Heydər Əliyev və Nizami Gəncəvi
irsi
Azərbaycanın
görkəmli dövlət başçısı və
siyasi xadimi Heydər Əliyevin adı ölkəmizin şərəf
salnaməsində əbədi olaraq yaşayacaqdır. Dahi
liderin Azərbaycanın dövlətçilik tarixində
yürütdüyü müdrik daxili və xarici siyasətində
elmin inkişafı naminə gördüyü işlər,
elmə və elm adamlarına verdiyi yüksək qiymət
xüsusi yer tutur. Mən hələ çox gənc olarkən,
1975-ci il sentyabrın 23-də Heydər Əliyevin Azərbaycan
Elmlər Akademiyasının Xalqlar Dostluğu ordeni ilə təltif
edilməsi ilə əlaqədar bu elm ocağına gəlişini,
onun inkişaf edən Azərbaycanın elmi potensial
gücü ilə necə qürur duyduğunu və elmin
bütün sahələrinə şəxsən
özünün nəzarət etdiyini müşahidə
etmişəm. Bu müdrik dövlət xadiminin həmin
yığıncaqdakı çıxışının məzmunu
- o zamankı Ümumittifaq miqyasında Azərbaycan elminin
yüksək mövqeyini dəyərləndirməsi, elmin əhatə
etdiyi problemləri bir-bir sadalayaraq, diqqəti
dünyamiqyaslı problemlərə yönəltməsi və
onun elmin bütün sahələri üzrə yüksək
biliklərə sahib olması heyrət doğururdu. Ulu öndərin
şəxsiyyətini dahi şairimiz Nizami Gəncəvinin qələmə
aldığı uca sərkərdələrlə müqayisə
etmək olar. Bu hadisəni xatırlarkən, Nizaminin
"İskəndərnamə" əsərində söylədiyi
aşağıdakı sözlər yada düşür:
O böyük,
ağıllı, ayıq hökmdar,
Öz uca
taxtında tutarkən qərar,
Əmr etdi,
verildi belə bir fərman:
"Alimdir
gözümdə ən əziz insan!
Elmlə, hünərlə!
- Başqa cür heç kəs
Heç kəsə
üstünlük eyləyə bilməz.
Rütbələr
içində seçilir biri -
Hamıdan
ucadır alimin yeri!
(Nizami Gəncəvi.
İskəndərnamə.
İqbalnamə.
Tərcümə: Mikayıl Rzaquluzadə)
Heydər
Əliyevin siyasi-ictimai fəaliyyətinin möhtəşəm
sahələrindən biri də dünya və Azərbaycan
nizamişünaslıq elminin inkişafına göstərdiyi
əvəzsiz xidmətlərdir. Bu bir həqiqətdir ki, XX əsrin
II yarısından başlayaraq Nizami Gəncəvi irsinin tədqiqi,
təbliği və dünya xalqlarının dillərinə
tərcüməsi işinin genişləndirilməsi Azərbaycanın
dahi lideri Heydər Əliyevin adı ilə
bağlıdır.
O, hələ
1969-1982-ci illərdə Azərbaycan Respublikasının rəhbəri
olduğu dövrdə dahi şairimiz Nizami Gəncəvi
irsinin tədqiqi və təbliği işinə xüsusi diqqət
və qayğı göstərmişdir. Bu mərhələdə
Azərbaycanda, eləcə də postsovet məkanında
Nizamişünaslığın inkişafı onun müdrik
dövlətçilik siyasətinin tərkib hissələrindən
biri olmuşdur.
Hər şeydən
əvvəl, Heydər Əliyev Nizami Gəncəvi
yaradıcılığına dərindən bələd
olan, onun sənətkarlığına heyran olaraq, hətta
şeirlərindən nümunələri əzbər söyləyən,
dahi şairin sənətinin dünya mədəniyyətində
misilsiz bir xəzinə olduğunu bilən yüksək
intellektli, fenomen yaddaşa malik bir şəxsiyyət idi.
Hələ 1
noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50
illik yubileyinə həsr edilmiş təntənəli
yığıncaqda söylədiyi nitqində o, Azərbaycan
xalqının parlaq və orijinal mədəniyyətinin
öndə gedən simaları sırasında -"mütəfəkkir
şair Nizami Gəncəvi" deyə dahi sənətkarın
adını xüsusi məhəbbət və qürurla
çəkirdi.
Nizami Gəncəvi
yaradıcılığı Heydər Əliyevin hər zaman
güvəndiyi zəngin ictimai-fəlsəfi mənbələrdən
idi və şairin öz əsərlərində qoyduğu
siyasi-ictimai, əxlaqi ideyalar onun
dünyagörüşündə və dövlətçilik
siyasətində dərin iz buraxmışdır.
O, Nizami Gəncəvinin
öz əsərlərində qoyduğu və bəşəriyyətin
ali missiyasına çevrilən humanist fəlsəfəni,
ictimai ədaləti, insanlar arasında dini-irqi
ayrı-seçkilikdən uzaq tolerant
dünyagörüşü dərindən izləyir və
dahi şairin sənətinə heyranlığını
bildirirdi, yeri düşdükcə, Nizami əsərlərindən
nümunələr gətirməklə, insanpərvərlik və
beynəlmiləlçilik dünyagörüşünün
Azərbaycan xalqına xas mühüm bir xüsusiyyət
olduğunu göstərirdi.
Təsadüfi
deyildir ki, Heydər Əliyev 1972-ci il 16 avqustda Moskvada nəşr
olunan "Literaturnaya qazeta"ya verdiyi müsahibəsində
jurnalistin "Azərbaycan yazıçılarının
yaradıcılığında sovet adamlarının
dostluğu və qardaşlığı mövzusu necə
işıqlandırılır?" - sualının
cavabında Nizami Gəncəvi yaradıcılığına
istinad etmiş, onun əsərlərinin əsas qayəsini təşkil
edən və çox parlaq cizgilərlə ifadə
olunmuş ümumbəşəri məhəbbət
ideyasını nümunə gətirərək, yığcam
və dəqiq şəkildə belə söyləmişdir:
"Digər xalqların bütün əsl humanist mütərəqqi
ədəbiyyatları kimi, Azərbaycan ədəbiyyatının
da öz şanlı çoxəsrlik beynəlmiləlçilik
ənənələri vardır. Müxtəlif xalqların
oğul və qızlarını alovlu məhəbbətlə
tərənnüm etmiş Nizaminin dahiyanə əsərləri"
buna parlaq sübutdur.
Azərbaycan
Nizamişünaslığında Heydər Əliyevin müstəsna
əməyini qiymətləndirmək üçün bu sahənin
inkişaf tarixinə qısaca nəzər salmaq lazım gəlir.
Məlumdur ki, Azərbaycan
Nizamişünaslığının I möhtəşəm
mərhələsi, yəni XX əsrin 40-cı illər
dövrü öz monumental töhfələrilə dünya
elmi tarixində yeni bir səhifə açmışdı.
40-cı illərə nisbətən, sonrakı 50-60-ci illər,
ilk baxışdan durğunluq, sakitlik dövrü kimi nəzərə
çarpsa da, əslində Nizamişünaslıq artıq
qurulmuş olan sxem əsasında sakit elmi tədqiqlərə
keçmişdi və Nizamişünaslığın vacib
problemlərinə həsr olunmuş onlarla monoqrafiyalar
yazılmışdı. Lakin Nizami əsərlərinin nəşri
və onun irsinin dünya miqyasında tərcümə və
təbliği işində 40-cı illərə nisbətən,
bir durğunluq nəzərə çarpmaqdaydı.
Heydər
Əliyevin 70-ci illərdən başlayan təşəbbüsü
və fəaliyyəti sayəsində, Azərbaycan
Nizamişünaslığı öz tarixində 2-ci çox
möhtəşəm bir mərhələyə qədəm
qoydu. Onun "Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında"
1979-cu il 6 yanvar tarixli qərarı ilə Azərbaycan
Nizamişünaslıq elminin tarixində yeni bir dövr
başladı. Bu qərarla Nizami Gəncəvi irsinin nəşri,
tədqiqi və təbliği işi böyük vüsət
aldı, Nizamişünaslığın aktual problemlərinin
çağdaş dünya elmi səviyyəsində həlli
istiqamətində geniş imkanlar açıldı.
Şairin həyatı və
yaradıcılığının müxtəlif elmi aspektlərdən
tədqiqata cəlb olunması, sənətinin dünya fəlsəfəsi
və poeziya tarixinə təsirinin öyrənilməsi, həmçinin
dünya şərqşünaslıq elmi tərəfindən
qiymətləndirilməsi və sair məsələlərin
tədqiqi qlobal xarakter aldı.
Bu dövrdə,
bütövlükdə Nizami mövzusu ədəbi prosesin ən
aktual problemlərindən birinə çevrildi. Şairin
lirikası və poemalarının Azərbaycan və rus dillərinə
filoloji tərcümələri yarandı, əsərləri
yenidən işıq üzü gördü.
H.Əliyevin
1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan
olmasının 840 illiyi haqqında qərarı isə
Nizamişünaslıq problemlərinin həllini Ümumittifaq
miqyasında misli görünməmiş məcraya yönəltdi.
Məhz onun təşəbbüsü və himayədarlığı
ilə 1981-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda ilk dəfə olaraq, ayrıca
Nizamişünaslıq şöbəsi yaradıldı.
Şöbəyə rəhbərlik dünya şöhrətli
şərqşünas-alim, professor, əməkdar elm xadimi
Rüstəm Əliyevə həvalə olundu. Heydər
Əliyevin xüsusi tapşırığı,
qayğısı və nəzarəti ilə respublikada, o
cümlədən, Nizamişünaslıq şöbəsində
Nizami Gəncəvi "Xəmsə"sinin yenidən nəşri,
şairin əsərlərinin Azərbaycan və rus dillərində
filoloji tərcümələri və həyatının, ədəbi
mühitinin və yaradıcılığının tədqiqi
sahəsində qızğın iş gedirdi. O zaman ayda bir dəfə
şöbə rəhbəri Rüstəm Əliyev o dövr
Mərkəzi Komitənin İdeoloji məsələlər
üzrə katibi və siyasi xadimi Həsən Həsənova
hesabat verir və o da Nizamişünaslıq sahəsindəki
işlərin gedişi haqqında ölkənin rəhbəri
Heydər Əliyevə məruzə edirdi.
Bu dövrdə
görülən monumental işlər haqqında təsəvvür
yaratmaq üçün onların bəzilərini qeyd etmək
kifayətdir.
Nizami "Xəmsə"si
üzrə ayrı-ayrı poemaların Azərbaycan və rus
dillərinə filoloji tərcümələri: (tərcüməçilər:
Rüstəm Əliyev, Mübariz Əlizadə, Həmid Məmmədzadə,
Qəzənfər Əliyev, Vaqif Aslanov); tədqiqatlar: Azadə
Rüstəmova. "Nizami Gəncəvi. Həyatı və sənəti"
(Bakı,1979;1980), Nüşabə Araslı."Nizami və
türk ədəbiyyatı" (Bakı,1979), Arif Hacıyev.
"Renassans və Nizami Gəncəvi poeziyası"
(Bakı,1980), Məmməd Cəfər. "Nizaminin fikir
dünyası" (Bakı,1982), Xəlil Yusifov. "Şərqdə
intibah və Nizami Gəncəvi" (Bakı, 1982), Rüstəm
Əliyev. "Nizami. Azərbaycan, rus və ingilis dillərində
biblioqrafik məlumat" (Bakı,1983) və "Ölməz
məhəbbət dastanı" (Bakı,1984), Xəlil
Hüseynov. "Nizaminin "Sirlər xəzinəsi"
(Bakı,1983), Çingiz Sasani. "Nizaminin "Leyli və Məcnun"poeması"
(Bakı,1985), Mehdi Kazımov. "Nizaminin "Yeddi gözəl"
poeması və XIV-XVI əsrlər farsdilli ədəbiyyatda nəzirə
ənənəsi" (Bakı,1987), Zümrüd Quluzadə.
"Şərq mədəniyyəti tarixinin nəzəri
problemləri və nizamişünaslıq" (Bakı,1987),
Cahangir Qəhrəmanov və Kamil Allahyarov. "Nizami Gəncəvi
əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində"
(Bakı,1987) və başqa onlarla monoqrafiyalar
yazılmışdır.
Nizami əsərlərinin
Ümumittifaq miqyaslı nəşrləri işıq
üzü görmüşdür: Nizami. Şeirlər və
poemalar. (Leninqrad,1981), Nizami Gəncəvi. Seçilmiş əsərləri.
5 cilddə (Moskva, "Xudojestvennaya literatura", 1985) və
Nizami Gəncəvi. "Həft peykər" elmi-tənqidi mətn:
T.Məhərrəmov (Moskva, 1987) və başqa nəşrlər
Heydər Əliyevin xüsusi tapşırığı və
nəzarəti sayəsində ərsəyə gəlmişdir.
Həmçinin
bu illərdə Nizaminin dünya şərqşünaslığında
öyrənilməsi problemi üzrə neçə-neçə
tədqiqat işləri yazıldı.
Əslində bu
görülən işlərin hamısı sadə yolla həll
olunmurdu. Bu işlərin arxasında böyük məsuliyyət
dayanırdı. O zaman respublikamız sovetlər birliyinin tərkibində
idi. Hər bir irimiqyaslı nəşrlər və tədbirlər
müxtəlif instansiyalardan keçməli olurdu. Bu iş
Respublika rəhbərliyindən böyük iradə,
ağır zəhmət və güclü vətənpərvərlik
tələb edirdi. Heydər Əliyev özü bu hadisələri
1993-cü il 21 sentyabrda Azərbaycan Milli Elmlər
Akademiyasında ziyalılarla görüşündə
xatırlayaraq söyləyirdi: "1981-ci ildə biz Nizaminin ədəbi
irsinin öyrənilməsi haqqında böyük bir qərar
qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini böyük bir
yubiley kimi qeyd edəndə bizə çox yerdə irad
tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki,
Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə,
dünya mədəniyyətində elə bir iz qoyub
getmişdir ki, onun yubileyi hər il keçirilə bilər".
Nizami əsərlərinin
dünya miqyasında nəşrinin keyfiyyəti məsələsi
də həmişə onu düşündürürdü.
Ziyalılarla görüşündə Heydər Əliyev bu
haqda söyləyirdi: "Təsəvvür edin, əgər
biz Nizami Gəncəvini yaxşı tanıyırıqsa,
yaxud da Qərb ölkələrinin, o cümlədən,
İngiltərənin kitabxanalarında, muzeylərində
vaxtilə onun yaradıcılığını təhlil edən
alimlər müəyyən əsərlər
yazmışlarsa, Azərbaycanda 1948-ci ildən sonra dahi
şairimizin əsərləri lazımi səviyyədə
çap olunmamışdı. Nizami Gəncəvinin əsərlərinin
Moskvada rus dilində nəşr olunması barədə qərar
qəbul edilmişdir. Lakin sonra öyrəndik ki,
"Xudojestvennaya literatura" nəşriyyatında bu əsərlər
çap olunmamışdır. Böyük bir nailiyyət kimi
yox, sadəcə olaraq xalqıma xidmət kimi deyə bilərəm
ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin
"Xəmsə"sinə daxil olan əsərlərin rus
dilində ayrı-ayrılıqda nəşr olunmasına nəzarət
etdim. Lakin Moskvada mənə dedilər ki, Nizaminin əsərlərinin
rus dilinə tərcüməsi istənilən səviyyədə
deyildir. O zaman Mirzə İbrahimovdan və başqalarından
xahiş etdim ki, mən artıq Azərbaycanda deyiləm,
görün nə etmək olar ki, Nizami Gəncəvinin əsərləri
rus dilinə yenidən tərcümə edilsin. Bəzi adamlar
isə buna etiraz edirdilər... Nizaminin əsərlərini
böyük çətinliklə Moskvada nəşr etdirdik.
Sonra mən Bakıya gələrkən Nizami muzeyinə getdim
və gördüm ki, şairin beş əsərinin
hamısı orada nümayiş etdirilir".
Heydər
Əliyev müstəqillik dövründə Nizaminin 850 illik
yubileyinin keçirilməsini qiymətləndirərkən, XX
əsrin 40-cı illərindən sonra görülən
işləri hələ də kifayət hesab etmir, Nizami
irsinin təbliğ və tədqiqini mütəmadi şəkildə
aparmağı vacib bilərək söyləyirdi: "Nizami Gəncəvinin
850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd
edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley
böyük bayram kimi keçirilməlidir. Bu, Azərbaycanı,
onun tarixini bir daha dünyaya tanıtmaq üçün
imkandır. Nizami Gəncəvinin əsərləri təkcə
ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan
da əvəzsizdir. Lakin 1948-ci ildən ötən 50 ilə
yaxın bir vaxtda biz onların istənilən səviyyədə
tətbiq edilib yayılmasına nail ola bilməmişik".
Respublikada
keçirilən bütün mədəniyyət tədbirlərində
Nizamişünaslığın problemləri onu
düşündürür və yeri düşdükcə,
bu barədə danışırdı. Onun sərəncamı
və rəhbərliyi ilə 1999-cu ildə türkdilli abidəmiz
olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik
yubileyi üzrə təşkil olunmuş Dövlət
Komissiyasının iclasında yenə də Nizamini yad edib
söyləyirdi:
"Biz
keçmiş zamanlarda böyük minnətdarlıq hissi ilə
qeyd edirdik ki, İkinci Dünya müharibəsi, Vətən
müharibəsi gedən zaman, Leninqrad blokadada olduğu
dövrdə orada Nizaminin 800 illik yubileyi
keçirilmişdir... Bu, tarixdir, həqiqətdir. Biz indi
müstəqil dövlətik. Müstəqil dövlət kimi
xalqımızın milli köklərini, tarixini, qədim mədəniyyətini,
böyüklüyünü öz vətəndaşlarımıza
da, bütün dünyaya da göstərməliyik, təbliğ
etməliyik".
O, təkcə Nizamişünaslıqda deyil, ümumiyyətlə,
bütün sahələrdə elmi qüvvələr
potensialının vacibliyini vurğulayır, tədqiqatçı
alimlərin zəhmətini yüksək qiymətləndirirdi:
"Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini,
onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq
etməsələr, xalqımıza, dünyaya göstərməsələr,
sübut etməsələr, bəs bunu kim edəcəkdir?"
- deyə həmişə elmi mütəxəssislərə
arxalanırdı.
Bir məsələni də qeyd etmək vacibdir ki, Gəncədə
Nizami Gəncəvi məqbərəsinin bərpa olunaraq yenidən
qurulması Heydər Əliyevin və onun varislərinin
adı ilə bağlıdır. Hal-hazırda Gəncədəki
möhtəşəm "Xəmsə" abidə kompleksi,
zənnimcə, hər bir azərbaycanlının qürur mənbəyidir.
Dünya siyasətinin bənzərsiz lideri olan Heydər
Əliyev həm Azərbaycanın, həm də bütün
türk dünyasının böyük siyasi xadimi idi. O,
yürütdüyü hər bir siyasətdə
düşünüb-daşınaraq hərəkət edirdi.
O, Azərbaycanın geosiyasi vəziyyətini, zaman-zaman
düşmənlərin bu əraziyə qarşı etdiyi
basqıları, Azərbaycan adını dəyişməyə
cəhd edən qüvvələrin məkrli siyasətinin nədən
qaynaqlandığını və bu siyasətin yerli türk əhaliyə
qarşı yönəldiyini çox gözəl bilirdi. Odur
ki, elə zamanında Azərbaycançılıq
ideyasını irəli atdı və bu, birlik və güc
demək idi. Azərbaycanda yaşayan bütün xalqların
birgə inkişafı demək idi. Türk
dünyasının görkəmli şəxsiyyətlərindən
biri olan İhsan Doğramacının 2003-cü ildə
söylədiyi çox qiymətli fikrini xatırlamaq yerinə
düşür: "Heydər Əliyev fırtınalı həyatının
hər dövründə Azərbaycanı,
türklüyünü unutmayan böyük şəxsiyyətdir".
Zəhra Allahverdiyeva
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 6, 7.