Yol gedirəm, ürəyimdə Mustafa Çəmənliylə danışıram,
onun dilinin şakəri olan bəzi sözləri təkrar edirəm, aramızdakı söhbətlərdən
biri yadıma düşür, fikir məni yaddaşımın
dolanbaclarında fırladır,
labirintində azdırır,
bu dəm telefonum ərköyün uşaq kimi çığırır, deyir,
"məni götür!"
Baxıram, zəng eləyən kim olsa yaxşıdı? Bizim Mustafa Çəmənli!
Əminəm ki, burda mistik bir
bağ var. Telepatik duyum dövrəyə girib, eyni dalğaya köklənmişik. Yadıma
Səməd Vurğunun
misraları düşür:
Gözüm
gözünüzdən uzaq
olsa da,
Könüldən-könülə
yollar görünür.
Bu da könül yolunun sübutu!
Salamdan sonra nə
desə yaxşıdı? "Otaqda oturmuşdum. Bilirsən də,
mən tək otururam. Fikirləşməyə vaxtım olur.
Beynimdən keçdin. Dedim, zəng eləməsəm,
danışmasam, nə biləcək ki, o, mənim beynimdən
keçib..." Söhbətimiz elə bu minvalla davam elədi.
Şirin-şirin danışırdıq, birdən hiss elədi
ki, yol gedirəm, dedi: "Qoy bunu da deyim, yol gedirsən, sənə
mane olmuyum..." Bir baməzə xatirəsini
bölüşdü, ikimiz də güldük.
Sağollaşmazdan əvvəl dedi ki, sən mənim cavan həmkarımsan
də, gərək səni mən axtaram. Bu sözdəki kinayəni
də, gileyi də, ərki də, sevgini də,
qayğını da hiss eləyirəm. O, məni yenə
qabaqlamışdı.
Fürsət
tapıb deyirəm: "Mustafa müəllim, siz də mənim
ürəyimdən keçirdiz..." Bəlkə də, bu
etirafımı nəzakət xatirinə verilmiş cavab kimi qəbul
elədi. Mən inandırmağa çalışmadım,
bilirəm ki, günlərdi beynimdə Mustafa Çəmənli
obrazı yazıya çevrilmə anını gözləyir.
Alışmağa bir qığılcım lazımdı.
Bulud dolub, şimşəyini gözləyir yağsın. Sən
demə, mənim elə bu zəngə ehtiyacım
varmış. Buna görə deyirəm: könül
körpüsündə mistik güc var.
Məni heyran eləyən
Mustafa müəllimin həssaslığıdı. Onu
tanıyanlar bilir ki, Mustafa Çəmənli son dərəcə
həssas adamdır. Məncə, bu həssaslıq onun fitri
istedadıdır. Ağacdan düşən yarpağa da,
görüşəndə əlini sıxdığı
adamın barmaqlarına da, həmsöhbətinin sözünə
də, vaxtına da son dərəcə həssaslıqla
yanaşır. Adətən, söhbətinə "Yox"
deyib başlayar. Məsələn: "Yox, birdən elə
bilərsən mən özümü tərifləmək
üçün bunu deyirəm..." "Yox, adamın gərək
abrı-həyası olsun də...", "Yox, sən Allah, səhv
başa düşülməsin..." Bu inkar
"yox"larının hamısı Mustafa Çəmənlinin
xarakterini, əxlaqını təsdiqləyir. Amma bu
duyğulu, həssas adamın nitqində bir də ən
çox işlətdiyi "üzr istəyirəm"
sözü yer alıb. Ünsiyyət qurduğu adamın
yaşına-başına baxmaz, sözünün
ortasında, axırında "üzr istəyirəm"
möhürünü vurar. "Üzr istəyirəm, mən
axı həm də muğamları yaxşı bilirəm.
Yox, özümü sənə tərifləmək fikrim
yoxdu...", "Vaxtını alıram, üzr istəyirəm,
qoy bunu da deyim... " Mustafa müəllimə baxanda əmin
oluram ki, hər bir insanın Mustafa Çəmənli qədər
əxlaqlı, abırlı, həssas olmaq qədər
imkanı var. Yəni mənim aləmimdə Mustafa Çəmənli
bu üstün insani keyfiyyətlərin, dərininə getsən,
dibidi, yoxuşuna qalxsan, zirvəsi. Oyanası-buyanası yoxdur.
Məncə, cərəyan şiddəti (A) Andre Mari Amperin,
"Arrov paradoksu" Kennet Arrovun şərəfinə
adlandırıldığı kimi, insanın həssaslıq
duyğusu proyeksiyasını da (M) Mustafa Çəmənlinin
adıyla bağlamaq ədalətli qərar olardı.
Hələ bu
günə qədər Mustafa Çəmənlinin kimisə
söydüyünü, azarladığını, kimisə
adına, şöhrətinə, vəzifəsinə görə
qısqandığını eşitməmişəm. Bu
mötəbərin özünəməxsus mövzuları
var: musiqi, muğamlar. "Yox, sən nə
danışırsan, Xan əmidə belə şey ola bilməzdı..."
Nümunəvi misallar çəkməyi, xatirəsini
danışdığı adamın şəxsiyyətini
sevdirmək məqsədilə onun haqqında
danışır.
"Yazıçı"
nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat
və folklor redaksiyasının müdiri işlədiyi illərə
qayıtmağı sevir. Təbii ki, keçdiyi bu yolda hər
dünəni bir ömürlük xatirəyə çevrilib.
Onu da deyim ki, Mustafa müəllim hafizəsindən, yaddaş
arxivindən şikayətçi deyil. "Üzr istəyirəm,
mən, axı "Gənclik" nəşriyyatında da
baş redaktor işləmişəm axı. Bu adamları
şəxsən görmüşəm..." Bu adamın
sözü-söhbəti tükənər? Mövzusu bitər?
Adam papağını günə yandırmayıb. Ona görə
də zəngin daxili dünyası var.
Hələ bir dəfə
eşitməmişəm ki, Mustafa müəllim deyə:
"Filankəsə ad verdilər, döşünə
nişan taxdılar, məni görən yoxdu". O deyir:
"Yaşayırıqsa, bacardığımız kimi xidmət
eləməliyik. Yazılan qalır. Bir gün
yazdığın sabah kiməsə lazım olacaq."
Bu fikirlə, bu məqsədlə
təxminən, 60-dan çox kitaba gözünün nurunu,
ürəyinin odunu verib. Bir mənbəni dəqiqləşdirmək
üçün onun izinə düşür, axtarır
tapır, dəqiqləşdirir, sonra mövzudakı yerinə
qoyur. Yeri gəlmişkən, bunu da deyim ki, Mustafa müəllimə
zəng eləyib, axtardığını soruşsan, onu
tapıb sənə verməyənə qədər rahat olmaz.
Bir mənbə, bir ünvan, nə bilim, bir hadisəni dəqiqləşdirmək
istəyərsən, üz tutarsan Mustafa müəllimə,
"bilmirəm", "məndə yoxdur" deyib keçməz,
"bu dəqiqə baxaram" deyər. Vaxtını, səbrini
araşdırmağa sərf eləyər,
mümkündürsə, onu mütləq sənə
çatdırar.
Düzünü
deyim ki, Mustafa müəllimi nə vaxtdan, necə
tanıdığımı, ilk ünsiyyətimizin necə
başladığını xatırlamıram. Mənə elə
gəlir ki, gözümü açıb Mustafa müəllimi
görmüşəm; adam əmisini, dayısını necə
görürsə, elə. Yox, özümü tərifləmirəm,
üzr istəyirəm, bunu ona görə deyirəm ki, yəni
mən bu kişini içdən tanıyıram. Bilirəm ki,
abırlı olduğundan bir çox uğur köhləni
onun yanından yorğa keçib, birinin də yüyənindən
tutub yəhərinə qalxmayıb.
Bir dəfə
muğama marağının necə yarandığını
soruşdum, lap başdan danışdı. "Mənim iki
dünyam" adlı kitabında eyniadlı bir xatirəsi var,
dediklərini orda belə yazıb: "Ağlım söz kəsəndə
babam Teymur oğlu Məhəmməd Ağdam bazarından mənim
üçün purijinli patefon, bir də çoxlu qrammafon
valları almışdı. Bu o vaxtlar idi ki, hər evdə
radio olmazdı. Bəlkə buna görə də patefonun
qapağını qaldırıb valı diskin üzərinə
qoyub, onu səsləndirərkən elə bilirdim ki,
böyük bir dünyam var: musiqili, nəğməli bir
dünyam!"
Axırda da dedi
ki, mənim çox yaxşı səsim vardı, xanəndə
olmaq istəyirdim, amma çıxıb adamların
qarşısında oxumağa utandım... Hərdən
heç kim olmayanda özüm üçün oxuyuram.
Mustafa müəllim
pilləkən qalxan qadının arxasınca heç vaxt
ayağını pilləyə qoymaz, liftə qadın girəndə,
dayanıb onun mənzil başına çatmasını
gözləyər. Qarşılaşanda, görüşəndə
qadına birinci əl uzatmaz. Bunu da qarşısındakı
adama hiss elətdirməz. Yəni, bu qədər həssas
davranar.
Açar qəzeti,
ya jurnalı, vərəqləyər, görər ki,
hansısa unudulmuş mərhum haqqında vəfalı,
vicdanlı bir müəllif isti bir xatırtlama yazıb,
müəllifi tanıdı-tanımadı, telefon nömrəsini
tapacaq, mərhumun doğması kimi ona minnətdarlıq edəcək.
Hələ şəxsən tanışlığı olubsa,
bir xatirə də danışıb müəllifin əhvalını
oyadacaq, ovqatına şəkər qatacaq. Bu məqamda onu da
deyim ki, Mustafa müəllim danışmağı çox
sevir. Onunla istənilən mövzunu açmaq olar. Adam
canlı kitabxanadı. Eşidib-bildiklərindən,
görüb- gəldiklərinə qədər, xatirə cildləri
yaddaşının rəflərində sıralanıb.
Heç vaxt boş danışmaz, təbii ki, danışanda
"üzr istəyirəm, vaxtını aldım" deyər,
amma sən başa düşürsən ki, bu, vaxt almaq deyil,
qazanmaqdır. Çünki bu söhbətlərdən
qidalanırsan, öyrənirsən, üfüqlərin
genişlənir. Ümumiyyətlə, Mustafa müəllim
çalışır ki, bildiklərini kimlərəsə
ötürsün; ya bunu kitabların vərəqlərində
yayır, ya da simsarının yaddaşına qoyur. Bunu da həssaslıqla
eləyir.
Mustafa Çəmənli,
sözün həqiqi, geniş mənasında
yazıçıdır. O, bir abzası düzəltmək
üçün üfürə-üfürə seçdiyi
sözlərdən dəstə bağlayır. Onu səhifəyə
elə yerləşdirir ki, nə vərəq inciyir, nə
abzas. Mustafa müəllim, əsasən, tarixi mövzuları
işləyir, xüsusən də xanlıq, bəylik
dövrlərini... Qarabağ xanları... "Xallı gürzə",
"Ölüm mələyi" romanları dəfələrlə
çap olunub. Əsərlərinin dilinin koloriti,
saflığı, musiqisi oxucunu mövzuya bağlayır. Necə?
- Həssaslıqla. Onun sətirləri həyalıdır,
sözləri ismətlidir, mövzusu abırlıdır. Qəhrəmanları
namusludur. Mətni oxuyanda hiss eləyirsən ki, müəllif
oxucusunu düşünüb. Özündən heç bir
tarixi hadisə uydurub azdırmır, hansısa tarixi hadisəni
sənə xoş gəlsin deyə sürtüb
parıldatmır, malalayıb gizlətmir, təhrif eləmir.
Araşdırıb biçənəkdəki çiçəklərin
içindən lazım olan gülü dərir, sənə
uzadır. Bu, həssaslıq deyilsə, bəs nədir?
"Ürəyimdən
kimlər keçdi" adlı xatirələr kitabı var,
orda elə adamların elə xatirələrini yada salıb
ki, oxuyanda o kişilərə rəğbətin artır. Sənə
şəxsiyyətləri sevdirir. "Söz həmişə
diridir" adlı tərtib etdiyi kitabda sənət
adamlarının xatirələri, sözləri toplanıb.
Niyə? - Unudulmasınlar. Dəyərləri, dəyərliləri
qorumaq nə gözəl xidmətdir! Məşhur xanəndələrin
sənət dünyalarından yazdığı kitablar
muğam sənətinin sirlərini, incəliklərini qoruyub
saxlayır. "Leyli və Məcnun" - 100 il səhnədə"
sənədli bədii ensiklopediyası fundamental bir işdir.
Bir əsrlik səhnə tarixini yığmaq kollektiv əməyin
işidir, amma Mustafa Çəmənli bunu təkbaşına,
sənətə, sənətkara olan sevgisiylə eləyib.
Hər dəqiqəsi
bir kitab olan Mustafa Çəmənlinin bütün
kitablarını burda sadalamağa, dəyərlərini
ayrı-ayrı təqdim etməyə istedadım çatmaz,
amma deməyim budur ki, Mustafa müəllim fitilini
yandırdığı ömrünün ağ
işığında oturub, əlinə aldığı qələmlə
bu məmləkətin mədəniyyətinə, incəsənətinə,
ədəbiyyatına faydalı olan əsərlər
yazıb. Bu kitabların hər biri ayrı-ayrılıqda mənbədir
- qiymətli mənbə.
Bu qənaətimi
Mustafa müəllimə deyəndə, deyir: "Elə deyib
məni utandırma". Bir kitabxanalıq kitaba müəllif
olan, bir elmi-tədqiqat institutunun işini təkbaşına
görən adama gördüyü işin hələ gözlə
görünən dəyərini deyirsən, ahıl
yaşında utanır, təriflənmək istəmir,
sözdən yayınır. Bu adama necə heyran olmayasan?
Şəxsiyyəti
ilə yaradıcılığını,
yaradıcılığıyla şəxsiyyətini tamamlayan
Mustafa Çəmənli bizim üçün qənimət
adamdır.
Vüsal NURU
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S.42.