Transhumanizm ədəbiyyatı:
Qreq Eqanın rəqəmsal qəhrəmanları
Təsəvvür
elə, bir səhər yuxudan oyananda anlayırsan ki, bədənin
yox olub, amma sən varsan. Bütün duyğuların,
yaddaşın, zəkan
yerindədir, lakin bədənin yoxdur. Bəs, sən hardasan? Əlbəttə, sən artıq, real dünyada deyil, rəqəmsal dünyada mövcudsan. Yəni, sən indi təbiətdə fizioloji xüsusiyyətləri
olan canlı varlıq yox, rəqəmsal məkanda düşünə, görə,
hiss edə bilən bir proqramsan.
Bizim üçün
ağlasığmaz görünən
bu ssenari dünyada, xüsusən də, Qərb ədəbiyyatında elmi-fantastikanın
əsas mövzusudur. Sözsüz ki, elmi-texnoloji
tərəqqi ədəbiyyata,
fəlsəfəyə, incəsənətə
birbaşa təsir edir və bu
təsirin nəticəsində
yeni ədəbi-fəlsəfi meyillər, axınlar yaranır. Haqqında söz açdığım
ədəbi-fəlsəfi cərəyan
"transhumanizm" adlanır.
Transhumanizm fəlsəfəsi
Transhumanizm fəlsəfəsi
- insanın fiziki quruluşunu dəyişməklə
onu bioloji məhdudiyyətlərdən azad
etmək ideyasına əsaslanır. Bu yanaşmaya
görə, texnologiyanın
inkişafı nəticəsində
bədənin zəifliyi,
qocalma və ölüm kimi "məcburi sonlar" başa çatacaq, insan öz mövcudluğunu
qeyri-maddi məkanda davam etdirə biləcək.
Transhumanistlərin fikrincə,
beyin, bir növ informasiya emal edən sistem olduğundan, onun strukturunu və funksiyalarını
"skan" etməklə
kompüterdə yenidən
yaratmaq mümkündür.
Bu da, öz növbəsində, "rəqəmsallaşmış
şüur" anlayışını
ortaya çıxarır
- yəni, beyin bir simulyasiya daxilində yenidən işləyə bilər.
Transhumanizm, insan varlığının bioloji
və şüuri məhdudiyyətlərini aşmağa
yönəlmiş fəlsəfi
hərəkat və müasir cəmiyyətin ruhunu əks etdirən bir düşüncə axınıdır.
Bu axın insanın öz təbiətindən
və mövcud fiziki sərhədlərindən
kənara çıxmasının
mümkünlüyünü iddia edir. Təbii
ki, bu fəlsəfənin
qeyd etdiyimiz yüksək ideallara doğru irəliləyən
yolu, yalnız elmin, texnologiyanın gücündən asılıdır.
Bu baxımdan, transhumanizmin
fəlsəfi təməlini
anlamaq üçün,
ilk növbədə, "humanizm"
anlayışına müraciət
etməliyik. Klassik humanizm, insanı iradə və ağıl sahibi olaraq, təbiətdə öz yolunu müəyyənləşdirən bir varlıq kimi təsnif edir. Lakin transhumanizm bu qavrayışı daha da irəli aparır, insanın yalnız bioloji təbiətindən
deyil, həmçinin şüurunun sərhədlərindən də
kənaraçıxma imkanlarını
nəzərdən keçirir.
Başqa sözlə desək, klassik humanizm insanı öz şüuru çərçivəsində araşdırırsa, transhumanizm insanın varlığını bioloji
beyindən kənara, rəqəmsal aləmə
daşımağa çalışır.
Transhumanist ideyaları ilə məşhurlaşan süni
intellekt nəzəriyyəçisi,
riyaziyyatçı, Avstraliya
yazıçısı Qreq
Eqan hazırda Qərb ədəbiyyatında
elmi-fantastikanın öncüllərindəndir.
Eqan öz əsərlərində rəqəmsal
dünyada əbədi
mövcudluq, orijinal kimlik, şüurun transformasiyası kimi məsələləri araşdırır.
Gözlənildiyi kimi, Eqanın əsərləri
ağır, akademik dil, kvant mexanikası,
süni şüur kimi mürəkkəb və abstrakt mövzularla əhatə olunduğundan, geniş auditoriyaya xitab etmir. Bu səbəbdən
Eqanın fantastika və intellekt okeanını xatırladan
romanları hələ
ki, film investorlarının diqqətini cəlb etməyib. Üstəlik, yazıçı öz kimliyini gizli saxlayır və media ilə ünsiyyətdən
qaçır.
Qreq Eqan şüurun yalnız bioloji bədənlə məhdudlaşmadığını, əksinə, daha geniş və qeyri-cismani bir reallıqda, simulyasiyalar və virtual mühitlərdə
belə, mövcud olmasının mümkünlüyünü
iddia edir. Bu nəzəriyyə transhumanizmin
ən radikal qoludur.
Qreq Eqanın
ontoloji (varlıq) təsvirləri şüurun
rəqəmsallaşması və bədənsizləşməsi
ideyasına əsaslanır.
"Dəyişikliklər şəhəri"
adlı romanında Eqan, şüurun simulyasiyasını və
virtual reallıq anlayışını
daha çox fəlsəfi perspektivdən
araşdırıb.
"Diaspor" əsərində
isə yazıçı
bədənsiz insanların
yaranması və bu varlıqların kimliyi, şəxsiyyəti,
varoluş formaları
haqqında təsəvvürləri
canlandırır. Əsərdə
qoyulan əsas sual budur:
"Bu transformasiyanın
sonucunda insan orijinal kimliyində qalacaq, yoxsa, texnologiya ilə birləşən təbii
şüur insanın
mahiyyətini təhrif
edəcək?"
Eqanın bu düşüncələri, sadəcə
bioloji mahiyyətin fövqünə yüksəlməklə
bağlı deyil. O, bütövlükdə insanın
kimlik anlayışının,
mənlik hissinin və şəxsi təcrübəsinin köklü
şəkildə dəyişəcəyini
vurğulayır.
Eqanın qənaətinə
görə texnologiyanın
dinamik inkişafı insan təcrübəsinin və
kimliyinin formasını
dəyişdirəcək. Bəs
bu dəyişikliklərin
etik və metafizik nəticələri
necə olacaq?
Eqanın "sərt
elmi-fantastika"ya aid edilən
əsərlərində məsələnin
etik tərəfi daha çox şəxsiyyət və identiklik hüququna fokuslanır. Texnologiya - xüsusilə də şüurun rəqəmsallaşdırılması
- insan şəxsiyyətini
"kopyalayıb" müxtəlif
platformalara yerləşdirə
bilər. Bu zaman belə
suallar ortaya çıxır: Rəqəmsal
şüur insan haqlarına malik olacaqmı?
Eyni şəxsiyyətin
bir neçə surəti varsa, onların hər birinin hüquqları eynidirmi?
İkinci məsələ,
bərabərlik və
texnoloji ədalət konsepsiyasıdır. Texnoloji
transformasiyaya çıxış
imkanı olanlar
"yeni insan" səviyyəsinə
yüksələcək, digərləri
isə "köhnə"
fiziki bədənlərdə
qalacaq. Bu da, öz növbəsində, sosial
təbəqələşməni, sinfi uçurumları daha da dərinləşdirə
bilər.
Üçüncü və ən əsas məsələ ölüm
və ölümsüzlük
anlayışının dəyişməsidir.
Əgər şüur
rəqəmsal olaraq saxlanıla və ya bədənlər arasında köçürülə
bilərsə, ölüm
etik cəhətdən
necə qiymətləndiriləcək?
Özünü silmək
("delete") cəhdi "intihar" sayılacaqmı?
Yeri gəlmişkən,
Eqanın rəqəmsal
qəhrəmanları bioloji
insana xas duyğulara malikdirlər. Onlar sevə, nifrət edə, ağrıya, hətta intihar edə bilirlər. Məsələn,
rəqəmsal insanın
yaddaşından hansısa
məlumat silinəndə,
o fiziki ağrı duya bilir. Rəqəmsal
şüurlar özlərini
istədikləri dizaynda
yenidən proqramlaşdıra,
istədikləri formatda
yeni virtual şüurlar yarada
bilirlər.
Məsələnin metafizik
müstəvidə həllinə
gəldikdə, Qreq Eqana görə, rəqəmsal aləmə
köçürülmə zamanı ilk olaraq, "mən" anlayışının
bölünməsi baş
verəcək. Bu zaman ortaya
yeni sual çıxacaq:
Əgər bir insanın bir neçə surəti eyni vaxtda mövcuddursa,
onlardan hansı "gerçək mən"
sayılmalıdır? Bu situasiya
özünü dərketmə
və subyektivlik haqqında metafizik suallar doğurur.
İkinci problem bədənlə
şüurun münasibətidir.
Klassik fəlsəfəyə görə
bədən şüurun
məskunlaşdığı yer sayılır. Lakin şüurun rəqəmsallaşdırılması
bu münasibəti pozur. Bu zaman bədənin
aqibəti necə olacaq? O, lazımsız bir qəlib kimi kənara atılacaq, yoxsa, identikliyin bir hissəsi olaraq, hansısa formada mövcudluğuna davam edəcək?
Digər bir sual isə reallıq
və illüziyanın
sərhədləri ilə
bağlıdır. Simulyasiyalar
içində yaşayan
rəqəmsal varlıqlar
üçün "reallıq"
anlayışı özündə
nələri ehtiva edəcək? Qreq Eqanın əsərlərində
tez-tez qaldırılan
bu məsələ, oxucunu ontoloji baxımdan "var olmağın"
mənasını yenidən
düşünməyə vadar edir.
Bütün bu və toxunmadığım
digər suallar Qreq Eqanın "Dəyişikliklər şəhəri",
"Diaspor" və
" Şildin nərdivanı"
kimi romanlarında bədii formada işıqlandırılır. Eqan bu əsərlərində
texnologiyanın, sadəcə
bir vasitə olmaqdan çıxıb, daha çox fəlsəfi və ekzistensial inqilab yaratdığını
göstərir. Ümumiyyətlə,
Q. Eqan yeni həyatın
dizayneri kimi hazır reseptlər vermir, o, yalnız olacaqları təsvir edərək, açıq
sualları oxucunun ümidinə buraxır. Məsələ burasındadır
ki, Eqanın təklif
etdiyi həll yolları texniki cəhətdən mümkün
olsa belə, hər biri özlüyündə
çoxlu sayda ontoloji, etik, psixoloji suallar doğurur. Ona görə də Eqan oxucuya
konkret olaraq, "bəli, çıxış
yolu budur" - şəklində qəti
imperativlər təqdim
etmir. O, düşüncələrini
"əgər bu yolu seçsən, qarşılaşacağın mənəvi
nəticələr belə
olacaq" variantları
ilə sərgiləyir.
Etik və ontoloji məsələlər
transhumanist ədəbiyyatı maraqlandıran başlıca
mövzulardır. Çünki
şüurun rəqəmsallaşması,
bədənsiz həyat
kimi ideyalar insanın indiyə qədər dərk etdiyi kimlik və
şəxsiyyət anlayışını
köklü şəkildə
dəyişir. Rəqəmsal
şüur, eyni şəxsiyyətin bir neçə nüsxəsinin
mövcudluğuna da gətirib
çıxara bilər,
bu isə insanın özünü
dərk etməsi və yaşam təcrübəsi ilə
bağlı fundamental suallar
yaradır.
"Dəyişikliklər şəhəri"
romanında bu texnoloji fikir "surətlər" (kopyalar)
vasitəsilə təsvir
edilir. Bu surətlər insan beyninin tam "kopyası"dır
. Yəni, o qədər
dəqiqdirlər ki, onlar
orijinal insanın yaddaşını, hisslərini
və düşüncə
tərzini olduğu kimi əks etdirirlər.
Lakin Eqan burada bir
paradoks yaradır: Tutaq ki, siz kompüterdə
"oyanmısınız", bədəniniz yoxdur. Üstəlik, özünüzü heç
vaxt bədəni olmamış kimi hiss edirsinizsə, bu, hələ də gerçək "siz"sinizmi?
Bəzi filosoflar
- məsələn, Daniel Dennett - şüuru funksional bir sistem kimi
qəbul edir. Onun fikrincə, şüur müəyyən
proseslər sistemidir və bu proseslər
fərqli daşıyıcılarda
- istər bioloji beyində, istərsə də süni sistemdə - baş verə bilər. Bu baxımdan, surətlərin
özünü insan kimi hiss etməsi və düşünməsi
onların "canlı"
hesab olunması üçün kifayətdir.
Amma bu məsələ təkcə elmi yox, həm də
ontoloji (mövcudluqla bağlı) və etik müzakirələr doğurur:
Kompüterdə yaşayan
surət insan hesab oluna bilərmi?
Onun hüquqları varmı?
Onu
"delete" etmək - "qətlə yetirmək"
deməkdirmi?
Fantastik yazıçı Q. Eqan həm də bu suallar üzərində
baş sındırır.
Beləliklə, Qreq Eqan "Dəyişikliklər
şəhəri"ndə bizə Alternativ Reallığı və
Yeni Ontologiyanı təqdim
edir.
Eqanın romanda qurduğu "Dəyişikliklər
şəhəri" hər
hansı bir serverə, real dünya şəbəkəsinə və
ya xarici qaynağa bağlı deyil. Buradakı simulyativ mühit təkcə mövcudluğunu
davam etdirmir, o, həm də özü-özünü yaradır.
Bu ideya, romanı fəlsəfənin təməl
problemlərinə (gerçəklik
və mövcudluğa)
qədər dartıb
aparır. Ona görə
də romanın sirli qəhrəmanı
Pol Darem "Dəyişikliklər
şəhəri"ni yaradarkən
belə bir fikir irəli sürür:
"Reallıq - yalnız var olan deyil, özünü
mövcud hesab edən sistemlər də real ola bilər".
Eqanın qəhrəmanının
bu fikri fransız filosofu Jan Bodrillardın "hiperreallıq"
nəzəriyyəsini xatırladır.
Bodrillard deyir: "Bəzən süni reallıq (reality simulation) real olanı
əvəz edir və hətta o, özünü daha "gerçəkçi" hiss etdirə
bilər".
Bu halda növbəti maraqlı bir sual yaranır: Bu nəzəriyyə doğrudursa,
bizim "reallıq"
hesab etdiyimiz dünya nə dərəcədə orijinaldır?
Transhumanist yazarların əsərlərində
eyni şəxsin bir neçə surətinin mövcud olması - bəzən müxtəlif düşüncə
yolları ilə, bəzən də müxtəlif həyat təcrübələri ilə
- "mən" anlayışını
sarsıdır.
Ümumiyyətlə, diqqətçəkən
məqam odur ki,
transhumanist yazıçılar elmi fantastikanı fəlsəfə ilə bərabər inkişaf etdirirlər.
İngilis filosof
Derek Parfit deyir ki, əgər
yaddaş və təcrübə ardıcıllığı
qorunursa, "şəxsiyyət"in
fiziki və ya sabit bir
daşıyıcıya ehtiyacı
yoxdur. Başqa sözlə, siz mahiyyətcə, bədəniniz
və ya hər hansı hüceyrəniz olmadan da
"siz" ola bilərsiniz.
Son olaraq, deyə bilərik ki, transhumanizm gələcəyin fəlsəfəsi
və qaçılmaz
reallığı olmağa
çox yaxındır.
Müasir texnologiya
bizi reaktiv sürətlə bioloji həyatın sonuna, kiberdünyaların başlanğıcına
doğru aparır.
Şəlalə Göytürk NİAQARA
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S. 13.