(Əvvəli ötən saylarımızda)
Unutmağa kimsə
var...
Məktəbi, ali məktəbi, aspiranturanı,
ilk iş yerimi birləşdirən bir vacib xətt var idi. Bu xətt "dostlar" xətti idi. Tale elə gətirmişdi ki, bu xəttin müxtəlif nöqtələrində mənim
sevdiyim və məni sevən dostlarım bir-birilə, ya tanış, ya da məndən kənarda vaxtilə dost olubmuşlar. Tanış olmayanlar da sonradan bir-birilə yaxınlaşdılar.
Onları, ya çayxana həyatı, ya birgə yeyib-içmələr,
ya da (bu daha sonralar oldu)
mənim pyeslərim əsasında səhnələşdirilən
müxtəlif tamaşalarımda
iştirak birləşdirdi.
Mənim çox
sədaqətli dostlarım
olub. Moskvada aspiranturada oxuyarkən Bakıya tez-tez gedib-gəlirdim. Təyyarə
bileti aspirant və tələbələr üçün
çox ucuz idi (on yeddi manat!). İldə üç dəfə, dörd dəfə Bakıya uçurdum. Mənim qarşılanmağım, yola
salınmağım məktəb
yoldaşlarım üçün
əsl rituala, daha səmimi desəm, bir mərəkəyə dönürdü.
Bir dəfə isə
lap pik həddinə çatan hadisə baş verdi. Bunu məntiqlə anlamaq çox çətindir. Amma bu, olmuş hadisədir.
Mən, bir dəfə elə oldu ki, Bakıdan Moskvaya qatarla gedəsi oldum. Qatar axşam yola düşürdü. Məktəb
dostlarım - Aslan, Etibar,
Məlik, Muxtar, Əbülfəz məni vağzalda yola salırdılar. Bir az əvvəl yaxşıca
yeyib-içmişdik. Qatarın
yola düşməyinə
beş dəqiqə qalırdı, biz isə hələ də perronda durub nəyisə müzakirə
edirdik. Nədən danışırdıq - bu,
vacib deyil. Yüz dəfə bir-birimizə dediklərimizi
yüz birinci dəfə təkrar edirdik. Amma həm mənim, həm də dəqiq bilirəm ki, onların da ürəyi ayrılıq
vaxtı yetişdiyindən
bərk sıxılırdı.
Etibarla Məlik bir kənara çəkilib nə isə gizli-gizli pıçıldaşırdılar. Etibarın maşını
var idi. Aramızda bir onun maşını
vardı. Köhnə
bir "Jiquli" idi. Bu maşınla biz nə oyunlardan çıxmamışdıq?! Bir dəfə, hətta Muxtar evlərindən bağ açarlarını
"oğurlayıb" bizi
bağlarına aparmışdı.
Novxanıda yerləşən
bu bağdan dənizə qədər Etibarın maşınına,
bəlkə də doqquz nəfər minib getmişdik. Hətta Zakir maşının
"baqajnik"ində oturmuşdu.
Qərəz, qatar tərpənər-tərpənməz, mən sıçrayıb
ayağımı dəmir
pilləkənə qoydum.
Məlik bic-bic gülə-gülə qışqırdı:
"Sabah görüşərik". Heç nə başa düşmədim.
O vaxtlar
qatar Moskvaya iki günə gedirdi. Yolun ortası Şimali Qafqazın mərkəzi Minvod şəhəri sayılırdı. Ora qatar
sabahkı gün, günorta, təxminən,
saat 4-də, 5-də çatacaqdı.
Mən Moskvaya qədər iki gün qatarda nə edəcəkdim? Bunu fikirləşəndə
ürəyim sıxılır
və qanım qaralırdı. Əlbəttə
ki, ilk növbədə, darıxacaqdım.
Kupeyə çəkilib
yerimdə uzandım və gözümü yola götürdüyüm
hansısa bir kitaba dikdim. Mənim bəxtimdən yenə də qonşuluğumda söhbət
eləməyə maraqlı
bir adam yox idi. Bu hal
məni getdiyim səfərlərdə indiyənədək
izləyir. Bir dəfə
də elə olmayıb ki, təsadüfən
yanımda maraqlı bir adam otursun.
...Səhəri gün qatar tənbəl-tənbəl
Minvod vağzalına yaxınlaşdı və
nəhayət, fısıldayıb
dayandı. Mən kupenin pəncərəsindən
son dərəcə həvəssiz
halda perrona baxırdım. Birdən nə görsəm yaxşıdır?! Qanım
bədənimdə cövlan
elədi. Yerimdən sıçradım. Gördüm
ki, Məlik və Etibar perronda ora-bura qaçaraq vaqon pəncərələrinə
baxa-baxa məni axtarırlar. Mən tez-tələsik perrona sıçradım. Biz yenidən
qucaqlaşdıq.
Təxminən,
on dəqiqə vaxtımız
vardı. Bunlar mənimlə bir də görüşüb
sağollaşmaq üçün
bütün gecəni
maşın sürüb
özlərini Etibarın
köhnə "Jiquli"sində
Minvoda gələn Bakı qatarına çatdırmışdılar. Məlikin "sabah görüşərik!" sözlərinin
mənası mənə
indi çatdı. Bir
də öpüşüb
sağollaşdıq. Məni
bir daha yola salıb onlar Bakıya qayıtdılar. Buna inanmaq
çətindir, bəlkə
onların bu hərəkətini anlamaq,
bayaq dediyim kimi, məntiq baxımından mümkün
də deyil, amma bu, bir həqiqətdir.
Mənim dostlarım belə dostlar idi.
Dostların içində
eləsi də var idi ki, mənim fikrimcə, olmasa idi, daha yaxşı
idi. Amma o var idi. Allah belə məsləhət
bilmişdi ki, bu adam 8 yaşından mənimlə bir məktəbə, bir sinfə getsin, mənimlə yanaşı
parta arxasında otursun. Mənim də borcum o idi ki, bu adamla
dostluq edim və bu dostluğu
qoruyum. Bu mənim seçimim deyildi. Mənim işim bizi birləşdirən prinsipə sədaqətdən
ibarət idi. Ona görə də tək-tük belə dostlar olurdusa, mən taleyimdən şikayət etmirdim. Sədaqət, etibar, inam bizim münasibətlərimizin
əsasını təşkil
edirdi. Kim harada işlədisə, bizim üçün fərqi olmadı. Aslan Rusiyada bazarda gül satırdı, Zakirin məhlədə perojki budkası vardı - perojki satırdı, Muxtar qəbir daşları yonurdu, Məlik profilaktoriyada işləyirdi, Etibar əvvəl suvenir sexində işləyirdi,
sonra müəllim oldu, elm aləmində öz sözünü dedi... Dostların qohumları da dostlara çevrilirdi. Aslan rəhmətə
gedəndən sonra dostluğu onun qardaşı Rüstəmlə
davam etdirdik, Aslangilin Bilgəhdəki evinə öz evimiz kimi gedib-gəldik.
Atası Zülfüqar
kişi baməzə bir kişi idi.
Əsl ağsaqqal idi. Böyüklə böyük idi, kiçiklə kiçik.
Etibarın əmisi, bibisi uşaqları ilə uzun müddət
bir yerdə olduq.
Dostların dost kimi
formalaşmasında, əlbəttə
ki, Bakı şəhərinin,
190 nömrəli məktəbin
böyük xidməti
vardı. Bunu biz hiss etmirdik, amma bu, belə idi.
Onu da deyim ki, bizim sinif dost münasibətlərində
istisna deyildi.
190-nın demək olar
ki, bütün sinifləri
bu "dostluq" xəstəliyinə yoluxmuşdu.
Dostluq həyatın sonunadək davam edirdi.
Mən, bir qədər yuxarıda yazdığım kimi, ilk
dəfə Azərbaycanın
hənirtisini Universitetdə
hamam kimi qaynar 75 nəfərlik auditoriyaya girəndə duydum. Bəli, vətən haqda şeirlər yazılırdı
və biz onları oxuyurduq, vətənə məhəbbət tərənnüm
edilirdi, mən artıq Naxçıvanda,
Şuşada olmuşdum,
amma "Vətən nədir?"
sualının əsl
cavabını mən
ilk dəfə Universitetdə
filologiya fakültəsinin
1-ci kursunda olarkən özüm üçün
müəyyənləşdirdim.
Universitetlə bağlı
ilk təəssüratım bu idi. İstidən
bağrımız çatlaya-çatlaya
sentyabrın əvvəllərində
1-ci kurs tələbələri
olan bizləri (sayımız 75 nəfər
idi - bu, üç qrup təşkil edirdi) ikinci mərtəbədə
219 nömrəli böyük
bir auditoriyaya yığmışdılar. İkinəfərlik
uzun skamyada 3 nəfər bir-birimizə
sıxılıb oturmuşduq.
Asudə nəfəsi
ancaq qrup məşğələlərində ala bildik. O da seminarlar zamanı mümkün idi.
Biz - birinci kurs tələbələri
bir-birimizi hələ
yaxşı tanımırdıq.
Amma ilk dəfə özünü
göstərən bir
başqa mətləb
var idi. Sən demə, biz məktəbdə
ikən Azərbaycanı
tanımamışıq. Daha
doğrusu, bu tanışlıq Bakı
ilə məhdudlaşmışdı.
Universitet auditoriyasına
girən zaman isə
biz sanki böyük Azərbaycana daxil olduq. Skamyalarda bir-birimizə sıxıldıqca
biz bir-birimizə - Vətənin
ən uzaq və yaxın bölgələrindən gələn
insanlara sıxılmış
olduq və bir-birimizə isinişməyə
başladıq. Bu, qəribə
hiss idi. Bizim "Vətən" anlayışımız
bizim özümüzdən
də xəbərsiz,
mən elə bilirəm ki, bu zamandan formalaşmağa başladı. Məktəbdə
oxuduğumuz şeirlər
yox, bədii ədəbiyyatdan oxuduğumuz
və bizə təlqin edilən hisslər yox, məhz ayrı-ayrı bölgələrdən gələn
bu uşaqlarla təbii təmas bizdə "Vətən"
anlayışını özünün
indiki aydın məcrasına saldı.
Azərbaycanın, demək
olar ki, bütün bölgələrindən gəlmiş
tələbələr beş
il bir yerdə oxuyacaqdılar. Məktəbdə
biz bakılı idik. Kimsə gəncəli, kimsə naxçıvanlı,
kimsə şəkili,
kimsə lənkəranlı
ola bilərdi. Amma son "yoxlama"da
biz hamımız bakılı
idik. Universitetdə isə biz azərbaycanlı
olduq. Hər birimizin öz iddiası, hər birimizin öz təmənnası və arzusu-niyyəti olan, amma eyni məhəbbəti bölüşən gənclər.
Yavaş-yavaş bir-birimizlə
tanış və yaxın olmağa başlayırdıq. Vətənin
ayrı-ayrı bölgələrinin
necə gözəl qızları, necə ləyaqətli oğlanları
var imiş... İlk tanışlıq
bəzilərimiz arasında
bu gün də davam edən
dostluğa çevrildi.
Bəzilərilə isə
tanışlıq elə
tanışlıq kimi
qaldı. Bəzilərini,
Anarın gözəl
və doğru bir deyimini yada salsaq, əlimizdən ölüm aldı, bəzilərini həyat. Mənimlə möhkəm
dostluq yaradıb, bir dəfə də olsun bu
dostluğun qırılması
üçün heç
bir hərəkətə
yol verməyən, mənim, olub ki, şıltaqlıqlarıma dözən
və bunu bir dəfə də olsun üzümə
vurmayan iki nəfəri mən xüsusi qeyd edəcəyəm. Bu gün
Azərbaycanın görkəmli
filosofu Niyazi Mehdi mənim
üçün haman
illərin əvəzedilməz
dostudur. Bir də bizim daimi komsomol
liderimiz Eldar Eyvazov, mənimlə bir məhlədən
olan ürək sirdaşımı qeyd edəcəyəm.
Niyazi ilə mən Moskvada da eyni illərdə aspiranturada oxuduq - mən Elmlər Akademiyasının Dilçilik
İnstitutunda, Niyazi isə
Moskva Dövlət Universitetində.
Yataqxanalarımız bir-birinə
yaxın idi. Tez-tez də olmasa,
hər halda ayda bir dəfə,
iki dəfə görüşürdük. Universitet
çox maraqlı məkan olduğundan və Niyazinin oradakı dostları mənim də dostlarıma çevrildiyindən
mən onun yanına daha tez-tez gedirdim. Zarafatımız da var idi.
Mən deyirdim ki, Niyazinin bizim Aspirantlar evinə tez-tez gəlməsi üçün gərək
anam Bakıdan bir qazan dolma göndərəydi. Mən
bu dolmanı bir ay yeməyi nəzərdə tuturdum,
amma Niyazinin, başqa bir dostumuz Zeynalın
(Zeynalın bu işdə "xidməti" bir
elə də böyük olmurdu - onu, hətta bəzən dolma yeməyə
məcbur edirdim) köməyi ilə bu dolma bir neçə
günə tamam qurtarırdı. Özü
də arıqlamaq üçün Niyazi yeməyi
çörəksiz yeyirdi.
Bu da hər birimizi,
ilk növbədə, məni
xeyli qıcıqlandırırdı.
Heç yadımdan
çıxmaz. Günlərin
bir günü qarın nahiyəmdən bərk ağrılarım
tutmuşdu. Bakıya zəng edib anamla danışdım və mənə bərk-bərk tapşırdı
ki, təcili poliklinikaya
həkimə get, bu, apendisit ola bilər. Düzdü, anam öz sahəsinin (stomatologiyanın) yaxşı
mütəxəssisi idi,
amma ümumi şəkildə
digər sahələr
barədə də təsəvvürü pis
deyildi. Həkimin yanına gələn kimi məni kəskin apendisit diaqnozu ilə xəstəxanaya yatırtdılar.
Heç kimə xəbər verməyə
imkan tapmadım. Elə haman gün də məni ləngimədən
Akademiyanın xəstəxanasında
əməliyyat etdilər.
Bazar günü idi. Məni operasiya edən növbətçi
cərrah çox baməzə bir xanım idi. Əməliyyat zamanı mənimlə söhbət
edirdi. Mən elə hey inildəyirdim. Soruşdu ki, axı indi ağrımamalıdır,
niyə narahatsan? Cavab verdim ki, mən bu şəkildə
qabaqdangəlmişlik edirəm.
Güldü. Dedi ki, ağrı
olacaq zaman mən sənə deyərəm.
Elə də edirdi.
Əməliyyat çox
uğurlu keçdi. Mən palatada olarkən bir dəfə haman xanım mənim yanıma gəldi, halımdan xəbər tutdu. Sonra mən onu bir dəfə
də olsun görmədim. Belə adamlar var idi - təmənnasız, öz
işini vicdanla yerinə yetirən peşəkarlar...
Niyə bu əməliyyat yadıma düşdü?! Hə, Niyazidən danışırdım.
Əməliyyatdan sonra,
elə palataya gətirildiyimdə gözümü
yenicə açdım
və kimi yanımda gördüm - Niyazini. Hardan öyrənmişdi mənim
xəstəxanaya düşdüyümü
və əməliyyat
olunduğumu? Həyəcanla
mənə baxır, deməyə söz axtarır və tapmırdı. Sözə
ehtiyac da yox idi. Onun gəlişi elə bəs idi. İndiyənə qədər o mənə düz-əməlli şəkildə
anlada bilməyib ki, mənim xəstəxanaya düşdüyümü hardan
bilib. Deyəsən, mən belə başa düşdüm, bizim Aspirantlar evinə, mənim yanıma gedib, ordan öyrənib. Bu axı belə də ola bilməzdi - çünki mən xəstəxanaya getdiyimi oradakı tanışlara,
yoldaşlara deməmişdim.
Deməyə vaxt tapmamışdım. Bəs
Niyazi bundan necə xəbər tutmuşdu?! Bəlkə də kiməsə demişdim ?! Amma... Bəlkə mən qallüsinasiya görürdüm?! Bəlkə
yanıma gələn
Niyazinin özü deyildi, xəyalı idi?!
Dostlar mənim
üçün, sözün
əsl mənasında,
köks dolu azadlıq demək idi. Azadlıq böyük və sonsuz bir ölkə
kimi idi. Bu ölkənin öz qayda-qanunları var idi. Bu ölkənin içində
bizi əhatə edən o biri - real olsa da,
cılız, nahamvar,
çox zaman anlaşılmaz
ölkənin bütün
xırdalı-böyüklü problemlərini unudurdun. Dostluq ölkəsinin qayğıları
içində sənin
sanki çiynindən
qoşa qanadın çıxırdı. Sən
yanındakı dostlarla
bu dostluq ölkəsinin səmasında
uçurdun. Səni onlar qədər anlayan heç kim olmurdu. Sən
də eyni şəkildə onları
anlayırdın. Yox, gərək belə yazmayaydım. Əlbəttə,
belə deyildi. Sən dostlarını onlar səni anlayan kimi anlamırdın.
Onların adı ona görə dost idi ki, onlar, onlar səni anlamağa, sənin dərdinə şərik
çıxmağa məhkum
idilər. Dostlarımın
məni anlaması boynumda onların əbədi haqqı kimi bu gün
də yaşayır.
Bu yerdə rəhmətlik
Natiq Səfərov, Vidadi Məmmədov, Aydın Məmmədov, Çingiz Hüseynzadə
necə yada düşməsin?!
Natiq Səfərov
onu tanıyanların qəlbində əbədi
yaşayacaq, - desəm,
zərrə qədər
səhv etmərəm.
Natiq gözəl ədəbiyyat adamı, gözəl tərcüməçi,
gözəl dost idi. Mən onunla çayxanada tanış olmuşdum. Bir-birimizə isinişmişdik. Çayxanada
ikimiz tək qalanda da biz darıxmırdıq.
Onun söhbətlərindən
doymaq olmurdu. Ədəbiyyatımızın andeqraund liderlərindən
idi. Başqa birisi də var idi: Vidadi Məmmədov.
Onların - Natiqlə
Vidadinin hər hansı şairi, yazıçını bəyənməsi
o demək idi ki, bu adamı oxumaq
və onun yazdığına inanmaq olar. Yaşda məndən böyük olduqlarına görə deyil, qəribə duyuma malik olmaları ilə, bir-iki dəqiq ştrixlə verə bildikləri xarakteristikaya görə Natiq də, Vidadi də ətrafda hər kəsin, eləcə də mənim dərin rəğbətimi
qazanmışdılar. Mənim
çıxan yazılarımı
oxuyub mənimlə müzakirə edir, televiziya verilişlərimə
münasibət bildirirdilər.
Natiq Oljas Süleymenovun "Az i
Ya" əsərini dilimizə
tərcümə etmişdi.
Bu əsəri oxuyanlar
əsərlə bərabər,
onun tərcüməsinin
də vurğunu olmuşdular. Vidadi bir-iki hekayə çap etdirmişdi, amma yazıçılığa qəti
iddiası yox idi. Canlı Molla Nəsrəddin idi. Hərəyə bir yarlık yapışdırardı.
Onsuz çayxana söhbətlərinin dadı-duzu
olmazdı. Vidadini, Natiqi çayxanaya yaxınlaşdıqda uzaqdan
görməyəndə artıq
ora getməyin ləzzəti qaçırdı.
Natiq də, Vidadi də mənim ən ağır vaxtlarımda həmişə yanımda
olublar. Dərdimi (dərd də nəydi - kiməsə olan sevgi, məhəbbət...)
onlara danışmışam.
Mənə təsəllini
onlar qədər heç kim verməyib. Danışmışam,
bulvarı o baş-bu başa gəzə-gəzə
mən ürəyimi açıb tökmüşəm,
onların qarşısına
çözüm variantları
qoymuşam, onlar səbrlə qulaq asıblar, məsləhət
veriblər, hərdən
Natiq ağzını
açıb o da, öz
növbəsində, nəsə
danışmağa çalışıb,
amma mən bir-iki dəqiqədən sonra
"aydındı" deyib
yenidən öz "dastanımı" davam etməyə başlamışam,
Natiq də quzu kimi susub
qulaq asıb. Bu, əsl dostluq idi. Mən ürəyimi
o vaxt bu adamlara açmasa idim, o ürək indi hardaydı, onu o bir olan
Allah bilir.
Qeyri-səlis məntiq
prinsipi ilə desək, bir də vardı yaxınlar, tanışlar...
İş yerində köhnə tanışlar
dostlara çevrilmişdi,
Meydan hərəkatında yeni dostlar qazanır, bəzən də köhnələri itirirdik.
Akademiyada işə başladığım gündən
bu günədək bir-birimizin yanında olduğumuz Çingiz Hüseynzadəni xüsusi
qeyd etmək istərdim. Çingiz mənim universitet müəllimlərimdən biri,
Azərbaycan dilçiliyinin əsas
sütunlarından olan Muxtar Hüseynzadənin oğlu
idi. Oğlunun dilçilik sahəsində
alim kimi çalışması
onun böyük arzularından biri idi və Muxtar
müəllimlə onun
evində görüşlərimiz
zamanı bunu ən azından hiss etməmək mümkün
deyildi. Çingiz vasitəsilə daha bir dostum peyda
oldu: Rizvan. Çox gözəl insan idi. Həyatını sanki dostları üçün yaşayırdı.
Onunla bağlı o qədər isti xatirələr var ki...
Akademiyada işlədiyim
zaman bir nəfərlə
də əvvəlki ötəri tanışlıq
yavaş-yavaş dostluğa
çevrildi. Bu şəxs
Aydın Məmmədov
idi. Azərbaycan dilçiliyində öz sözünü deyə bilmiş, amma müxtəlif
səbəblərdən dilçilikdən
uzaqlaşmış, o zaman - 1970-ci illərin sonunda pərişan-pərişan o çayxanadan-bu
çayxanaya gəzişən
Aydın Məmmədov.
(Davamı var)
Kamal ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S.4-5.