"Özünüzü
deyil, cəmiyyəti dəyişdirin"
Keti Fitzpatrik (Katie Fitzpatrick) Yeni Zelandiyanın tanınmış təhsil
tədqiqatçılarından biridir. O, hazırda Oklend Universitetində professor kimi çalışır, sağlamlıq,
fiziki tərbiyə, cinsi təhsil və sosial ədalət mövzularında
araşdırmaları ilə
beynəlxalq miqyasda tanınır. Karyerasına
orta məktəb müəllimi kimi başlayan Fitzpatrik, təhsilin praktik aspektlərini dərindən
öyrəndikdən sonra
akademik sahəyə keçib. Fitzpatrik 2010-cu ildə Vaikato Universitetində doktorluq dissertasiyasını müdafiə
edib. Onun dissertasiya mövzusu sağlamlıq və fiziki tərbiyə təhsilinin sosial və mədəni kontekstlərinə tənqidi
etnoqrafik yanaşma olub. 2014-cü ildə o, prestijli Ruterford Araşdırma Təqaüdünü
qazanaraq, gənclərin
sağlamlıq bilikləri
və praktikaları sahəsində genişmiqyaslı
tədqiqatlar aparmağa
başlayıb. Onun araşdırmaları, xüsusilə
şəhər məktəblərində
sosial ədalət, rifah və sağlamlıq
siyasətlərinin yenidən
düşünülməsi üçün dəyərli
töhfələr verir.
Fitzpatrik həm
də bir neçə elmi monoqrafiyanın müəllifidir.
Onun "Tənqidi pedaqogika, bədən tərbiyəsi və şəhər təhsili"
("Critical Pedagogy, Physical Education and Urban Schooling") (2013) adlı
kitabı Şimali Amerika İdman Sosiologiyası Cəmiyyəti
tərəfindən "İlin
Ən Yaxşı Kitabı" mükafatına
layiq görülüb.
Sonrakı əsərləri
"Tənqidi etnoqrafiya
və təhsil"
("Critical Ethnography
and Education") və
"Şeir, metod və təhsil araşdırmaları" ("Poetry, Method and Education Research") təhsil
tədqiqatlarında metodoloji
yeniliklərə töhfə
verən əsərlərdəndir.
Akademik fəaliyyəti
ilə yanaşı, Fitzpatrik Yeni Zelandiyada təhsil siyasətinin formalaşdırılmasında
da fəal iştirak edir. O, Təhsil Nazirliyinin "Münasibətlər və
cinsəllik təhsili"
üzrə milli təlimat sənədlərinin
hazırlanmasında baş
məsləhətçi olub.
Keti Fitzpatrikin
"Özünüzü deyil,
cəmiyyəti dəyişdirin"
adlı məqaləsini
ilk dəfə dilimizdə təqdim edirik.
Arendt (yəhudi
əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və
tarixçi - tərcüməçi),
hesab edir ki, hər hansı
bir qanunun pozulmasının vətəndaş
itaətsizliyi sayılması
üçün bu hərəkət açıq
və ictimai şəkildə həyata
keçirilməlidir.
Məhəllə davaları
tez-tez dünya tarixinə düşmür,
amma Henri Devid Toro (Amerikalı
idealist filosof və yazıçı -
tərcüməçi) 1846-cı ilin yayında ödəməli olduğu
vergini polis əməkdaşına ödəmədiyi
üçün bir gecə həbsdə qalır və bu fərdi etirazını
daha sonra "Vətəndaş itaətsizliyi
vəzifəsi haqqında"
(1849) adlı essesi ilə ölümsüzləşdirir.
Yazısında Toro ədalətsizliyin yayılmasına
səbəb olan federal hökuməti, köləliyi və Meksika ilə müharibəni (soyuq) davam etdirən hakimiyyəti tənqid edir, bu hökumətə
maddi dəstək vermək istəmədiyini
bildirirdi. Toronun sağlığında bu
esse geniş yayılmasa da, onun ortaya qoyduğu
vətəndaş itaətsizliyi
nəzəriyyəsi sonralar
L.Tolstoy, Mahatma Qandi və Martin Lüter Kinq kimi bir çox
mütəfəkkirə ilham
qaynağı oldu.
Lakin Toronun müxalifliyinin də öz müxalifləri var idi. Siyasət
nəzəriyyəçisi Hanna Arendt 1970-ci ilin sentyabrında "The
New Yorker" jurnalında dərc
olunan "Vətəndaş
itaətsizliyi" adlı
məqaləsində Toronun
əslində gerçək
bir vətəndaş
itaətsizliyi nümunəsi
ortaya qoymadığını
bildirmişdi. Onun fikrincə, Toronun əxlaq fəlsəfəsi
ictimai müqavimətə
rəhbərlik etməli
olan kollektiv ruhla ziddiyyət təşkil edirdi. Bəs necə oldu ki, vətəndaş
itaətsizliyi deyildikdə,
ağla gələn ilk adlardan biri,
məhz özü tərəfindən irəli
sürülmüş bu
nəzəriyyəni bu
qədər dərin şəkildə yanlış
anlamaqda ittiham olundu?
Toro öz yazısında bir tərəfdən, dövlət
hakimiyyətini tənqid
edir, digər tərəfdən isə fərdi vicdanı müdafiə edir. "Volden" (1854) əsərində
insanın izləməli
olduğu yolun onun şəxsi istedadına uyğun olduğunu qeyd edərkən, "Vətəndaş
itaətsizliyi vəzifəsi
haqqında" adlı
essedə ölkədəki
qanunlar əvəzinə
vicdanımıza tabe olmalı olduğumuzu deyir. Onun sözlərinə
görə, vətəndaş
heç bir halda vicdanını qanunlara təslim etməməlidir. Toro üçün bu prinsip, qanun öz legitimliyini demokratik bir seçkidən və ya referendumdan alsa belə keçərli olmalıdır.
Hətta o, demokratik iştirakın əxlaqi xarakterimizi zədələdiyini
düşünür. Bu
fikrinin səbəbini
isə belə izah edir: Onun
fikrincə, biz səs verdikdə əlbəttə ki, doğru olduğuna inandığımız bir
prinsipə səs veririk. Amma bunu
etməklə, eyni zamanda çoxluğun seçəcəyi prinsipi
- istər doğru, istər yanlış olsun - qeyd-şərtsiz qəbul edəcəyimizə
dair bir iradə ortaya qoyuruq. Yəni əslində kütləvi
fikir, yanlış olsa belə, əxlaqi doğru anlayışından üstün
tutula bilər. Öz vicdanına sonsuz inam bəsləyən
Toro dövlət hakimiyyətinə və demokratiyanın gətirdiyi
dəyərlərə inanmadığı
üçün, köləlik
kimi öz inancına zidd olan qanunlar qarşısında
vətəndaş itaətsizliyini
müdafiə edirdi.
Toronun 1846-cı ildə
federal hökumətə
maddi dəstək göstərməmək qərarı,
əlbəttə ki, doğru bir addım idi. Onun bu itaətsizliyinə
ilham verən nəzəriyyə isə
sonrakı dövrlərdə
bir çox məsələdə nümunəyə
çevriləcəkdi. Lakin
bu diqqətəlayiq uğura baxmayaraq, Arendt Toronun nəzəriyyəsinin səhv
olduğunu düşünür
və səhvin xüsusilə itaətsizliyin
vicdana əsaslandırılmasından
qaynaqlandığını müdafiə edirdi. Arendtin fikrincə, vicdan siyasi bir
hərəkəti qanuniləşdirmək
baxımından son dərəcə subyektiv bir kateqoriyadır. Məsələn, ABŞ-ın
miqrasiya idarəsindəki
işçilərin qaçqınlara
münasibətini etirazla
qarşılayan sol düşüncəli şəxslər
öz vicdanlarına əsasən hərəkət
edirlər. Amma eyni şəkildə,
2015-ci ildə Kentukidə
homoseksual cütlüklərə
nikah icazəsi verməyən mühafizəkar
məmur da öz vicdanına əsaslanaraq qərar vermişdi. Vicdan təkbaşına istənilən
siyasi inanca qanuni əsas qazandırmaq üçün
istifadə oluna bilər və bu səbəbdən də əxlaqi bir hərəkət üçün hər hansı zəmanət vermir.
"Vicdan insana
"nə etməli
olduğunu deyil,
nə etməməli
olduğunu" söyləyir"
İkincisi,
Arendt hesab edir ki, insan
əxlaqi baxımdan qüsursuz olsa belə, vicdan "siyasi deyil" və bizi dəyişiklik
yarada biləcək kollektiv fəaliyyətlərdən
çox, öz daxili aləmimizə yönəltməyə təşviq
edir. Lakin Arendt vicdanın siyasi olmadığını
deyərkən onun faydasız olduğunu nəzərdə tutmur. Əksinə, o, vicdanın
səsinə qulaq asmağın çox zaman həyati əhəmiyyət daşıdığına
inanır. Məsələn,
onun fikrincə, nasist zabiti Adolf
Eyxmanın təsəvvüredilməz
qəddarlıqların bilavasitə
iştirakçısına çevrilməsinin səbəblərindən
biri etik daxili düşüncə
qabiliyyətinin olmamasıdır.
Arendt, birbaşa təcrübə etdiyi faşizm dövründə
vicdanın insanı hər cür ədalətsizliyi daha da dərinləşdirməkdən
çəkindirəcəyini yaxşı bilirdi. Amma bunu əlavə
bir dəyər kimi deyil, insanın
onsuz da malik olmalı olduğu minimum əxlaqi xarakter kimi qiymətləndirirdi. Çünki onun fikrincə, vicdan insana "nə etməli olduğunu deyil, nə etməməli olduğunu"
söyləyir. Başqa
sözlə desək,
şəxsi vicdanlarımız
bəzən bizi şərdən çəkindirə
və ya pisliyə yardım etməyimizin qarşısını
ala bilər, lakin ədaləti təmin etmək üçün bizi mütləq şəkildə
aktiv siyasi hərəkətə keçməyə
vadar etmir.
İndi Toro bu fikirləri eşitsəydi, öz vətəndaş itaətsizliyi
nəzəriyyəsinin insanlara
yalnız nə etməli olduqlarını
söylədiyini yəqin
ki, qəbul edərdi, çünki o,
fərdin dünyanı
dəyişmək və
onu daha yaxşı yerə çevirmək kimi bir məsuliyyət daşıdığına inanmırdı.
"Şübhəsiz ki,
insanın borcu hər hansı bir səhvin, hətta ən böyük səhvin belə aradan qaldırılmasına özünü
həsr etmək deyil", - deyə yazır, - "amma elə hallar ola bilər ki, onun iştirakı
tələb olunsun və belə vəziyyətlərdə heç
olmasa, əllərini təmiz saxlamaq onun borcudur". Arendt də ədalətsizliyə şərik
olmaq əvəzinə,
ondan uzaq durmağın daha doğru olduğu fikrində Toro ilə həmfikirdir. Lakin o, Toronun ortaya qoyduğu fəlsəfənin, şəxsən
cinayətə ortaq olmadığımız təqdirdə
bizi hər cür pisliyə qarşı laqeyd buraxacağından narahatdır.
Arendtin ifadəsi ilə desək, Toronun itaətsizliyi yanlış əməllərin
baş verdiyi xarici dünyaya deyil, şəxsi vicdanın qərarlaşdığı
daxili aləmə yönəlir və ədalətli bir cəmiyyət qurmaqdan çox, fərdin əxlaqi təmizliyinə
üstünlük vermək
riskini daşıyır.
Yəqin ki, Toro ilə Arendt
arasındakı ən
mühüm fikir ayrılığı, Toronun
itaətsizliyi fərdi
və zəruri bir hərəkət kimi görməsi, Arendtin isə itaətsizliyi təbiəti
etibarilə ictimai bir fəaliyyət hesab etməsidir.
Arendt hesab edir ki, hər
hansı bir qanunun pozulması sivil itaətsizlik sayılmaq üçün
bu pozuntunun açıq və aşkar şəkildə
həyata keçirilməsi
vacibdir. Daha sadə dillə desək, hakimiyyət tərəfindən tətbiq
olunan qaydaları təkbaşına pozmaq, sadəcə, şəxsi
bir cinayət sayıla bilər. Lakin bu qaydaların
bir etiraz aksiyası zamanı kollektiv şəkildə pozulması artıq cinayət deyil, əksinə, dəyişdirilməli
olan bir məsələyə diqqət
çəkən bir akt sayılır. Toronun seçki vergisini ödəməkdən
imtina etməsi bu tərifə uyğun gəlir, lakin burada Arendt
bir fərq qoyur: Qanunu açıq
şəkildə, lakin
şəxsi səviyyədə
pozan hər kəs vicdanından imtina etmiş sayılır, qanunu həm açıq, həm də ictimai şəkildə pozmaq isə sivil itaətsizlikdir.
Arendt qeyd edir ki, əsl
dəyişiklik yaratmaq
potensialına sahib olanlar Toronun kənarda saxladığı
ikinci qrup - yəni kütləvi hərəkət edənlərdir.
Kütləvi sivil itaətsizlik aksiyaları impuls yaradır, təzyiq göstərir və siyasi diskursu dəyişməyə
məcbur edir. Arendtin fikrincə, Hindistanın müstəqillik
qazanması kimi böyük sivil itaətsizlik hərəkatları
ilhamını Torodan alsa da, bu
hərəkatlara xalqın
kütləvi iştirakı
hərəkətə ictimai
bir bağlılıq
qatır. Halbuki Toro bunun əksinə
olaraq, kütləvi aksiyalarda fəzilətin, ya ümumiyyətlə olmadığını, ya
da çox aşağı səviyyədə
təzahür etdiyini düşünürdü.
"Vətəndaş itaətsizliyi vəzifəsi
haqqında" - nadir
rast gəlinən bir əxlaqi baxış təcrübəsidir.
Toro bu məqaləsində
həm federal hökuməti sərt tənqid edir, həm də vətəndaş itaətsizliyinin
əsasını təşkil
edən güclü etik dəyərləri gündəmə gətirir.
Bununla belə, Arendtin itaətsizliklə bağlı düşüncələri
praktik baxımdan daha ümidvericidir, çünki o, şəxsi
vicdanımıza qapılmaqdansa,
baş verən ədalətsizliyə və
bunun doğurduğu zərərlərin aradan qaldırılmasına yönəlməyin
vacibliyini vurğulayır.
Lakin bu, əlbəttə ki, sivil itaətsizliyin mülayim və asanlıqla həyata keçirilə biləcək
bir hədəfi olmalı olduğu anlamına gəlmir, əksinə, onun dəyişdirmək gücünə
malik olduğu bir dünyaya yönəlməsi lazım
olduğunu göstərir.
Keti Fitzpatrik
Tərcümə edəni: Nilufər Hacılı
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S.46.