Uzun zamandır
beynimdə dolanan bir sənətkarın fikir, zəka seleksiyası, fundamental elmi
təfəkkür bazası,
bədii ehkam və dissipativ təxəyyül arenası,
ümumən təbiətində
cəmləşmiş mistik
ehtişam cazibəsi gecənin gecə yarısı məni qarşısına aldı.
Beləcə, qeyri-ixtiyari,
mistik hisslərimə
bağlı virtual həmlə
ilə görkəmli
ədəbiyyatşünas-alim (mənim nəzərimdə
akademik!) Rüstəm
Kamal qardaşımın idrak
dəryasına qovuşdum.
Baxdım ki, Rüstəm
qardaşım özünəxas
təbəssümü ilə
gülümsəyərək, sual və təlqin
nəzərləri ilə
gecənin zəhrini yaran irreal təfsirdə üzümə baxır...
Başladım Rüstəm
qardaşımla səmimi
telepatik ünsiyyətə
və şirin söhbətə. Çox
şeylərdən danışdıq.
Ancaq nədən danışdıqsa, fikirlərimizi
sənət dili ilə ifadə etdik. Getdikcə, həmişə olduğu
kimi Rüstəmin söhbətlərindən həzz
almağa başladım.
Axı, Rüstəm gözlənilməz və
həzz verən təhkiyələrlə cümlələri
süsləyir, fikirlərin
özünü belə
hərarətli, emosional,
canlı, obrazlı ifadə uslubunda qurur; özünün təmkinli manerası, müdrik ifadələri, orijinal fikirləri, fəlsəfi baxışları
və məntiqi mülahizələri ilə
qarşısında hansı
auditoriya olur-olsun, öz təsiri altına almağı bacarır. Söhbətləşdikcə,
fikir məni apardı o yerə ki, o yerdə hər şey ülvidir. Bu hərarətli, emosional, güclü məntiqə
malik söhbəti dinlədikcə,
bir anlıq düşündüm və
özüm-özümü belə bir sual
qarşısına çıxardım:
"Bu bir təsadüf
deyil ki, Rüstəm özünə Kamal təxəllüsü
götürüb. Məhz,
ehtiramla andığım
mərhum atasının
adının Kamal olması
da bir təsadüf deyildır. Hər halda başqa bir ad da ola bilərdi. Ancaq görünür, bunun özü də mistikanın gerçəyi canlandıran
bir təzahürdür.
Kamaldan törəyən
oğulun kamalı ilə bağlıdır bu ad və ona
görə də Rüstəm qeyri-ixtiyari özünə Kamal təxəllüsünü
götürüb və
bütün səciyyələr
göstərir ki, tam doğru
seçim edib. Rüstəmin kamalı dərindir, fəlsəfi mündəricəsi amalına
və əməlinə,
həyata və sənətə baxışlarına
uyğundur.
Ümumiyyətlə, adla bağlı mənim fəlsəfəm belədir
ki, ad insana təsadüfdən
gəlmir. Bu təbəddülatın
özünün də
bir mistik semantikası var. O da var ki, nahaq
yerə ulu dədələrimiz
adqoyma mərasimini hər kəsin əməlinə və amalına, şücaətinə
və göstərdiyi
hünərinə, qazandığı
adına görə, uyğun bir zaman yetişdikdən sonra keçirmirlər.
Elə insanlar
var, onlar təkcə birbaşa ünsiyyətlə
deyil, hətta kürəyi ilə hiss edirlər. Uzaqdan-uzağa,
duyğuları ilə
insanların ruhuna ruh qatırlar. İstər-istəməzlik deyilən
bir fəhmlə nə düşünürlərsə,
düz düşünürlər;
fərqli düşünürlər;
ideal düşünürlər;
orijinal düşünürlər.
Belə insanlar İlahi qüvvənin energetikasının təmsilçiləridir.
Belə insanların ruhunda yaşayan mistik duyum güclüdür.
Rüstəm Kamal bu qəbildən sənətkarlardandır. Rüstəm
Kamal kimi insanlar əlahiddə istedad sahibi olan insanlardır. O insanlar üçün doğrudan, həqiqətdən,
ədalətdən, gerçəkdən,
yüksək amallardan
başqa heç bir şey maraqlı
deyildir. İstedadsızlardan
fərqli olaraq kimsənin kədərinə
sevinməzlər; lakin
hər kəsin sevincini öz sevinci kimi qəbul
edərlər... xeyirxahdırlar...
heç nədə gözləri olmaz; nəfsi bütöv - gözü tox olurlar. İntiqam, qisas deyilən neqativ ovqat təsirinə
düşməz, elə
mənfur əməllərə
boyun əyməzlər;
yüngül, ucuz işlərdən yan qaçarlar. Mənasız
vərdişlərə aludə
olmazlar; kimsəyə
tələ qurmazlar və s.
İstedadlı
adamlar düşündüyünü
danışar, ikili təməldən uzaq, birmənalı yaşamağı,
davranmağı sevərlər.
Rüstəm Kamal belə şəxsiyyətlərdəndir.
Onun ürəyi körpə uşaq ürəyi kimi, körpə uşaq qəlbi kimidir. Küsəndə belə uşaq kimi küsür - adi bir xoş münasibətə
hər şeyi unudur, barışanda da uşaq həssasiyyəti
ilə barışır
- içində kin saxlamır.
Rüstəmin intiusiyası
İlahi qüvvəyə
bağlıdır - o, hər
şeyi vəhylə hesablayır və ən doğru olanı da intiusiyanın
ötürdüyü enerjinin
impulslarıdır. Çünki
o hisslər ilahi qüvvədən qaynaqlanır,
təfəkkür isə
hər şeyi sonradan hesabladığına
görə, ölçüb-biçir
və insanı özünün istədiyi
səmtə yönəldə
bilir. O səmtdə yanlış istiqamət də qaçılmazdır.
Çünki şeytan
da boş durmur, məhz insan götür-qoy edərkən, müdaxilələri
ilə yanılda bilir. Odur ki,
Rüstəmin intiusiyası
onu həmişə motivə edir və yanılmağa qoymur...
Mən Rüstəm
Kamalın obrazını
bir kəlmə ilə belə səciyyələndirirəm - Rüstəm
Kamal mənin üçün həmişə
müqəddəs hesab
etdiyim Kür çayıdır. Niyə
çay, həm də Kür çayı? Birincisi, çayın suyu axar olur - axar
su kir götürməz;
təmiz və pak olar. Rüstəm
ləkəsiz və pakdır. Kür çayına gəldikdə
isə, Kür emosional, coşqun çaydır. Rüstəm
Kamal da nə qədər sakit, rahat, mülayim,
təmkinli olsa belə, coşqun təbli və emosional təbiətlidir. Ancaq o, coşqunluğu, emosionallığı ilə
yanaşı, həm də bədii mündəricəsi, dərin
fəlsəfəsi, çoxsaylı
fikir inqriyidentləri ilə diqqət çəkəndir.
Kür çayı
kükrəyərkən eşqi,
ilhamı, təbi və vəhyi ilə coşub-daşır.
Elə coşur, elə daşır ki, yan-yörəsini ağuşuna alıb aparır. Bax, Rüstəm də çıxışlarında o cür coşur, o cür daşır - Kürün kükrəməsinə
bənzəyir Rüstəmin
çıxışları. İlhamının gücüylə
təfəkkürən və
təxəyyülən varmadığı
ənginlik qalmır. Mövzu ətrafında fikirlərini formalaşdırdıqca
və sıraladıqca
heç kəsin toxunmadığı cəhətlərə
toxunur; ən əsası da odur ki, heç
kəsin ifadə edə bilməyəcəyi
epitetdə danışır.
Girişdən finala qədər bir sap boyunca düzülmüş
muncuq kimi düzür sözləri.
İfadələri zəngin,
poetik, cümlələri
sadə, məzmunlu. Bircə kəlməsi, bircə durğu işarəsi belə artıq ola bilməz; ölçülü,
biçili...
Bir də, Rüstəm çıxış
etmək üçün
heç vaxt hazırlaşmır. Onun fikirləri anında, bədahətən doğulur
və anında ifadəsini tapır. Məhz ona görə
də Rüstəmin çıxışları hər
kəsin çıxışından
fərqli olur. Danışdıqca, adama elə gəlir ki, Molla Vəli
Vidadinin öz təbirində şeirlərini
dinləyirsən; Molla
Pənah Vaqifin ağayana manerası ilə qarşı-qarşıyasan;
Səməd Vurğunun
bədahəti ilə
üz-üzəsən... bu
fikirlər xətri yerlər-göylər qədər
əziz olan bir dost üçün
söylənən tərifli
sözlər, mədhlər
kimi anlaşılmasın.
Yəqin ki, ədəbiyyat aləmində
Rüstəm Kamalı
yaxından tanıyan hər kəs mənə haqq qazandırar, çünki
onun müxtəlif tədbirlərdə, görüşlərdə,
toplantılarda, hətta
ən kiçik çıxışında belə
məntiqli və məzmunlu, akademik yüklü fikirləri ətrafı öz sehri ilə necə tilsimlədiyini etiraf edərlər. Rüstəmin çıxışlarından
sonra uzun müddət təsirdən
ayrıla bilmirsən və adekvat olmayan orijinallığa heyran qalırsan.
Belə düşünənlər
ola bilər ki, Rüstəm özü daha məzmunlu fikir ifadə edə biləcək qüdrətdə
olduğu halda, nə üçün İftixar Rüstəmi mədh edir? Səbəb yalnız birdir: bu, Rüstəmin
haqqıdır və mən bilə-bilə ki, bu onun
haqqıdır, bu haqqı ona verməsəm, onun çevrəsində olan,
ona qardaşım deyən adam kimi özümü günahkar hesab edərəm. Əslində
biz - cəmiyyət, xalqımızın, millətimizin
ləyaqət sahibi insanlarını, xüsusən
də, seçilmiş
nümayəndələrimizi dəyərləndirməli və
onun haqqını verməkdən çəkinməməliyik!
Biz, gördüyümüzü,
şahidi olduğumuzu,
gerçəyi söyləməyə,
əyrini-əyri, düzü-düz
deməyə mükəlləfik.
Və gerçəyi
demək, yazmaq inamdan və imandandır!..
Rüstəm Kamal
haqqında danışmaqla
bitməz...
Fikirlərimi bir
hüduda gətirirkən
görkəmli ədəbiyyatşünas
alim, çox dəyərli qardaşım
Rüstəm Kamalın
60 yaşı öncəsi,
bu münasibətlə
2021-ci ildə yazdığın
bir parça şeirlə kiçicik poetik tabloda rəsmini belə təsvir edə bilmişdim:
İpək
kimi ürəyin var -
Halal duzun, çörəyin var.
Nur axtaran səni tapar...
Tanrı uzun ömür versin
Kamal oğlu Rüstəm Kamal.
Sən eşqi haqdan alırsan -
Könüllərə nur salırsan,
Sözünlə zəfər
çalırsan...
Şəffaf məntiq,
aydın amal
Kamal oğlu Rüstəm Kamal.
Hər dostunun sirdaşısan -
Sən hər kəsin qardaşısan.
İftixarın candaşısan...
İradəmdir: qeydinə
qal
Kamal oğlu Rüstəm Kamal.
Bu dünyanın qəmi çoxdur -
İstəyəndə dəmi
çoxdur.
Ha cəmləsən, cəmi
yoxdur...
Qəmdən dəmə
yolunu sal
Kamal oğlu Rüstəm Kamal.
Bu gün sənin yaş günündür
-
Hər günündən
baş günündür.
Yaşınla savaş
günündür...
Zəfər qazan, qələbə çal
Kamal oğlu Rüstəm Kamal.
Altımış yaşın
gələcək...
Yüz altımışını
görək
Alimlər alimi Rüstəm!..
Hər yaşından
min ləzzət al
Kamal oğlu Rüstəm Kamal.
09.04.2025. Saat 01.52
İFTİXAR
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S.45.