O gecə Qara yata bilmədi, yerinə qor doldu, yuxusu ərşə
çəkildi. Yerində qurcuxa-qurcuxa qaldı. Canında da
bir rahatsızlıq varıydı. Heç belə olduğu
yoxuydu. Ovqatı da təlx olmuşdu. Fikrindən yüz
şey gəlib keçirdi. Aranı dağa
daşıyırdı, dağı da arana. Sonra da qaytarıb
nə aranı, nə dağı öz yerinə qoya bilirdi.
Qara yerində eşələnməkdən cana doyub
ayağa durdu, ov paltarını geyindi, qatarı belinə
bağlayıb tüfəngini götürdü. Heç kimə
heç nə bildirmədən, səssiz-səmirsiz evdən
çıxıb Qaryağdı meşəsinə sarı
üz tutdu. Vırqışın bulağının
başında dayanıb, dörd yana boylandı. Bulağın
üst tərəfindəki balaca tapda qabağına bir ov
çıxdı. Dan qaranlığıydı, ovu
ala-çula görürdü. Ona görə maral, yaxud
cüyür balası olduğunu yaxşı
anışdıra bilmədi. Ov yerimirdi, bostan oyuğu kimi bir
yerdə durmuşdu. Tüfəngi üzünə tutub sinəsinə
sıxmağıyla ovu vurmağı bir oldu. Ovun yanına gələndə
gördü ki, maral balasıdı. Güllə düz ürəyindən
dəymişdi. Kənddə bir adam o birinə qarğayanda
dediyi "Ürəyinə güllə dəysin" sözlərini
Qara çox eşitmişdi. Ona kənddə ad da
qoymuşdular. Adını elə-belə çəkmirdilər,
"quşu gözündən vuran Qara" deyirdilər. Kənddə
üç-dörd nəfər Qara adlı kişi
varıydı, ancaq bu ayamayla onlardan yalnız birini
çağırırdılar. Həm də bu adı ona
yalnız ovçuluqdakı atıcılığına
görə yox, eyni zamanda danışanda sözlə hədəfini
düz gözündən vurduğuna görə vermişdilər.
Gülləsi kimi, sözü də heç vaxt hədəfdən
yayınmırdı.
Qara heç vaxt ovdan əliboş
qayıtmamışdı. Bu dəfə də əlidolu
qayıdacaqdı, ancaq ilk dəfəydi ki, maral balasını
vurduğuna görə sevinmirdi.
Qara maral balasının başını
könülsüz-könülsüz kəsdi. Elə bil
öz başını kəsirdi. Onsuz da iş işdən
keçmişdi, onu dirildəsi ha deyildi. Necə deyərlər,
olan olmuşdu, torba dolmuşdu.
Qara evin qapısına çatanda gözlərinə
inanmadı. Elə bildi
qara onu basır. Bir ana maral boynunu burub, qapıda durub
Qaranın torbasında gələcək balasını
gözləyirdi. Gözlərindən yaş axırdı.
Balasının başı gözləri baxa-baxa kəsilmiş
ana necə olmalıydı?! Elə bil dərd heykəliydi
maral, Qara evdən çıxandan sonra gətirib qoymuşdular
Vəli kişinin sərdəninə. Qara ana maralı
Qaryağdıda görməmişdi. Demək, maral nəinki
Qaranın özünü, balasının başını kəsdiyini
də görübmüş.
Qara elə
olmuşdu, elə olmuşdu ki, bahar buludu onun yanında
yalanıydı. Bıçaq vursan, qanı
çıxmazdı. Vurğun vurmuş adam kimi donub
qalmışdı. O, marala baxırdı, maral da ona. Vurulan da
ağlayırdı, vuran da. Evdəkilər hələ
yatırdılar, heç nədən xəbərləri
yoxuydu. Heç xoruzların səsini, itlərin
hürüşməsini də eşitmirdilər. Onlar hardan
biləydilər ki, bu saat qapılarının ağzında
balasını itirmiş bir ana maral hönkür-hönkür
ağlayır?! Hardan ağıllarına gələrdi ki,
maralın göz yaşlarına baxdıqca Qaranın da
içindən qara qanlar axırdı?!.
Vəli kişi səhərin
şirin yuxusunda gördü ki, bir sel gəlir. O
gözünü açana kimi sel onun evini yuyub apardı.
Axı Vəli kişi evi elə yerdə tikmişdi ki,
dünyanı su bassaydı belə, onun evinə heç nəmi
də dəyməzdi. Bəs bu nə yuxuydu? Vəli kişi səksəkəli
yuxudan ayıldı, tez geyinib bayıra çıxdı.
Gözlərinə inanmadı. Maralla Qara üz-üzə
durmuşdular. İkisi də susmuşdu.
Qara gəlib ana
maralın üzündən-gözündən öpdü, həsrətli
sevgililər kimi onun boynunu qucaqlayıb bağrına basdı.
Onların ikisi bir yerdə bu saat məhəbbət heykəlini
xatırladırdı.
İndən sonra
yüz dəfə öpməklə, min dəfə
sığallamaqla gözləri baxa-baxa balasının
başı kəsilmiş bir ana maralı ovundurmaq
olardımı?!
Dərdi
özündən ağır olan ana maral Qaranın
qollarının arasından çıxmağa bəndiymiş.
O saat itirdiyi balasının yükünü darta-darta
çaya doğru endi. Ana maral bilmədi ki, onun
apardığı yük Qaranın ürəyində
qoyduğundan bəlkə də iki dəfə azıydı.
Qara gecə
yuxusunun qaçdığından tutmuş, Vəli kişinin
gördüyü ana qədər olanları bircə-bircə
dədəsinə danışdı. Vəli kişi dərindən
bir ah çəkdi, "Tanrım, sən özün keç
onun taqsırından, cavannığına
bağışla",- deyib tövləyə sarı getdi.
Qara da onun dalınca baxa-baxa: - Ahın dağlara, daşlara, ay
dədə, - deyib evə girdi.
Qaranın
anası duran kimi dedi ki, "mənim burnuma qan iyi dəydi, bu
nəyiydi?" Qarayla Vəli kişi ona cavab verməyə
macal tapmamış bayırdan bir səs gəldi. Kimsə: -
Qara, ay Qara, -deyə iki dəfə çağırdı.
Qara tez qapıya
çıxanda gördü ki, bir qara ürgənin belində
qaradovoy qapının ağzını kəsib. At qaradovoyun
altında oyur-oyur oynayır, yüyən gəmirirdi. Ata at deməyə
adamın dili gəlmirdi, elə bil bir bəzəkli gəliniydi.
Koroğlu demişkən, at yox, "alma gözlü, qız
birçəkli" bir gözəliydi. Qaradovoyu görən
kimi Qaranın ürəyindən keçdi ki, "a kişi,
mən gecə yarı Qaryağdıda bir güllə
atmışam, onun səsi Slavyankaya nə tez gedib
çatdı. Məni görən olmadı, o güllənin
səsini də heç kənddə eşitmədilər".
Bir də ana maralın göz yaşları gəlib gözlərinin
qabağında dayandı. Bir də ağlına gələn
o oldu ki, "bu maralın ahı məni nə tez tutdu?!"
Qaradovoyun uca,
yoğun səsi bütün fikirləri Qaranın
başından dağıtdı. O altında oynayan ürgənin
yüyənini darta-darta qəzəbli-qəzəbli, kobud-kobud
dilləndi:
- Deyirlər, səndə
tüfəng var, tez ol onu gətir mana ver. Bilmirsən ki,
qoçuluq zamanı getdi?! Mən indi qoçuluğu sənə
göstərərəm, ağlın başına gələr.
Qara
yazıq-yazıq, səsini içinə sala-sala: - Məndə
tüyəng nə gəzir?! Bir kasıb adamam. Mən tüyəngi
nəynən almışam, kimnən almışam, hardan
almışam? Qoçuluq nədi, zad nədi, siz nə
danışırsınız? Mən qoçuluq eləyəndə
kim görüf? Mən hələ bu kənddə bir
adamın toyuğuna kiş deməmişəm. Hamı bilir
ki, mən belə şeylərdən uzağam. Bunları sizə
kim çatdırıf? Hamısı yalandı, - deyib bu gecə
maral balasını vurduğunun
peşmançılığını təzədən
çəkə-çəkə başını
aşağı saldı.
İndi
qoçuluğu ruslar və onların dəyirmanına su
tökənlər eləyirdilər. Dünənə qədər
minməyə eşşək tapmayanlar bu gün at
oynadırdılar. Qaradovoylar da belələrindəniydilər.
Qaranın sözlərini eşidəndə cin vurdu qaradovoyun
təpəsinə. Ala qamçı bir-iki dəfə
Qaranın belində şaqqıldayıb Vıqqıdı dərəsində
əks-səda verdi, daha doğrusu dağlar, dərələr
uğuldadı. Vəli kişi qamçının səsinəmi
çıxdı, yoxsa, heç onu eşitmədən
özümü çıxdı, qapının ağzına
çıxanda gördü ki, qara ürgənin belində bir
zıpa kimi qaradovoy Qaranı qamçıyla döyür.
Ağzını açıb bir kəlmə: - A bala, bir
dayan, əlini saxla görüm, bu uşağı niyə
döyürsən, onun taqsırı nədi axı? -
demişdi ki, qamçının biri də onun kürəyində
şaqqıldadı. Vəli kişi ilan kimi
qıvrıldı, ancaq səsini boğdu, dillənmədi.
Susmağının da bircə səbəbi varıydısa, o
da Qaranı qızışdırmamağıydı. Qorxurdu
ki, Qara qan tökə bilər.
Bayaqdan
özünə dəyən qamçıların
ağrılarına dözüb "uf" da deməyən
Qara Vəli kişinin kürəyində şaqqıldayan
qamçının səsi qulağına
çatar-çatmaz dilləndi:
- Vurma, vurma! Gedirəm
tüyəngi gətirməyə!
Qaradovoy əlini
saxladı, Qara da evə girdi. Tüfəngi doldurub
çölə çıxmağıyla tətiyi çəkib
gülləni qaradovoyun sinəsinə sıxmağı bir
oldu. Qaradovoy bu ilmi ölübsən, bildirmi, bayaq ha qara
ürgənin belindən aşırılıb sərdənə
sərildi. At da güllə səsindən bir az hürkən
kimi olmuşdu. Əslində qaradovoyların atları güllə
səslərinə öyrəşmişdilər. Atlar səsi
səsdən yaxşı seçirlər. Ümumiyyətlə,
heyvanlarda səsi tanıma çox güclüdür. Min dənə
qoyun öz quzusunu, min dənə də quzu öz
anasını səsindən tanıyır. Biz isə elə bilirik
ki, bütün qoyunlar və quzular eyni cür mələyirlər.
Qara gilizi tüfəngin
lüləsindən çıxardıb onu öpdü və
sonra da qaradovoyun meyitinin üstünə atdı. Bunun öz
anlamı varıydı. Qara bununla demək istəyirdi ki,
qaradovoy bu ölümü özü satın aldı, onda nə
güllənin taqsırı var, nə də mənim. O
özünü ilan kimi güllənin ağzına
atmışdı. Meyiti aparmağa gələnlər bunu
görsəydilər, hər şeyi başa düşməliydilər.
Görəsən, qaradovoylarda o düşüncə, o
ağıl varıydımı?! Axı bu, mərdlərin
qaydasıydı. Qaradovoyların arasında isə bir mərd
adamı gündüz çıraqla da axtarsan, tapa bilməzdin.
Mərd adam da mərd kişiləri atın döşünə
qatıb rus gülləsinin qabağına aparardımı?!
Qara yerə
uzanıb çoxdan gəbərmiş qaradovoya baxıb
toxtadı, rahat nəfəs aldı. Bu gün onun
çıxacağı varıydı, onu da
çıxmışdı. Qamçının
canındakı göynərtisi də həmin andaca əriyib
yox oldu. Həmin an Qaranın ağlına gəldi ki, "bu
gecə onun yuxusunu ərşə çəkən indicə
başına gələnləriymiş". Qaradovoyun belindəki
tapançanı da götürüb evə girdi. Qalın
paltarlarını geyinib, dolaqlarını doladı,
çarıqlarının dabanını bərkitdi. Sonra da
tüfəngi qancırğayla atın tərkinə
bağladı. Fikirləşdi ki,
"çöllükdü, bir gün gərək olar".
Qızılquş kimi qaradovoyun atının belinə
atıldı. Ata bir məhmiz vurub heykəl kimi dayanmış
Vəli kişinin qabağına sürdü:
- Dədə, mənimki
də belə yazılıbmış. Yazıya pozu yoxdu. Bayaq
mənə elə gəldi ki, ana maralın ahına
düşdüm, ancaq yox, belə deyilmiş. Sizi pis günə
qoyub gedirəm. Məndən olsa, siz də
yığışıf qaçardınız. Ağlıma
gəlir ki, bu işin axırı çox pis olacaq.
Qara
sözünü deyib dabanına tüpürdü.
Vıqqıdı dərəsinə endi və o gedən oldu.
Qara adında adam hamının yadından çıxdı.
Qaranın
ağlına gələnlər Vəli kişinin və onun
ailəsinin başına gəldi. Vəli kişinin
qapısında açılan güllənin səsi kənddə
çoxlarını yuxudan oyatdı. Yatmaq istəyənlərin
yuxusuna haram qatdı. Bu səs həmin andaca gedib
Çuğulun da qulağına çatdı. Ordan-burdan
cavan-comrullar, ağsaqqallar, qarasaqqallar axışıb Vəli
kişinin qapısna toplaşdılar. Çuğul da
qalın paltarını geyinib yola çıxanda Qaranın
bir qara ürgənin belində çay yuxarı getdiyini
gördü. Zəndlə baxanda qaradovoyun ürgəsini
tanıdı. O saat da ürəyinə damdı ki, Qara
qaradovoyu o dünyaya yola salıb.
Çuğulun
qanı yaman qaraldı. Qaradovoyun ölümü onun heç
tükünü də tərpətməzdi. Çuğulu
yandıran Qaranın aradan çıxmağıydı.
Çuğul yaxşı bilirdi ki, Qara qara ürgənin
belində elə ilim-ilim itəcək ki, onun dalınca ordu
salsalar da, tapa bilməyəcəklər. Bu fikirləri beynində
çözələyə-çözələyə
Çuğul da başı dumanlı-dumanlı
özünü Vəli kişinin qapısına yetirdi ki,
olanları gözləriylə görsün,
danışılanları qulaqlarıyla eşitsin. Gəldi də,
gördü də, eşitdi də. Qaradovoyun iri cəmdəyi
Vəli kişinin sərdəninə sərilmişdi. Vəli
kişinin nıxtı tutulmuşdu. Tutulmasaydı, nə
danışasıydı ki?! Danışılası bircə
söz varıydı, onu da Qaranın gülləsi demişdi.
Slavyankada bilirdilər
ki, qaradovoy heç vaxt bu qədər ləngiyə bilməz.
Buradan Samanlığa uzağı, atla bir saatlıq yoluydu.
Gedib-gəlmək də iki saat çəkərdi. Qara ürgə
də yüyənini azca boş görəndə yeldən
qanad taxırdı. İndisə qaradovoyun getdiyi beş saat
olardı. O harda olsa, günortaya özünü yetirməliydi.
Vəli kişini
dərd elə götürmüşdü ki, elə bil
heç bu dünyada deyildi. Çuğulun qəfildən
dediyi: - A kişi, bu nə işiydi gəldi sənin
başına? - sözlərini eşidəndə elə bil Vəli
kişini ildırım vurdu, yuxudaydı, indi ayıldı.
Çuğul: - Bəs onu kim vurdu? - deyə soruşdu. Vəli
kişi də: - Səhər durub bayıra çıxanda
gördüm qapıda bir meyit var. Daha başqa heç nə
bilmirəm,- deyib susdu. Çuğul ürəyində:
"Ay özün öləsən, ha. Məndən iz
azdırana bax. Qaranı qara ürgənin belində görməsəydim,
bəlkə də sənə inanardım", - deyə
düşünsə də, onu duyuq salıb hürkütmək
istəmədi...
İslam SADIQ
Ədəbiyyat qəzeti.- 2025.- 16 may (№17).- S.31.