Akademik Muxtar
Kazımoğlunun alim obrazını müəyyənləşdirən
əsas amillər nədir deyə sual etsək, daha çox
iki açar söz bizə bələdçilik edəcək.
O, elmə
dastan poetikasından və
nəsrin psixoloji dərinlik ölçülərindən
gəlib. "Kitabi-Dədə
Qorqud" onun əsərlərinin və
ömrünün metaforasıdır.
Yazdığı hər
şey bu dastandan yol götürüb
artır, böyüyür,
durulur və müstəsnalığına qovuşur.
Muxtar Kazımoğlu
"Kitabi-Dədə Qorqud"la
bağlı yazdığı
bütün mətnlərində
dastanın tanış
motivlərini yeni versiyada,
yeni düzümdə hasilə
gətirir, bəzi boyların ümumi strukturu, fabula gedişləri
onun yanaşmasında
tamam başqa səciyyədə əksini
tapır. Müəllif
bizə məlum süjet xətti və personajların ətrafında "köhnə
mətnlərin" və
səhnələrin yeni oxunuşuna
yol açan maraqlı yanaşmalar edir. Təhkiyə, üslub, zaman və məkan anlayışlarını
epos məntiqi və potensiyası ilə aktuallaşdırır. Yalançı,
ikiləşən qəhrəmanlar,
komik obrazlar - düşüncə nostaljimizdə
diri qalan onlarla tanış adları, olayları yeni baxış fəlsəfəsi,
epos miqyası və magiyası ilə dəyərləndirməklə inanc-mif təfəkkümüzü
zənginləşdirir. Bəlkə
də bunlara reseptiv tənqidin prizmasından yanaşıb
müəllif yozumu kimi qəbul etmək olar, amma Muxtar müəllimin təhlillərinin pozitiv çaları ondadır
ki, burada müəllif
personajın yerinə
danışmır, bədii
fiqurlar özü-özünü
təqdim edir, düşüncəsi, psixologiyası,
ruhu, fərdi keyfiyyəti ilə birgə görünə bilirlər.
Poeziya yaddaşdır!
Həm də folklor yaddaşıdır.
Muxtar Kazımoğlu poeziyanın folklor qatını ən dəqiq cizgilərlə göstərən azsaylı
düşüncə sahiblərindəndir.
Bunu necə təsvir etmək olar? Məsələn, Muxtar müəllimin təhlillərini oxuyanda
ilk baxışda adama
elə gəlir ki, müəllif şeirlərin
üstündəki çağdaşlıq
örtüyünü söküb
atacaq. Amma az sonra görürük ki, heç nə itməyib, kök də, onun üzərində
yetişən müasir
qat da yerindədir. Bəs
aydınlanan, qazanılan
nə oldu? Həmin köklə zirvə arasında qurulan bağın zəmin tapdığı
amillər, düşüncələr
sırası! Muxtar Kazımoğlu təhlillərində
sufi, mif arxetipinə məxsus idraki vüsətin, fəlsəfi miqyasın gücünü modern poeziya
və nəsr dilinə çevirə bildiyi üçün mövzunu məhəlli ölçülərdən çıxarmağa
nail olur, estetik-fəlsəfi
və bəşəri-ilahi
sistemlər arasında
diapazon baş tutur.
Muxtar müəllimin
orijinal təhlil düşüncəsi, təsnifat
məntiqi var. Bu, bəlkə
də alimin illərdir dastan irsinin araşdırıcısı olmasından
qaynaqlanır. Çünki
eposla məşğul
olmaq bir az da epos
ərkanı, epos dərinliyi təlqin edir mənəviyyata. Ancaq belə bir ruhla müasir
Azərbaycan nəsrində
psixologizm mövzusunu ciddi elmi siqlətdə
təhlil etmək olar, poeziyanın emosional dilini təmkinli təhkiyə ilə analizin predmetinə çevirmək
olar. Bunlar həm də ədəbi dilin frazeoloji qatının bir müstəvidə oxunuşu, çoxyönlü
ədəbi prosesləri
bir hadisənin üfüqündə izləməyə
imkan verən elementlərdir ki, onlarda eposdan gələn təfəkkür
paradiqmasının işarələri
danışır. Bu işarələri alimin nəinki dastanla bağlı, həmçinin
müasir ədəbiyyatla
bağlı təhlillərində
görmək çətin
deyil. 1991-ci ildə çap olunan "Müasir Azərbaycan nəsrində psixologizm
(60-70-ci illər)" monoqrafiyası
ədəbiyyatşünaslığımızda
ən dəyərli tədqiqat əsərlərindən
biridir. Bu əsərin əsas özəlliyi nədir? İlk növbədə, akademik Nizami Cəfərovun dediyi kimi, "bu monoqrafiya ədəbiyyatşünaslığımız
tarixində psixologizmə
həsr edilmiş ilk sistemli tədqiqat
əsəridir. Bu tədqiqatdan sonra bizdə yalnız nəsr üzrə yox, həm də
poeziya və dramaturgiya üzrə neçə-neçə yeni
tədqiqat əsərləri
ortaya çıxdı
və həmin tədqiqatlarda, təbii ki, Muxtar Kazımoğlunun
nəzəri mülahizələri
istiqamətverici rol oynadı".
Digər mühüm
məqamlardan biri budur ki, əsərdə
müəllif sovet romançılığında ikili estetika daşıyıcısı kimi
maraq doğuran, yeni nəsrə keçidi hazırlayan bədii mətnləri - İsa Hüseynovun "Tütək səsi", İsmayıl Şıxlının
"Dəli Kür",
Fərman Kərimzadə
"Qarlı aşırım",
Sabir Əhmədovun
"Yamacda nişanə",
"Qanköçürmə stansiyası", İsi Məlikzadənin "Dədə
palıd", Əkrəm
Əylislinin "Kür
qırağının meşələri",
Anarın "Macal",
"Gürcü familiyası",
Elçinin "Beş
qəpiklik motosikl"
və s. kimi roman, povest və
hekayələri elmi analizin predmetinə çevirir. Bu məqam həm müəllifə, həm
də oxucuya sovet epoxası içində yaşanan təbəddülata, həmçinin
tarix və insan məqamlarının
dərinlərinə enmək
üçün fürsət
qazandırır.
Xüsusilə, "Dəli Kür"lə bağlı Muxtar Kazımoğlunun qənaətləri
polifunksionaldır. Bilirik
ki, "Dəli Kür" monumental, çoxşaxəli əsərdir:
mənəvi dəyərlər,
qadın-kişi münasibətləri,
ata-oğul, yeniliklə
köhnəliyin, cəhalətlə
mütərəqqi ideyaların
konflikti, Çar Rusiyasının işğalçı
siyasətinin, dövrün
ictimai-siyasi mürəkkəbliyinin
təsviri və bunun Cahandar ağanın taleyinə təsiri... Tədqiqatda bəyliyin çöküşünü,
patriarxal dəyərlərin
iflasını, ölən
dünyaların təzahürlərini
verən, bunu təmkinli mövqedən müşahidə edən
və dərin qatda işləyən Muxtar Kazımoğlu insan obrazını bütün yönlərdən
təhlilə çəkir.
Göstərir ki, maarifçi ədəbiyyatın
önə çəkdiyi
"meşşan" tipindən,
sosrealist ədəbiyyatın
tənə, istehza predmetinə çevirdiyi personajdan sonra bəy obrazı ilk dəfə bu əsərdə yeni kontekstdən təcəssüm predmetinə
çevrilib: həm insan kimi hərtərəfli
səciyyəsi, həm
də feodal-patriarxal dəyərlərin daşıyıcısı
qismində.
Kitabda xüsusən
Cahandar ağa obrazına münasibətdə
müəllifin dürüst
və obyektiv yanaşması diqqət çəkir. Onu məziyyətləri və
xətaları ilə
birlikdə təhlil edən alim həm də dəyərlərin antitezasını
yaradır. Bu yerdə Muxtar müəllimin qənaətləri
bir çox başqa məqamları - əsas və törəmə süjetləri
içinə alsa da, birbaşa Cahandar ağanın namus fəlsəfəsinin
iflası üzərində
qərarlaşır. O şeyi
ki, Cahandar ağa namusu hesab edir - arvad,
at və papaq - hər birinin tədricən deqradasiyaya uğrama səbəblərini təsvir
edir. Göstərir ki, birinciyə münasibətdə Cahandar
ağanın özü
xətaya yol verir. Digər proseslər də "cinayətin cəzası"
üzərində qurulur
və baş qəhrəmanın içindəki
"son problematikası"nı
yetişdirən amilə
çevrilir.
Muxtar Kazımoğlu
təhlil etdiyi digər əsərlərdə
də bədii-estetik keyfiyyəti, canlı və dinamik təsvirləri, koloriti üzə çıxarmağı
sevir, onların bütün dövrlər
üçün dəyərli
sənət nümunəsi
olması faktının
konkret detallarına varır. Bəhs olunan tarixi dövrləri
təfərrüatıyla araşdırır,
obrazları psixoloji dərinlik ölçülərində
təqdim edir. Qadın və kişi obrazlarının iç yaşantılarının
incəliyinə varılaraq
tədqiqatçı nəzərlərindən
bu dərinlikdə təhlil ədəbiyyatşünaslığımız
üçün atipik
hadisə sayılmalıdır.
Monoqrafiyanın gücü
məhz, obrazın yaşantılarını, psixoloji
təbəddülat məqamlarını
dərin təcəssümündə
verə bilməsindədir.
Muxtar
müəllimin tədbirlərdəki
çıxışları məndə hər zaman heyrət doğurur. Bəhs etdiyi mövzudan peşəkar tənqidçi
kimi bəhs edir. Yanaşmalarında ədəbiyyatşünaslığın elmi-nəzəri postulatları
danışır. Bu yerdə onun haqqında Sərxan Xavərinin yazdığı
bir fikri xatırlayıram: "Hansısa
şəxsi maraq, hətta hansısa "ali konyuktura" naminə olsa belə, prinsiplərin pozulması, mən bilirəm ki, Muxtar müəllim üçün bağışlanılmazdır.
Məhz belə bir prinsipsizliyə getməmək üçün
o, vaxtilə ədəbi
tənqiddən uzaqlaşmışdı".
Müasir əsərlərlə
bağlı analizlərində
çoxcəhətlilik, mifdən
başlamaq, kosmik, mifik və ilahi
elementləri sintez şəkildə dərk etmək imkanı Muxtar müəllimə bədii təfəkkürün
tematikasına qatılan
əlavələri oxumağa
imkanlar açıb. Əsərlərdəki məkan
və zaman paralelləri, süjetdə
çoxqatlı ekspozisiya,
dünya fəlsəfi-estetik
düşüncəsindən iqtibas olunan məqamlarla sintez, universal məzmunlu dəyərlərə canatım,
illüziya və reallıq arasında sərhədsiz keçidlər,
retrospektiv yanaşmalara
münasibət Muxtar müəllimin təhlillərində
ona görə elmi-nəzəri səciyyədə
dərkini tapır ki, o, ilk növbədə
epos mətninin simvolikasına sığınır.
Ona görə həm təhlil etdiyi janrın yeni struktur texnologiyalarını,
həm də dövrün, baş verən proseslərin intuitiv dərkini vermək alimə çətin olmur.
Bu yaxınlarda
çap olunan "Şifahi sənət və yazılı ədəbiyyat" kitabında
Muxtar Kazımoğlu şifahi sənətin özünəməxsusluğunu önə çəkir, folklor və yazılı ədəbiyyatın
müqayisəsi kontekstində
bir çox polemik rakursa zəmin yaradır. Folklorşünaslıq, sənətşünaslıq
və etnoqrafiya elmlərinin bir-birindən
ayrı düşməsi,
folklor və şifahi xalq ədəbiyyatı anlayışlarının
eyniləşdirilməsinin səbəbləri üzərində
düşündürür. "Yazılı sənətdə
fərdi üslub sənətkarlığın mühüm
göstəricisi olduğu
halda, şifahi sənətdə sənətkarlığın
başlıca göstəricisi
"kollektiv şüur"un,
xalq arasında məlum və məşhur olan folklor qəliblərinin qabarıq ifadə edilməsindən ibarət
olur", - kimi əsaslar sıralayan tədqiqatçı şifahi
və yazılı sənətin poetik sistemi arasında oxşar və fərqli cəhətləri
müəyyənləşdirir. David Metrişin "söz sənətinin bu iki qoluna - folklora
və yazılı ədəbiyyata vahid metasistemin tərkib hissələri kimi baxmaq lazımdır",
- fikri ilə razılaşsa da, həmin makrosistemin daxilindəki mikrosistemləri
araşdırmağı zəruri
hesab edir və bunun üçün
janr mübadiləsini
hər iki tərəf arasındakı
sərhədlərin təminedici
faktoru kimi götürür: "Yazılı
ədəbiyyat şifahi
söz sənətindən
bayatı, qoşma, gəraylı və s. kimi janrları alıb, əvəzində
qarşı tərəfə
müxəmməs, müsəddəs,
qəzəl və s. kimi janrları ötürür. Müxəmməs,
müsəddəs və
qəzəllər şifahi
söz sənətində
bayatı, qoşma və gəraylıların
dilində səslənməyə
başlayır. Bayatı,
qoşma və gəraylılar yazılı
ədəbiyyata xalq danışıq dilinin koloritini və xalq düşüncəsini
gətirir".
"Dədə-Qorqud" dastanındakı ayin-mərasim
elementlərinin üzə
çıxarılması, qəhrəmanlıq və
sehirli nağıllarla
dastandakı müxtəlif
rituallar və arxetiplər arasındakı
əlaqə maraqlı
yeniliklər sırasında
qeyd olunmalıdır.
Kitabda diqqəti cəlb edən mövzulardan biri də folklor və yazılı ədəbiyyatda təhkiyə
məsələsidir ki,
tədqiqatçı burada
"Kitabi-Dədə Qorqud"dakı
nəzm-nəsr növbələşməsinə,
əhvalatların epik
dinamizminə, soylamaların
lirik-epik mahiyyətinə
nüfuz edərək
narratologiya ilə bağlı fərqli yozumlar irəli sürür.
Muxtar Kazımoğlu
xüsusilə müstəqillik
dövrü poeziyasında
əsas forma xüsusiyyətlərindən biri
sayılan epik şeirin önə çıxması ilə
əlaqədar maraqlı
müqayisələrə varır,
şeirdə daha çox təhkiyə elementlərinin yer alması, epik vüsət, təsvirə
meyillilik, nəzm və nəsr hissələrinin növbələşməsi
məsələsini dastan
poetikasının xüsusiyyəti
ilə izah edir, bəzən hədsiz dərinlərə
işləyən şüur
oynaqlıqlarını təhkiyə
elementlərinin gücü
ilə açmağa
çalışır. Yuxu
ilə reallıq, arzu ilə ümid,
təbiət və Tanrı münasibətlərinə
bir başqa, bir az ürfani,
mistik, bir az da dünyəvi
yozum verərək, bu universumda arxaik düşüncə
tərzini əsas göstəriciyə çevirir:
"Yazılı ədəbiyyat
və mif əlaqələrində diqqəti
cəlb edən əsas meyillərdən biri məhz arxaik düşüncə
tərzini başlıca
çıxış nöqtəsi
kimi götürməkdə,
predmet və hadisələri mif modelləri ilə əks etdirməkdə özünü göstərir",
- yazan müəllif belə bir başlanğıcı
ədəbiyyatımızda Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı,
Məmməd İsmayıl,
Ramiz Rövşən
və Kamal Abdulla mətnlərində
arayır və təhlil edir. Metaforik düşüncənin
tarixən mifoloji düşüncədən törədiyini
müxtəlif nümunələr
əsasında irəli
sürən Muxtar Kazımoğlunun çağdaş
ədəbiyyatla bağlı
təhlilləri də
fərqli bir duyumun ifadəsi olaraq meydana çıxır. Ədəbi
tənqiddirmi? Bəli!
Həm də mətni mifopoetik təhlil üsulları ilə açan tənqiddir. Ramiz Rövşənin Allaha xitabən yazdığı
şeirlərini analiz
edən müəllif
bunu alt qatda yenə dastan dərinliyinə bağlayır və qeyd edir ki,
"Mifdən gələn
və "Dədə
Qorqud" dastanındakı
"Dəli Domrul"
boyunda da müəyyən izlərini
qoruyub saxlayan motiv - Tanrıya ərkyana və mərhəmanə münasibət
Ramiz Rövşən
şeiri üçün
də səciyyəvidir...
Allah obrazı da, Ramiz Rövşənin
Ay, Gün, bulud və s. səmavi obrazları kimi mifoloji düşüncə
ilə qırılmaz
şəkildə bağlıdır".
Muxtar Kazımoğlu məhz mifoloji düşüncə qatına
vaqif olduğu üçün kökləri
uğurla tapır, doğru motivləndirə
bilir.
Muxtar Kazımoğlu
magik gücün ifadəsində musiqinin arxaik mahiyyətinə vararaq səsdəki dərinlikləri - həm
həqiqi və məcazi, həm də sufi-ilahi işarələri rəmzləndirməyə
çalışır. Qorqud
Atanın qopuzunu ölümsüzlük rəmzi
kimi səciyyələndirən,
muğamdan kahin musiqisinə keçid edən, slavyan divanəliyi ilə müsəlman dərvişliyi
arasında olan oxşarlıqların tipoloji
paralellərini göstərən
alim sufizm və şamanizm səsləşməsinə rəvac
verən amilləri də üzə çıxarır. Fərqli
zaman və məkanların mifopoetik mətnləri arasında assosiativ doğmalıq, poetik struktur oxşarlığı, ritm
sintezi görən müəllif yaddaşın
ritual-mifoloji qatını
şifahi söz sənətinin poetikasını
anlamağa yol açan əsas vasitəyə çevirir.
M.Baxtin Rableyə
həsr etdiyi kitabın bir fəslində A.Gertsenin bu sözlərini epiqraf kimi verib:
"Gülüşün tarixini
yazmaq hədsiz dərəcədə maraqlı
olardı". Muxtar Kazımoğlu gülüş
anlayışını folklor
nümunələri üzrə
araşdırmaqla problemə
elmi-metodoloji yanaşma
sərgiləyir, folklor
obrazlarının gülüş
aspektindən genezisini
açmaqla çağdaş
folklorşünaslıqda yeni
istiqamətin əsasını
qoyur. Gülüşün
magik və bədii-estetik mahiyyətini,
bütün ifadə imkanlarını bir çox folklor və yazılı ədəbiyyat nümunələri,
"Dədə Qorqud"
və "Koroğlu"
eposları əsasında
müşahidə edən
alimə görə komizm semantik vahid olaraq mətnin
məzmununa və qəhrəmanın strukturuna
əsaslı təsir
göstərən amildir.
Nə mənada? Həyat eşqinin, yaşamaq sevdasının
rəmzi, qorxu, ölüm xofundan müdafiə və ilk növbədə, ideallaşdırmanın qarşısını
alan əsas vasitə olaraq. "Gülüş folklor mətnində təsvir edilən ən qeyri-adi predmeti, obrazlı desək, göylərdən yerə
endirib insana yaxınlaşdırır, ifrat
ideallaşdırmanın qarşısını
almaqla mətnə məna əlvanlığı
gətirir", - yazan
tədqiqatçı gülüşə
xüsusi məna daşıyıcısı olan
elmi-kateqorial paradiqma kimi yanaşır.
Muxtar Kazımoğlunun
əsərlərindən, folklorşünaslığa
gətirdiyi yeniliklərdən
çox bəhs etmək olar. Alimin tədqiqat predmetinə çevirdiyi hər mövzuda fərqli söz deməyi ona görə baş tutur ki, ilk
növbədə, şifahi
ədəbiyyatla yazılı
ədəbiyyatı vəhdətdə
alır, onların qarşılıqlı nüfuz
və siqlətindən
yola çıxaraq mətnin bütövlüyünü
yaradır. Ən əsası da odur ki, epos
məntiqi və magiyasından mətn estetikasına qədər
uzanan bu yolda oxucuya xalqın
qəhrəmanlıq keçmişi
ilə bağlı milli qürur instinkti və ruhu təlqin olunmaqla yanaşı, ədəbi relyefin yaddaş və təfəkkür kodları
da nişan verilir.
Elnarə
AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S. 8, 9.