Bir külək
vardı -
Gecəylə qovuşan,
Gecəylə canbir...
Bir də ki sonsuzluq,
Sonsuz susqunluq...
Gecənin ruhuna
kəsilmiş hakim...
Hə, bir də bir cin
vardı,
əzəmətli cin...
Dünyasına düşmüş
qərib rəssamı
Addım-addım gəzib
izlərdi tin-tin...
Gözləri parlardı
zülmət qoynunda,
Məni çağırardı
nəfəsi belə...
Nağılın içinə
düşüb itmişdim,
Nə zaman bəlliydi,
məkan da elə...
Divarlar üstümə gəlirdi
sanki...
Gəlir, veyil-veyil,
gəlir, sərsəmtək...
Ruhlar səltənəti,
yaşanan oyun
Özümü toplayıb
qaçmaq istərkən
-
Bir baxdım
Ayaqlar mənimki
deyil.
Sonra dönüb
özüm nağıl
olurdum,
İtirdim kölgələr
arasında mən...
Bir anlıq baxışda, bir anlıq sözdə...
Zülmət dolu gözün qarasında mən...
Bir də görürdüm
ki, ay aman, bu nə?
Yandırsın, dağıtsın
zülməti deyə ,
Ələddin də burda çıraq axtarır,
Mənsə, tapmamışam
özümü hələ,
Cin də çaşqın-çaşqın
üzümə baxır.
***
Hər anımız
bir ümid,
hər addım
bir işıq,
Gəlin, gülək,
yaşanacaq çox şey var.
Ya da ən azı, ümidlənək...
Çünki
Bu fani dünyada su verməsən belə,
cücərər hər kəsin dərdi...
Hər ürəkdə
sirli bir kədər
Sevənlər ayrılar,
dostlar dəyişər...
Arzu, xəyal,
ümid - və daha nələr...
Bir zamanlar güldük, indi susuruq,
Dostluqla böyüdük
- unuduluruq.
Həyat bir yol, hər kəs
öz gəmisində,
Biz də ömür sürdük bu okeanda
yaşadıq yelkənsiz
kədər içində.
***
Gözü kədərli
pişik,
Günah da, savab
da Haqdan gəlir.
Gəlmə mənə
doğru,
Mən qəm işığıyam,
Daldalanıram içimə
çəkilib.
Yaxşısı budur, sən
Get qonşu qapıya,
Əlbəttə,
Taleyin cızdığı
yoldan çıxıb
gedə bilsən...
***
Köhnə evin bir küncündə
Yuxarı boylanan,
Yuxarı uzanan
Qırmızı bir nərdivan...
Divarlarda saralmış
xatirələr...
Ötüb keçmiş
illər...
Geridə qalmış
ömürdən izlər...
Nələr, nələr...
Hər pillədə
bir ümid,
Hər atılan
addımda isə
Yaşanmış ömür...
Yaşlanmış ömür...
Daşlaşmış kədər...
***
Üzümdə gülüş
yox,
Sağımda, solumda sükut...
Kədərimi yalnız
yağmur bilir.
***
Tənhalıq ən gözəl nəğmə,
Heç kim duymaz, heç kim eşitməz...
Və bir gün
Səssizcə itərsən,
Bir iz belə qoymadan,
Kimsə də xəbər tutmaz...
***
Keçmişi xatırlamağı
sevməm,
Zatən, yox kimi bir şeyəm.
Şair tənhalığı
bambaşqa,
Kəlmələr düşər,
düşər, düşər,
Yaşadığın həyat
kimi səssiz.
Sonra bir gün görərsən
ki,
Nə ün qalıb, nə də bir iz.
***
Fırçanın səsi
Ağ kətanda
əks-səda verər,
Fırçandan xəyal
süzülər,
Hər rəng
bir hekayə danışar...
Hərdən də
Axtardığı mənanı
tapa bilməz,
Yox olar, zamana qarışar...
Hər cizgi bir həyata dönər,
Can alar, can verər, çevrilər...
Bəzən də boyanın bircə damlası
Etiraz edib üsyankar ruhla
düşər, düşər,
düşər,
harasa düşər...
Xəbəri olmaz ki,
o bircə dalma
Zehnimdə yaşana
bilməmiş ömür
Rəsmdə kölgətək
qalar, bilinər.
***
Uzaqda bir kənd...
Səhər günəşi
doğub,
Torpaq səssizlik
içində susur...
Bütün dünya
oyanıb
Uca millətin səsinə...
Rahatlıq nəfəsi
gəlir hər yandan,
Eşq olsun nəfəsin...
***
Dəniz köpürür,
Dağlar susur,
Torpağa kök
salan ağac Vətəndir.
***
Ağır bir
yük kimi
Gözlərim dolu,
yorğun,
Bir gecə daha sənsiz keçdi...
Nazim
Şah
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S.5.