbi tənqid
mətnlə münasibətdə
necə olmalıdır?
Şübhəsiz ki,
semantik təhlillə
bədii mətnin mənalarını açmaq,
onun ifadə etdiklərini tamamlamaq mümkün deyildir. Yuxarıda vurğuladığımız
kimi, bədii mətni istənilən mövqedən görə
bilmək, ona nüfuz edə bilmək üçün
bütün məlum yanaşma və təhlil metodlarından istifadə olunmalıdır.
Bəzən tənqid
yazısı belə olur: hansısa nəsr əsəri təhlil olunur, Aristotrel və Platondan üzü bəri mütəfəkkirlərdən
sitatlar gətirilir, mətn isə ənənəvi yolla
"təhlil edilir".
İndiki dövrün
bədii mətnlərini
ənənəvi metodlarla
izah və şərh etmək mümkün deyildir. Təhlilin necəliyi haqqında bədii mətnin özündə
müəyyən işarələr
mövcuddur; tənqidçinin
güclü emosiyası,
soyuqqanlılıqdan vaz
keçərək bədii
mətnə yanaşması
onun toxumalarını
görünməz edir.
Yenə Adonisin sözüylə desək,
ədəbiyyat hər
şeydən qabaq görmədir. Tənqid bədii əsəri bu nöqtəyə istinadən təhlil və təqdim etməlidir. Bədii mətn nəyi görür, gördükləri
haqqında nələr
deyir? Və... tənqid təkcə bədii mətnin "gördükləri"ni
şərh etmir, onları qiymətləndirir,
öz təcrübəsindən
çıxış edir,
iki şey arasında - iki görmə arasında paralel və çarpaz xətlər çəkilir və yalnız bu zaman bədii əsər haqqında yetərli söz demək mümkündür.
Elə bu səbəbdən tənqidçi
ideya adamı olmalıdır: hər bir məqalədə, hər bir təhlil
nümunəsində bədii
mətnlə əlaqəli
olan və olmayan ideya irəli
sürülməlidir, çünki
ortada mükəmməl
görmə aparatlı
olan bədii mətn var, onu təsdiqləməyə
və kökündən
inkar etməyə şans yaranıb, əgər tənqidçi
yalnız müəllifin
görmə bucağı
ilə kifayətlənəcəksə
bu, sözsüz ki, bədii mətnin ifadə etdiyi mənaların dairəsini maksimum daraldacaqdır. Bunun üçün yuxarıda
sadaladığımız iki
nəsnənin təkcə
toplanması yox, vurulması və bölünməsi də lazımdır. Bu sxem təhlillərdə o
qədər sadə şəkildə aparılmalıdır
ki, tənqidçinin
adının ətrafına
bir "filosof" (yaxud mütəfəkkir) sözü artırılmasın.
Tənqidçi bu deyilən əməliyyatları
yerinə yetirən sadə söz adamıdır, başqa heç nə. Ancaq... Bu zaman
mümkün "kənaraçıxmalar"
elə olmamalıdır
ki, bədii əsərin canlı toxuması, yəni oxucuyla danışan, onu maqnit kimi
özünə çəkən
toxumaları zədələnsin.
Bunun üçünsə
bədii mətnin imkan verdiyi, daha çox möhtacı olduğu bütün metodlardan istifadə edilməlidir, ədəbi tənqidi metod kirpiklərini
tərpətmədən bədii
mətnə baxan gözdür, bu göz bədii mətni bütün şərtilik elementləri
ilə qəbul edir, ordan yığa
bildiyi bütün fakt və gerçəkləri
yalnız özünün
münasib bildiyi üsulla təhlil edir, çıxarılan nəticələri bədii
mətnin gerçəkliyə
yansıyan ehtirasına
istinadən şərh
edir. Bu mənada, ədəbi tənqidi yazının essedən fərqləri sərhəd xətti kimi görünür. Ədəbi tənqidlə
esse arasındakı fərq akademizmlə sərbəstlik, sərbəst
şərh arasındakı
fərq deyildir, bəzən, vəziyyətin
tələb etdiyi situasiyada ədəbi tənqid essenin sığına biləcəyindən
daha sərbəst ola bilər. Çünki bir bədii faktı, deyək ki, şeir mətnini, yaxud nəsri təhlil edərkən, sözün dərinliyinə
enmək ehtirası bu sərbəstliyin maksimum cizgisini cıza bilir. Hər hansı bədii əsər, yaxud bədii mətni sırf nəzəri möqvedən,
yaxud ancaq tarixi poetika baxımından incələmək
lüzumu yaranır. Bu metodlar fərqlidir
və tənqidçidən
geniş erudisiya və nəzəri hazırlıq tələb
edir. Tarixi poetika müstəvisində
ən müxtəlif dövr və epoxalara məxsus bədii əsərlər
müqayisə edilə
bilər və bu zaman seçimdə
sərbəstlik, yəni
ilk baxışdan ağla gəlməyən
müqayisələrə yol
verilə bilər. Bunun üçün bədii əsər və onun yaratdığı
mədəni epoxanın
dərinliklərindəki mətləb
və mənalardan xəbərdarlıq əsas
şərtlərdən biridir.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 16 may (№17).- S.29.