Muxtar Kazımoğlu portret cizgiləri
Muxtar müəllimi
uzun illərdir tanıyıram, əsl
alim və dürüst
insan kimi. Onu və rəhmətlik Arif Əmrahoğlunu. Mən aspiranturaya qəbul olunanda o qədər insanın içində bu iki şəxsin
yazdıqları həmişə
yönverici xarakter daşıyırdı. Arifin narratologiya
haqqında namizədlik
dissertasiyası (kitab - Nəsrin
poetikası - XIX əsrin
ikinci yarısı), Muxtarın "Müasir Azərbaycan nəsrində
psixologizm" kitabları...
Bir də: insan var, həm də, "uzaqlardan" görünür
ki, prinsipləri var, yaxınlaşana
qədər neçə-neçə
qapılardan keçməli
olursan, adam da var, xatırladığın an düz
qarşında dayanır.
Heç bir maskası-filanı yoxdur.
Bu adamlar əksər hallarda həm də sadəlövh olurlar (xeyirxah adamların sadəlövhlüyü
dünyanı yaxacaq).
Bu "cüzi" insani
keyfiyyətlər onların
yazılarında, Muxtar
müəllim demişkən
dəst-xəttində də
özünü göstərir.
Arif Əmrahoğlunun əl
xəttini kimsə oxuya bilməzdi (atasına yazdığı
məktubu kənddə
heç kim oxuya bilməmişdi), yazısı son dərəcə
elmi və dürüst idi, həm də, insanlara yaxşılıq
eləmək üçün
fürsət gəzirdi.
Muxtar da elədir: onun yazılarında elmdən kənar nəsə tapa bilməzsən.
Elmdə boşluq olan sahələrdə ilk
sözləri demək,
bəlkə də tələffüz eləmək
bu iki şəxsin
adına yazılıbmış...
Bir də rəhmətlik Arif Acalov.
Qeyd etdiyimiz kimi, Muxtar Kazımoğlu ilk kitabından sonra elmi araşdırmaların
istiqamətini dəyişdi.
Folklor nümunələrini
toplamaq ona bu mətnlər əsasında müşahidə
etdiyi boşluqları
doldurmaq istəyi yaratdı. Bu məqamda bir nüansı xüsusi ilə qeyd etmək lazım gəlir. Uzaq 90-cı illərdə
araşdırmaların metodoloji
əsasları haqqında
düşüncələr mətnlərə (bədii,
elmi, folklor və sair) konkret
münasibətin olmasını
tələb edirdi. Toplayıcı fəaliyyəti
elədir ki, sən mətnlərin necə yaranması, yazılı mətnlə şifahi sənətin arasındakı
fərqlərin nə
demək olduğunu kəsdirməli olursan. Hər şey - ədəbiyyatın hər
yönü, hər künc-bucağı şifahiliklə
süslənib, bir millətin sağ qalması üçün
şifahi qat yad dillərdə
yazılan mətnlərə
də sirayət edir, onlarda şəffaflıq
yaradır, bu "güzgü"nü ağ
kağızın üzərinə
tutduqda əsrlər boyu keçdiyin yolların üstündəki
izlər də açıq-aydın görünür.
Və məlum olur ki, folklor təkcə sənin ağızlardan topladığın
mətnlərlə məhdudlaşmır,
musiqi, etnik rəqslər, digər sənət sahələrinin
də folklor ərazisi var - məsələ
bu sərhəd xətlərini aydınca görmək və məxsusi araşdırmalara
start verməkdir. Şifahi
sənət ədəbiyyatdan
fərqli, öz qanunauyğunluqları və
estetik cizgiləri olan bir nəhəng
sahədir. Mərhum Yaşar Qarayev folklor şöbəsini Ədəbiyyat İnstitutundan
ayırmaqla yaxşı
elədi (bununla bağlı ilk məqalələri
də o yazmışdı
- nə qədər yazmaq olar, məsələn,
Yusif Vəzir Çəmənzəminli və
folkor...), yəni folklor, şifahi sənət yazılı ədəbiyyat hüdudlarında
qaldıqca ortaya yalnız psevdo elmi nümunələr çıxır...
Sırf ədəbiyyatşünaslıq
dairəsinə düşdünmü,
başqa bir yerə, deyək ki, folklorşünaslığa keçidin
çox çətin
olar və bəzi hallarda mümkünsüzdür.
Muxtar Kazımoğlu
bu ayırıcı xəttin başında duran, araşdırmaları
ilə məsələyə
tam aydınlıq gətirən
böyük alimlərdəndir.
Muxtarın kitablarında
folklorun müxtəlif
janrlarına müraciət
edilir və nağıl, əfsanə,
dastan və sair mətnlərin spesifik mövzular, poetika kateqoriyaları əsasında
ciddi tədqiqat aparılır. Bu araşdırmalarda
folklorşünaslıq elminin
tələb etdiyi anlayışlardan kənaraçıxmalar
demək olar ki, yoxdur - təhlillər janra və intonasiyaya
görədir, dil sadə və elmidir.
Yuxarıda adını
zikr etdiyimiz Arif Əmrahoğlunun
vaxtilə "Ulduz"
jurnalında bir məqaləsi dərc edilmişdi: "Axundov gülüşü". Bu maraqlı
və bəzi nüansları ilk dəfə
dilə gətirən
məqalə, eyni zamanda Muxtarın xalq gülüşü və yazılı ədəbiyyatda gülüşlə
bağlı araşdırmaları,
eyni zamanda mərhum Mais Əlizadənin
"Kitabi-Dədə Qorqud"
dastanı ilə bağlı, eposun sirli məqamlarına həsr etdiyi dissertasiyası, bunlardan qabaq Kamal Abdullanın araşdırmaları... bizim
üçün meyar
rolunu oynadı. Muxtarın sistemli xarakter daşıyan məqalələri şifahi
sənətlə yazılı
ədəbiyyatı fərqləndirən,
onların fərqli moduslarda gerçəkləşməsini
tanıdan yazılar idi. Muxtarın təfsirində "Koroğlu",
"Kitabi Dərə
Qorqud", türklərin
fal kitabı, nağıllar, qaravəllilər,
bayatılar, əfsanə
və digər mətnlər barədə
yazdığı yazılar
yönverici rol oynadı və artıq yuxarıda xatırlatdığımız filankəs və folklor tipli araşdırmaların
qabağını kəsməyə
kifayət etdi. Və bu, eyni
zamanda folklorşünaslıqda,
xüsusən, dastan mətnləri
ilə bağlı çox fərqli və ciddi elmi
araşdırmaların dünyaya
gəlməsini şərtləndirdi.
Muxtar Kazımoğlu
məsələn, nağıllarla
bağlı nələr
deyir? Onun fikrincə, nağıl və dastanlarda geniş və qısa peyzaj təsvirlərinin olması
yolverilməzdir (nağıl
mətnində hər
şey kaleydoskop prinsipinə əsaslanır,
bir şeyi bircə dəfə gördün, ya görmədin, bitdi, getdi, həm də bu, bircə
dəfə deyiləni
əbədiləşdirməyə xidmət edir...), məsələ belədir
ki, söyləyici auditoriya
ilə danışır
(yaxud üzünü
toplayıcıya tutub
danışır...), peyzaj,
təbiət təsviri
məsələdən yayınmaq,
diqqəti dağıtmaqdır,
əsas olan dinləyici auditoriyanı nəqlin maqnit sahəsində saxlamaqdır.
Bir məsələ də
var ki, söyləyici toplayıcıdan
çox, auditoriya qarşısında daha sərbəstdir.
Onun araşdırmalarında
təhkiyənin oxla müqayisəsi tam yerinə
düşür, birxətli,
yalnız irəliyə
cuman və irəlini göstərən
təhkiyə ox kimi süzüb gedir. Və bu da təsadüfi
deyildir, hadisədən,
söyləmə prosesindən
yayınmaq mahiyyətə
ziyan gətirər.
Nağıllarda təhkiyə
elementləri, ümumən
nağılı formalaşdıran
nə varsa, müəyyən formullara
tabe olur, müəllif tədqiqatında
bunları yetərincə
təhlil edib. Formul varsa, demək,
əlavə və izafi təsvirlər mütləq şəkildə
ixtisara düşür,
ixtisar, hər şeyin formul içində verilməsi,
təhkiyə oxunun sərbəst süzə bilməsi üçündür.
Bundan fərqli olaraq dastanlarda, məsələn, Koroğlu
və Dədə Qorqudda zahiri görkəmin təsviri maksimum elspressivliklə verilir, "qoşa badam sığmagan dar ağuzlum..." kimi epitetlər təyin və epitetin son həddidir. İfada və onun yazıya alınmasında da qaçılmaz
fərqlər mövcuddur.
Bu gün o mətnləri
kitabdan oxuyanda əslində min bir rəngə çalan ifanın səsini eşidirik. Səs o mətnlərin ehtiva etdiyi mənaları canlandıran nəsnədir.
Hər şeyin səsdən yaranması düşüncəsi//deyimi
bizə dünyanın
ilkini nişan verir. Bu mətnlər olmasaydı, həyat da olmazdı. Bu mətnlər
dünyanın yaranması
haqqında, yerlə göylərin bir, ayrılmaz olduğu zamanın içindən doğulan, daha çox gələcəyi
işıqlandıran mətnlərdir.
Peyzaj və portretlərdən bəhs edərkən müəllif, əlbəttə,
epos və nağıl
qəlibləri haqda söz dedikdən sonra İsmayıl Şıxlının "Dəli
Kür" romanının
başlanğıcına, ekspozisiya
hissəsinə müraciət
edir. Yağışlar
yağdığından damlarının
üstü də yaşıllaşmış kənd
evləri uzaqdan baxanda qəribə halə içində görünür. Təsvir
erkən yazın nəfəsini hiss etdirir. Ancaq qəfil bir hadisə, Cahandar ağanın başqasının arvadını
qaçırması Zərnigar
xanımı pərişan
edir (yəni bütün mənzərəni
qəfil dəyişdirir).
Bədii nəsr mətnində bu, şübhəsiz ki, kontrast
yaratmağa xidmət edir. Unutmaq olmaz
ki, mətn boyunca peyzaj ritmləri də dəyişir və başlanğıcdakı
o erkən yaşıllaşma
əsərin sonunda ən müxtəlif harmoniya və kontrast pasajları yaradır. Epik mətndən fərqli olaraq DƏLI KÜR-dəki
təsvir çoxfunksiyalıdır,
ancaq elə məsələn, dastan mətnindəki
xəsis funksiyanı
(ixtisarlar...) da özündə
gizlədir. Bədii nəsr mətni nağıldan qaça-qaça
özü də nağıla dönür
(nağıl poetikasına
dönür...) və
bu irəli-geri hərəkətləri onların
tam mənada başqalaşmasına
səbəb olur. Şifahi mətnin yazılı ədəbiyyata
təsiri qaçılmazdır,
bu təsir o qədər güclü və məqsədyönlüdür
ki, bu halda yalnız şifahi mətndən fərqli nələrsə yaratmaq olar.
Nağıl müasir
dünyada söyləyicilərdən
toplanır, hər bir söyləyicinin də özünəxas söyləm diskursu var, yəni "nağıl nə üçün bitib-tükənməzdir?" sualına
belə cavab vetmək olar ki, o, hər söyləyici ağzında yenidən doğulur. Baxmayaraq ki, hər bir söyləyici
formullara mütləq
şəkildə əməl
edir. Sabit formulları olan janr, nağıl və sair unudulmur,
dünən dinlədiyimiz
kimi qalır, halbuki yaddaşdan-yaddaşa
köçmə bir xalqın mədəni dirçəlişinin təzahürüdür.
Yaddaş nağılın
yarandığı, nağılı
yaradan mənbə ilə əlaqəlidir, bütün cəhdlər,
yəni həmin mənbəyə çatmaq
inadı eyni formulları dəfələrlə
təkrarlamaq ehtiyacı
yaradır, hər hansı nəsr mətni yaddaşda qalmaya bilər, unudarsan, hətta qəhrəman adlarını
da, ancaq nağılları
unutmaq mümkünsüzdür,
təkcə xatırlatdığımız
formullara görə yox, həm də
etnik-mədəni sistemdəki
hər şeyə görə.
Müəllif qeyd edir ki, kollektiv yaradıcılıq ümumi
üslub yaradır və bu, pozulmadan,
zaman-zaman davam edir. Yazılı bədii nəsrdə bu cəhət təbii ki, yolverilməzdir və mümkünsüzdür. Ancaq
fərdi üslubda
"təhlükəli" məsələlərdən biri
bir yazıçıda
üslub yekcinsliyidir.
60-cı illər nəsrini
yaradan bəzi müəllifləri götürün,
ard-arda yazılan povestlərə baxın, hər dəfə mövzu dəyişsə
də, texnika sabit qalır (fəlsəfi düyün-mətləbin
kompozisiya həlli - !), bu isə
mətnlərin köhnəlməsinə
səbəb olur, hətta bu silsilədə
ən mükəmməl
əsər belə unudulur. Yəni, böyük yazıçı
hər bir mövzu-mətləb üçün
yeni metod-texnika tapan yazıçıdır. Əks
təqdirdə, hər
bir əsər digərinin bu və ya digər
şəkildə təkrarı
olacaq və zamanla bu məsafə
- orijinalın təkrara
yapışması mütləq
baş verəcək.
60-cıların mətnlərində bu hal təəssüf
ki, müşahidə olunur.
Nağıl, əfsanə,
digər epik mətnlər bizim şüurumuzda, yaddaşımızda
fırlanır, iki dünya arasındakı xətti apaydın cızıb bizə göstərir, yazılı
bədii nümunələrdə
şifahi sənətə
bu mənada çatmaq ehtirası baş alıb gedir, bəlkə ən ultra müasir texnikayla yazılan romanların meydana çıxması da bu səbəbdəndir, elə
Coysun Uliss romanı.
Bu mətnlərin - nağıl,
əfsanə və rəvayətlərin həm
ilahi işıqla, həm də birbaşa insanla, onun bütün varoluşuyla bağlı olması qəribə təbəddülatlar yaradır.
Əfsanələrdəki möcüzəli
olay, kiminsə qəfildən daşa dönməsi kimi hadisələr insanın davranışlarına hopur,
nağıl, əfsanə,
epik və sair bu kimi
mətnlərin sakral xarakteri əbədi işarələrdir, sual doğur: bu mətnləri kim yaradıb? Xalq, insanlar... məsələsi
aydındır, onlar
min illər danışılsa
da, cüzi dəyişiblər,
sakral xarakter yaranmır, doğulur, insan ruhunu bunsuz
təsəvvür etmək
çətindir. Reallığın,
həqiqətin əslində
əfsanələrdə olması
fikri, deyimi də məşhurdur. Əfsanə mətnlərindəki
çevrilmə, möcüzəli
dönüş yazılı
və digər mətnlərdə başqa
səmtə gedə bilər. Yazılı mətndə bu dönüş tam fərqli
funksiya daşıya bilər, götürün
Kafkanın məşhur
"Çevrilmə" novellasını.
Günlərdir ac-susuz yol gedən adam bir dükana
yetişir, onun sahibindən Allah rizası
üçün yemək
və su istəyir, rədd cavabında (təxmini: heç nəyin yoxdusa, yıxıl, öl... ) adam
başını bir daşın üstünə
qoyur ölür, keçinir. Onun ehtiyacını rədd edən adam isə sonradan, yəni sarsıldıqdan çox sonra dünyanın ən müdrik sufisinə çevrilir. Dünyada bütün mətnlər
həm bir-birinə qovuşmaq arzusuyla yaxınlaşırlar, həm
də bəlli nöqtədən sonra əks mənalara doğru uzaqlaşırlar.
***
Hər bir alimin əslində görmə bucağı maraq doğura bilər. Hər bir yazıda özünü axtarmaq. Bədii mətni, folklor, yaxud istənilən şifahi mətni neçə yöndən görə bilir, - bu mətnlərlə,
xüsusən, şifahi
mətnlərlə bağlı
nəzəri formullar və onların diktə etdiyi baxış bucağı aydındır, mətnlərin
dediyindən daha artığını bilmək,
həm də kənar yozumlar olmadan. Həm yazılı, həm də şifahi mətnlərlə davranışda
bunu etmək çətindir və belə olduğu üçündür ki, az
qala əlli ildir, mətnlər eyni istiqamətdən təhlil edilir, tədqiqatçının ürək
sözləri havada uçur...
Muxtar Kazımoğlunun
yanaşma və təhlilləri niyə maraq doğurur? Hər şeydən öncə, tam olaraq mətndən gələn
informasiya axınını
düzgün müəyyənləşdirməklə.
Xüsusən, şifahi
sənətlə bağlı
çox ciddi tədqiqatların nəticələrini
nəzərə alaraq
(onları yamsılamadan
- !) folklor mətnindən axan şülüzləri təhlil
etmək. Mənalandırmaq,
yozmaq yox, məhz ciddi araşdırma aparmaq. Bu keyfiyyətlərə malik olan
alim toplama adı ilə nəşr edilən nağıl və əfsanələrdəki
yamaq yerlərini dərhal seçir, onların yazılı mətn olduğunu ilk cümlədən bilir.
Muxtar yaradıcılığı
ilə bir çox sahədə qələm çalan fiqur deyil, hər
hansı məsələyə
(folklor mətni ilə bağlı) ən fərqli yönlərdən baxa bilən alimdir. Müasir elmdə fikrimizcə, bu, ən önəmli problemdir. Alim var, çox sayda elm sahəsinə
(filologiyanın) səpələnməyi
sevir, alim var - öz hücrəsinə.
Muxtar Kazımoğlunun
öz hücrəsi var, təmiz və işıqlı.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S. 12.