Yetmiş yaşlı “yetmişincilərin”
Vaqifi
Vaqif Bəhmənli
ilə (Vaqif Quliyevlə) özümüzdən qabaq
sözümüz görüşmüşdü -
"Bakı" qəzetində, 30 mart 1973-cü ildə. Onun "Tumurcuq"
şeiri ilə bir səhifədə mənim də "Elə hey yazırsan",
"Misram dağdan su içə" adlı şeirlərim dərc olunmuşdu. Mən ADU-nun (indiki BDU-nun)
Jurnalistika fakültəsinin
birinci kurs tələbəsi idim. Ancaq bilmirdim ki, bir neçə aydan sonra bu
fakültəyə sözünü
görüb, üzünü
görmədiyim Vaqif Quliyev də qəbul olunacaq və biz eyni müəllimlərdən dərs
alıb, eyni ədəbi dərnəklərə
gedəcək və eyni mətbuat orqanlarında çap olunacağıq.
İndi bilmirəm necədi. O İllərdə jurnalistika,
filologiya fakültələrinə
qəbul olunan tələbələrin əksəriyyəti
şeir yazırdı
- buna şeir demək
mümkünsə. Bu, gəncliyin
qanına işləyən
romantik əhvaldan və ixtisas seçiminin "yan təsirlərindən" irəli
gəlirdi. Ancaq birinci kursda 15 nəfər "şeir"
yazırdısa, ikinci
kursda 5-i qalırdı
- "şair" kimi.
Və beləcə, ələk-xəlbirdən sonra
axırıncı kursa
bir-iki həqiqi şair qalırdı. Məndən bir yaş və bir kurs kiçik
olan Vaqifin isə tanış olduğum gündən fitrətən şair doğulduğunu hiss etmişdim.
Universitetin bayram tədbirlərində, tələbələrlə
müxtəlif görüşlərdə
Vaqifin oxuduğu şeirlər auditoriyanı
aramsız alqışlarla
silkələyərdi. Nə
idi onun şeirlərindəki bu möcüzə? Səmimiyyət!
Bəli, hər kəlməsinə, hər
misrasına hopmuş səmimiyyət. Bu məqamda
demək istərdim
ki, səmimiyyət bəlkə
də yaradıcılıq
potensialının cövhəri
dəyərindədir:
Nəfəsim alışıb
gör necə yandı,
Yalvarram, o qızdan
aralan, üzük.
Bəxtimə dolanan qızıl ilandı
Sənin barmağında
saralan üzük.
"Üzük"
Yaxud:
Doqqaz dinsə
taqqa-taq
Bilərdim bu səs nədi.
Soruşardın çaparaq:
"Mənim nənəm sizdədi?"
"Mənim nənəm sizdədi?"
Yaxud:
Dünyanın təzə
bir səhəri gələr,
Yollar nəğməsini
ucaldar, yayar.
Köhnə küçələrin
baharı gələr,
Səki uşaq-uşaq
tumurcuqlayar -
Bağça uşaqları
yola çıxanda.
"Bağça uşaqları
yola çıxanda"
Yaradıcılığının ilk mərhələsindən
bəlli olan bu şeirlərin sayını artırmaq da
olar. Az qala tələbə yoldaşlarının,
qələm dostlarının
əzbər bildikləri
bu şeirləri sevdirən, yaddaşa hopduran cəhət öncə sözün cövhərindəki səmimiyyət
idi. Zaman keçdikcə
"Tumurcuq" şeirinin
müəllifi "yarpaqlamağa",
"budaqdan yeni budaq"
kimi şaxələnməyə
başladı. Nəsildaşları
arasında poetik istedadı və məhsuldarlığı ilə
sayılıb-seçilən Vaqif Bəhmənli çağdaş poeziyamızın
görkəmli nümayəndəsi
kimi kütləvi oxucu auditoriyasının və elmi-ədəbi mühitin diqqətini çəkdi. Yaradıcılığı
barədə saysız-hesabsız
məqalələr yazıldı,
şeir və poemaları ciddi araşdırmalar predmetinə
çevrildi. İxtisasca
jurnalist olan V.Bəhmənli müxtəlif
illərdə, müxtəlif
mətbuat orqanlarında
rəhbər vəzifələrdə
çalışdı. Bu vaxta
qədər onun publisistika sahəsində fövqəl istedadını
təsdiqləyən minlərlə
məqaləsi dərc
olunub ki, bunların da
əksəriyyəti tarixə
qovuşan tarixi yazılardır. Eləcə
də, onun tatar, rus, türk
ədəbiyyatından dilimizə
çevirdiyi iri həcmli proza və poeziya nümunələri ədəbi
əlaqələr baxımından
olduqca dəyərlidir.
Bütün bunların
kökündə və
təməlində heç
şübhəsiz ki, Vaqifin
şairliyi dayanır.
Yəqin ki, o, özü
də publisist, tərcüməçi kimi
şairliyinə borcludur:
Yaxşı ki, göylərdə
yaşayıram mən,
Cənnət adamıtək
gözüm-könlüm tox.
Dünyaya can verdim
heç düşünmədən,
Dünyadan bir çöp də umacağım yox.
"Göy adamı"
"Göylərdə yaşayan"
bir adamın - şairin publisistikası
da, tərcüməsi də
şairanə olar! Həqiqətən, elə
mövzular var ki, onu poetik müstəviyə gətirmək olmur. Vaqifin tanınmış şəxsiyyətlər haqqında
yazdığı portret
oçerklər və
monoqrafik kitablar heç də onun poetik yaradıcılığından
geri qamayan dəyərlər toplusudur.
Bu baxımdan onun
"Vətənin ilhamı.
Ömürdən reportaj",
"Azərbaycanın xalq
bayramı - Novruz", "Maqomayev planeti", "Heydər Əliyev adına", "Hüsenqulu
Sarabiski", "Qəzənfər
Paşayev", "İri planda Qulu Məhərrəmli",
"Sözün canı"
kimi əsərləri,
sadəcə, publisistik
meyarlara cavab verən nümunələr
deyil, həm də ciddi elmi-ədəbi
araşdırmaların nəticəsidir.
Bunlar həm də qədirşünaslığın
bariz nümunəsidir.
Vaqif bütün varlığı ilə millidir, millətsevər, yurdsevərdir. Şeirlərinin
birində yazır:
Baxıb gözündən
olan,
Dünya dizindən
olan,
Özü özündən
olan
Balaca bir adamam.
Yaradıcılığı hələlik
15 cildə sığan
bir söz sənətkarının özünə
"balaca bir adam" deməsinə inanmasam da "dünyanın
dizindən olmasına"
inanmağım gəlir.
Müxtəlif ədəbi
görüşlərdə, poeziya festivallarında, seminarlarda Vaqif Bəhmənli ilə çiyin-çiyinə olmağımdan
həzz almışam.
Bu tədbirlərin ikisi
mənim yaddaşıma
əbədi həkk olunub: Gənc ədiblərin Şüvəlan
seminarı və Gürcüstanda keçirilən
"Mayakovski poeziya günləri".
1976-cı ildə Sov.İKP MK-nın (yəni, sovet hökümətinin
- A.C.) yaradıcı gənclərə
qayğı ilə bağlı xüsusi bir qərarı çıxanda Azərbaycan
Yazıçılar İttifaqı
bu qərardan irəli gələn vəzifəsini yerinə yetirmək üçün
istedadlı gənclərin
müsabiqəsini təşkil
etmişdi. Münsiflər
heyətinin ciddi imtahanından keçən
gəncləri bir aylıq seminara - yazıçıların Şüvəlanda
yerləşən yaradıcılıq
evinə aparmaq qərarı verilmişdi.
O dövrün gənc
qələm sahibləri
sırasında Afaq Məsud,
Mahirə Abdulla, Mənzər
Eynullayeva, Sultan Mərzili,
Ağacəfər Həsənli,
İslam Türkay, Tofiq
Nurəli, Maarif Soltan,
Səyyad Aran, Akif Əhmədgil...
Vaqif Bəhmənli və mən də vardım. Bir aylıq seminarımızın
rəhbəri gözəl
şair, səmimi insan Çingiz Əlioğlu idi. Hər gün bir gəncin yazıları dinlənilib,
müzakirə edilir və dəyərləndirilirdi.
Yadımdadır ki, Vaqif
Bəhmənlinin şeirləri
seminar iştirakçılarına fövqəl bir enerji, yeni bir ruh verirdi. Yetmişincilər
ədəbi nəslinin
bu seminarında rus və Azərbaycan
yazıçılarının da qonaq qismində çıxışları, tövsiyələri
olurdu. Xalq şairləri - Cabir Novruzun, Nəriman Həsənzadənin, Xalq
yazıçısı Hüseyn
Abbaszadənin biz gənclərə
verdikləri ədəbi
və həyati məsləhətlər unudulmaz
tarixi anlar idi. Zaman göstərdi ki,
adları çəkilən
gənc yazarların seçimində o zamankı
münsiflər yanılmayıbmış...
İndi o gənclərin əksəriyyəti
tanınmış və
dəyərli imza sahibləridir.
1984-cü ildə Vaqif Bayatlı Odər (Cəbrayılzadə), Vaqif
Bəhmənli və mən Kutaisidə keçirilən "Mayakovski poeziyası
günləri"nə birlikdə
getmişdik. Səfərimiz
olduqca maraqlı keçmişdi. Sovetlər
Birliyinin müxtəlif
respublikalarından bu tədbirə qatılan gənc şairlər vardı ki, onlarla təmas sonradan tərcümə mübadiləsinə
çevrilmişdi. (Özbəkistanın
Xalq şairi Osman Əzimlə mənim mübadiləm kimi).
Vaqif Bəhmənlinin
şeirlərində insan-cəmiyyət
münasibətləri, təzadlı
həyat lövhələri,
alovlu məhəbbət
motivləri, əsrarəngiz
təbiət gözəllikləri,
ənənəvi ailə
dəyərləri, bir
sözlə, yerin-göyün
fəlsəfəsi məxsusi
sənətkarlıqla qələmə
alınıb:
Od tökür göylər...
sığınmalı bir kölgə varsa -
sözdü.
Əfsanədi bütün
inqilablar,
yaşamalı ölkə
varsa -
sözdü.
Hər şirin
sevdanın sonunda
ölüm, ayrılıq...
Yolunda məcnun
olmalı
ölümsüz sevgi varsa -
sözdü.
Bizim klassiklərin
- Nizamidən, Füzulidən
Sabir, Seyyid Əzimə
kimi hər birinin yaradıcılığında
sözə ithaf olunmuş qəzəl və qəsidələrə
rast gəlmək mümkündür. Çağdaş
poeziyamızda sözə
yeni bir dəyər vermək Vaqifin imitasiyadan uzaq orijinal dəst-xəttinin məhsuludur. Ümumiyyətlə,
o, hansı mövzuda nə yazmağından asılı olmayaraq özünü, öz içini yazır, öz ruhunu və dünyaduyumunu ifadə edir. Təkcə dünya haqqında Vaqifin nə qədər şeirləri var: "Donmuş
dünya", "Şəkil
dünya", "Dünyanı
şairlər yaradıb",
"Belə dünya"
və s. Biri-birindən
düşündürücü olan bu şeirlər
eyni mövzuya həsr olunsa da, fərqli biçimi və bənzərsiz məzmunu ilə təkrarsızdır.
Vaqif şeirinin
dadı, duzu həm də onun xəfif yumorundadır. Bu yumor şairin elə öz canında olduğu üçün
şeirlərinə də
köçüb:
Yüz yol qarışdırıb qələtə
qələt,
Arvad var kişini
dişi eləyib.
Nə atam, nə anam, nə
də hökümət,
Məni öz arvadım kişi eləyib
desəm... gülərsiniz,
inanmazsınız.
Yaxud:
Arvad razı
olandan
Allah razıdı, qağa.
Yaxud:
Qalxdığım nərdivandan
Düşərəm ehmal-ehmal.
Belə misalların
sayını artırmaq
da olar. Yaşadığımız
cəmiyyətdə hər
insan bir obrazdır. Göründüyü
kimi xəfif yumoru və eyhamlı sözü ilə bu "obrazların" sifətinə
işıq salmaq da Vaqifin poetik həssaslığından kənarda
qalmır.
V.Bəhmənlinin süjetli
şeirləri və poemaları çağdaş
poeziyamızın uğurları
timsalındadır. Onun
"Çənlibelli Qoç
Koroğlu", "Ağbulaq",
"Araz səsi",
"Çəkilməmiş şəkillər", "Qırxıncı
otaq", "Çiyinlər",
"Diaqnoz", "Cəza",
"İldırım" kimi poemaları tarixi həqiqətlərə
və günümüzün
reallıqlarına obrazlı
və metaforik yanaşmanın, bu həqiqətləri bədii
həqiqətə çevirmə
bacarığının canlı
nümunəsidir.
Şair dostumun
on beş cildlik əsərlərinin ikinci
cildinə "Vaqif Bəhmənli - özü
və sözü"
başlıqlı ön
söz yazmış filosof-tənqidçi Rahid
Ulusel haqlı olaraq bəyan edir ki, "...onun şeirlərinin quruluşuna
poetik dinamika xasdır: burada şeirin əvvəlindən
sonuna doğru ideyanın hərəkəti
baş verir".
Mən də qələm qardaşımı
70 yaşı münasibətilə
ürəkdən təbrik
edərək, ona möhkəm cansağlığı,
tükənməz yaradıcılıq
enerjisi və "dinamika" arzulayıram.
Adil CƏMİL
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S. 14.