İlk
yağışlar
körpə çiçəklərə
əl tutardı,
ilk kölgələr
qorxaq addımlara
iz salardı.
İndi səssizlik,
tərk edilmiş dua kimi
boş divarlardan
asılır.
Bu şəhərin
səssiz addımları,
bənövşəyi küçələrin
ölümünə göz yumur.
Tanrını
dinlə aldadır.
Susduqca
ittiham böyüyür
ürəklərdə,
Səssiz qalan küçələrdə,
ürəyi sınmış
bir uşaq səsi yatır.
Dərindən bir
çaya atır
məni bu şəhər.
İndi
bilirsən, səssiz qalmaq
necə göynədir
sözlərimi?
unutqanlığını
dişlərinin arasında
gizləyən xəyanətkar
kimi,
iç səsini
yastığa bürüyüb
boğan xudpərəst
kimi,
yanan bir ürəyin istisini
oğurlayan qaranlıq
kimi.
Qışqırmayan
divarların
gündən-günə bağrı
çatlayır axı.
Çiyinlərinə mələk
qonan adamların
barmaqlarında tətik
izi gördüm həmişə.
Demə, bizə
sülh verən
göyərçinlərə dar ağacında dənik.
Daha yağışlar
çirklənmiş səssizlikdən
diksinir,
daha kölgələr
səssizlikdən qaçır,
kölgəliyindən utanır.
Çünki bütün
xəyanətlər
unutqanlıqla başlayır.
Səssiz qalmaq -
ən çirkin
intiqamdır,
Suda boğulanı görüb
suya mərhəmətli baxmaqdır.
Edam günü
Edam gününün
bağbanı,
yarpaqları qıpqırmızı
ağacların başını
kəsərdi,
hər baharda.
Əllərində
qan udan çiçəklər açardı,
susqunluğun dibində.
Hər kölgə
salan ağacın
sinəsinə günəş
bıçaq kimi batardı.
Budaqlarından sallanardı
başı kəsilmiş
yarpaqlar.
Ən körpə laylalar susardı qorxudan,
körpə çiçəklər
doğulduğu -
gün ölərdi,
külək belə
dilini udardı.
Ana südündə
qorxu vardı belə,
bəbəklərimiz
gözlərimizin qucağından
yıxılardı belə.
Əlimi göyə
qaldırsam,
buludlar
itkin düşərdi
deyə,
əllərim Tanrıya
ağız aça bilmədi.
Bəlkə, nə vaxtsa
yarpız qoxusuyla
qayıdar o yağış;
qucaqlayar küçələrin
boyunu.
Bir gün
edam gününün bağbanı
qorxar ilk çiçəyin
rəngindən -
çünki üsyanın
da rəngi qırmızıdır,
çünki hər qanlı yarpaq
yenidən doğular
yaddaşımızın budağında.
Və ağaclar
susmağı unudar,
Bağban
öz əllərindən
qorxar.
Yamyaşıl eşqin
köynəyi altında
ağappaq çiyinlərin
hürkək-hürkək qısılırdı
qucağıma.
Hənirtili bir hıçqırıq kimi
keçdin içimdən,
işığın titrək
qolu sarıldı boynuna.
Qıpqırmızı yanaqların
gözlərimin içində
bir günəş asdı.
Gözlərimin düymələri
yaxanı açdı
səssizcə.
Baxışların dodaqlarıma
toxundu,
istəkdən alışan
od kimi.
Hər toxunuş
qaranlığı uddu,
bir gecənin
bütün əzabını
pıçıldadı barmaqların.
Gözlərin üzümdə
lal axan çay kimi tövşüdü.
Bədəninin ətrini
otağımın qaranlığı
içdi.
İlk öpüşdə
qollarımız havayla sevişdi.
Eşqini soyundu divarlar,
Elə bil, Tanrı da
bu otaqdan ayağını çəkmişdi,
zaman da laqeyd yeriyirdi
saat əqrəblərində.
Gecənin incə beli,
ovuclarımda çırpınarkən,
döşlərin sürüşdü
zamanın əlindən,
göbəyini islatdı
həsrətimin dodaqları.
Lüt işığın
gözləri qarşısında
yatağım dəniz
kimi yırğalandı,
döşlərin havalı
dalğalar kimi
axdı gecəyə
doğru.
Eşqinin inadı
tutqun bir səslə əllərimi
itələdi.
Canındakı yoğun
istək,
İnadını iniltiyə
döndərdi.
Qucağımızın dərinliyində
çırpınan
bir yalvarış
düşdü dodaqlarından.
Dodaqlarımın iztirabı
buxağında titrədi,
dizlərinin içinə
doldu
həsrətimin buludu.
Aramıza yıxmışdıq göy
üzünü,
gülüşləri soldu dişlərinin,
sinəmdən asılmış
dırnaqların
keçmişin izlərini
çəkdi qəlbimə.
Hər toxunuş
barmaqlarımızın yolunu açdı,
gecəni dəyişdik,
içimizin rəngiylə.
Gecənin yatmış saçları
oyandı.
Gecə üzünü
çevirdi pəncərəyə,
arzu bizdən
əlini çəkdi,
ürəyi soyudu otağımızın.
Əkrəm Əylisliyə
Hər səhər bir pəncərə
oyanır daş yuxudan,
divarların arasında
gizlənmiş
bir zaman nəfəs
alır...
Odda bir uşaq səsi
yanır,
əlləri çatmayan
sülhə,
dilində böyüməmiş
laylalara.
Ovcunda bir ocaq yeri
soyuqdan ölür,
bəlkə də dünən doğulan
bir susqun nəğmənin ürəyidir
o köz.
Duydum ki, ana göldə,
qanlı sularda çiçəklərlə
barışmaqdır sənin
adın.
Bağışlamaq
suların axışı
kimidir;
öz yolunu tapar qaya içindən
belə.
Səni kim bağışlamaz,
vətənin qanını
səngərdə içən?
Vətənin üzünü
göy üzündən
gizləyən...
Körpə bir kəpənəyin
qanına susamaqdır
vətən olmaq;
adam öz yerişlərini
görmədikcə torpaq tanımaz...
Səni sevmək
- hamının
qorxusunu gizləməkdir,
gülüşün altında
gizlənmiş bir səs kimi.
Hər evə dustaqlıq yazılıb daş yuxulardan;
divarlar səssiz
ağlayır gecənin
içinə.
Sənsə hələ
də üzüqara yağışlardan
çiçək naməsi
gözləyirsən...
Bilirəm - indi Əylisdə
əkdiyin ərik
ağaclarından
bir qızcığaz
boylanır
kirlənmiş hekayələrinə,
səsini itirdiyin
küçələrə...
Bütün ayrılıqlar,
intiqam ala bilməmək
qorxusudur.
Gedənlər susar, qalanlar
danışmağa utanar...
Adam göz yaşlarını
görməyəndə öz içinə uduzur.
güzgüylə göz-gözə
gələ bilməyən
bir alaçıq kimi.
Bir çinar boyda susqunluq danışar gecələr;
şairlərin nəfəsində
titrəmiş bir kölgə kimi...
Ey Əylisli, sənin gördüyün
yuxular
oyatdı içimizdəki
əsrlik qorxunu.
Axı Tanrı
bir az da ürəyin çəkdiyi
işıqdı;
nə qədər
gizlətsən də,
sızır kor pəncərələrdən.
Yolların da bir yuxusu var;
biz onu ayaqlarımızın izindən öyrənirik.
Hər iz bir dua,
hər dua Əylisdə
susan min illik səsdir...
İndi hardasa bir söz
iməkləyir
yandırılmış kitablarına
sarı.
İndi hardasa bir leylək
ağlayır,
qanadlarının başında.
İndi hardasa bir ümid
yıxılır
ərik ağacından...
Ağaclar da öz kölgəsi qədər yalnızdır,
Adamlar da.
Heyif, daha Əylis axşamlarını
ağlamağa kimsə
qalmadı;
hamı qaçdı,
vətənin dilində
ağladı.
Cavid FƏRZƏLİ
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S.43.