Müdrik insanların
dostluqları da müdrik
olur. Eynilə Heydər Əliyev və Cavad Heyət
kimi... Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin dostları hər zaman say-seçmə insanlar olub: görkəmli siyasətçilər, elm adamları,
mədəniyyət xadimləri
və b. Belə say-seçmə və bənzərsiz dostlardan biri də o taylı-bu taylı Azərbaycanın ağsaqqalı,
İranda ilk dəfə
açıq ürək
əməliyyatını həyata
keçirən dünya
şöhrətli cərrah-alim,
türkoloq Cavad Heyətdir.
Azərbaycan xalqının
qismətinə düşən
bu iki dahi
şəxsiyyətin dostluğunun
kökündə milli birlik,
soykökə bağlılıq,
yüksək vətənpərvərlik
hissləri durur. Ötən əsrin əvvəllərindən vətənimizə,
xalqımıza uzanan
yad əllər H.Əliyev və C.Heyət tanışlığının
gecikməsinə, onların
yaxınlaşmasına mane
olmuşdu. Lakin uca
Allah tərəfindən talelərinə
yazılan dostluq bir qədər geciksə də, sonradan qırılmaz əlaqələrə, möhkəm
bağa çevrildi. Bəs bu əbədiyaşar
dostluq necə başladı? Gəlin, birlikdə zamanda yolculuq edərək 43 il əvvələ qayıdaq.
Belə ki, 1982-ci ildə,
indiki H.Əliyev
adına sarayda Azərbaycan dramaturgiyasının
banisi M.F.Axundovun anadan olmasının 170 illiyi ilə bağlı dövlət tədbiri təşkil olunmuşdu. Ədəbiyyata,
incəsənətə xüsusi
diqqət və qayğı göstərən
H.Əliyev hər zamankı kimi bu tədbiri
də diqqətindən
qaçırmamışdı. Xoşbəxtlikdən, C.Heyət həmin vaxt prof. Nurəddin Rzayevin qonağı kimi Bakıya dəvət olunmuşdu. Tədbir iştirakçılarından olan
C.Heyətə arxa sıralarda yer ayrıldığını
desələr də, təvazökarlıq edərək
xalqın içərisində
əyləşməyi seçir.
Lakin doktor Heyət insanşünas Heydər Əliyevin gözündən
yayınmır. Ulu öndərin
nəzərlərini öz
üzərində hiss edən
Cavad Heyət yerindən qalxaraq başı ilə onu salamlayır. Tədbir bitdikdən sonra H.Əliyev
səhnə arxasında
onun üçün ayrılmış xüsusi
otağa keçir və deyir: "Doktor Cavad bəy
təkcə Nurəddinin
qonağı deyil. O, Azərbaycanın qonağıdır.
Bütün qapılar
onun və həyat yoldaşının
üzünə açıqdır.
Əgər meyli olarsa, mənimlə də görüşə
bilər".
Təəssüf ki, dövrün
siyasi çətinlikləri
bu görüşün
tam şəkildə reallaşmasına
mane olur. Cavad Heyət hər iki tərəf
üçün yarana
biləcək problemlərdən
ehtiyat edərək Heydər Əliyevə salam və ehtiramını
göndərməklə kifayətlənməli
olur.
1992-ci ildə mənfur düşmən tərəfindən
başlanan işğalçılıq
siyasəti torpaqlarımızın
itirilməsinə, yüz
minlərlə insanın
dədə-baba yurdlarından
qaçqın düşməsinə
səbəb olmuşdu.
Bu ağır və faciəli günlərdə
hər kəs öz cəbhəsində
əlindən gələni
edərək, əsl vətəndaşlıq borcunu
yerinə yetirməyə
çalışırdı. Ürəyi həmişə
Azərbaycanla döyünən
Cavad Heyət Kəlbəcərin işğalı
xəbərini eşidəndə
dərindən sarsılır
və həmin gecə göz yaşları ilə Türkiyə prezidenti Süleyman Dəmirələ
Qarabağ müharibəsində
Azərbaycana yardım
etməsi üçün
tarixi məktub yazır: "Sayın Cümhur Rəisi, lütfən, məni əfv edin. Bu sətirləri göz yaşlarımın qabağını
ala bilmədən yazıram
və bu anda Allah-Təaladan xalqımıza qurtuluş,
ya da özümə ölüm istəyirəm.
Biz tarix boyu izzət və şərəflə yaşadıq
və zamanı gəldikdə ölümü
zillətə tərcih
verdik. Ona görə də mən bu günlərimizi xalqımız üçün
yaşamaq saymıram.
Bu gün mənim əlimdəki qələm-kağız
və quru nəfəsimdən başqa
bir şeyim yoxdur. Onları da məzlum xalqımızın
yolunda sevə-sevə
verməyə razıyam..."
Oxuyan hər kəsə təsir edən bu məktub
qısa zaman ərzində
H.Əliyevə də çatır. Belə ki, Amerikaya rəsmi görüşə
gedən zaman vətəndaş-şair
Bəxtiyar Vahabzadə
təyyarədə sözügedən
məktubu H.Əliyevə
oxuyur. Məktubdan təsirlənən ulu öndər
B.Vahabzadəyə deyir: "Mən Doktor Cavad Heyəti
xeyli müddətdir
ki, tanıyıram, onun
yazdıqlarını oxumuşam,
özüylə də
görüşmüşəm. Doktor Cavad nə
vaxt Bakıya gəlsə, onu mənim yanıma gətirin ki, onunla yaxından tanış olum, öz təşəkkürümü
ona üzbəüz bildirim".
Çox keçmir
ki, arzuolunan görüş
baş tutur. Həmin hadisədən sonra C.Heyət
Bakıya ilk səfərində
B.Vahabzadə ilə birlikdə prezidentlə görüşmək üçün
iqamətgaha gəlirlər.
Təxminən, bir saata qədər davam edən görüş H.Əliyev
və C.Heyət dostluğunun möhkəmlənməsində
xüsusi bir mərhələ təşkil
edir. Sonralar isə bu görüş
bir növ ənənə halını
alır.
Belə görüşlərdən
biri isə 1996-cı ilə təsadüf edir. 1996-cı ilin 29 oktyabrında H.Əliyevin
şəxsi təşəbbüsü
və himayəsi ilə görkəmli dramaturq Hüseyn Cavidin məqbərəsinin
açılışı idi. Ulu öndər həmin vaxt Azərbaycanda olan doktor Heyəti məqbərənin açılışına
dəvət edir. Həm Heydər Əliyev, həm də Cavad Heyət
açılış zamanı
çıxış edərək
H.Cavidin keçdiyi ömür yolundan, yaradıcılığından
və məşəqqətli
taleyindən danışırlar.
Zaman keçdikcə Doktorla olan dostluğuna xüsusi önəm verən H.Əliyev
artıq C.Heyəti hər kəsə dostu kimi təqdim
edirdi. Hər iki dahi şəxsiyyətin
işləri və öhdəlikləri kifayət
qədər çox olsa da, görüş üçün yaranan fürsəti layiqincə dəyərləndirərək həmsöhbət olurdular.
Bir gün B.Vahabzadə
təzəcə yazdığı
"Özümüzü kəsən
qılınc" adlı
tarixi pyesinin premyerasına baxmaq üçün Heydər
Əliyevi və ailəsini "Filarmoniya"ya
dəvət etmişdi.
Eyni zamanda Doktor üçün də dəvətnamə vermişdi. Hər zamankı kimi C.Heyət təvazökarlıqla
xalqın içərisində
əyləşmişdi. Tamaşa
başlayandan sonra Heydər Əliyevin yanında oturmuş və ona əsər
haqqında izahatlar verən Bəxtiyar Vahabzadə deyir: "Doktor Cavad bəyi
də dəvət etmişəm ki, tamaşanıı
görsün. Çünki
o, türklərin tarixi
ilə çox maraqlanır və türklərin tarixi haqqında kitab da yazıb".
Bu sözlərdən sonra
ulu öndər B.Vahabzadəyə deyir:
"Niyə onu bizim yanımızda əyləşdirməmisən? Get, onu bizim yanımıza
gətir". B.Vahabzadə Doktorun yanına gələrək
məsələni izah
edir və onu cənab prezidentin yanına apararaq öz yerində, yəni Heydər Əliyevin sağ tərəfində
əyləşdirir. Tamaşanın
birinci hissəsi qurtardıqdan sonra H.Əliyev Doktorun
əlindən tutaraq özü ilə səhnə arxasına aparır və aktyorlara təqdim edərək deyir: "Doktor Cavad bəy
bizim dostumuzdur. Yüksək dərəcəli
məşhur cərrah
olmaqla yanaşı, mədəniyyət alimidir
və özü də azərbaycanlıdır,
bizə də çox bağlı insandır. Sizin tamaşanı da çox bəyəndi".
Elmə, təhsilə
hər zaman xüsusi diqqət ayıran, cəmiyyətin qurtuluşunu
savadlı gənclərin
yetişməsində görən
ulu öndər və
doktor Heyətin görüşlərinin birində
tarixi an yaşanır.
Belə ki, Azərbaycanda
və Türkiyədə
dövlət hesabına
təhsil almaq istəyən iranlı tələbələr C.Heyətə müraciət
edərək məsələnin
həllində kömək
etməsini istəyirlər.
Bu istiqamətdə həmişə
əlindən gələni
edən C.Heyət
H.Əliyevlə görüşlərinin
birində deyir: "Hər il bizim iyirmi nəfər tələbəmizi Türkiyənin
Ali Təhsil Nazirliyi dövlət hesabına oxumaq üçün qəbul edir. Siz də, əgər
imkan olarsa, beş nəfəri dövlət hesabına oxumağa qəbul edin". Bu sözlərdən
əsəbiləşən H.Əliyev cavabında:
"Nə səbəbə
Türkiyə üçün
iyirmi nəfər, bizim üçün beş nəfər nəzərdə tutulub? Mən hər il əlli nəfər iranlı tələbəni öz hesabıma qəbul edəcəyəm. Onlar burada mənim hesabıma təhsil alacaqlar". Fikrimizcə,
təkcə bu fakt onların nə qədər böyük ürək sahibi, ali insan
olduğunun sübutudur.
Hər iki dahi şəxsiyyət görüşdükləri zaman bir çox məsələlər ətrafında
müzakirələr apararaq
fikir mübadiləsi edirdilər. Lakin onların
söhbətinin ana xətti
taleyüklü məsələmiz
olan Dağlıq Qarabağ problemi idi. Belə görüşlərin birində
doktor Heyət ulu öndərə deyir:
"Biz Qarabağın ana vətənə
qayıdacağı və
orada mənim sizi təbrik edəcəyim günü,
görəsən, görəcəyikmi?"
H.Əliyev isə: "Əlbəttə,
görəcəyik" - deyərək
qəti inamla cavab verir. Təəssüflər
olsun ki, arzulanan bu görüş onların sağlığında
həyata keçmir.
Lakin ümidvarıq ki, müzəffər
ordumuzun cəmi 44 gündə əldə etdiyi gün kimi parlaq qələbəmiz
hər iki dahi şəxsiyyətin ruhuna agahdır. Uca Allahdan hər ikisinə rəhmət və gözəl axirət diləyirik.
Sonda qeyd etmək lazımdır ki,
bu məlumatlar AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun əməkdaşı
Aysel Acalova tərəfindən çapa
hazırlanan və yaxın günlərdə
işıq üzü
görəcək "Cavad
Heyət: "Mən və Atam (Xatirələr)"
kitabından əxz edilmişdir.
Jalə Rüstəmova
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S.3.