Ədəbiyyatımızın Rəsul Rza günü

 

Şairin məzarı ziyarət edildi, Rəsul Rza mükafatı laureatlara təqdim olundu

 

 

Od çəkdi,

 

küldən soruş!

 

hansı şerim,

 

hansı sözüm

 

yaşayacaq məndən sonra?

 

Mən bilmirəm,

 

eldən soruş!

 

El bu suala çoxdan cavab verib. Rəsul Rza XX əsrin son çərəyində dünya ilə vidalaşdı, amma onun poeziyası ötən əsrdən XXI əsrə adladı. Rəsul Rza bu gün əbədiyaşar misraları ilə sıralarımızdadır. Gələcək günlərdə yeni nəsillər Rəsul Rza poeziyasının cazibəsinə düşəcəklər onu yaşadacaqlar. Rəsul Rza fenomeni Azərbaycan poeziyasında mayak kimi həmişə poetik üfüqlərə yol açacaq. Zaman bu həqiqəti çoxdan təsdiq edib.

Onun şeirlərinin mahiyyət məzmununda həm lirika, həm Vətən obrazı, xalqın tarixi, həm bəşəriyyətin taleyi haqqında fikirlər öz əksini tapır. Bu şeirlər öz quruluşuna görə gözlənilməz illüziyalarla, assosiasiyalarla ("Rənglər" silsiləsini xatırlayaq) yeni poetik təbəqə, poetik düstur intellektual sahə yaratdı ki, o sahəyə aid olmaq, orda yaşamaq, o sahənin poetik vətəndaşı olmaq yeni ədəbi nəsillər üçün qürur mənbəyidir.

Rəsul Rza poeziyasının daxili hərəkətverici qüvvəsi mənsub olduğu xalqın tarixi taleyi olub. Müxtəlif illərdə yazdığı "Təbrizim mənim", "Ərk qalası", "Didərginlər", "Vətən dedim", "Şuşam mənim" şeirlərində vətənin ağrılarını dilə gətirən şair "Mən torpağam", "İnsan şəkli" bu qəbil şeirlərində böyük hərflərlə yazılan İnsan obrazını, onun nigaran duyğularını, arzu istəklərini poetik dillə ifadə edir.  Bu misralar humanist şairin İnsan oğluna -  gələcək nəsillərə vəsiyyəti kimi səslənir:

 

 Mən istəyirəm:

 

buludlar ağlasın,

 

uşaqlar ağlamasın;

 

analı, ya anasız.

 

Mən istəyirəm:

 

güllər açılsın,

 

güllələr açılmasın,

 

amanlı, ya amansız. 

 

Tanrının insana bəxş etdiyi ən qiymətli nemət Vaxtdır. Şair yazır:

 

Vaxt var ikən

 

bircə qələm vur,

 

bir budaq peyvənd elə.

 

Demə, o necə, mən elə.

 

Düşmənə amansız ol,

 

dosta xoşqılıq!

 

 Vaxt var ikən

 

elə yaşa, elə çalış,

 

bir gün sən olmayanda

 

hər kəsə aydın görünsün

 

yerində qalan boşluq.

 

 Özü Tanrının ona verdiyi Vaxtı xalqına, ədəbiyyatımıza sərf etdi ölməz incilər yaratdı. Bu səbəbdən qədirbilən xalqımız bu gün onu qəlbində yaşadır. Rəsul Rza XX əsr Azərbaycan poeziyasında yeni mərhələnin başlanğıcını qoydu, onun poeziyada açdığı iz modern şeirimizin gəlişməsinə vəsilə oldu. Rəsul Rza öz ardıcıllarını yetişdirdi - Əli Kərim, Ələkbər Salahzadə, İsa İsmayılzadə... Onlara haqsız hücumlar olanda da böyük şair sinəsini irəli verib onları qorudu. bununla da poeziyamızın inkişafına təkan verdi. Bütün parametrlər üzrə onun Azərbaycan poeziyasında xidmətləri ölçüyəgəlməzdir. 

 

2025-ci il mayın 19-da, günəşli yaz səhərində Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 ilinin tamamında böyük şairin Fəxri Xiyabandakı məzarı ziyarət edildi, məzarı üzərinə tər gül dəstələri düzüldü. Şairin məzarı başında keçirilən tədbirin aparıcısı akademik, millət vəkili Rafael Hüseynov Rəsul Rzanın ədəbiyyat, mənəviyyat ictimai fikir tariximizdəki mühüm xidmətlərindən danışdı. Əməkdar İncəsənət xadimi, şair Yusif Həsənbəy Rəsul Rza ilə bağlı xatirələrini dilə gətirdi, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs Rəsul Rzanın Azərbaycan poeziyasındakı xidmətlərini xatırlatdı. Xalq yazıçısı Anar atasının xatirəsini əziz tutduqları üçün iştirakçılara minnətdarlığını bildirdi.

Daha sonra, hər il olduğu kimi, bu dəfə Azərbaycan Yazıçılar Birliyində Rəsul Rza mükafatının təqdimat mərasimi keçirildi. Heç şübhəsiz, Rəsul Rzanın adını daşıyan mükafat hər bir ədəbiyyat adamı üçün bir uğur impulsudur, peşəkarlığın zəmanətidir. Mükafatlandırmadan öncə akademik, millət vəkili Rafael Hüseynov Rəsul Rza yaradıcılığının sonrakı nəsillərə təsiri poeziyamızdakı rolu barədə geniş ətraflı çıxış etdi qeyd etdi ki, Rəsul Rza mükafatının sahibləri həm öz qələmləriylə böyük şairin yolunu davam etdirirlər. Rəsul Rza deyirdi ki, "mən ürəyəm, döyünməsəm, ölərəm". İstedadlı qələmlər daim var olmalıdır ki, o ürək hər zaman döyünsün.

Ədəbiyyatşünas Etibar Əbilova, şairlərdən Musa Aslanxanlıya, Əli Yusifə, Aləmzər Sadıqqızına, yazıçı-publisist Kənan Hacıya Rəsul Rza mükafatı təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar laureatları təbrik etdi onlara daha böyük yaradıcılıq uğurları arzuladı. 

Ədəbiyyatımızın tarixində daha bir unudulmaz Rəsul Rza günü yaşandı.

 

Ədəbiyyat qəzeti.- 2025.- 23 may (№18).- S.2.